04 İyun 2026 08:35
176
İQTİSADİYYAT
A- A+
Bir yol, üç ölkə 

Bir yol, üç ölkə 


Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi başa çatdı


Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionun nəqliyyat və iqtisadi əlaqələrini gücləndirən strateji layihələrdəndir. Bu xətt Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirərək, Avrasiyanın şərq və qərb hissələri arasında yük və sərnişin daşımalarını sürətləndirməyə xidmət edir. Layihənin əsas məqsədi üç ölkə arasında nəqliyyatı asanlaşdırmaq,  beynəlxalq ticarət yollarını şaxələndirmək və regionun iqtisadi inkişafını gücləndirməkdir.

Tikintisi 2007-ci il noyabrın 27-də başlayan BTQ dəmir yolu xəttinin təntənəli açılışı 10 il sonra - 2017-ci il oktyabrın 30-da baş tutub. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Tarixi inkişaf prosesinə nəzər saldıqda görünür ki, bu mühüm nəqliyyat layihəsinin reallaşması asan başa gəlməyib. Onun tikilməsi və fəaliyyətə başlaması regionda baş verən siyasi hadisələr, geostrateji maraqlar və uzunmüddətli diplomatik danışıqlar fonunda mümkün olub. 1993-cü ildə Türkiyə  keçmiş Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstək məqsədilə Ermənistanla sərhədlərini bağladı. Bununla da  Qars-Gümrü-Tbilisi dəmir yolu xəttinin fəaliyyəti dayandırıldı. Məhz bağlanan bu marşruta alternativ olaraq, Azərbaycan ilə Türkiyə arasında Gürcüstan üzərindən yeni dəmir yolu xəttinin çəkilməsi ideyası həmin il iyulda müzakirəyə çıxarıldı. 

Layihənin reallaşdırılması ilə bağlı üç ölkə arasında ilkin razılaşma 2005-ci ilin yanvarında imzalansa da, maliyyə çatışmazlığına görə icrası bir müddət təxirə salındı. Amma 2005-ci ilin may ayında Bakı-Tbilisi-Ceyhan (BTC)  neft kəmərinin Azərbaycan hissəsinin açılışı zamanı Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri yeni dəmir yolu xəttinin tikintisində maraqlı olduqlarını bəyan edərək, layihəyə yenidən təkan veriblər. 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda stansiyasında hər üç ölkənin prezidentinin iştirakı ilə BTQ dəmir yolu xəttinin təməlqoyma mərasimi keçirilib və layihənin tikintisinə rəsmi olaraq start verilib.

Yeri gəlmişkən, Marabdada qoyulan  həmin təməl təkcə yeni bir dəmir yolu xəttinin başlanğıcı deyildi. Bu, Avrasiyanın nəqliyyat xəritəsini dəyişdirəcək strateji bir layihənin həyata vəsiqə alması idi. Sonrakı illərdə BTQ xəttinin potensialının artırılması istiqamətində mühüm işlər görüldü və bu proses 2024-cü ildə Gürcüstan hissəsində aparılan genişmiqyaslı modernləşdirmə ilə yeni mərhələyə qədəm qoydu. Həmin  yenilənmə işləri beş mərhələdə həyata keçirilib: Marabda-Tetriskaro, Tetriskaro-Tsalka, Tsalka-Axalkalaki, Axalkalaki-Kartsaxi və Axalkalaki kompleksi. 110 hektar ərazini əhatə edən Axalkalaki kompleksi həm texniki, həm də vizual baxımdan yenilənərək müasir görkəm alıb. Burada estakadalar, körpülər, suötürücülər və yol ötürücüləri yenidən qurulub, qardan mühafizə divarları tikilib. 17,9 kilometr yeni əlaqə  şəbəkəsi quraşdırılıb, dartı yarımstansiyasının gücü artırılıb. Eləcə də stansiyadaxili yollar və avtomobil yolları yenilənərək nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub. Modernləşdirmə zamanı Avropa istehsalı olan müasir texnologiyalardan istifadə olunması layihəyə əlavə keyfiyyət və etibarlılıq qatıb.  

Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. 2024-cü il mayın 20-dən etibarən yükdaşımalar bərpa olunub və ilk qatar Türkiyəyə  istiqamət götürüb - 20 konteynerdə 632 ton plastik xammalı Bakıdan Qarsa çatdırıb. Əslində, milyonlarla ton yük daşıyan, Avrasiya məkanının mühüm nəqliyyat arteriyalarından birinə çevrilən BTQ-nin uğur hekayəsinin təməlində 2017-ci ilin tarixi payız günü dayanır. Uzun illər davam edən hazırlıq, mürəkkəb diplomatik danışıqlar və böyük infrastruktur layihələrinin nəticəsi olaraq BTQ 2017-ci il oktyabrın 30-da rəsmi şəkildə istismara verildi. Bakıdan başlayaraq, Tbilisi və Axalkalaki üzərindən Qarsa uzanan bu polad yol təkcə Azərbaycanla Türkiyəni birləşdirmədi, eyni zamanda Asiya ilə Avropa arasında yeni bir nəqliyyat körpüsü yaratdı.

Qeyd edək ki, layihənin açılışı bir neçə dəfə təxirə salınmışdı. İlkin olaraq 2010-cu ildə istifadəyə verilməsi planlaşdırılan xəttin açılış tarixi  2016-cı ildə keçirilən üçtərəfli görüşdən sonra yekun tarix müəyyənləşdirildi və layihə 2017-ci ildə gerçəkləşdirildi. Açılışdan bir neçə həftə əvvəl, 27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə doğru hərəkət edən sərnişin qatarı ilk sınaq olaraq  yeni dəmir yolunun imkanlarını nümayiş etdirdi. Ardınca isə Ələt limanında keçirilən təntənəli mərasimdə BTQ-nin istifadəyə verilməsi elan olundu. Həmin gün yalnız yeni bir dəmir yolu xətti açılmırdı, iki qitəni bir-birinə yaxınlaşdıran yeni bir nəqliyyat dəhlizi fəaliyyətə başlayırdı.

Hesablamalara görə, bu marşrut vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin çatdırılma müddəti təxminən 15 günə qədər azalır. İlk illər milyonlarla ton yük daşımaq üçün nəzərdə tutulan BTQ zaman keçdikcə regionun iqtisadi inteqrasiyasının və beynəlxalq ticarətin mühüm sütunlarından biri kimi diqqət çəkməyə başladı. Bununla belə, yükdaşımalar uğurla həyata keçirilsə də, layihənin ilkin konsepsiyasında nəzərdə tutulan sərnişindaşıma xidmətləri hələ də tam şəkildə istifadəyə verilməyib.

Bu günlər Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində uzun müddət gözlənilən daha bir mərhələ başa çatdı: regionun mühüm yükdaşıma marşrutlarından biri modernləşdirildikdən sonra yenidən istifadəyə verildi. Tədbirə üç qonşu ölkənin nəqliyyat və iqtisadiyyat sahəsindəki yüksəkvəzifəli şəxsləri və dəmir yolu administrasiyalarının rəhbərləri qatıldı. Çıxış edənlər modernləşdirmə layihəsini həm əməkdaşlığın uğurlu nümunəsi, həm də regionun iqtisadi inteqrasiyasını gücləndirən strateji addım kimi qiymətləndirdilər. Qeyd edildi ki, aparılan yenilənmə işləri müasir standartlara uyğun icra olunub, nəticədə dəmir yolu üzərindən regional yükdaşımaların həcmi və tranzit imkanları əhəmiyyətli dərəcədə artıb.

Buradaca əlavə edək ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bu il mayın 18-də Bakıda BTQ-nin yeni dəmir yolu layihəsi çərçivəsində Marabdadan Türkiyə sərhədinə qədər (Kartsaxi) olan dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası və inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının protokolunu imzalayıblar. Mərasimdə Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze iştirak edib. Bu sənəd BTQ layihəsi üzrə modernləşdirmə işlərinin tamamlandığını və yekun qəbulu təsdiq edir. 

BTQ dəmir yolunu təkcə rels və qatarlardan ibarət infrastruktur kimi qəbul etməyək. O,  Avrasiyanın ürəyində vuran nəbz, ölkələri yaxınlaşdıran körpü və gələcəyin üfüqlərinə açılan yoldur. Hər yük qatarı, hər modern addım bu xəttin həyat verdiyi imkanların və region üçün yaratdığı ümidlərin təcəssümüdür.  BTQ keçmişin arzularını gerçəkləşdirir və gələcəyin yol xəritəsini işıqlandırır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!