25 İyun 2026 08:00
265
SİYASƏT
A- A+
“Milli yaddaş"ın yaddaşındakılar

“Milli yaddaş"ın yaddaşındakılar


"Ermənistanın işğalçı  qüvvələrinin xalqımıza  və şəhərlərimizə qarşı  törətdiklərini heç vaxt  unutmayacağıq. Onların 65 məscidi dağıtmasını, xalqımızın dini hisslərini təhqir etmək məqsədilə məscidlərdə heyvan, o cümlədən donuz  saxlamalarını heç vaxt unutmayacağıq.  Biz Xocalı soyqırımını da heç vaxt unutmayacağıq.  Lakin gələcəyə baxmağı bacarmalıyıq.  Biz qisasımızı döyüş meydanında aldıq və bu kifayətdir. Müharibə dayanmalı idi və onu  dayandıran da biz olduq.  Güclü tərəf olaraq biz müharibəyə son qoyduq və sülh təklif etdik. Beləliklə, bu gün sülh artıq reallıqdır".


İlham ƏLİYEV



Hər bir millətin və xalqın özünəməxsus tarixi yaddaşı olur.

Mövcudluğu dövründə başına gələn və ya gətirilən hadisələr və faktlardan ibarət yaddaş...

Buna milli yaddaş da deyirlər.

Milli yaddaşa yazılan hadisələrin bir qismi müxtəlif insanlar tərəfindən zamanında yazıya alınaraq saxlanılır.

Digər qismi isə şifahi şəkildə, nəsillərdən-nəsillərə ötürülməklə hifz olunur.

Yaddaşsızlığın hər bir millət üçün haçansa faciəyə çevrilməsi də mümkündür.

Əgər nə vaxtsa başına gətirilənləri unudaraq yaddan çıxarsa.

Çünki belə halda hadisə və fəlakətlər yenidən təkrarlana bilər.

Milli yaddaşın formalaşmasına kənardan da təsirlər olur.

Hətta təhriflər də mümkündür.

Çünki kimlərsə tutduğu əməllərin olduğu kimi deyil, təhrif olunmuş şəkildə yaddaşlarda qalmasına can atır.

Məsələn, sovetlərin mövcud olduğu 70 il ərzində "sovet adamları"na, xüsusən gənc nəslə qəbul etdirmək istəyirdilər ki, Rusiyanın XI Qızıl Ordusu Azərbaycanı işğal etməyib, Azərbaycana azadlıq, "kommunizm idealları"nı gətirib.

Varlıların, bəylərin və xanların mal-mülkünün əllərindən alınaraq dövlətləşdirilməsini isə ədalətsizlik və soyğunçuluq yox, "sinfi mübarizə" kimi qələmə verirdilər.

Guya onlar xalqın düşmənləri idilər.

Varlıların ailəliklə cəzalandırılmasını - sürgünə, həbsxanaya göndərilməsini və güllələnməsini isə "xalq düşmənlərinə qarşı mübarizə" adlandırırdılar.

"Xalq düşməni" damğası vuraraq cismən məhv edilən azərbaycanlı ziyalılara sonradan bəraət verilməsi isə, əslində, caniliyin, cəlladlığın və qəddarlığın etirafı idi.

Xalq belələrini öz yaddaşında "düşmən" obrazında deyil, işıqlı sima, haqq və ədalət uğrunda mübarizənin günahsız qurbanları kimi yaşadırdı.

Azərbaycan xalqı dövlət müstəqilliyi qazandıqdan sonra keçmişdə baş verənləri doğru-düzgün qiymətləndirərək əsl həqiqəti və ədaləti bərpa etdi.

***

Hər bir xalqın müəyyən əraziyə malik olması, hansısa torpaqda yerləşməsi mühüm şərtdir.

