07 İyul 2026 08:00
223
SİYASƏT
A- A+
Xalqın etimadından güc alan Prezident

Xalqın etimadından güc alan Prezident


Müasir cəmiyyətlərdə siyasi liderə göstərilən ictimai etimad həyata keçirilən siyasətin nəticələrinin vətəndaşlar tərəfindən necə qəbul edilməsinin ən mühüm göstəricilərindəndir. Azərbaycanda keçirilmiş son ictimai rəy sorğularının nəticələrindən aydın olur ki, ölkədə Prezident İlham Əliyevə olan inam və etimad yüksək səviyyədə qalmaqdadır. Sorğulara əsasən, respondentlərin 87,7 faizi dövlətimizin başçısına etimad göstərdiyini bildirib, 93,6 faizi Azərbaycan Prezidentinin fəaliyyətini müsbət qiymətləndirir, 81,9 faizi isə cənab İlham Əliyevi alternativsiz siyasi lider hesab edir.

Bu rəqəmlərin hər birinin arxasında uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin, əldə olunan strateji uğurların, milli maraqlara əsaslanan idarəetmə modelinin və xalqla hakimiyyət arasında formalaşmış qarşılıqlı etimad durur.


Milli maraqlara əsaslanan siyasət


Azərbaycan Prezidentinə bu qədər yüksək ictimai dəstəyi şərtləndirən bir sıra mühüm səbəblər var. Başlıca səbəblərdən biri dövlətimizin başçısının fəaliyyətinin əsas meyarının milli maraqlarla bağlı olmasıdır. Cənab İlham Əliyev daxili və xarici siyasətində Azərbaycanın dövlətçilik maraqlarını, ölkəmizin təhlükəsizliyini, xalqın rifahını prioritet hesab edib.

Son illər dünyada geosiyasi gərginliyin artdığı, beynəlxalq münasibətlər sistemində ikili standartların geniş yayıldığı dövrdə ölkə Liderinin Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etməsi və onları ən yüksək səviyyədə qorumağa nail olması respublikamızın müstəqil siyasət kursunun əsas xüsusiyyətinə çevrilib. Prezident İlham Əliyev dəfələrlə nümayiş etdirib ki, Azərbaycan heç bir xarici təzyiq qarşısında öz milli maraqlarından geri çəkilməyəcək. Bu prinsipial mövqe isə cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. İnsanlar cənab İlham Əliyevin timsalında özlərinin qətiyyətli müdafiəçisini görürlər.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri də xalqla daim sıx təmasda olması, cəmiyyətin gözləntilərini düzgün qiymətləndirməsi və qəbul etdiyi qərarlarda insanlarımızın istək və arzularını əsas götürməsidir. Azərbaycan siyasi modelində hakimiyyətin legitimliyinin əsas mənbəyi xalqın iradəsidir. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, onun ən böyük dayağı Azərbaycan xalqıdır. Bu müştərək etimad milli dövlətçiliyimizin sarsılmaz sütunudur. Bir tərəfdən Prezident xalqa güvənir, digər tərəfdən xalq da onun həyata keçirdiyi siyasətə dəstək verir. Məhz bu qarşılıqlı inam ölkəmizdə siyasi sabitliyin və milli birliyin əsasını təşkil edir. Sorğularda qeydə alınan yüksək etimad göstəriciləri də məhz xalqla lider arasında formalaşmış bu möhkəm mənəvi-siyasi bağın ifadəsidir.


Böyük siyasi şəxsiyyət və qətiyyətli lider amili


Tarix göstərir ki, mürəkkəb dövrlərdə dövlətlərin taleyi çox vaxt lider amilindən asılı olur. Prezident İlham Əliyevin siyasi fəaliyyətində də bu xüsusiyyət diqqəti çəkir. Müasir dünyamızın mürəkkəb geosiyasi şəraitində çevik qərarvermə qabiliyyəti, strateji düşüncə, siyasi uzaqgörənlik və yüksək diplomatik məharət Azərbaycanın qarşısında duran mürəkkəb problemlərin həllində mühüm rol oynayıb.

