Sosial şəbəkələrin uşaq və yeniyetmələrin gündəlik həyatında tutduğu yer artdıqca bu platformaların yaratdığı psixoloji, sosial və təhlükəsizlik riskləri də ciddi narahatlıq doğurur. Məhz bu səbəbdən bir sıra dövlətlər azyaşlıların sosial şəbəkələrdən istifadəsini tənzimləyən qanunlar qəbul edir, yaş məhdudiyyətləri və valideyn nəzarəti mexanizmləri tətbiq edirlər.
Azərbaycanda bu istiqamətdə mühüm addım atılır. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanunvericilik dəyişiklikləri uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən etibarlı şəkildə qorunmasını hədəfləyir. Yeni tənzimləməyə əsasən, 16 yaşadək uşaqlar sosial şəbəkələrdə müstəqil hesab yarada bilməyəcək, 16-18 yaş arasında olan yeniyetmələr isə yalnız valideyn və ya qanuni nümayəndənin razılığı ilə qeydiyyatdan keçə biləcəklər. Bununla yanaşı, sosial şəbəkə platformalarında istifadəçilərin yaşının yoxlanılması mexanizmlərinin tətbiqi və uşaqlar üçün əlavə təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur.
Qanunun 12 ay sonra qüvvəyə minməsi planlaşdırılır. Bu müddət ərzində yaş yoxlamasının tətbiq ediləcəyi platformaların siyahısı müəyyənləşdiriləcək, texniki həllər hazırlanacaq, eyni zamanda cəmiyyət, valideynlər və aidiyyəti qurumlar arasında maarifləndirmə tədbirləri həyata keçiriləcək. Məqsəd uşaqların informasiya əldə etmək hüququnu məhdudlaşdırmaq deyil, onların fiziki, psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək riskləri minimuma endirmək, rəqəmsal mühitdə təhlükəsizliyini gücləndirməkdir.
Qeyd edək ki, bu istiqamətdə atılan addımlar beynəlxalq təcrübə ilə də üst-üstə düşür. Son illər Avstraliya, Fransa, Böyük Britaniya, İrlandiya, Almaniya, Kanada, Türkiyə, Norveç və digər ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair müxtəlif yaş məhdudiyyətləri və təhlükəsizlik mexanizmləri qəbul edilib və ya hazırlanır. Qonşu Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri müzakirə olunur.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri psixoloq Elnur RÜSTƏMOVun sözlərinə görə, uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi müasir dövrdə təkcə texnoloji deyil, həm də psixoloji, hüquqi və ictimai təhlükəsizlik məsələsidir: "Rəqəmsal mühit uşaqlar üçün böyük inkişaf imkanları yaratmaqla yanaşı, onların psixi sağlamlığına təsir göstərə biləcək ciddi risklər də formalaşdırır. Psixoloji baxımdan uşaqlıq və yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı, emosional tənzimləmə bacarıqlarının inkişaf etdiyi, özünüdərk və sosial identikliyin möhkəmləndiyi həssas inkişaf mərhələsidir". Psixoloq qeyd edib ki, bu yaş dövründə beyin, xüsusilə qərarvermə, impulsların idarə olunması və risklərin qiymətləndirilməsi ilə əlaqəli ön alın payı tam inkişaf etmədiyindən uşaqlar manipulyativ rəqəmsal məzmunlara, kiberbullinqə, dezinformasiyaya, zorakılıq və aqressiya təbliğ edən materiallara, eləcə də müxtəlif davranış asılılıqlarına qarşı daha həssas olurlar: "Sosial şəbəkələrdə istifadə olunan alqoritmlər istifadəçinin platformada daha uzun müddət qalmasına xidmət etdiyindən uşaqlarda diqqət dağınıqlığı, emosional asılılıq, yuxu pozuntuları, narahatlıq, depressiv əlamətlər və sosial müqayisə nəticəsində özünəinamın azalması kimi problemlərin yaranma riski artır" deyən E.Rüstəmov daha sonra bildirib: "Azərbaycan Respublikasının Konstitusiyası uşaqların hüquqlarının, sağlamlığının və təhlükəsiz inkişafının dövlət tərəfindən qorunmasını əsas prinsiplərdən biri kimi müəyyən edir. Bununla yanaşı, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun uşaqların psixi və mənəvi inkişafına mənfi təsir göstərə biləcək informasiyadan müdafiəsini dövlət siyasətinin mühüm istiqaməti kimi təsbit edir. Qanunvericiliyə edilən dəyişikliklər də məhz bu hüquqi yanaşmanın davamı olmaqla rəqəmsal mühitdə uşaqların təhlükəsizliyini gücləndirməyə yönəlib".