Ərazisi və torpağı olmayan xalq haylar kimi qaraçı həyatı sürməyə, dünyanın bütün ölkələrinin ərazilərinə səpələnməyə, ən yaxşı halda isə oğurluq torpaq hesabına özünə dövlət düzəltməyə məhkumdur.

İkinci mühüm şərt həmin ərazilərdə məskunlaşan insanların yaşaması və saxlanılması üçün kifayət qədər yeraltı və yerüstü sərvətlərin mövcudluğu, iqlim şəraitinin əkin-biçinə yararlı olmasıdır.

Yoxsa hamı həmin ərazini tərk edər.

Bütün bunlardan sonra dövlət qurmaq və onu yaşatmaq üçün kifayət qədər ağıllı, savadlı, vətənpərvər övladlara sahib olmalısan.

Bu aspektdən yanaşanda Azərbaycan həm bəxti gətirmiş, həm də bəlalı bir ölkə sayılır...

Tanrı bizə hər şeyi səxavətlə verib:

* Dünyada mövcud olan on iki iqlimdən doqquzunu;

* Zəngin yeraltı və yerüstü təbii sərvətləri;

* Vətənini, torpağını, xalqını sevən, dövrün və zamanın hadisələrindən dərindən baş çıxaran ağıllı, bilikli və bacarıqlı, vətənpərvər övladları;

* Azərbaycanın əlverişli geosiyasi mövqedə, Avropa ilə Asiyanın qovşağında yerləşməsi onun dəyərini daha da artırır.

Tanrının bizə qismət etdiyi təbii sərvətlər və əlverişli mövqe daim qonşu dövlətlərin ağzını sulandırıb, ona sahib çıxmaq üçün min bir oyuna əl atanların, zorakılıqlardan belə çəkinməyənlərin mövcudluqlarını şərtləndirib.

Bütün bunlar isə xalqımızın tarixinə faciəvi və fəlakətli hadisələrin yazılmasına, onun sadiq övladlarının müsibətlərlə üzləşmələrinə səbəb olub.

Başqa sözlə desək, milli yaddaşımıza həkk edilən çoxsaylı hadisələrlə nəticələnib.

***

Təbii ki, kiçik bir qəzet məqaləsində xalqımızın taleyüklü məqamları ilə bağlı bütün məsələləri əhatə etmək qeyri-mümkündür.

Lakin mühüm və başlıca məqamlara toxunmağa çalışacağıq.

Xanlıqlar dövründə Azərbaycan gah İranın, gah da Rusiyanın tərkibində olub.

Başqa sözlə, onun taleyini özü deyil, özgələri həll ediblər.

Lakin xalqımızın işıqlı zəka sahibləri daim müstəqilliyə can atıb, müstəqil dövlət yaratmaq arzusunda olublar.

Belə bir niyyətin qarşısını isə bizə ağalıq etmək istəyənlər müxtəlif üsul və vasitələrlə almağa çalışıblar.

Özü də bu mənfur addımlar təkcə Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı yönəldilib.

Bu məsələdə Rusiyanın xüsusi "xidmət"ləri olub.

Çar və sovet Rusiyası Azərbaycanı öz tabeliyində saxlamaqdan ötrü hərbi işğaldan tutmuş müxtəlif məkrli tələ və planlardan "məharət"lə istifadə edib.

Dövr və zaman dəyişdikcə, Azərbaycan xalqı öz arzusunu gerçəkləşdirmək yönündə əməli addımlar atdıqca, bizi müstəqil dövlət qurmaqdan yayındırmaq, daim itaət boyunduruğunda saxlamaq üçün bütün vasitələrdən istifadə olunub.

XIX və XX əsrlərdə başımıza gətirilən və milli yaddaşımıza həkk olunan hadisələri heç zaman unutmamışıq və unutmamalıyıq da!

Tarixi yaddaşımızın səhifələrini yığcam şəkildə nəzərdən keçirək.

