Güneyxırman, Quzeyxırman və Kiçik Qaladərəsi kəndləri ilk sakinlərini qarşılayıb
Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir. Yaşayış məntəqələrinin bərpası, yol-nəqliyyat infrastrukturunun qurulması, elektrik, qaz, su və rabitə şəbəkələrinin yaradılması, təhsil və səhiyyə müəssisələrinin tikintisi bu ərazilərə yeni həyat gətirir.
Dünən daha 210 sakin Qarabağa qayıdıb. Köç mərhələsi çərçivəsində Xocavəndin Güneyxırman kəndinə 72 nəfər (18 ailə), Quzeyxırman kəndinə 87 nəfər (21 ailə), Şuşanın Kiçik Qaladərəsi kəndinə isə 15 ailədən ibarət 51 nəfər köçürülüb. Beləliklə, ümumilikdə 54 ailə - 210 nəfər doğma torpaqlarına qovuşub. Bununla da Qarabağ və Şərqi Zəngəzura dönən keçmiş məcburi köçkünlərin sayı 37771 nəfərə çatıb. Bu statistika "Böyük qayıdış" proqramının real nəticələrini əks etdirməklə yanaşı, bərpa prosesinin ardıcıl və planlı həyata keçirildiyini də göstərir.
Dünənki köçün əlamətdar cəhətlərindən biri də Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinin ilk sakinlərini qəbul etməsidir. Uzun illər boş qalan bu yaşayış məntəqələri artıq yenidən insan səsinə, uşaqların gülüşünə və gündəlik həyata qovuşur. Kəndlərdə yaradılan müasir infrastruktur gələcəkdə daha çox ailənin burada məskunlaşmasına imkan verəcək.
Qeyd edək ki, azad olunmuş ərazilərdə inşa edilən bütün yaşayış məntəqələri müasir şəhərsalma prinsiplərinə uyğun layihələndirilib. Burada fərdi yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, inzibati binalar, xidmət obyektləri, parklar və digər sosial infrastruktur yaradılır. Eyni zamanda məşğulluğun təmin olunması üçün kənd təsərrüfatı, xidmət və istehsal sahələrinin inkişafı istiqamətində də layihələr həyata keçirilir. Bütün bunlar qayıdan sakinlərin yalnız məskunlaşmasını deyil, həm də normal sosial-iqtisadi həyat sürməsini təmin etməyə hesablanıb.
Doğma torpaqlara qayıdan ailələrin əksəriyyəti uzun illər ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayıb. Onlar üçün bu gün, sadəcə, ünvan dəyişikliyi deyil, illərlə qoruyub saxladıqları həsrətin sona çatdığı tarixi gündür. Bir çox ailə ata-babalarının yurduna övladları və nəvələri ilə birlikdə qayıdır. Bu isə yeni nəslin öz doğma torpaqlarında böyüməsi, həmin ərazilərin sosial həyatının yenidən canlanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda görülən işlər yalnız dağıntıların aradan qaldırılması ilə məhdudlaşmır. Regionun iqtisadi potensialının reallaşdırılması, yeni investisiyaların cəlb olunması, turizm imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və müasir yaşayış məkanlarının formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Məqsəd bu əraziləri ölkənin sosial-iqtisadi inkişafının mühüm mərkəzlərindən birinə çevirməkdir.
Xocavənd və Şuşaya yola salınan növbəti köç karvanı göstərir ki, hər yeni qayıdış doğma torpaqların dirçəlişinə, kənd və şəhərlərin yenidən canlanmasına, insanların öz yurdlarında firavan həyat qurmasına xidmət edir. Yeni yaşayış məntəqələri, istifadəyə verilən sosial obyektlər və doğma ocaqlarına dönən ailələr Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm dövlət proqramlarından birinin sürətlə həyata vəsiqə aldığını nümayiş etdirir.
Ü.XASPOLADOVA,
"Azərbaycan"