04 İyun 2026 08:40
176
SİYASƏT
A- A+
Yaxın Şərqin "boğaz ağrısı"

Yaxın Şərqin "boğaz ağrısı"


Yaxın Şərqdə fevral ayından başlayan gərginlik hələ başa çatmayıb. Regionda alovlanan irimiqyaslı hərbi qarşıdurma qlobal iqtisadiyyatın ən həssas marşrutlarından birini, Hörmüz boğazını iflic vəziyyətinə salıb. Yaxın Şərqdə hava əməliyyatlarından dərhal sonra qlobal neft və qaz ticarətinin damarı sayılan bu dəhliz hərbi blokada zonasına çevrilib.

Bəs hazırda boğazda nə baş verir? Hörmüzdə yaşanan vəziyyət digər dəniz blokadalarından fərqləndirilərək "doldurulmuş asimmetrik mühasirə" adlandırılır. Son bir neçə ayın xronikası qlobal logistika şirkətlərinin kabusuna çevrilib. Fevralın 28-dən bəri "Maersk", "MSC" və "CMA CGM" kimi dünyanın ən böyük gəmiçilik nəhəngləri boğazdan keçidi tamamilə dayandırıb. "Skylight", "Safeen Prestige" və "Sonangol Namibe" kimi müxtəlif ölkələrin bayraqları altında üzən onlarla tanker və yük gəmisi raket və PUA zərbələrinə məruz qalıb, bəziləri batıb, bəziləri isə ələ keçirilib. Beynəlxalq qurumların rəsmi hesabatlarına görə, hazırda boğaz ətrafında 1550-dən çox kommersiya gəmisi lövbər salaraq çarəsizcə gözləyir və 22 min 500-dən çox dənizçi Fars körfəzində sıxılıb qalaraq girov vəziyyətinə düşüb.

Vəziyyəti daha da dramatikləşdirən amil Yaxın Şərqdəki "ikiqat blokada" böhranıdır. Yəməndəki husilərin Qırmızı dənizdə mülki gəmilərə hücumları bərpa etməsi ilə eyni vaxtda Hörmüzün də bağlanması dünya ticarətini çıxılmaz vəziyyətə salıb. Müasir tarixdə ilk dəfədir ki, Yaxın Şərqin hər iki əsas dəniz koridoru eyni anda bloklanır. Gəmilər alternativ olaraq Afrikanın cənubundakı Ümid burnunu dolanmaq məcburiyyətindədirlər. Bu isə daşınma müddətini 10-14 gün uzadır, logistika xərclərini fantastik səviyyəyə qaldırır və qlobal konteyner çatışmazlığı yaradır.

Beynəlxalq Enerji Agentliyi (BEA) mövcud vəziyyəti "dünya neft bazarı tarixinin ən böyük tədarük kəsintisi" kimi xarakterizə edib. Hörmüzün bağlanması qlobal neft tədarükünün 20 faizini, maye qazın isə beşdəbirini bazarlardan qoparıb. Qətərin ("QatarEnergy") boğazdakı müharibə və blokada səbəbindən "əlində olmayan fövqəladə vəziyyətə görə qazı çatdıra bilməyəcəyini" rəsmən bildirməsi xüsusilə Avropada təbii qaz qiymətlərini ikiqat artırıb, neftin bareli isə kəskin sıçrayışlarla dünya iqtisadiyyatına təsir edir. Lakin böhran sadəcə neftlə bağlı məhdudlaşmır. Diqqətdən qaçan, ancaq qlobal ərzaq təhlükəsizliyinə birbaşa zərbə vuran başqa bir fakt da var. Dünyanın dəniz yolu ilə daşınan kükürd ticarətinin 50 faizi, karbamid ticarətinin isə 32 faizi məhz bu boğazdan keçir. Bu maddələr kənd təsərrüfatı gübrələrinin istehsalı üçün əsas xammaldır. Braziliya və Hindistan kimi nəhəng aqrar ölkələr bu tədarükdən asılı olduğu üçün boğazın bağlanması dünyada "aqroinflyasiya" (ərzaq qiymətlərinin kəskin artması) təhlükəsini pik həddə çatdırıb. 

Mart ayının əvvəlindən beynəlxalq sığorta şirkətləri Hörmüz boğazından keçən gəmilər üçün müharibə riski sığortasını tamamilə ləğv ediblər. Bu, o deməkdir ki, bu gün hər hansı bir gəmi sahibi sığortasız şəkildə boğaza daxil olacağı təqdirdə milyardlarla dollarlıq riski təkbaşına üzərinə götürməlidir. Standart sığorta haqları gəmi dəyərinin 0,01 faizindən reaktiv sürətlə 1 faizə yüksəlib. Bu nöqtədə isə qaydalar dəyişir. ABŞ və İran arasında müvəqqəti sakitlik yaratmaq üçün aparılan diplomatik danışıqlar qlobal bazarlara anlıq təsəlli verir. Lakin reallıq budur ki, artıq boğazdan keçid geosiyasi idarəetmə ilə müəyyən olunur. Yəni, gəmilərin oradan keçə bilməsi regional güclərin siyasi şərtlərinə tabe etdirilir.

Bu regional asılılıqlar bütün dünyada zəncirvari problemlərə yol açır. Bir tərəfdən, Çin, Hindistan, Yaponiya və Cənubi Koreya kimi Asiya ölkələri Körfəz neftinin və qazının 75 faizini işlətdiyi üçün boğazın bağlanmasına görə kəskin enerji qıtlığı ilə üzləşir və bu, onların sənayesini zəiflədir. Digər tərəfdən, Avropa İttifaqı Qətər qazından və Yaxın Şərq mallarından çox asılı olduğu üçün problem yaşayır. Körfəz ölkələrinin (BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər) özündə isə həm neft ixracının, həm də xaricdən gələn ərzağın 80 faizi məhz bu boğazdan keçir. Bu səbəbdən problem onların iqtisadiyyatına təsir edir və həmin dövlətlər qurudan alternativ yollar axtarmağa məcbur olurlar.

Yaxın Şərqdəki bu böhran qloballaşmanın bitdiyini yox, sadəcə formasını dəyişdiyini sübut edir. Dövlətlərin və şirkətlərin illərdir güvəndiyi "problemsiz qlobal ticarət" düşüncəsi artıq keçərsiz hala gəlib. Gəmilərin yolu açılsa, xərclər azalsa belə, itən etimadın bərpa olunması çətindir. Çünki strateji dəniz keçidləri artıq siyasi münaqişələrdən uzaq, təhlükəsiz yerlər sayılmır. Yeni dünya nizamında isə hər bir dövlət və şirkət öz iş planını təkrarlanan böhranlara və geosiyasi təzyiqlərə uyğun qurmağa məcburdur.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!