Faktlar özü hər şeyi açıq şəkildə danışır:

* Ermənilərin Cənubi Qafqaza köçü 300 il bundan öncə - 1724-cü ildə I Pyotrun fərmanı ilə başlayıb.

* "Türkmənçay" sülh müqaviləsinə əsasən (1828-ci il), ilkin olaraq 40 min erməni Azərbaycanın müxtəlif bölgələrinə köçürülüb.

* Sovet Rusiyası çar Rusiyasının ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsi və bizim torpaqlar hesabına onlara dövlət yaradılması prosesini davam etdirib.

* 7 iyul 1923-cü ildə heç bir əsas və zərurət olmadan Moskvanın iradəsi ilə Azərbaycanın tərkibində erməni muxtariyyəti - DQMV adlı qondarma qurum yaradıldı.

* SSRİ Nazirlər Sovetinin 1947-ci il 

23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi şəkildə və zorakılıqla Azərbaycana deportasiya edildi.

* 1918-ci ildə bolşevik-daşnak birləşmələri Bakıda, habelə Şamaxı, Quba və Lənkəranda dinc əhaliyə qarşı soyqırımları törətdilər.

* 22 fevral 1988-ci ildə Bəxtiyar və Əli adlı iki ağdamlı gəncin öldürülməsi ilə Ermənistanla Azərbaycan arasında Qarabağ uğrunda müharibə başladı.

* Həmin dövrdə ölkəyə maymaq və qorxaqların, AXC-Müsavat cütlüyü kimi təcrübəsiz, səriştəsiz və bacarıqsız insanların başçılıq etmələri səbəbindən vaxtında ordu yaradılmadı, torpaqların müdafiəsi təşkil edilmədi və nəticədə ölkə ərazisinin 20 faizi erməni-rus hərbi birləşmələri tərəfindən işğal olundu.

* AXC-Müsavat iqtidarının müdafiə naziri R.Qazıyev xalqına və vətəninə qarşı xəyanət əməlləri törətdi, Şuşa, Laçın və Kəlbəcərin düşmənə verilməsinə şərait yaratdı, xalqa verdiyi sözünə - "Şuşa əldən getsə, başıma güllə çaxacam" vədinə əməl etmədi.

* ABŞ Konqresi 1992-ci ildə Azərbaycana qarşı çox böyük ədalətsizlik törətdi, Ermənistan silahlı qüvvələri bizim ərazilərimizi işğal etdiyi halda bizə qarşı 907-ci düzəlişi tətbiq etdi.

* BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri ilə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələri yerinə yetirmədi.

* Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu 30 il ərzində heç bir iş görmədi, ikiüzlülük, riyakarlıq, ikili standartlar tətbiqçisi və fərsiz bir qurum kimi tarixin zibilliyinə, qara arxivinə verildi.

* ATƏT-in həmsədr dövlətləri (onlar həm də BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir) ABŞ, Rusiya və Fransa münaqişənin sülh yolu ilə həllinə heç bir kömək göstərmədilər, əksinə, riyakarlıq edərək hayları bir çox məqamda müdafiə etdilər, onlara maliyyə, hərbi və siyasi dəstək verdilər.

* 2016-cı ilin dördgünlük Aprel müharibəsində ilk dəfə Azərbaycan Ordusu hərbi qüdrətini nümayiş etdirdi!

* 2020-ci ildə Azərbaycan qazının "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya nəqlinə başlanıldı!

* Azərbaycan I Avropa (2015-ci il), VII İslam Həmrəyliyi (2017-ci il) oyunlarını, COP29 və WUF13 tədbirlərini ən yüksək səviyyədə keçirdi.

* 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya tərəfindən vurularaq qəzaya uğradıldı.

Yaxın tariximizin iki parlaq səhifəsi də olub:

* Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq müasir Azərbaycan dövlətini qurdu;

* Müzəffər Ali Baş Komandan İlham Əliyev ikiəsrlik Qarabağ münaqişəsinə 44 gündə Zəfərlə son qoydu!

