Su həyatdır, bolluqdur və nəhayət, həyatdır. Onsuz nə təbiət, nə də cəmiyyət var. Lakin son vaxtlar dünyamızda şirin su getdikcə azalır. Nə yaxşı ki, bu il ölkəmizdə yağıntının miqdarı çox oldu. Əkinçilər üçün su qıtlığı problemi yaranmadı. Dəmyə şəraitindəki arpa, buğda sahələrində əvvəlki illərlə müqayisədə çox məhsul yetişdi.
Çöllərdə, düzlərdə yetişən bol yaşıl ot kütləsi isə heyvandarları sevindirdi. Ancaq iqlim şəraitinin dəyişməsi nəticəsində sabah, yəni qarşıda gələn illərdə bizi nələr gözlədiyini dəqiq deyə bilmərik. Ona görə də Prezident İlham Əliyev qabaqlayıcı tədbirlər həyata keçirmək üçün ardıcıl olaraq qərarlar qəbul edir, sərəncamlar imzalayır.
May ayının 25-də keçirilən müşavirədə dövlət başçısı aqrar sahədəki mövcud vəziyyəti ətraflı təhlil etdi və həmin gün "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026 - 2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiqi ilə bağlı sərəncam imzaladı. Ölkəmizdə ərzaq məhsullarının bolluğunu yaratmaq, kənd yerlərində yaşayan əhalini işlə təmin etmək, idxalı minimuma endirmək, rəqabətədavamlı ixrac məhsullarının çeşidini və həcmini artırmaq kimi məsələlər siyasi-iqtisadi mahiyyət daşıyan bu mühüm fəaliyyət proqramının başlıca istiqamətləridir.
Yeni dövlət proqramı dolayısı ilə Biləsuvar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin kollektivi üzərinə də məsul vəzifələr qoyub. Sənəddə əkin sahələrinin su təminatının yaxşılaşdırılması, bu sahədə aparılan genişmiqyaslı işlər və bundan sonra həyata keçirilməli olan tədbirlər aydın göstərilmişdir. Yeri gəlmişkən qeyd edək ki, idarə öhdəsinə düşən işləri pis yerinə yetirmir. Əkin sahələrinin aqrotexniki tələblərə uyğun vaxtında və keyfiyyətli su ilə təmin edilməsi fermerlərin, torpaq mülkiyyətçilərinin hər hektardan daha çox məhsul götürməsinə şərait yaradıb. Bu yerdə məlumat verək ki, Biləsuvar rayonu üzrə mövcud olan əkin sahələrinin 58 min hektarı suvarılan torpaqlardır və onun 5 min 700 hektarı çətin suvarılan ərazilərdir. Yer səthinin relyefindən asılı olaraq əkinlərin bir hissəsi 2-3, hətta 4 pilləli suvarma sistemi tətbiq edilməklə suvarılır. Bunun üçün rayondakı suvarma idarəsinin balansında elektriklə işləyən 24, dizel mühərrikli 46 və subartezian tipli 5 - ümumilikdə 75 nasos stansiyası mövcuddur. İdarənin öhdəsində 1961,6 kilometr uzunluğunda suvarma kanalları vardır və həmin kanalların 71,8 kilometri magistral kanallardır. Həmin kanallarla Biləsuvarla yanaşı, Cəlilabad rayonunun əkin sahələrinə də su verilir. Ümumilikdə Biləsuvar rayonu üzrə torpaqyataqlı kanalların uzunluğu 1800,8, beton örtüklü kanalların uzunluğu 58,8, nov kanalların uzunluğu isə 102 kilometrdir.
Suvarma zamanı suyun hər kubmetrindən səmərəli istifadə etmək, su itkisinin qarşısını almaq indi mühüm əhəmiyyət kəsb edir. Su itkisi isə başlıca olaraq torpaqməcralı kanallarda baş verir. Bu cür kanallarda su itkisi təxminən 35 faiz təşkil edir. Həmin itkinin qarşısının alınması üçün hazırda bir sıra tədbirlər görülür. Artıq Əsgərabad, Aşağı Cürəli, Xırmandalı kəndləri ərazisində 2 min 200 hektar əkin sahəsinin suvarılmasına xidmət edən torpaqməcralı kanallar beton üzlüyə alınıb. Ümumilikdə 2 min 520 metr suvarma kanalı üzlüyə alınıb və işin davam etdirilməsi planlaşdırılıb.
