Son illərdə ABŞ-Azərbaycan münasibətləri özünün ən yüksək tarixi mərhələsinə qədəm qoyub. 30 ildən artıq davam edən tərəfdaşlıq tarixi, xüsusilə Prezident Donald Trampın Ağ Evə rəhbərlik etdiyi dövrlərdə keyfiyyətcə yeni müstəviyə yüksələrək, strateji xarakter almağa başlayıb. Bu dinamik inkişafın mərkəzində isə iki dövlət lideri - İlham Əliyev və Donald Tramp arasında formalaşan səmimi dostluq münasibətləri və yüksək qarşılıqlı etimad dayanır.
Enerji tərəfdaşlığının strateji əhəmiyyəti
Azərbaycanın qlobal enerji xəritəsindəki rolu ABŞ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bunun bariz nümunəsini Prezident Donald Trampın "Bakı Enerji Həftəsi"nə ünvanladığı rəsmi məktubdan da əyani şəkildə görürük. ABŞ lideri bu müraciətində Azərbaycanın regional enerji sabitliyindəki həlledici rolunu və iki ölkə arasında tərəfdaşlığın strateji əhəmiyyətini xüsusilə vurğulayıb. Bu yanaşma eyni zamanda qlobal enerji siyasətində uzun illər davam edən yanlış trendlərin dəyişməsi ilə müşayiət olunub.
İyunun 1-də Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forumu"nun rəsmi açılış mərasimindəki çıxışında bu xüsusda deyib: "Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar".
Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən, əla hadisə oldu: "Dünya faydalı qazıntı olmadan yaşaya bilməz... ...hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq".
Liderlər səviyyəsində səmimi dialoq, müntəzəm telefon danışıqları və məktublaşmalar ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin möhkəmlənməsinə xidmət edən əsas vasitələrdir. Prezident İlham Əliyevin 2025-ci ilin iyulunda ABŞ-nin Müstəqillik Günü münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubu bu qarşılıqlı münasibəti mükəmməl əks etdirir: "Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir".
Ölkəmizin rəhbəri əlavə edib ki, bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır: "İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir".
Donald Trampın ABŞ-yə rəhbərlik etdiyi hər iki dövrdə Vaşinqtonun dünyada gedən proseslərə obyektiv yanaşmasının, beynəlxalq hüquqa hörmətin, sülhə və sabitliyə böyük dəstək və töhfələr verdiyinin şahidi olmuşuq. ABŞ Azərbaycanı regional güc kimi qəbul etdiyini və ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu atdığı addımlarla əyani şəkildə nümayiş etdirir.
Bu il 28 May - Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ABŞ rəhbəri qeyd edib: "2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri biz münasibətlərimizi yenidən canlandırmaq üçün birlikdə çalışmışıq və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Sizinlə Strateji Tərəfdaşlıq Xartiyamızı imzalamışdır. Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik... ...Biz strateji tərəfdaşlığımızı gələcək illərdə və onilliklərdə daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik".
Bakının sülh səylərini dəstəkləyən Donald Trampın bölgədə normallaşmaya nail olunmasında, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində oynadığı rol da əhəmiyyətlidir.
Hələ ötən il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Donald Trampın müharibələrə başlamamış yeganə ABŞ Prezidenti olduğuna diqqət çəkən ölkəmizin rəhbəri İlham Əliyev vurğulamışdı ki, o, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır.
Həmin zaman ABŞ lideri Donald Tramp özünün "Truth" sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin sözügedən görüşdə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşmışdı. Ağ Ev rəhbərinin Azərbaycanın regional sülh səylərini yaxından dəstəkləməsi ümumilikdə Cənubi Qafqazda normallaşmaya nail olunacağı baxımından böyük ümidlər yaratdı. Bu mənada ötən il avqustun əvvəlində Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın rəsmi dəvəti ilə Vaşinqtona səfəri də yalnız ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi baxımından deyil, həm də regionda əldə olunacaq dayanıqlı sülh üçün xüsusi əhəmiyyəti ilə seçildi.
Prezident Donald Trampın Azərbaycanın regional sülh səylərini dəstəkləməsi, həmçinin Prezident İlham Əliyevin şəxsiyyətinə olan yüksək ehtiramı münasibətlərin dərinliyini nümayiş etdirir. Xüsusilə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan-Ermənistan sülh sazişi mətninin paraflanması zamanı ABŞ liderinin Prezident İlham Əliyevə xitabən dediyi "Siz güclü və ağıllı insansınız" sözləri təkcə şəxsi rəğbətin deyil, həm də Azərbaycanın qlobal nüfuzunun təsdiqidir.
Yüksək etimadın təzahürü
Prezident İlham Əliyevin ötən il Vaşinqtona tarixi səfəri ikitərəfli münasibətlərdə tamamilə yeni səhifə açdı. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" və ədalətsizliyə son qoyaraq "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişin tətbiqinin müvəqqəti dayandırılması ABŞ-nin Azərbaycana olan strateji baxışını kökündən dəyişdiyini sübut etdi.
Vaşinqtondakı görüşləri şərh edən Prezident İlham Əliyev münasibətlərin mahiyyətini belə ifadə edib: "Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi".
ABŞ-nin Cənubi Qafqazda normallaşma prosesinə birbaşa dəstəyi sülhün əldə olunmasında həlledici amil olub. Donald Trampın vasitəçiliyi və şahidliyi ilə imzalanan sənədlər, o cümlədən Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılaşmalar bölgədə dayanıqlı sülhün təməlini qoyub. Bu prosesdə göstərdiyi tarixi rola görə Prezident İlham Əliyevin Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməsi həm də liderlərin bir-birinə olan yüksək etimadının təzahürüdür.
Trampın buna cavab olaraq ötən il dekabrın 6-da göndərdiyi təşəkkür məktubu isə tərəfdaşlığın inkişafına dair verilən ən böyük mesajdır: "Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm. Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq. Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm".
Bu gün Azərbaycan-ABŞ münasibətləri təkcə enerji deyil, həm də iqtisadi sərmayə, müdafiə, süni intellekt və təhlükəsizlik sahələrini əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilib. Bu modelin uğuru isə hər iki liderin praqmatik və uzaqgörən siyasətinə əsaslanır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"