Bu yığcam milli yaddaşımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəngilanlılarla görüşündə (10 may 2026-cı il) söylədiyi nitqindən bir iqtibasla bitirmək istəyirik:

"Bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir - məktəblərdə, ailələrdə, cəmiyyətdə. Bu parlaq tariximiz bizim qürur mənbəyimizdir, bu, əbədi belə olacaq".

***

Milli yaddaşımızın ürəkparçalayan, qandonduran səhifələrindən birini işğal dövründə baş verən hadisələr təşkil edir.

Özünü "ən qədim xalq", "xristianlığı birinci qəbul etmiş millət", "mədəni xalq" adlandıran haylar 27 illik işğal dövründə törətdikləri vandallıq, barbarlıq və vəhşiliklərlə əsl simalarını ortaya qoydular.

* Dinc əhaliyə qarşı Xocalıda, Qaradağlıda, Ballıca və Başlıbeldə, Bağanıs-Ayrımda soyqırımları törədildi, qocalar, qadınlar, uşaqlar vəhşiliklə qətlə yetirildi.

* Əsir düşmüş mülki vətəndaşlarımıza qarşı qəddarlıqlar törədildi, döyülərək öldürüldülər, əlil və şikəst edildilər, kəlbətinlə qızıl dişlərini çəkdilər.

* Ağdamı "ruhlar şəhəri"nə, qalan yaşayış məntəqələrini isə xarabalıqlara çevirdilər.

İşğaldan sonra dünyanın hər yerindən Qarabağa gələn insanlar bütün bunları öz gözləri ilə gördülər.

Erməni barbarlığının 30 illik işğal dövründə vurduğu ziyanın faktlarda və rəqəmlərdə ifadəsi:

* Birinci Qarabağ müharibəsi zamanı rəsmi məlumatlara görə, 11557 Azərbaycan hərbçisi şəhid olub.

* İtkinlər: Dövlət Komissiyasının məlumatına görə, 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri isə qadındır.

* 44 günlük Vətən müharibəsi və ondan sonra 3000 nəfərdən çox hərbi qulluqçumuz şəhid olub.

* Mina qurbanlarının sayı: Ümumilikdə Birinci Qarabağ müharibəsindən sonra 3000 nəfərdən çox Azərbaycan vətəndaşı mina qurbanı olub. İkinci Qarabağ müharibəsindən sonra 424 nəfər mina terrorunun qurbanına çevrilib. Onlardan 72 nəfəri həyatını itirib, 349 nəfəri xəsarət alıb. Həlak olanların 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir.

* Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 700-dən çox tarixi abidə dağıdılıb və ya ciddi ziyan görüb.

* Mədəniyyət müəssisələri: 927 kitabxana, 22 muzey (o cümlədən 100 mindən çox eksponat) məhv edilib.

* Arxeoloji və memarlıq abidələri: 58 arxeoloji yaşayış yeri, 26 qala, müxtəlif məbədlər və saraylar vandalizmə məruz qalıb.

* Dini abidələr: İşğal dövründə 60-dan çox məscid dağıdılıb və ya təhqir edilib. 

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə qarşı ekosid siyasəti yürüdərək ekoloji tarazlığı ciddi şəkildə pozub:

* Meşələrin məhv edilməsi: 60 min hektardan çox meşə sahəsi qanunsuz olaraq qırılıb və yandırılıb.

* Ermənistanın işğal dövründə təbii resursları qanunsuz istismar etməsi nəticəsində dəyən ziyan 16 milyard manatdan (təqribən 9,5 milyard dollar) çoxdur. 

* Su ehtiyatlarının çirkləndirilməsi:  Oxçuçay Ermənistanın dağ-mədən sənayesinin tullantıları ilə zəhərlənib.

