09 İyul 2026 11:36
252
SİYASƏT
A- A+
Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür  

Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür  


Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür.

AZƏRTAC xəbər verir ki, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsini əsas götürərək və milli diplomatiyanın həm müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasında, həm də müasir müstəqil Azərbaycan dövlətinin formalaşmasındakı mühüm rolunu nəzərə alaraq Prezident İlham Əliyev 2007-ci il avqustun 24-də Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, hər il iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Azərbaycan diplomatiyasının ilk fəaliyyət dövründə – 1919-cu ildə Bakıda 16 xarici dövlətin diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. Həmin ölkələr sırasında ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna da yer alırdı.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanındıqdan sonra hökumət Qərbi Avropa və Amerika ölkələrində diplomatik nümayəndəliklərin yaradılması ilə bağlı qanun layihəsi hazırladı. Bu təşəbbüs gənc dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm addım idi. Lakin 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər Qurultayında SSRİ-nin yaradılması haqqında müqavilənin imzalanması ilə Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. Nəticədə, 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 nömrəli əmri ilə Türkiyə və İran istisna olmaqla, ölkədə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.

İkinci Dünya müharibəsinin sonlarına yaxın – 1944-cü ildə sovet hakimiyyəti strateji maraqlarını nəzərə alaraq digər müttəfiq respublikalar kimi Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da təsis etdi. Bununla belə, bu qurum uzun illər ərzində yalnız formal fəaliyyət göstərdi.


Müstəqil Azərbaycanın Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası


Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə dünyanın bir çox ölkələri və BMT tərəfindən tanındı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra milli dövlət quruculuğu prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə etdi. Məhz həmin dövrdə Azərbaycanın xarici siyasətinin strateji istiqamətləri müəyyənləşdirildi.

Ölkənin müstəqilliyini itirmək təhlükəsinin mövcud olduğu mürəkkəb şəraitdə Azərbaycanın tarixi təcrübəsi və geosiyasi reallıqları dərindən təhlil edilərək Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası milli maraqların dəqiq müəyyən edilməsini, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasını, Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq müstəviyə çıxarılmasını, işğalın nəticələrinin aradan qaldırılması üçün beynəlxalq siyasi təzyiqin gücləndirilməsini, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını əsas məqsəd kimi müəyyən etdi.

Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə milli maraqlara söykənən, müstəqil, çoxşaxəli, balanslaşdırılmış və fəal xarici siyasət həyata keçirilir. Etibarlı tərəfdaş kimi tanınan ölkəmizin xarici siyasət uğurları qonşu dövlətlərlə və digər ölkələrlə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qurulmasına söykənir. Xarici siyasətdə əldə olunan uğurlar 2020-ci ildə Vətən müharibəsi dövründə də özünü aydın şəkildə göstərdi. Məhz həyata keçirilən məqsədyönlü diplomatiya nəticəsində Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.


Nailiyyətlər yeni vəzifələr müəyyənləşdirir


Azərbaycanın beynəlxalq və regional səviyyədə nüfuzu ildən-ilə artır. 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, daha sonra isə 2017–2019-cu illər üçün 176 dövlətin dəstəyi ilə BMT-nin İqtisadi və Sosial Şurasına üzv olması ölkəmizin diplomatik uğurlarının mühüm göstəricilərindəndir. Bununla yanaşı, Azərbaycanın 2019–2023-cü illərdə 120-dən çox ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməsi qlobal diplomatik nüfuzunun daha da möhkəmlənməsinə xidmət edib.

Bu uğurların davamı olaraq 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın və yüksək nüfuzun növbəti təsdiqi oldu. Regionun aparıcı dövləti kimi tanınan Azərbaycan bu gün qlobal səviyyədə də fəal və prinsipial mövqeyi ilə seçilir.

Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir, həmin təşkilatların fəaliyyətində mühüm rol oynayır.

Qazanılan nailiyyətlər qarşıda yeni vəzifələr müəyyənləşdirir. Bu isə Azərbaycanın uzunmüddətli milli maraqlarının təmin olunması baxımından əlavə imkanlar yaradır. Xarici siyasətin əsas prioritetləri sırasında ölkəmizin müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və qlobal təhlükəsizliyə töhfə verilməsi xüsusi yer tutur.

Milli maraqların təmin olunması məqsədilə ölkəmiz dəyişən geosiyasi şəraitə çevik uyğunlaşaraq məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirib, ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərini daha da gücləndirib, beynəlxalq nüfuzunu və təsir imkanlarını artırıb.


