Saysız təklif qərar verməyə çətinlik törədir
Gəlin bu dəfə bizi yoran, qərarsızlıq qarşısında qoyan çeşidlərdən danışaq. Bu gün hamı gündəlik həyatda saysız-hesabsız seçimlərlə üz-üzədir. Səhər hansı çayı içəcəyini, hansı yoldan getməli olduğunu, nə geyinməli olduğunu seçmək, sadəcə, başlanğıcdır. Mağazalarda minlərlə məhsul arasından seçim etmək, sosial mediada hansı xəbəri oxuyacağını qərarlaşdırmaq, işdə hansı layihəyə fokuslanmaq - bütün bunlar həyatın görünməz yükünü yaradır. Müasir insanın ən böyük ironiyalarından biri odur ki, daha çox seçim imkanı ona azadlıq və xoşbəxtlik gətirməli olsa da, əksinə, yorğunluq və qərarsızlıq hissi yaradır. Əvvəllər məhsul çeşidi az olduğu üçün seçim etmək daha rahat idi, qərarsızlıq insanı yormurdu.
Seçim çoxluğu insanın diqqətini çox yayındırır. Hər bir seçim məsuliyyət daşıyır - səhv qərar verəcəyi qorxusu insanı passivləşdirir. Bir məhsulu almaq üçün saatlarla araşdırma etmək, hansı paltarın daha yaxşı olduğunu müəyyənləşdirmək və ya hansı filmə baxacağını seçmək - bunların hamısı gözə görünməyən enerji sərfiyyatıdır. Psixoloqlar bunu qərar yorğunluğu adlandırırlar. Qərar yorğunluğu insanın enerji səviyyəsinə, diqqətinə və hətta emosional vəziyyətinə birbaşa təsir edir. Sadə sözlə, nə qədər çox seçim imkanı olsa, insan bir o qədər yorulur və bəzən heç bir qərar vermək istəmir.
Sadə həyatın rahatlığı buradan gəlir. Minimalist yanaşma və ya gündəlik həyatın sadələşdirilməsi insanın qərar yükünü azaldır. Əşyaların sayının az olması, gündəlik rutinlərin strukturlaşdırılması və seçimlərin məhdudlaşdırılması stresi xeyli azaldır. İnsan seçim az olanda həm daha sürətli qərar verir, həm də nəticələrdən daha məmnun olur. Seçim azlığı habelə insanın diqqətini vacib olanlara yönəltməyə imkan verir, məsələn, münasibətlərə, ünsiyyətə, şəxsi inkişafa və ya zehni rahatlığa.
Qlobal baxımdan vəziyyət daha maraqlıdır. Dünya miqyasında müasir cəmiyyətlər daha çox məhsul və xidmət təklif edirlər. Marketlər, internet platformaları, sosial media - hamısı insanın seçim imkanını artırır. Lakin qeyd etdiyimiz kimi, seçim çoxluğu yalnız ilk baxışda azadlıq kimi görünür. Reallıqda isə insanlar bu çoxluq qarşısında qərarsız qalır, stres yaşayırlar. Hətta onlarda xoşbəxtlik hissi azalır. Bu fenomen hər bir ölkədə fərqli mədəniyyətlərdə müşahidə olunur və qlobal problem kimi qiymətləndirilir.
Araşdırmalardan belə nəticəyə gəlmək olur ki, çoxluq hər zaman yaxşılıq gətirmir. İnsan seçim etmək istəyir, amma çeşid çoxluğu bəzən onu çətinə salır və yorur. Məhdud seçim imkanı isə, əksinə, rahatlıq, məmnunluq və psixoloji balans təmin edir. Bu o deməkdir ki, insan üçün seçim imkanı artdıqca, xoşbəxtlik həmişə artmır, əksinə, bəlkə də azalır. Məsələn, ABŞ-də aparılan bir araşdırmaya görə gündəlik qərar verən insanların 40 faizi günün sonunda vacib seçimlər zamanı yorğunluq hiss edir və o üzdən bəzən səhv qərarlar verir. Eyni fenomen Avropada və Asiyada da təsdiqlənib. Yəni bu qlobal bir problemdir. Həqiqətən, marketdə 50 çay növü, 100 fərqli şirniyyat və ya sosial mediada minlərlə xəbər qarşısında seçim etmək insanın diqqətini yayındırır və enerjisini alır.
Sadə həyat bu problemi xeyli azaldır. Məsələn, Skandinaviya ölkələrində insanlar gündəlik həyatlarını minimalizm üzərində qururlar - az mebel, az geyim, az əşya. Araşdırmalar göstərir ki, belə insanlar daha az stresli və daha məmnundurlar. Belə isə onlardan nəyimiz əskikdir?
Nərminə ƏSGƏROVA,
"Azərbaycan"