Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görkəmli alim, Əməkdar elm xadimi, akademik Məmmədtağı Cəfərovun anadan olmasının 90 illiyi qeyd edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə akademikin məzarını ziyarət edərək onun xatirəsini yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər. Sonra tədbir iştirakçıları universitetdə Məmmədtağı Cəfərovun ömür və yaradıcılıq yolunu əks etdirən sərgi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə ADAU-nun rektoru Zəfər Qurbanov açaraq akademikin Azərbaycanda aqrar elm və təhsilin inkişafına verdiyi töhfələrdən danışmış, alimin zəngin elmi irsi və fundamental tədqiqatlarının uzun illər Azərbaycanda aqrar elmin inkişaf istiqamətlərinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Akademik Məmmədtağı Cəfərovun həyat və yaradıcılığına həsr olunan videoçarxın nümayişindən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, AMEA-nın müşaviri, akademik Adil Qəribov, ADAU-nun kafedra müdiri, professor Hasil Fətəliyev çıxış edərək Məmmədtağı Cəfərovun yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında və aqrar təhsilin inkişafında göstərdiyi xidmətlərdən danışmışlar.
Çıxış edən Şəlalə Cəfərova həyat yoldaşına göstərilən ehtirama və diqqətə görə təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə etmiş, belə tədbirlərin görkəmli alimlərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.
S.YUNİSOĞLU,
"Azərbaycan"