Bakı Yay Enerji Məktəbi 20 ildir ənənəsinə sadiqdir
XXI əsr dünya enerji sistemində dərin dəyişikliklərlə yaddaşlara hopur. Geosiyasi gərginliklər, enerji təhlükəsizliyi məsələlərinin yenidən ön plana çıxması, iqlim dəyişikliyi ilə mübarizə dövlətləri enerji siyasətinə fərqli prizmadan baxmağa vadar edir. Çünki enerji iqtisadiyyatın aparıcı sahələrindən olmaqla yanaşı, həm də beynəlxalq münasibətlərin, milli təhlükəsizliyin və dayanıqlı inkişaf strategiyalarının əsas sütunlarından hesab olunur. Belə bir şəraitdə enerji resursları baxımından geniş imkanları ilə diqqət çəkən ölkələrin üzərinə daha böyük məsuliyyət düşür.
Bu mənada zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan uzun illərdir qlobal enerji bazarının etibarlı iştirakçısı, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən tərəfdaş kimi tanınır. Məlumdur ki, ölkəmizin enerji siyasəti yalnız neft və qazla məhdudlaşmır. Dünyada enerji mənbələrinin şaxələndirilməsi fonunda Azərbaycan bərpaolunan enerji sahəsini inkişafın yeni prioriteti kimi müəyyənləşdirib. Xəzər dənizinin külək enerjisi potensialından istifadə, günəş və külək-elektrik stansiyalarının inşası, "yaşıl enerji" dəhlizlərinin yaradılması və elektrik enerjisinin ixracı istiqamətində həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətinə yeni məzmun qazandırır.
Təbii ki, bu istiqamətdə həyata keçirilən siyasət təsadüfi xarakter daşımır, əksinə, ölkənin uzunmüddətli inkişaf strategiyasında ehtiva olunan real hədəflərə əsaslanır. Məsələn, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" strateji hədəf kimi müəyyən olunub. Rəsmi hesablamalara görə, Azərbaycanın bərpaolunan enerji üzrə texniki potensialı quruda 135 giqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 giqavat təşkil edir ki, bu da ölkəni regionun ən böyük "yaşıl enerji" potensialına malik dövlətlərindən birinə çevirir.
Bu, bir faktdır ki, deyilənlərin reallaşdırılması istiqamətində bir sıra iri layihələr icra olunur. 2023-cü ildə istismara verilən 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyası ölkədə xarici investisiya əsasında həyata keçirilən ilk sənaye miqyaslı layihə olmaqla yanaşı, Qafqaz və Xəzər regionunun ən böyük stansiyalarındandır. Ardınca Biləsuvar və Neftçalada günəş stansiyasının təməli qoyulub. Hazırda Biləsuvar rayonunda 445 meqavat gücündə regionun ən böyük günəş-elektrik stansiyası tikilir. "Masdar" şirkətinin Biləsuvar layihəsi üzrə meneceri Kamil Manafovun dediyinə görə, Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının tikinti işlərinə isə bu il ərzində başlanılacaq. Ümumilikdə 1000 meqavatdan artıq gücə malik bu layihələr Azərbaycanın enerji balansında bərpaolunan enerji mənbələrinin payını əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycan "yaşıl enerji"ni yalnız daxili istehlak üçün deyil, həm də ixrac potensialına malik strateji resurs kimi nəzərdən keçirir. Bu məqsədlə 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Xəzərdən Qara dəniz vasitəsilə Avropaya elektrik enerjisinin ötürülməsini nəzərdə tutan "Yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq Sazişi" imzalanıb. "Qara dəniz Yaşıl Enerji Dəhlizi" kimi tanınan bu layihə Xəzər hövzəsində istehsal olunacaq bərpaolunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur və Azərbaycanın enerji tərəfdaşlığını yeni mərhələyə yüksəldən strateji təşəbbüslərdən biri hesab edilir.
