08 İyul 2026 08:40
163
SİYASƏT
A- A+
Qarşılıqlı etimad üzərində qurulan strateji tərəfdaşlıq 

Qarşılıqlı etimad üzərində qurulan strateji tərəfdaşlıq 


Azərbaycan-Belarus münasibətləri hər iki dövlətin milli maraqları çərçivəsində intensiv inkişaf edir


Təxminən 35 il əvvəl dövlət müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri bütün dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu münasibətlərə və milli maraqlara əsaslanan münasibətlər sistemi qurmaqdan ibarət olmuşdur. Bu siyasətdə keçmiş sovet respublikaları ilə əlaqələrin inkişafı da xüsusi yer tutur. 

Çünki SSRİ-nin dağılmasından sonra yaranmış yeni geosiyasi reallıq həmin ölkələri təkcə ortaq tarixi keçmiş deyil, həm də iqtisadi əlaqələr, nəqliyyat-kommunikasiya infrastrukturu, sənaye kooperasiyası və humanitar münasibətlər baxımından bir-birinə bağlı saxlayırdı. Azərbaycanın bu mürəkkəb şəraitdə praqmatik xarici siyasət kursunu seçməsi ölkəmizə müxtəlif siyasi bloklara mənsub dövlətlərlə bərabər səviyyədə əməkdaşlıq etməyə, milli maraqları ön planda saxlamağa və çoxşaxəli tərəfdaşlıq münasibətləri formalaşdırmağa imkan verdi. Keçmiş sovet məkanında yerləşən dövlətlərlə münasibətlər də məhz bu prinsiplər üzərində quruldu.

Bu kontekstdə ölkəmizin Belarusla əlaqələri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Belarus müxtəlif coğrafi regionlarda yerləşsələr də, onları yaxınlaşdıran amillər kifayət qədərdir. Hər iki ölkə böyük sənaye potensialına malikdir, iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirir, dövlət idarəçiliyində sabitliyi prioritet hesab edir və beynəlxalq münasibətlərdə milli maraqlara söykənən müstəqil siyasət yürüdür. Məhz buna görə Azərbaycan-Belarus münasibətləri son 30 ildən artıq müddətdə postsovet məkanında ən sabit və etibarlı tərəfdaşlıq nümunələrindən birinə çevrilmişdir.


Münasibətlərin möhkəm təməli


Azərbaycanla Belarus arasında münasibətlərin bugünkü yüksək səviyyəsi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra formalaşdırdığı möhkəm əsaslara söykənir. 

1993-cü ildə ölkəmizdə siyasi sabitliyin bərpasından sonra Ulu Öndər Azərbaycanın xarici siyasət konsepsiyasını yenidən müəyyənləşdirdi. Bu konsepsiyanın mühüm istiqamətlərindən biri keçmiş sovet respublikaları ilə qarşılıqlı faydalı əməkdaşlığın qorunması və inkişaf etdirilməsi idi. Böyük dövlət adamı çox yaxşı bilirdi ki, müstəqillik yalnız siyasi atribut deyil, həm də iqtisadi dayanıqlıq, regional əməkdaşlıq və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə möhkəmlənə bilər. Belarusla münasibətlər də məhz bu strateji baxışın nəticəsi kimi inkişaf etdirildi. İki ölkə arasında diplomatik münasibətlər quruldu, hökumətlərarası komissiyalar yaradıldı, iqtisadi və hüquqi əməkdaşlığı tənzimləyən ilk sənədlər imzalandı.

Bir məqamı da xüsusi vurğulayaq ki, Ümummilli Lider keçmiş ittifaq respublikaları ilə münasibətlərdə emosional və ya nostalji yanaşmanı yox, milli maraqlara əsaslanan praqmatik siyasəti üstün tuturdu. Ulu Öndər hesab edirdi ki, SSRİ dövründə formalaşmış istehsal zəncirləri, sənaye əlaqələri və iqtisadi potensial yeni dövrdə də qarşılıqlı fayda əsasında davam etdirilə bilər. Belarusun maşınqayırma, kənd təsərrüfatı texnikası və ağır sənaye sahəsində malik olduğu imkanlar Azərbaycan üçün mühüm əhəmiyyət daşıyırdı. Məhz həmin dövrdə yaradılan hüquqi baza sonrakı illərdə münasibətlərin sürətli inkişafı üçün etibarlı fundament rolunu oynadı. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəldi. Ümummilli Liderin müəyyənləşdirdiyi xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirildi və yeni məzmun qazandı. 30 ildən artıq dövr ərzində Azərbaycan-Belarus münasibətləri təkcə diplomatik əlaqələr səviyyəsində qalmadı, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, hərbi-texniki əməkdaşlıq, humanitar sahələr və beynəlxalq təşkilatlar çərçivəsində çoxşaxəli strateji tərəfdaşlığa çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad münasibətlərin inkişafında xüsusi rol oynadı və bu gün də oynamaqdadır. Dövlət başçılarının qarşılıqlı səfərləri, müntəzəm görüşləri və siyasi dialoqu hökumətlər, parlamentlər və işgüzar dairələr arasında əməkdaşlığı getdikcə genişləndirir. 