Əkin sahələrinin suvarılmasında Cənubi Muğan kanalından və Bolqarçay su anbarından istifadə olunur. Cari ilin 6 ayı ərzində Biləsuvar SMSİİ üzrə kənd təsərrüfatı bitkilərinin suvarılması üçün su mənbələrindən 135,4 milyon kubmetr su alınıb. Hər hektarın suvarma norması 1342 kubmetr olub.
Cari ilin məhsulu üçün keçən ilin payızında rayonda 35 min 607 hektara taxıl əkilib. Onun 7 min 490,5 hektarı buğda, 28 min 116,5 hektarı arpadır. Əkinlərin vaxtında və keyfiyyətlə suvarılması, yemləmə gübrələrinin verilməsi, ziyanvericilərə və alaq otlarına qarşı mübarizənin düzgün təşkili nəticəsində bol məhsul yetişib. Məhsulun zəmilərdən biçilməsi vaxtında və itkisiz başa çatdırılıb. Mütəxəssislərin dediyinə görə, buğda sahələrinin hər hektarından 35, arpanınkından 34 sentner məhsul əldə olunub ki, bu da keçən ilin göstəricisindən 7-8 sentner yüksəkdir.
Biləsuvarın kənd təsərrüfatında mühüm yer tutan sahələrdən biri də pambıqçılıqdır. Bu sahə həm ixracyönümlü məhsul istehsalı, həm də məşğulluğun təmin olunmasında xüsusi çəkiyə malikdir. Pambığın becərilməsində də suvarma suyunun əhəmiyyəti böyükdür. Əbəs deməyiblər ki, yüksək məhsul əldə etmək üçün gərək pambığın ayağı suda, başı günəşdə olsun. Rayon melioratorlarının səyi və günəşin Muğan düzlərinə ələdiyi bol istilik nəticəsində rayon pambıqçıları keçən il yaxşı nəticələr əldə ediblər. 8 min 28,4 hektar sahədən 32 min 517,2 ton xam pambıq tədarük edilmiş, məhsuldarlıq 40,5 sentnerə çatmışdır. Bu, ölkə üzrə 2-ci yüksək göstəricidir.
Cari ilin yazında rayon ərazisində fəaliyyət göstərən "Prime Cotton" MMC tərəfindən 2 min 190, "Azərpambıq" MMC tərəfindən 2 min 342,2 hektar (rayon üzrə ümumilikdə 8 min 189,2 hektar) sahədə pambıq əkini aparılıb. Hazırda sahələrdə 3 və 4-cü kompleks becərmə işləri görülür.
Biləsuvar ərazisindəki şirkətlər suvarmada yeni texnologiyaların tətbiqi üçün ardıcıl iş aparırlar. "Aqropark Yaşıl Ada" MMC tərəfindən 992 hektarda 20 pivot qurğusu quraşdırılıb. Növbəti illərdə əlavə olaraq 200 hektar sahədə də belə qurğuların quraşdırılması nəzərdə tutulur. Həyata keçirilmiş belə tədbirlərin nəticəsində 252 hektar buğda sahəsinin hər hektarından 45-50 sentner məhsul götürülüb. 2027-ci ildə müəssisə üzrə 1000 hektarda ərzaqlıq buğda əkilməsi, məhsuldarlığın 50-60 sentnerə çatdırılması nəzərdə tutulur. "Aqropark Yaşıl Ada" keçən il pambıq əkdiyi 1712 hektar sahənin 788 hektarını pivot üsulu ilə suvarıb və hər hektardan 45 sentner məhsul götürməyə nail olub. Şirkət tərəfindən bu il məhsuldarlığın 50-60 sentnerə çatdırılması planlaşdırılıb. "Lidnov Aqro" MMC əkib-becərdiyi sahələrdə 6 pivot suvarma sistemi quraşdırıb. Elektrik enerjisinin verilməsində yaranan problemin aradan qaldırılması sayəsində yaxın gələcəkdə burada əlavə olaraq 800 hektar sahənin pivot üsulu ilə suvarılması həyata keçiriləcək. Hazırda rayonda 6 min 640 hektar əkin sahəsi pivot, 935 hektar damcı üsulu ilə suvarılır.