İqtisadiyyat və infrastruktur: 

İşğal olunmuş ərazilərdə 900-dən çox yaşayış məntəqəsi, 6000-dən çox sənaye və kənd təsərrüfatı binası, 695 tibb müəssisəsi, 693 məktəb, 927 kitabxana, 855 uşaq bağçası, minlərlə kilometr kommunikasiya və elektrik xətləri dağıdılıb. 

İlkin hesablamalara və beynəlxalq ekspertlərin rəylərinə görə, 30 illik işğal dövründə dəymiş ziyanın ümumi miqdarı 800 milyard ABŞ dollarından çox qiymətləndirilir.

***

Nə qədər xoş olmasa da, milli yaddaşımızın xəyanət səhifələri də var.

Bunlar isə müstəqillik uğrunda mübarizənin ilk illərinə təsadüf edir.

Azərbaycan xalqı mərd xalqdır, dostluqda da daim etibarlıdır.

1941-1945-ci illər müharibəsi başlayanda o vaxtlar "böyük qardaş" sayılan Rusiyanı tək buraxmadı.

Hitler faşizminə qarşı mübarizədə 600 mindən çox azərbaycanlı silaha sarılaraq "qızıl ordu"nun tərkibində döyüşdü, onların təqribən yarısı həlak oldu.

Bakı nefti müharibənin taleyinin həll olunmasında mühüm rol oynadı.

Təəssüf ki, "böyük qardaş"ımız bütün bunları unutdu...

Həm də nəinki unutdu, açıq şəkildə erməni faşizminin tərəfində dayanaraq onu pulsuz silah-sursatla təmin etdi, torpaqlarımızın işğalında hər cür yardım və kömək göstərdi...

Hələ bu harasıdır...

Qırmızı imperiya laxlayaraq dağılanda Azərbaycanın müstəqil dövlət olmaq niyyətini görərək onu ciddi şəkildə cəzalandırmaq qərarına gəldi.

Digər müttəfiq respublikalara görk və nümunə olsun deyə...

"Xilaskar ordu" növbəti dəfə işğalçı orduya çevrildi!

1990-cı il yanvarın 20-də Kreml Azərbaycanın üzərinə ordu yeritdi, Bakı al qana boyandı, haqsızlığa qarşı etirazlarını bildirmək üçün küçəyə çıxan dinc sakinlər qanlarına batırıldılar, tank və zirehli transpartyorların təkər və tırtılları altında qoyuldular.

"Şanlı Qızıl Ordu" xalqın müstəqillik istəyinin qarşısını ala bilməsə də, özünə olan etibarı birdəfəlik itirdi.

Digər xəyanət əməlləri isə "özümüzünkülər"dən gəldi.

* "Xalq-Heydər" birliyinin qalib gələcəyini görən düşmənlərimiz "sapı özümüzdən olan baltalar"ı işə saldılar.

* 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə iki dəfə cəhd olundu!

Hər dəfə Ulu Öndər Heydər Əliyev üzünü xalqa tutaraq insanları xəyanətkarlara qarşı birgə mübarizəyə səslədi.

Bir neçə saat ərzində yaşından və cinsindən asılı olmayaraq, on minlərlə insan sevimli rəhbərinin səsinə səs verdi, hamı küçə və meydanlara axışdı.

Xalqın möhtəşəm birliyindən və kütləvi qəzəbindən qorxan xəyanətkarlar mənfur niyyətlərinə çata bilməyərək qaçıb gizləndilər.

Milli yaddaşımıza isə belələrinin adları qara hərflərlə yazıldı.