İki il öncə Prezident Aleksand Lukaşenko Şuşa şəhərinə səfər etmişdir, tikinti-quruculuq işləri ilə tanış olmuşdur. İşğal dövründə ermənilər tərəfindən  Xurşidbanu Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəlləri ziyarət edilmişdir. Bu səfər Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq işlərində iştirakı baxımından mühüm strateji əhəmiyyət daşımışdır. Həmin səfər çərçivəsində cənab Lukaşenko Azərbaycan və onun Lideri haqqında xoş sözlər söyləmişdir. Regionda Azərbaycanın timsalında olduqca güclü, normal, lider ölkənin mövcudluğunu bildirən Belarus Prezidenti azərbaycanlı həmkarına xitabən söylədiyi "Siz regionu nəzarətdə saxlamağa qadir və bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, zaman Sizi seçib, Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız" fikirləri Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzlu lider imicinin daha bir təsdiqi olmuşdur.

Bu gün Azərbaycan və Belarus münasibətlərinin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, əməkdaşlıq formal diplomatik münasibətlərdən daha irəli gedərək real iqtisadi layihələr və konkret nəticələrlə müşayiət olunur.


Çoxsahəli əlaqələr və qarşılıqlı təcrübə 


Azərbaycan və Belarus iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətləri əməkdaşlığın davamlı inkişafına əlverişli şərait yaradır. Belarus uzun illərdir maşınqayırma və ağır sənaye üzrə mühüm istehsal mərkəzlərindən biri hesab olunur. Azərbaycan isə enerji sektoru, nəqliyyat-logistika imkanları, sənaye parkları və əlverişli investisiya mühiti ilə seçilir. Bu üstünlüklərin birləşdirilməsi iki ölkənin iqtisadi əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə çıxarıb. 

Azərbaycan Belarusa əsasən neft və neft məhsulları, kimya sənayesi məhsulları və müxtəlif növ xammal ixrac edir. Belarus isə Azərbaycana yük avtomobilləri, traktorlar, kənd təsərrüfatı texnikası, lift avadanlıqları, tikinti maşınları, müxtəlif sənaye məhsulları göndərir. Bu ticarət əlaqələri hər iki ölkənin iqtisadiyyatında mühüm rol oynayır.

İkitərəfli münasibətlərin ən uğurlu istiqamətlərindən biri də sənaye kooperasiyasıdır. Azərbaycan ərazisində Belarus texnologiyaları əsasında traktorların, yük avtomobillərinin və müxtəlif xüsusi təyinatlı texnikaların yığılması həyata keçirilir. Bu layihələr yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, texnologiyaların transferi, ixrac potensialının artırılması və s. kimi bir sıra mühüm məqsədlərə xidmət edir. Belə layihələr Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə tam uyğunluq yaradır. 

Məlumdur ki, Belarus MDB məkanında ən inkişaf etmiş kənd təsərrüfatı texnologiyalarına malik ölkələrdəndir. Azərbaycan isə son illərdə aqrar sektorun modernləşdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Bu baxımdan Belarus təcrübəsi ölkəmiz üçün böyük maraq doğurur. Əməkdaşlıq südçülük, heyvandarlıq, seleksiya, aqrar elmin inkişafı, kənd təsərrüfatı texnikasının tətbiqi və aqroparkların yaradılması kimi istiqamətləri əhatə edir.

Azərbaycanın Avropanın mühüm enerji təminatçılarından birinə çevrilməsi Belarus üçün də əlavə əməkdaşlıq imkanları yaratmaqdadır. Müxtəlif dövrlərdə Azərbaycan Belarusa xam neft tədarük etməklə onun enerji təhlükəsizliyinin şaxələndirilməsinə töhfə verib və bu töhfələr hazırda da davam etdirilir. Bu əməkdaşlıq göstərir ki, enerji yalnız iqtisadi yox, həm də strateji tərəfdaşlığın mühüm elementidir.

Azərbaycanla Belarus müdafiə sənayesi sahəsində də uğurlu əməkdaşlıq həyata keçirirlər. Bura hərbi texnikanın modernləşdirilməsi, texniki xidmət, müdafiə sənayesi məhsullarının istehsalı və mütəxəssis hazırlığı daxildir. Bu istiqamətdə əməkdaşlıq hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə xidmət göstərir.

