04 İyul 2026 08:15
175
SİYASƏT
A- A+
Dövləti gücləndirən, həyatı asanlaşdıran rəqəmsal idarəetmə modeli

Dövləti gücləndirən, həyatı asanlaşdıran rəqəmsal idarəetmə modeli


Tarix boyu dövlətlərin gücü hər dövrdə fərqli amillərlə müəyyənləşib. Bir zamanlar geniş ərazilər və təbii sərvətlər üstünlük hesab olunurdusa, sənaye inqilabı dövründə istehsal imkanları, XX əsrdə enerji resursları və hərbi potensial ön plana çıxdı. XXI əsrdə isə dünyanın inkişaf yönünü müəyyən edən əsas amil rəqəmsal texnologiyalar, məlumat (data), süni intellekt və innovasiya potensialıdır.

Bu gün artıq dövlətlər arasında rəqabət iqtisadi göstəricilərlə yanaşı, həm də rəqəmsal idarəetmə, kibertəhlükəsizlik, süni intellektdən istifadə imkanları və vətəndaşa göstərilən elektron xidmətlərin keyfiyyəti üzərində qurulur. Məhz buna görə də dünyanın aparıcı dövlətləri rəqəmsal transformasiyanı ayrıca texnologiya layihəsi kimi deyil, milli inkişaf strategiyasının əsas sütunlarından biri kimi qəbul edirlər.

Ölkəmiz də bu qlobal prosesin fəal iştirakçılarındandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən islahatlar göstərir ki, dövlətimiz enerji resurslarına əsaslanan inkişaf modelini qorumaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, innovasiya, yüksək texnologiyalar və insan kapitalı üzərində formalaşan yeni inkişaf mərhələsinə keçidi də prioritet elan edib. Bunun nümunəsi kimi Rəqəmsal İnkişaf Şurasının iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclası ölkəmizin rəqəmsal gələcəyinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə olunub.


Rəqəmsal inkişaf dövlət siyasətinin mərkəzindədir


Bir çox ölkədə rəqəmsallaşma ayrıca nazirliklərin və ya dövlət qurumlarının fəaliyyət istiqaməti kimi qəbul olunur. Azərbaycanda isə bu prosesin ən yüksək siyasi səviyyədə koordinasiya edilməsi, Rəqəmsal İnkişaf Şurasına ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsi göstərir ki, söhbət təkcə informasiya texnologiyalarının inkişafından yox, dövlət idarəçiliyinin bütövlükdə yeni mərhələyə keçidindən gedir.

İclas zamanı Mehriban xanım Əliyeva şuranın əsas prioritetlərinin dövlət idarəçiliyində rəqəmsallaşmanın sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, startapların dəstəklənməsi və investisiyaların təşviqi ilə bağlı olduğunu diqqətə çatdırdı. Eyni zamanda süni intellektdən istifadənin Azərbaycanın milli maraqlarına uyğun həyata keçirilməsinin vacibliyini xüsusi qeyd etdi. Bu da Azərbaycanın texnologiyaya məqsəddən çox güclü dövlət quruculuğunun və davamlı inkişafın mühüm aləti kimi yanaşdığını təsdiqləyir. "Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır", - deyə Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışında bildirib.

Azərbaycanda rəqəmsal transformasiya prosesi, əslində, yeni başlamayıb. Onun əsası illər əvvəl "ASAN xidmət" modeli ilə qoyulub. Həmin model dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin və məmnunluğun təmin edilməsində beynəlxalq nümunəyə çevrilib. İndi isə qarşıda daha böyük məqsəd dayanır. Əgər "ASAN xidmət" vətəndaşı dövlət xidmətinə yaxınlaşdırmışdısa, yeni mərhələdə dövlət xidmətlərinin özünün vətəndaşın bir toxunuş qədər yaxınlığına, mobil telefonuna qədər gəlməsi hədəflənir. Bu, sadəcə, elektron xidmətlərin sayının artırılması hesab edilməməlidir, məqsəd dövlətin iş prinsiplərini tamamilə dəyişməkdir. İclasda bildirilib ki, dövlət qurumları üzrə Yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası, "mygov" platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam edir. Eyni zamanda xüsusi vurğulanıb ki, "mygov" platformasından istifadənin sürətlə artdığı müşahidə olunur. Son üç ayda istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksələrək 30 faiz artıb.

Bu gün bir çox vətəndaşımız müxtəlif dövlət xidmətlərindən istifadə etmək üçün bir neçə mobil tətbiq yükləməli olur. Hər qurumun ayrıca portalı, ayrıca tətbiqi və ayrıca giriş sistemi mövcuddur. Bu isə həm vaxt itkisinə, həm də çətinliklərə səbəb olur. Yeni yanaşmaya əsasən, bütün dövlət xidmətləri vahid ekosistemdə birləşəcək. Vətəndaşlar üçün "mygov", sahibkarlar üçün isə "mygov Biznes" əsas rəqəmsal platformaya çevriləcək. Artıq "e-Sosial", "e-Təbib" və "e-Su" platformaya inteqrasiya olunub, digər tətbiqlərin də mərhələli şəkildə qoşulması nəzərdə tutulur. Bu dəyişiklik ilk baxışdan texniki mahiyyətdə görünə bilər. Əslində isə o, dövlət xidmətlərinin fəlsəfəsini dəyişir. Vətəndaş artıq hansı qurumun hansı xidməti göstərdiyini düşünməyəcək. O, sadəcə, ehtiyac duyduğu xidməti bir platformadan əldə edəcək. Dövlət lazımi məlumatı vətəndaşdan deyil, aidiyyəti qurumlardan istəyəcək.