***

Milli yaddışımızda tragikomik səhifələr də olub:

* 1992-ci ildə dövlət idarəçiliyindən xəbəri olmayanlar rəhbər vəzifələrə gəldilər:

* Bir gün belə "jek"ə müdirlik etməmiş şəxs prezident kürsüsündə əyləşdi;

* Bostan məhsulları üzrə "mütəxəssis" baş nazir oldu;

* "Elmlər namizədi" dissertasiyasını müdafiə edə bilməyən parlamentə rəhbərliyə başladı;

* "Ortabab riyaziyyat müəllimi" müharibə edən dövlətin müdafiə naziri təyin olundu, başına "kişi papağı" qoydu;

* Keçmiş OBXSS işçisi daxili işlər naziri vəzifəsini tutdu, bu vəzifədən yalnız jurnalistlərə "qəzet yedizdirmək" və onları maşının yük yerinə basmaq üçün istifadə edə bildi;

* Daxili işlər nazirinin müavini Rövşən Cavadov dövləti təhdidlərdən qorumaq əvəzinə OMON-çuları başına yığaraq dövlət çevrilişinə cəhd göstərdi.

Sonda xalqın qəzəb və nifrətindən qorxaraq:

* Uğursuz prezident postunu qoyub kəndinə qaçdı;

* İrili-xırdalı bütün vəzifələrdə oturan AXC-Müsavat iqtidarının biabırçı kadrları "vəzifələrini donduraraq" hərəsi bir tərəfə dağıldı.

Azərbaycan tarixinin bu ironiyasından isə milli yaddaşımızda yalnız çoxsaylı və məzəli lətifələr qaldı.

***

Milli yaddaşımızın qızıl səhifəsini isə 44 günlük müharibədə qazanılan Zəfər təşkil edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin mükəmməl hərbi-siyasi fəaliyyəti, müdrikliyi və uzaqgörənliyi, nəyi nə vaxt və necə etmək məharəti sayəsində müstəqil Azərbaycan ikiəsrlik Qarabağ münaqişəsinə birdəfəlik və əbədilik son qoydu!

Məhz İlham Əliyevin "dəmir yumruğ"u sayəsində:

* İşğal altındakı torpaqlar azadlığa qovuşdu;

* Ölkənin ərazi bütövlüyü təmin edildi;

* Dövlət suverenliyi və Konstitusiya əsasları bərpa olundu;

* Hayların "Miatsum" hərəkatı iflasa uğradıldı;

* Ölkə ərazisindəki qeyri-qanuni hərbi birləşmələr və terrorçu qruplaşmaları ağ bayraq qaldıraraq qarşımızda diz çökdülər;

* Azərbaycan ərazisi erməni separatçılarından tamamilə təmizləndi;

* Azərbaycan qanunları əsasında ölkə ərazisində yaşamaq istəməyən erməni əhalisi torpaqlarımızı könüllü tərk etdi;

* Azərbaycana qarşı müxtəlif cinayətlər törətmiş keçmiş xunta başçıları açıq məhkəmə iclaslarında mühakimə edilərək ədalətli cəzalarına çatdırıldılar;

* Azərbaycan XXI əsrin müharibələr tarixində yeni səhifə açaraq müasir müharibə nümunəsi yaratdı;

* Bu gün isə cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin müasir nümunəsi yaradılmaqla, "Böyük qayıdış" proqramı sürətlə həyata keçirilir.

Milli yaddaşımızın səhifələrinə sevinc və şərəf dolu yeni faktlar və hadisələr həkk edilməkdədir!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qocalmaya qarşı mübarizədə yeni mərhələ

08:55
25 İyun

Bir arzunun izi ilə...

08:50
25 İyun

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

08:45
25 İyun

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

08:40
25 İyun

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

08:35
25 İyun

Qlobal internet şəbəkəsi təhdidlərdən sığortalanmayıb

08:30
25 İyun

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

08:25
25 İyun

Xəzərin birləşdirdiyi dost və qardaş ölkə

08:20
25 İyun

Məram bəlli, məqsəd aydın

08:15
25 İyun

Ənənədən innovasiyaya

08:10
25 İyun

Pambıqçılıq: dirçəlişdən inkişafa

08:05
25 İyun

“Milli yaddaş"ın yaddaşındakılar

08:00
25 İyun

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!