Prezident İlham Əliyev təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də prinsipial mövqeyi, ardıcıl siyasəti və yüksək siyasi nüfuzu ilə seçilən lider kimi qəbul olunur. Dünyanın aparıcı beynəlxalq platformalarında Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etməsi, beynəlxalq auditoriya qarşısında faktlara əsaslanan çıxışları və milli maraqları ardıcıl şəkildə müdafiə etməsi onun liderlik keyfiyyətlərinin mühüm göstəricisidir.

Xüsusi vurğulanmalıdır ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu onların iqtisadi və hərbi potensialı ilə yanaşı, eyni zamanda müstəqil siyasi iradə nümayişi, etibarlı tərəfdaş kimi tanınması və qlobal proseslərə təsir imkanları ilə ölçülür. XXI əsrin ilk onilliklərində Azərbaycanın xarici siyasətində baş verən əsas dəyişiklik də məhz bu istiqamətdə olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində passiv müşahidəçi və ya regional siyasətin təsirinə məruz qalan dövlət olmaqdan çıxaraq, qlobal proseslərin fəal iştirakçısına, bir çox halda isə təşəbbüskarına çevrilmişdir.

Prezident İlham Əliyevin xarici siyasət strategiyasının ən mühüm istiqamətlərindən biri məhz balanslaşdırılmış diplomatiyadır. Azərbaycan eyni zamanda Qərb və islam ölkələri, türk dünyası, Mərkəzi Asiya ölkələri, qonşular və digər tərəfdaşlarla qarşılıqlı faydalı münasibətlər quraraq müxtəlif siyasi platformalar arasında etimad yarada bilən nadir ölkələrdən biri kimi çıxış etməyə başlamışdır. Belə çoxtərəfli əməkdaşlıq modeli ölkənin geosiyasi mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq proseslərdə vasitəçi və dialoq platforması statusu qazanmasına da şərait yaratmışdır. Azərbaycanın beynəlxalq nüfuzunun artmasında enerji diplomatiyası xüsusi rol oynamışdır. Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına etibarlı marşrutlarla çatdırılması istiqamətində həyata keçirilən iri layihələr ölkənin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, onun geosiyasi əhəmiyyətini də xeyli dərəcədə artırmışdır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, Avrasiyanın enerji təhlükəsizliyinin mühüm iştirakçısı və etibarlı tərəfdaşı kimi qəbul edilir. Cənab İlham Əliyevin iradəsi əsasında həyata keçirilən enerji əməkdaşlığı iqtisadi münasibətlərin hüdudlarını aşaraq siyasi etimadın formalaşmasına və uzunmüddətli strateji tərəfdaşlıqların yaranmasına mühüm töhfə vermişdir.

Nəqliyyat və logistika sahəsində həyata keçirilən siyasət də Azərbaycanın beynəlxalq rolunu yeni mərhələyə yüksəltmişdir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının qovşağında yerləşən ölkəmiz Avrasiyanın əsas tranzit mərkəzlərindən biri kimi qəbul olunur. Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı, alternativ marşrutlara tələbatın artdığı dövrdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə yaradılmış nəqliyyat infrastrukturu ölkənin coğrafi mövqeyini mühüm strateji üstünlüyə çevirmişdir.

Prezident İlham Əliyev xarici siyasət kursunda çoxtərəfli diplomatiyaya hər zaman üstünlük verir. Bu siyasətin bariz nümunələrindən biri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi olmuşdur. Quruma 2019-cu ildən başlayaraq 4 il davam edən sədrliyi dövründə Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi, beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal problemlərin həllinə dair təşəbbüslərlə çıxış etmiş, xüsusilə pandemiya dövründə irəli sürülən humanitar təşəbbüslər və beynəlxalq əməkdaşlıq çağırışları ölkəmizin məsuliyyətli beynəlxalq tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirmişdir.

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində humanitar diplomatiya da mühüm rol oynayır. Müxtəlif beynəlxalq forumların, mədəniyyətlərarası dialoq tədbirlərinin, humanitar konfransların və qlobal əhəmiyyətli görüşlərin Bakıda keçirilməsi ölkəmizi həm də intellektual və humanitar əməkdaşlıq platforması kimi tanıdır. Müxtəlif sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqun təşviqi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır. 