İclasda səsləndirilən ən mühüm prinsiplərdən biri "Yalnız bir dəfə" yanaşmasıdır. Bu prinsipin də mahiyyəti sadədir: vətəndaş eyni sənədi müxtəlif dövlət qurumlarına dəfələrlə təqdim etməyəcək. Lazımi məlumatlar dövlət informasiya sistemləri arasında avtomatik mübadilə ediləcək. Belə bir yanaşma bürokratiyanın azalması, insan faktorunun minimuma enməsi və şəffaflığın artması deməkdir. Dövlət idarəçiliyində rəqəmsallaşmanın əsas üstünlüklərindən biri də məhz budur.


Gələcəyin dövlət modeli


Azərbaycanda bu sahədə ən mühüm yeniliklərdən biri proaktiv xidmətlərin genişləndirilməsidir. Əgər əvvəl vətəndaş hansısa müvafiq xidmətlərdən istifadə üçün ayrı-ayrı dövlət qurumlarına müraciət edirdisə, gələcəkdə dövlət özü vətəndaşın hüququ yaranan kimi lazımi xidməti göstərəcək. Artıq yaşa görə əmək pensiyasının avtomatik təyin olunması bunun uğurlu nümunəsidir. Eyni yanaşmanın uşağın doğulmasına görə birdəfəlik müavinətə də tətbiq olunacağı, şəxsiyyət vəsiqəsinin, pasportun və sürücülük vəsiqəsinin müddəti başa çatmamış vətəndaşların avtomatik məlumatlandırılacağı, səfərbərlik üzrə tibbi müayinəyə çağırışların rəqəmsal formada həyata keçiriləcəyi gözlənilir. Müvafiq şəxslər dövlət informasiya sistemləri vasitəsilə vaxtında məlumatlandırılacaq, çağırış prosesi daha operativ və şəffaf şəkildə təşkil olunacaq. Bütün bunlar sənədlərin vaxtında yenilənməsini asanlaşdıracaq və əlavə inzibati çətinliklərin qarşısını alacaq. Beləliklə, dövlət yalnız müraciətlərə cavab verən institut deyil, vətəndaşın ehtiyacını əvvəlcədən müəyyən edən xidmət modelinə keçir. 

İclasın xüsusi diqqəti çəkən mövzularından biri də süni intellekt oldu. Bu gün süni intellekt təkcə texnologiya şirkətlərinin deyil, ümumilikdə dövlətlərin strateji alətinə çevrilib. Dünyanın inkişaf etmiş ölkələri səhiyyədən vergi sisteminə, təhsildən nəqliyyata qədər bütün sahələrdə süni intellektdən istifadə edirlər. Azərbaycanda da bu istiqamətdə sistemli addımlar atılır. Dövlət informasiya sistemlərinin vahid məlumat hövzəsində birləşdirilməsi, analitik imkanların genişləndirilməsi və süni intellekt həllərinin tətbiqi məhz bu məqsədə xidmət edir. Burada ən vacib məqamsa texnologiyanın milli maraqlara xidmət etməsidir. Məhz buna görə də Rəqəmsal İnkişaf Şurası səviyyəsində süni intellektdən istifadənin strateji prinsipləri müəyyənləşdirilir və onların mərhələli icrasına başlanılır. Belə ki, 2026-cı il ərzində "mygov" platformasında 4, digər dövlət qurumlarında isə 9 süni intellekt həllinin həyata keçirilməsi planlıaşdırılır.

Müasir iqtisadiyyatda ən qiymətli resurs məlumatdır. Dövlət qurumlarında müxtəlif formatlarda saxlanılan məlumatların vahid platformada toplanması həm idarəetmənin səmərəliliyini artıracaq, həm də vətəndaşlara fərdiləşdirilmiş xidmətlərin göstərilməsinə imkan yaradacaq. Bu məqsədlə Milli Məlumat Hövzəsinin yaradılması istiqamətində işlər davam edir. Belə bir sistem gələcəkdə dövlətin daha düzgün qərarlar qəbul etməsinə, iqtisadi planlaşdırmanın dəqiqləşdirilməsinə və resurslardan maksimum səmərəli istifadəyə imkan verəcək.

