02 İyun 2026 08:35
948
SİYASƏT
A- A+
Müstəqilliyin Qarabağ zirvəsi

Müstəqilliyin Qarabağ zirvəsi


"Şanlı Zəfərimizdən sonra bu gözəl bayramı - 28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir. Bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir".

Prezident İlham Əliyevin bu il 28 may tarixində Qarabağdan - Şuşanın Böyük Qaladərəsi kəndindən səsləndirdiyi qürur dolu sözləri həm də Azərbaycanın müstəqillik tarixinə yazılan yeni, şərəfli bir dövrün bəyannaməsidir. Altı ildir ki, xalqımız 28 May Müstəqillik Gününü tarixi zəfərin verdiyi məğrurluqla, doğma torpaqların azadlığının, suverenliyin tam bərpasının və üçrəngli bayrağımızın vətənin hər guşəsində dalğalanmasının verdiyi coşqu ilə qeyd edir.


Qürurlu ənənə


Ərazilərimizi  işğaldan azad edərək Azərbaycanı bütövləşdirən qalib lider İlham Əliyev hər il 28 May Müstəqillik Günündə xalqımıza xoş müjdələr verməyi ənənəyə çevirib. Dövlət başçısının həmin günü azad olunmuş ərazilərdə, quruculuğun mərkəzində, xalqı ilə birbaşa təmasda keçirməsi artıq dövlətçilik fəaliyyətinin ayrılmaz parçasına dönüb. Bu xoş ənənənin kökündə xalqla dövlətin sarsılmaz birliyi dayanır. 

Ölkəmizin rəhbəri quruculuğun ilk təməl daşını 28 may 2021-ci ildə Ağdamda qoyması ilə ümumilikdə Qarabağın tezliklə dirçələcəyinin mesajını vermişdi. 

"Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir", - deyə həmin tarixdə Prezident Ağdamdan bəyan etmişdi. Dövlətimizin başçısı vurğulamışdı ki, əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik: "Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi".

Prezident İlham Əliyevin 2022-ci ildə Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşməsi, 2023-cü ilin Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etməsi, 28 may 2024-cü ildə xocalılılarla Xocalıda görüşməsi müstəqillik salnaməmizə qızıl hərflərlə yazılıb. 

Ötən il 28 May Müstəqillik Gününün əlamətdar hadisələrindən biri strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəmzi olaraq yaşıl lentini kəsdikləri bu Beynəlxalq Hava Limanı ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi intibahına işarə idi. 

Laçında - azad Azərbaycan torpağında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin görüşü dünyaya üç qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyini, həmrəyliyini nümayiş etdirdi. Qardaş ölkələrin liderləri 44 günlük müharibə sayəsində beynəlxalq hüququn tələblərinə uyğun şəkildə azadlığına qovuşdurulan Şərqi Zəngəzur bölgəsindən sülh mesajları verdilər, yeni dünya nizamında daim haqqın tərəfində olduqlarının, eyni zamanda xalqlarının, ölkələrinin milli maraqlarına qarşı istənilən təhdidə qarşı birlikdə mübarizə aparacaqlarının qətiyyətli bəyanını etdilər.


Şuşadan dünyaya sülh mesajı 


2026-cı ilin 28 may tarixi bir daha təsdiqlədi ki, Azərbaycan öz tarixinin ən qüdrətli və əzəmətli dövrünü yaşayır. Ölkəmiz bu gün taleyini özü həll edən, heç kimin diktəsinə boyun əyməyən və regional proseslərin əsas aktoru olan dövlətdir. 

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı vurğuladı ki, müstəqillik  böyük nemətdir, böyük nailiyyətdir: "Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax Azərbaycan o ölkələrdəndir... ... Həm 2020-ci il, həm də 2023-cü il Şanlı Zəfərimizdir və biz əbədi bu Zəfərlə fəxr edəcəyik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir. Əldə edilmiş sülh bizim şərtlərimiz əsasında olmuşdur".

Müstəqillik Günündə Qarabağdan Prezident İlham Əliyev tərəfindən səsləndirilən bu fikirlər həm də dünyaya verilən aydın mesajdır. Qalib dövlət, müzəffər xalq bugünkü Azərbaycanın reallığıdır. "Dəmir yumruq" yerindədir və azadlığı uğrunda gözümüzü qırpmadan canımızı fəda etdiyimiz torpaqlarımızdan bizi ayırmaq istəyən hər cəhdin qarşısı qətiyyətlə alınacaq. Biz bu torpaqlarda əbədiyyən varıq. Qarabağ, Azərbaycandır. 