Son illərdə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm amillərdən biri də ölkənin qlobal problemlərin həllində məsuliyyətli iştirakçı kimi çıxış etməsidir. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, "yaşıl transformasiya", ərzaq təhlükəsizliyi və dayanıqlı inkişaf kimi məsələlər üzrə irəli sürülən təşəbbüslər Azərbaycanın beynəlxalq gündəliyinin formalaşmasında daha fəal iştirak etməsinə şərait yaradır. Bu istiqamətdə ölkənin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi və müxtəlif qlobal platformalarda fəal mövqe nümayiş etdirməsi onun beynəlxalq statusunun yüksəlməsinin göstəricilərindəndir.

Cənab İlham Əliyevin xarici siyasət fəlsəfəsi praqmatizmlə prinsipiallığın vəhdətinə əsaslanır. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında əməkdaşlıq etməyə üstünlük verir, eyni zamanda milli maraqlarına toxunan məsələlərdə daim ardıcıl və qətiyyətli mövqe nümayiş etdirir. Bu yanaşma xarici siyasətin çevikliyini təmin etməklə yanaşı, onun strateji ardıcıllığını da qoruyur. Azərbaycanın xarici siyasəti yalnız mövcud beynəlxalq proseslərə uyğunlaşmaqla məhdudlaşmır, bir sıra hallarda yeni əməkdaşlıq formatlarının və regional təşəbbüslərin formalaşmasına da təkan verir. Enerji layihələri, nəqliyyat dəhlizləri, türk dünyasına inteqrasiya, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi və Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının təşviqi bu baxımdan Prezident İlham Əliyevin xarici siyasət kursunun strateji xarakterini nümayiş etdirir.

Bu gün Azərbaycan bütün dünyada etibarlı tərəfdaş, öhdəliklərinə sadiq dövlət, sözünün arxasında duran siyasi aktor və mürəkkəb geosiyasi şəraitdə müstəqil qərarlar qəbul etmək qabiliyyətinə malik ölkə kimi tanınır. Bu etimad uzun illər ərzində həyata keçirilən ardıcıl diplomatiyanın, beynəlxalq hüquqa söykənən mövqeyin və milli maraqlara əsaslanan xarici siyasətin nəticəsidir.

Azərbaycan Prezidentinə ictimai etimadı formalaşdıran əsas amillərdən biri də təbii ki, ölkəmizin son illər əldə etdiyi sosial-iqtisadi inkişafdır. Bu gün ölkəmiz regionun ən güclü iqtisadiyyatlarından birinə malikdir. Müasir infrastruktur yaradılıb, nəqliyyat-logistika imkanları genişlənib, enerji təhlükəsizliyi tam təmin olunub, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm nəticələr əldə edilib. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı, regional iqtisadi əməkdaşlığın aparıcı mərkəzlərindəndir. Eyni zamanda güclü iqtisadiyyat güclü ordunun formalaşdırılmasına da imkan verib. Son illər Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının müasirləşdirilməsi, peşəkarlığın artırılması və müdafiə sənayesinin inkişafı ölkənin təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti statusunu daha da möhkəmləndirib. Hazırda regionda həyata keçirilən iri iqtisadi, enerji və nəqliyyat layihələrinin əksəriyyəti Azərbaycanın iştirakı ilə reallaşdırılır. Ölkə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycan artıq təkcə regional proseslərə deyil, qlobal gündəliyin mühüm məsələlərinə də öz töhfəsini verən dövlət kimi tanınır.


Tarixi Zəfər - milli həmrəyliyin zirvəsi


Prezident İlham Əliyevə yüksək ictimai etimadın ən mühüm səbəblərindən biri 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədir.

2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü təmin etdi və uzun illər davam edən işğala son qoydu. Sonrakı dövrdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bu misilsiz nailiyyət təkcə hərbi qələbə deyildi, həm də xalqın milli qürurunun bərpası, tarixi ədalətin təmin olunması və dövlətçiliyin daha da möhkəmlənməsi faktıdır. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı işğaldan azad və ölkənin tam suverenliyini təmin edən lider kimi adını tarixə əbədi yazıb. Eyni zamanda Azərbaycan Prezidenti qalib dövlətin rəhbəri kimi addım-addım reallaşmasına nail olduğu sülh gündəliyi ilə Cənubi Qafqaz regionunda dayanıqlı inkişafın müəllifi kimi də adını tarixdə əbədiləşdirməkdədir.  