İnsan kapitalı olmadan isə rəqəmsal gələcək mümkün deyil. Rəqəmsal iqtisadiyyatın əsas sərvəti məhz insanlardır. Bu baxımdan ölkəmizdə təhsil sisteminin rəqəmsallaşdırılması xüsusi əhəmiyyət daşıyır. "Rəqəmsal məktəb", elektron təhsil xidmətləri, "STEAM Azərbaycan" və "Rəqəmsal bacarıqlar" layihələri yeni nəslin texnologiya əsrinin tələblərinə uyğun hazırlanmasına xidmət edir. Bu gün məktəbdə proqramlaşdırmanı öyrənən şagird sabah süni intellekt sistemlərini hazırlayan mühəndis, yeni texnologiyalar yaradan alim və ya innovativ şirkətin təsisçisi ola bilər. Ona görə də təhsilin rəqəmsallaşdırılması iqtisadi inkişaf strategiyasının ayrılmaz hissəsidir.

Bir məqamı da nəzərə almaq lazımdır ki, rəqəmsal iqtisadiyyat yalnız texnologiya ilə inkişaf etmir. Bunun üçün müasir qanunvericilik bazası lazımdır. İclasda  vurğulandığı kimi, hazırda ölkəmizdə innovasiyanı və rəqəmsal iqtisadiyyatı dəstəkləyən genişmiqyaslı qanunvericilik islahatları hazırlanır və bu islahatlar qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılır. Bu, investorların, startapların və texnologiya şirkətlərinin fəaliyyəti üçün daha əlverişli hüquqi mühit yaradacaq.


Azərbaycan regionun aparıcı rəqəmsal platformasına çevriləcək


Azərbaycan artıq enerji, logistika və nəqliyyat sahəsində regionun əsas mərkəzlərindən biridir. Qarşıdakı illərdə bu üstünlüklərə rəqəmsal iqtisadiyyatın əlavə olunması ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artıracaq.

Fiber-optik infrastrukturun genişlənməsi, beynəlxalq data marşrutları, rəqəmsal xidmətlərin inkişafı, innovasiya ekosisteminin gücləndirilməsi və süni intellekt həllərinin tətbiqi Azərbaycanı Cənubi Qafqazın aparıcı rəqəmsal platformasına çevirəcək. Bu baxımdan Rəqəmsal İnkişaf Şurasının Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən ilk iclası dövlətimizin gələcək inkişaf modelinin konturlarını müəyyənləşdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu gün qəbul edilən qərarlar sabah vətəndaşın dövlət xidmətlərinə daha rahat çıxışını, sahibkarların işinin asanlaşmasını, təhsilin müasirləşməsini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsini və dövlət idarəçiliyinin daha səmərəli olmasını təmin edəcək.

Azərbaycan rəqəmsallaşmanı texnoloji yenilikdən daha çox milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi görür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinin və dövlət qurumlarının koordinasiyalı işinin nəticəsi olaraq ölkəmiz rəqəmsal transformasiya sahəsində yeni mərhələyə qədəm qoyur. Bu mərhələnin əsas məqsədi sadədir: vətəndaşa daha keyfiyyətli xidmət göstərən, çevik qərarlar qəbul edən, süni intellekt və müasir texnologiyaların imkanlarından səmərəli yararlanan, milli maraqlara söykənən  müasir Azərbaycan dövlətini güclü və daha qüdrətli etmək!


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Argentina millisi Kabo Verdeni məğlub edərək 1/8 finala vəsiqə qazanıb  

09:32
04 İyul

Dünya çempionatı: Misir millisi 1/8 finala vəsiqə qazanıb

09:31
04 İyul

Azərbaycanın rəqəmsal transformasiya mərhələsinin strateji yol xəritəsi  

09:29
04 İyul

Bilmək istəyirəm

08:55
04 İyul

Yayın sevimli ləzzəti nə vaxt təhlükəyə çevrilir

08:50
04 İyul

Uşaqlar və yeniyetmələr sosial şəbəkələrin təhlükəsindən kənarda qalmalıdırlar

08:45
04 İyul

UNEC Zaqatala filialı: 10 il regionun inkişafına xidmət edən ali təhsil ocağı  

08:40
04 İyul

Orta dəhlizə yalnız iqtisadi dividend gətirən deyil, həm də siyasi zəmanət qazandıran layihə kimi yanaşmaq lazımdır

08:35
04 İyul

BTC-nin tarixində növbəti mühüm hadisə

08:30
04 İyul

NATO-nun Ankara sammitindən nələr gözlənilir

08:25
04 İyul

"Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir"

08:20
04 İyul

Dövləti gücləndirən, həyatı asanlaşdıran rəqəmsal idarəetmə modeli

08:15
04 İyul

Tarixi xidmətlərə və gələcəyə yönəlmiş aydın baxış

08:10
04 İyul

"Türk Dünyası Həftəsi"nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

08:05
04 İyul

ALTERNATİVSİZ LİDER

08:00
04 İyul

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:05
04 İyul

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:04
04 İyul

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:03
04 İyul

Azercell abunəçilərinin nəzərinə

01:02
04 İyul

Çempionlar Liqası: “Sabah” iştirak ərizəsini UEFA-ya təqdim edib

22:36
03 İyul

Dünya Bankı Azərbaycanın yol sektorunda institusional islahatlara dəstəyə hazırdır

20:56
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!