Əldə olunan yüksək nəticələr hər bir fermerdə, torpaq mülkiyyətçisində, sahibkarda məmnunluq doğurur və onlar bu uğurlarda Biləsuvar Su Meliorasiya Sistemləri İstismarı İdarəsi işçilərinin əməyini xüsusi vurğulayırlar. Ağalıkənd kəndindən olan fermer Müsafir Rəsulov deyir: "Rayon Suvarma İdarəsinin kollektivi biz fermerlərə yaxından kömək edir, sahələri suvaran zaman həmişə bizim yanımızda olur, əllərindən gələn köməyi əsirgəmirlər. Keyfiyyətli becərmə, aqrotexniki tədbirləri, o cümlədən suvarma işini vaxtında və qaydasında apardığım üçün keçən il hər hektardan 64 sentner pambıq götürdüm. Bu il 4,5 hektarda pambıq əkmişəm. Sahələrin vəziyyəti göstərir ki, məhsul keçən ildəkindən də yaxşı olacaq. Hazırda 4-cü kompleks becərməni aparıram. Əkin zamanı çiyidlə birlikdə torpağın hər hektarına 130 kiloqram ammofos gübrəsi vermişəm. Bir neçə gün əvvəl birinci suvarmadan öncə hər hektara yenə 130 kiloqram yemləmə gübrəsi verdim. Sahələr üzə gülür. Cərgələr arasında bir dənə də olsun alaq otu yoxdur. Pambıqla yanaşı, digər bitkilər də əkib-becərirəm. Bu il əkdiyim 4 hektar kartof və bir o qədər çuğundur sahəsinin hər hektarından 40 ton məhsul götürmüşəm. Yüksək göstəricilərimizdə su işçilərinin də əməyi çox olub".
Bahəddin Nəsirov da Biləsuvarın Ağalıkəndindəndir. Deyir ki, dədə-babadan əkinçiliklə məşğul olmuşuq. "Atam uzun illər kəndimizdəki kolxozda aqronom işləyib. Sonra kolxoza sədrlik edib. Hazırda təqaüdçüdür. Ona məxsus 20 hektar əkin sahəsini də mən əkib-becərirəm. Necə deyərlər, borcunu qaytarıram. Axı, bir zamanlar bu işləri mənə o öyrədib. Özümə məxsus 40 hektar taxıl sahəsində biçini başa çatdırmışam. Arpanın hər hektarından orta hesabla 35-40, buğdadan 45-50 sentner məhsul götürmüşəm. Bir hissəsini ehtiyaclarım üçün saxlayıram, həyətimdəki anbardadır. Artığını satmışam. Bundan əlavə, 4 hektar yonca, 3,5 hektar pambıq sahəm var. Hər ikisində vəziyyət yaxşıdır. Yaxşı işləyəndə məhsul da bol olur. Bolluq isə üz ağlığıdır. İnsanı qohum-əqrəba, dost-tanış yanında, el-oba içində başıuca edir. Bu işdə dövlətimizin gördüyü tədbirlərin qiyməti əvəzsizdir. Bizdən torpaq vergisi alınmır. Subsidiyalar, güzəştli qaydada gübrələr, lizinq yolu ilə texnikalar verilir. Yaxın günlərdə kənd təsərrüfatı, eləcə də balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı Prezidentin təsdiq etdiyi dövlət proqramı hamımızın ürəyindən xəbər verdi. Bu bolluğun yaranmasında su işçilərinin də böyük rolu olduğunu danmaq olmaz".
Seyran CAVADOV,
"Azərbaycan"