Müasir dünyada müharibələrin, silahlı münaqişələrin, terror təhlükələrinin və siyasi böhranların geniş yayıldığı bir dövrdə Azərbaycanda sabitliyin və təhlükəsizliyin qorunması xüsusilə böyük əhəmiyyət daşıyır. Ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunur, vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə qorunur, iqtisadi inkişaf üçün əlverişli mühit formalaşdırılıb. Bu sabitlik ardıcıl dövlət idarəçiliyinin, güclü institutların, milli həmrəyliyin və xalq-hakimiyyət birliyinin nəticəsidir. Cəmiyyət sabitliyin dəyərini daha dərindən dərk etdikcə onu təmin edən siyasi kursa dəstək də  möhkəmlənir.


Real nəticələrə hesablanan siyasət


Prezident İlham Əliyevə olan yüksək ictimai etimad bir kampaniyanın və ya emosional münasibətin nəticəsi kimi formalaşmayıb. Bu etimad illər ərzində yerini tutan nəticələrə əsaslanan siyasətin məntiqi qanunauyğunluğudur. Milli maraqların qətiyyətlə müdafiə edilməsi, xalqla möhkəm əlaqə, güclü liderlik keyfiyyətləri, iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması, tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, ölkədə sabitliyin və təhlükəsizliyin qorunması bu etimadın əsas dayaqlarını təşkil edir. Məhz buna görə də son ictimai rəy sorğularında qeydə alınmış 87,7 faizlik etimad, fəaliyyətə 93,6 faizlik müsbət qiymət və 81,9 faizlik alternativsiz Lider göstəricisi Azərbaycan cəmiyyətində formalaşmış siyasi reallığın ifadəsi kimi qiymətləndirilməlidir.

Bu göstəricilər bir daha sübuta yetirir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf kursunu ölkənin firavan gələcəyi, milli təhlükəsizliyi və dövlətçilik maraqları baxımından etibarlı, alternativsiz yol hesab edir və bu siyasi kursun davamlılığına güclü ictimai dəstək nümayiş etdirir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkəsəndə uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb

10:12
07 İyul

Neftçalada Xəzər dənizinə nərə cinsli 400 min balıq körpəsi buraxılıb

10:03
07 İyul

Rəqəmsal Şuranın iclası, QDTİB-in toplantısı, coğrafiyası genişlənən "Made in Azerbaijan" brendi və neftin qiymətində dalğalanma

09:53
07 İyul

"Yaşıl enerji" dəhlizi Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq

09:45
07 İyul

Beynəlxalq maliyyə qurumları ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar

09:37
07 İyul

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

09:29
07 İyul

Sadə, çevik, şəffaf

09:21
07 İyul

Türkiyəli ekspert: "Dünyada artan münaqişələr fonunda Azərbaycanın sabitliyi və təhlükəsizliyi güclü dövlətçilik modelinin təzahürüdür"

09:13
07 İyul

Ölkə üzrə qeyri-neft-qaz məhsullarının ixracı son 10 ildə iki dəfə artıb

09:05
07 İyul

Üç roman, bir həqiqət

08:56
07 İyul

Qarabağ və Şərqi Zəngəzurda yazılan quruculuq tarixinin səhifələri

08:48
07 İyul

"Paşinyan hökuməti sülh gündəliyini real nəticəyə çatdırmaq istəyirsə, bu istiqamətdə konkret hüquqi və siyasi addımlar atmalı olacaq"

08:40
07 İyul

Azərbaycan qlobal bağlantıların strateji mərkəzidir 

08:32
07 İyul

Rəqəmsal inkişafın hüquqi təminatı

08:24
07 İyul

Zakir İBRAHİMOV: “AzerGold” beynəlxalq tərəfdaşların əməkdaşlıq etmək istədiyi və fəaliyyət göstərdiyi regionlarda yerli icmaların güvəndiyi şirkətə çevrilib”

08:16
07 İyul

Zimbabve Azərbaycanla münasibətlərin inkişafına önəm verir

08:08
07 İyul

Xalqın etimadından güc alan Prezident

08:00
07 İyul

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası haqqında

02:42
07 İyul

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun dadəyişiklik edilməsi barədə

02:42
07 İyul

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:41
07 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:41
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!