Həmçinin humanitar münasibətlər də xalqları yaxınlaşdırır. Dövlətlərarası münasibətlərin uzunömürlü olması üçün xalqlar arasında qarşılıqlı anlaşma xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Belarus arasında təhsil, elm, mədəniyyət, səhiyyə, turizm və idman sahələrində əməkdaşlıq ildən-ilə genişlənir. Universitetlər arasında əlaqələr, tələbə mübadiləsi proqramları, mədəniyyət günləri, incəsənət festivalları və elmi konfranslar iki xalqın daha yaxından tanış olmasına imkan yaradır. Bakı və Minskdə mütəmadi qarşılıqlı mədəniyyət və kino günləri təşkil olunur. Bu ölkədə 7 min azərbaycanlı yaşayır və onlar ictimai-siyasi həyatda fəal iştirak edir. 

Belarusun 10 regionu ilə Azərbaycanın, xüsusən Qomel və Gəncə, Magilyov və Sumqayıt, Qrodno və Qəbələ şəhərlərinin yaxın regionları arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq əlaqələri qurulub. Bakı ilə Minsk arasında qardaş şəhər əlaqələrinin yaradılması haqqında imzalanan memorandum isə iki ölkə arasında münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda da konstruktiv əməkdaşlıq nümayiş etdirirlər. BMT, ATƏT, MDB və digər beynəlxalq platformalarda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinin müdafiəsi hər iki ölkənin xarici siyasətində mühüm yer tutur. Bu ortaq yanaşma beynəlxalq münasibətlərdə qarşılıqlı etimadı daha da möhkəmləndirir və iki ölkəni bir-birinə yaxınlaşdırır.


Yeni geosiyasi şərait, yeni imkanlar 


Müasir dünyamızda iqtisadi və siyasi proseslər sürətlə dəyişməkdədir. Rəqəmsallaşma, "yaşıl enerji", süni intellekt, logistika marşrutlarının yenidən formalaşması və qlobal tədarük zəncirlərinin transformasiyası Azərbaycan-Belarus əməkdaşlığı üçün də yeni perspektivlər açır. Azərbaycanın Orta dəhliz boyunca artan tranzit rolu, beynəlxalq nəqliyyat-logistika layihələrində fəal iştirakı və Qarabağla Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq proqramları Belarus şirkətləri üçün yeni əməkdaşlıq imkanları açır. Eyni zamanda Belarusun sənaye, maşınqayırma, aqrar texnologiyalar və yüksək texnoloji istehsal sahəsindəki təcrübəsi Azərbaycanın iqtisadi inkişaf strategiyası ilə üst-üstə düşür.

30 ildən artıq davam edən inkişaf yolu göstərir ki, Azərbaycan-Belarus münasibətləri təsadüfi siyasi yaxınlaşmanın yox, düşünülmüş dövlət siyasətinin, qarşılıqlı etimadın və milli maraqların üzərində qurulmuş strateji tərəfdaşlığın məhsuludur. Bu münasibətlərin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Hazırda iki ölkə arasında formalaşmış əməkdaşlıq modeli postsovet məkanında ən sabit, praqmatik və səmərəli ikitərəfli münasibətlərdəndir.

Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan və Belarus arasında qarşılıqlı etimada söykənən siyasi dialoq, iqtisadi inteqrasiya, sənaye kooperasiyası və humanitar əməkdaşlığın daha da dərinləşməsi hər iki dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, Avrasiya məkanında sabitliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verməyə davam edəcəkdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranın sabiq Ali Rəhbərinin tabutu İraqa gətirilib

09:40
08 İyul

ABŞ İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv edib

09:30
08 İyul

Uşaqların zərərli təsirlərdən qorunması dövlətin sosial siyasətinin tərkib hissəsidir

09:20
08 İyul

Data suverenliyi rəqəmsal inkişafın əsas komponentidir

09:10
08 İyul

Rəqəmsal inkişaf strategiyasının hüquqi bazası formalaşdırılır

09:00
08 İyul

Ermənistanın konstitusiya imtahanı

08:50
08 İyul

Qarşılıqlı etimad üzərində qurulan strateji tərəfdaşlıq 

08:40
08 İyul

Yeni siyasi dinamika Azərbaycan-ABŞ əlaqələrini gücləndirir

08:30
08 İyul

Siyasi iradədən strateji tərəfdaşlığa

08:20
08 İyul

Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələ

08:10
08 İyul

Azərbaycan diplomatiyasının konturları

08:00
08 İyul

"Metrik Konvensiya"ya qoşulmaq haqqında

01:01
08 İyul

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında

01:00
08 İyul

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
08 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:58
08 İyul

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında

00:57
08 İyul

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 428-VIIQ nömrəli Qanununun tətbiqi barədə 

00:56
08 İyul

“GORAN PAMBIQ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ SƏHMDARLARININ NƏZƏRİNƏ

00:55
08 İyul

DÇ-2026: Argentina Misiri son dəqiqələrdə vurulan qolla mübarizədən kənarlaşdırıb

22:30
07 İyul

Haaqada Azərbaycan və Niderland parlamentləri arasında geniş fikir mübadiləsi aparılıb

22:26
07 İyul

Kraudfandinq fəaliyyətinin hüquqi əsasları yaradılır

21:28
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!