2025: Azərbaycan diplomatiyası üçün mühüm il


2025-ci ildə Vətən müharibəsində Qələbənin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının beşinci ildönümü qeyd olunarkən regionda dayanıqlı sülhün təmin olunması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında normallaşdırılması ölkəmizin regional siyasətinin əsas istiqamətlərindən biri olub.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib. Görüş zamanı Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamə imzalanıb, ABŞ Prezidenti isə sənədə şahid qismində qoşulub. Eyni zamanda, "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanması və əldə olunan digər razılaşmalar bölgədə yeni geosiyasi reallıqların formalaşmasına və davamlı sülh üçün əlverişli şəraitin yaranmasına töhfə verib.

Sammit çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə də razılıq əldə olunub. Bununla yanaşı, ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların fəaliyyətinin başa çatdırılması ilə Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq gündəlikdən çıxarılması istiqamətində mühüm mərhələ tamamlanıb.

Azərbaycan cari ildə də sülh prosesinin irəlilədilməsi məqsədilə ikitərəfli, birbaşa və prinsipial dialoqa sadiq qalacağını bəyan edib. Bu çərçivədə paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, eləcə də TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası əsas prioritetlər kimi qiymətləndirilir.


Peşəkar diplomatların hazırlanması prioritetdir


Diplomatik xidmət sistemində əsas prioritetlərdən biri peşəkar, beynəlxalq standartlara cavab verən, çevik düşüncə tərzinə və yüksək strateji təhlil bacarığına malik diplomatların hazırlanmasıdır. Bu məqsədlə Azərbaycan diplomatik xidmətində kadr potensialının gücləndirilməsi və peşəkarlığın artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə əsas istiqamətlərdən biri diplomatik xidmətə qəbul prosesinin şəffaf və açıq müsabiqə əsasında təşkil edilməsidir. Namizədlərin peşəkar bilikləri, xarici dil bacarıqları, analitik düşüncə qabiliyyəti və beynəlxalq münasibətlər sahəsində hazırlıq səviyyəsi seçim zamanı başlıca meyarlar hesab olunur.

Diplomatların bilik və bacarıqlarının davamlı inkişafı məqsədilə ölkə daxilində və xaricdə ixtisasartırma proqramları təşkil edilir. Bu proqramlar diplomatik protokol, beynəlxalq hüquq, çoxtərəfli diplomatiya, danışıqların aparılması, strateji kommunikasiya və rəqəmsal diplomatiya kimi mühüm istiqamətləri əhatə edir. Bununla yanaşı, diplomatlarımız beynəlxalq təşkilatlarda və tərəfdaş ölkələrin diplomatik akademiyalarında və institutlarında təcrübə keçərək peşə hazırlıqlarını daha da təkmilləşdirirlər.

Azərbaycanın diplomatik nümayəndəliklər şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər də davam etdirilir. Bu il Portuqaliyada Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi barədə qərarın qəbul olunması ölkəmizin Avropadakı diplomatik fəaliyyətinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşadan ünvanlanan mesajlar

17:35
13 İyul

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

16:53
13 İyul

Azərbaycanın Avropa İttifaqı ölkələrindən məhsul idxalının dəyəri 17 faiz azalıb

16:51
13 İyul

Elizabeth Mutuku: Prezident İlham Əliyev media nümayəndələrini qərəzsiz olmağa çağırdı

16:34
13 İyul

Qazaxıstanda Azərbaycan telekanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb

16:28
13 İyul

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb

16:23
13 İyul

Milli və beynəlxalq jurnalistika doktrinasının inkişafında keyfiyyətcə yeni mərhələ

16:21
13 İyul

“Yay Fest 2026”ya start verilib

16:19
13 İyul

Konqolu iştirakçı: Forumun geniş miqyası və böyük potensialı var

16:14
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər Panel müzakirə

16:12
13 İyul

Azərbaycanın təbii qaz tədarükü Aİ-nin enerji təhlükəsizliyinə töhfə verir

15:59
13 İyul

Botsvanalı iştirakçı: Biz Şuşa Qlobal Media Forumu kimi platformalarda çox şey öyrənirik

15:47
13 İyul

LENA-nın direktoru: Şuşa Forumu jurnalistlər üçün mühüm əməkdaşlıq platformasıdır

15:34
13 İyul

“Panjab TV”nin müxbiri: IV Şuşa Qlobal Media Forumu mühüm əhəmiyyət daşıyır

15:11
13 İyul

Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır

14:39
13 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb VİDEO

14:36
13 İyul

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

14:16
13 İyul

Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür

14:09
13 İyul

Prezident İlham Əliyevin diplomatiya uğurları, Zəngəzur mesajları və həqiqət platforması

13:56
13 İyul

Sello Lentsoane: Prezident İlham Əliyev olduqca maraqlı və dərinməzmunlu çıxış etdi

13:49
13 İyul

Jan-Mişel Brun: Prezident İlham Əliyevin jurnalistlərlə davranışı bir nümunədir

13:47
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!