Elnur Rüstəmovun fikrincə, bu məsələyə yalnız məhdudlaşdırıcı tədbir kimi yanaşmaq düzgün olmaz: "Əslində, söhbət uşağın sağlam inkişaf hüququnun təmin edilməsindən gedir. Necə ki, cəmiyyət azyaşlıların tütün, alkoqol və digər sağlamlıq üçün risk yaradan vasitələrə çıxışını qanunvericiliklə məhdudlaşdırır, rəqəmsal mühitdə də psixi sağlamlığa təhlükə yaradan risklərdən qoruyucu mexanizmlərin yaradılması dövlətin sosial məsuliyyətinin tərkib hissəsidir. Burada valideynlərin rolu xüsusi əhəmiyyət daşıyır. Qanun valideyn məsuliyyətini əvəz etmir, əksinə, onu gücləndirən hüquqi çərçivə yaradır. Valideyn yalnız icazə verən şəxs deyil, həm də övladının rəqəmsal davranışını izləyən, onun istifadə etdiyi platformaları tanıyan, təhlükələri izah edən və sağlam rəqəmsal vərdişlər formalaşdıran əsas tərbiyə institutudur. Rəqəmsal savadlılıq artıq müasir valideynlik bacarıqlarının ayrılmaz hissəsinə çevrilib".
Bu kontekstdə "Psixoloji yardım haqqında" qanunun məqsədlərinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edən psixoloq vurğulayıb ki, həmin qanun əhalinin xüsusilə uşaq və yeniyetmələrin psixi sağlamlığının qorunmasını, psixoloji rifahın möhkəmləndirilməsini, psixoloji risklərin vaxtında müəyyən edilməsini və profilaktik tədbirlərin həyata keçirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi müəyyən edir. Rəqəmsal asılılığın, kiberbullinqin, onlayn zorakılığın və sosial şəbəkələrin yaratdığı psixoloji gərginliyin erkən aşkarlanması və peşəkar psixoloji yardımın göstərilməsi bu qanunun ruhuna tam uyğundur.
"Bununla yanaşı, qanunun effektivliyi yalnız hüquqi tənzimləmə ilə məhdudlaşmamalıdır. Məktəblərdə rəqəmsal təhlükəsizlik üzrə maarifləndirmə proqramlarının genişləndirilməsi, valideynlər üçün təlimlərin təşkili, məktəb psixoloqlarının və psixoloji xidmətlərin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi, eləcə də sosial şəbəkələrdən sağlam və təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılması kompleks yanaşmanın əsas elementləri olmalıdır. Əslində, uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi onların hüquqlarını məhdudlaşdıran deyil, psixi sağlamlığını, təhlükəsizliyini və sağlam inkişafını qorumağa yönəlmiş sosial-hüquqi mexanizmdir. Bu yanaşma dövlətin, ailənin, təhsil sisteminin və psixoloji xidmət institutlarının birgə məsuliyyətini gücləndirir və gələcək nəsillərin daha sağlam rəqəmsal mühitdə formalaşmasına xidmət edir", - deyə Elnur Rüstəmov söyləyib.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"