Qalib liderin söylədiyi kimi, "dəmir yumruq" hesabına, xalqımızın birliyi hesabına, ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz. 

Bəli, ötən illərin mürəkkəb siyasi prosesləri, 44 günlük müharibənin şanlı zəfəri və antiterror tədbirləri Azərbaycanı regionda söz sahibinə çevirib. Artıq viran qoyulmuş kəndlərin, dağıdılmış şəhərlərin yerində müasir yaşayış məntəqələri, geniş infrastruktur və bərpaolunan yurd yerləri yüksəlir.


"Nə yaxşı ki, gəlmisən..."


2026-cı ilin 28 May Müstəqillik Günündə Böyük Qaladərəsi kəndində təsirli və sevincli anlar yaşandı. Dövlət  başçısının sakinlərlə səmimi söhbəti, onların sevincini bölüşməsi, ailə ocaqlarının istiliyini hiss etməsi özündə zəfərimizin qürurunu daşıyırdı. Bu səmimi görüşdə ağbirçək anaların duası, sakinlərin fəxr dolu baxışları "dəmir yumruq" ətrafında birləşən xalqın inamını əks etdirirdi.  Prezident İlham Əliyevin kənd sakinləri ilə görüşü həm də 30 illik yurd həsrətinə son qoyan bir qovuşma idi.

Ölkəmizin rəhbərinin kənd sakini Akif Qəhrəmanovun evində qonaq olması, səmimi söhbəti, xalq və lider arasındakı sarsılmaz bağı bir daha nümayiş etdirdi. Evin ağbirçək sakini Prezidentə olan minnətdarlığını səmimi sözlərlə belə dilə gətirdi: "Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin... ...Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib".

Ağbirçək ananın ürək sözləri sadəcə yurda qayıdış xoşbəxtliyinin yox, bütöv bir xalqın zəfər qürurunun təcəssümü idi. Görüşdə sakinlər yaşadıqları çətinlikləri də xatırladılar, lakin onların dilindəki əsas not zəfər inamı idi. 

Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə ümumi görüşdə Prezident İlham Əliyev bir daha müstəqillik bayramının doğma torpaqlarımızda qeyd olunmasının tarixi əhəmiyyətini vurğuladı: "Uzun fasilədən sonra doğma vətənə qayıtmaq böyük xoşbəxtlikdir... ...Bu, bir daha göstərir ki, xalqımız böyük xalqdır. Əzab-əziyyətə baxmayaraq, əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və biz bu torpaqlara qayıdacağıq. Son illər ərzində - 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə həm işğal dövründə, həm Zəfərdən sonra bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir. Siz 30 il doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu gün gələcək və gəldi".

Görüşdə sakinin "Cənab Prezident, oradan baxırlar bizə, peşmandırlar ki, bir vaxt biz baxırdıq. İndi deyirlər ki, günah özlərindədir" deməsi, tarixi ədalətin tamamilə bərpa olunduğunun və işğalçıların öz məğlubiyyətlərini dərk etdiklərinin ən bariz ifadəsi oldu. Prezident İlham Əliyevin Laçın sakinləri ilə görüşünü xatırladaraq ermənilərə, -  "dedim ki, bilin ha, biz sizi görürük buradan. Özünüzü yaxşı aparın" xəbərdarlığı isə dövlətimizin gücünün və bölgədəki mütləq hakimiyyətinin rəmzi kimi yaddaşlara həkk olundu.

Qarabağı azadlığına qovuşduran qalib lider İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində, məğrur dağların ətəyində, azad edilmiş torpaqlarımızda sakinlərlə bu görüşü bir daha sübut etdi ki, müstəqillik yalnız dövlət atributları ilə deyil, həm də xalqın doğma yurduna sahiblik hüququ ilə ölçülür.

Digər keçmiş məcburi köçkünlərimiz kimi, Böyük Qaladərəsi kəndinin sakinləri də öz evlərinə qayıdarkən, əslində, tarixin ədalətini bərpa etdilər. Bu qayıdış həm də müstəqilliyimizin möhürüdür. Azad Qarabağ və Şərqi Zəngəzurda ucalan hər yeni ev, çəkilən hər yol, əkilən hər ağac dövlətimizin qüdrətinin və xalqımızın zəfər əzminin  göstəricisidir.

 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

18:32
08 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB

18:28
08 İyun

Qızıl investisiya cəlbediciliyini qismən itirir

18:23
08 İyun

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  

18:21
08 İyun

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir  

18:17
08 İyun

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

18:08
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!