Amma revanşistlər də asan məğlub olmaq istəyənlərə oxşamırlar
Ermənistanda seçki marafonu geridə qalsa da, hakimiyyətlə müxalifət düşərgəsi arasındakı mübarizə səngiməyib. Əksinə, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini qüvvədə saxlayan yekun qərarı baş nazir Nikol Paşinyanın əlini bir qədər də gücləndirib.
Bununla Paşinyan cinayətlərdə ittiham etdiyi revanşist dairələrə qarşı təzyiqini artırıb. Baş nazir hələ seçki kampaniyası dövründə siyasi rəqiblərinin adlarını açıq şəkildə çəkərək onların cinayət məsuliyyətinə cəlb olunacağını bəyan etmişdi.
Hazırda Ermənistanda baş verən həbslər, məhkəmə prosesləri göstərir ki, hökumət revanşist müxalifəti tamamilə sıradan çıxarmağa hesablanmış sistemli taktika icra etməkdədir. Rəqibləri korrupsiya, dələduzluq və qanunsuz varlanma ittihamları ilə hüquqi müstəvidə küncə sıxışdırmaq bu taktikanın tərkib hissəsidir. Artıq ölkənin ən zəngin şəxslərindən biri, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb. Məhkəmə Tsarukyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib və ona qarşı 21 milyon dollar məbləğində pul vəsaitini mənimsəmə, dələduzluq və çirkli pulların yuyulması kimi ağır ittihamlar irəli sürüb. Həbsdən öncə biznesmenin malikanəsində, şirkətlərində və yaxın adamlarının mənzillərində axtarışlar aparılıb. Belə görünür ki, hakimiyyət ilk növbədə müxalifətin maliyyə dayaqlarını tamamilə iflic etmək niyyətindədir.
N.Paşinyanın hədəfində təkcə fəal siyasətdə olanlar yox, keçmiş siyasi sistemin əsas fiqurları da var. Ötən gün Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun üçüncü prezident Serj Sarkisyana və onunla əlaqəli şəxslərə qarşı qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi iddiasını təmin edib. Qərar qüvvəyə mindikdən sonra S.Sarkisyanın əmlakları dövlətin xeyrinə müsadirə olunacaq. Bu da "köhnə qvardiya"nı iqtisadi resurslardan məhrumetmə strategiyasının bir hissəsidir.
Lakin hökumətin sərt hücumları qarşısında Ermənistan müxalifəti geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Ölkədəki 5 əsas müxalif qüvvə - Samvel Karapetyanın "Güclü Ermənistan", Robert Koçaryanın "Ermənistan", Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan", Levon Ter-Petrosyanın "Ermənistan Milli Konqresi" və "Milli Demokrat Qütb" blokları birgə bəyanat yayaraq siyasi müqavimətin yeni mərhələsinin başladığını elan ediblər. Onlar Konstitusiya Məhkəməsinin qərarını mübarizənin sonu deyil, daha genişmiqyaslı bir prosesin başlanğıcı kimi qiymətləndiriblər.
Müxalif cinahda ən çox səsə sahib olan Samvel Karapetyan bəyan edib ki, onların əsas məqsədi N.Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır və bunun üçün xüsusi planları mövcuddur. Müxalifətin yeni taktikası küçə etirazları ilə yanaşı, həm də institusional mübarizəni əhatə edir. Belə ki, həm Robert Koçaryanın "Ermənistan" bloku, həm də "Güclü Ermənistan" mandatlarını qəbul edərək parlamentə qoşulacaqlarını açıqlayıblar. "Güclü Ermənistan"ın seçki siyahısına rəhbərlik edən Narek Karapetyanın sözlərinə görə, parlament platforması müxalifətə öz səsini geniş auditoriyaya çatdırmaq, etiraz hərəkatını daxildən koordinasiya etmək və hakimiyyətə qarşı qanunvericilik müstəvisində daha səmərəli təzyiq göstərmək üçün əlavə imkanlar yaradacaq.
Ermənistandakı mövcud mənzərə göstərir ki, parlament seçkiləri ölkədəki daxili siyasi böhranı həll etmək əvəzinə onu yeni formaya salıb. Nikol Paşinyan cinayətlərdə ittiham olunan revanşist düşərgəni tamamilə zərərsizləşdirməyə, müxalifət isə parlament tribunasından istifadə edərək baş nazirin planlarını pozmağa, revanş götürməyə çalışır. Hər iki tərəfin güzəştsiz mövqeyi Ermənistanda siyasi sabitliyin uzaq perspektiv olduğunu və daxili çəkişmələrin kəskinləşəcəyini proqnozlaşdırmağa əsas verir.
Bütün bu daxili siyasi çəkişmələr fonunda Ermənistan cəmiyyəti bir həqiqəti dərk etmək məcburiyyətindədir. Ölkənin gələcəyini, iqtisadi dirçəlişini və təhlükəsizliyini təmin etməyin yeganə formulu daxildəki revanşist qüvvələrə birdəfəlik "yox" demək və Azərbaycanın təklif etdiyi sülh gündəliyini icra etməkdir. Əslində, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri göstərdi ki, erməni toplumunun əksəriyyəti revanşist dairələrin təhlükəli oyunlarına aldanmaq fikrində deyil. Ancaq Ermənistan cəmiyyəti hökumətin sülhə və regional əməkdaşlığa yönəlik addımlarına birmənalı dəstək verməlidir.
Şübhəsiz, Ermənistan hökumətini və erməni cəmiyyətini rasional, reallığa əsaslanan xəttə yönəldən Azərbaycanın qətiyyətli siyasətidir. Dövlətimiz öz hərbi-siyasi gücü və diplomatik üstünlüyü ilə Cənubi Qafqazda yeni bir dövr başladaraq Ermənistan üçün sülhdən başqa alternativ buraxmayıb. Bu baxımdan, erməni xalqı daxili intriqaların və keçmişin illüziyalarının girovuna çevrilməməli, daxildəki revanşist çağırışları rədd etməlidir. Anlamalıdır ki, sülhdən yayınmaq və cinayətkar xunta rejiminin ölkəni yenidən müharibə bataqlığına sürükləmək cəhdi Ermənistanın iqtisadi çöküşü və siyasi iflası deməkdir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"