Bütün bunlar göstərir ki, Azərbaycanın enerji siyasəti artıq təkcə karbohidrogen ehtiyatlarının hasilatı və ixracına deyil, eyni zamanda enerji keçidinin çağırışlarına uyğunlaşmağa, yeni texnologiyaların tətbiqinə və insan kapitalının inkişafına əsaslanır. Məhz bu səbəbdən enerji sahəsində elmi müzakirələrin, beynəlxalq əməkdaşlığın və peşəkar kadr hazırlığının əhəmiyyəti daha da artır. Çünki enerji sektorunun gələcəyini yalnız təbii ehtiyatlar və iri infrastruktur layihələri müəyyən etmir. Bu sahədə uğurun əsas şərtlərindən biri də bilikli, çevik düşünən və qlobal prosesləri dərindən anlayan mütəxəssislərin yetişdirilməsidir. Məhz buna görə də enerji sahəsində elmi müzakirə platformaları, beynəlxalq əməkdaşlıq proqramları və ixtisaslaşmış təhsil layihələri strateji əhəmiyyət daşıyır.
Bu baxımdan XX Bakı Yay Enerji Məktəbi Azərbaycanın yeni enerji gündəliyində vacib rol oynayan platformalardan biri kimi diqqət çəkir. 2007-ci ildən bu missiyanı rəhbər tutan Bakı Yay Enerji Məktəbi illər ərzində enerji sahəsində bilik və təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilib. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), ADA Universiteti Fondu, SOCAR, BP, "GL Group", "Kolin" şirkəti və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) dəstəyi ilə XX Bakı Yay Enerji Məktəbi iyulun 6-da öz işinə başlayıb.
Qeyd edək ki, 20-ci dəfə təşkil olunan proqram enerji siyasəti, enerji təhlükəsizliyi, "yaşıl keçid", enerji diplomatiyası və qlobal enerji bazarlarında baş verən dəyişikliklərin müzakirəsi üçün müxtəlif ölkələrdən dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, enerji şirkətlərinin rəhbərlərini, akademikləri və gənc mütəxəssisləri bir araya gətirib. İki həftə davam edəcək proqram iştirakçılara enerji gündəliyinin ən aktual məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparmaq imkanı yaradacaq. Məktəb çərçivəsində enerji bazarlarının inkişaf tendensiyaları, enerji iqtisadiyyatı, geosiyasi çağırışlar, enerji diplomatiyası, bərpaolunan enerji mənbələri, "yaşıl keçid"in maliyyələşdirilməsi və regional enerji əməkdaşlığının perspektivləri kimi mövzular ətrafında mühazirələr, panel müzakirələri və interaktiv sessiyalar keçiriləcək.
Proqramın mühüm istiqamətlərindən biri də iştirakçıların Azərbaycanın bərpaolunan enerji potensialı ilə yerində tanışlığıdır. Bu məqsədlə Qarabağa təşkil olunacaq səfər zamanı gənc mütəxəssislər və ekspertlər Ağdam, Cəbrayıl, Zəngilan və Şuşada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları çərçivəsində reallaşdırılan layihələri, eləcə də "yaşıl enerji" təşəbbüslərini yaxından müşahidə etmək imkanı əldə edəcəklər.
Göründüyü kimi, bu gün enerji yalnız istehsal və istehlak məsələsi deyil, həm də iqtisadi inkişafın, beynəlxalq əməkdaşlığın və gələcək nəsillərin rifahının əsas dayaqlarındandır. Azərbaycanın ənənəvi enerji sahəsində qazandığı təcrübəni və "yaşıl enerji" istiqamətində formalaşdırdığı yeni strategiyanı dünya enerji dialoquna təqdim etməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı Yay Enerji Məktəbi isə həmin dialoqun davamlı olmasını təmin edən, bilik və təcrübəni bir araya gətirən beynəlxalq platforma kimi öz rolunu bir qədər də möhkəmləndirir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"