06 İyun 2026 08:20
197
SİYASƏT
A- A+
Azərbaycanın enerji manifesti: suveren iradənin təntənəsi

Azərbaycanın enerji manifesti: suveren iradənin təntənəsi


"Bakı Enerji Həftəsi" Azərbaycanın qlobal enerji xəritəsindəki güclənən mövqeyini növbəti dəfə təntənəli şəkildə nümayiş etdirən siyasi hadisə, Prezident İlham Əliyevin tədbirin rəsmi açılış mərasimindəki konseptual çıxışı isə Azərbaycanın qlobal geosiyasi və geoiqtisadi arxitekturadakı sarsılmaz mövqeyini bir daha nümayiş etdirən tarixi əhəmiyyətə malik mesajlar paketi idi.

Daha dəqiq desək, səslənən tezislər, sadəcə, qazanılan uğurların hesabatı deyil, həm də dövlətimizin milli maraqlarını və beynəlxalq hüququ ön plana çıxaran, qlobal güclərə ünvanlanmış kəsərli bir manifest xarakteri daşıyırdı. Bu mənada dövlət başçısı öz çıxışında Bakının qlobal enerji təhlükəsizliyindəki rolunu konkret rəqəmlər və faktlarla əsaslandıraraq "Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi tanınması və bizim təşəbbüslərimizin regionun və Avropanın enerji xəritəsini yenidən formalaşdırdığını" deməsi təsadüfi deyildi.

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, proseslərin praktik gedişi, xüsusən keçən il qaz alan ölkələrin sayının 12, hazırda isə 16-ya çatması faktını xüsusi qabartmaqla, Prezident ilk növbədə həm Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyinə, həm də ölkəmizin Avropanın enerji təhlükəsizliyinin onurğa sütununu təşkil edən, əvəzolunmaz strateji tərəfdaşı kimi mövqeyinin daha da güclənməsinə diqqəti yönəldərək reallıqların Bakının lehinə dəyişməkdə olduğunu nəzərə çarpdırdı: "Dövlət başçısının da ifadə etdiyi kimi, "Bizə ehtiyac var. Bizim qazımıza ehtiyac var və biz bu çağırışlara məsuliyyətlə yanaşırıq". Həqiqətən də, cəmi bir neçə il əvvəl Azərbaycanın təbii qazını alan ölkələrin coğrafiyası ilə bugünkü mənzərə arasında kəskin müsbət fərq var və bu fərq artmaqda davam edir. COP29 ərəfəsində Azərbaycanı "qazıntı yanacağı" ölkəsi olmaqda ittiham edən bəzi Qərb dairələrinin ikiüzlü siyasətini ifşa etməklə cənab Prezidentin çıxışının məzmunu, eyni zamanda ekoloji populizmə qarşı ən yaxşı "praqmatizm dərsi" oldu. "Biz bəzi beynəlxalq media resurslarında və Qərb dairələrində Azərbaycana qarşı əsassız hücumların şahidi oluruq. Bizi qazıntı yanacağına sahib olduğumuza görə günahlandırırlar. Bu, tamamilə ədalətsizlikdir. Tanrının bizə verdiyi təbii sərvətlərə görə heç kim bizi ittiham edə bilməz. Bu, bizim günahımız deyil, bu, bizim üstünlüyümüzdür" deyərək dünyanın hələ uzun müddət qazıntı yanacağı olmadan yaşaya bilməyəcəyinə bir daha diqqət çəkən dövlət başçısı haqlı olaraq öz enerji təhlükəsizliyini xilas etmək üçün Bakıdan daha çox qaz istəyən dairələrin bizi qınamasını absurd adlandırdı. Bu riyakarlığı ifşa etməklə cənab İlham Əliyev bir daha ölkəmizin milli maraqları çərçivəsində öz təbii resurslarından suveren şəkildə istifadə edəcəyini bildirməklə müstəqil siyasi iradəmizin sarsılmazlığını qətiyyətlə göstərdi. Yəni Azərbaycan diktə ilə hərəkət edən ölkə deyil, diktə edən və qlobal gündəliyi müəyyənləşdirən suveren aktordur. Biz öz milli maraqlarımızı qətiyyətlə qoruyur, eyni zamanda beynəlxalq hüququ hər şeydən uca tuturuq. Heç bir kənar təzyiq və ya "yaşıl pərdə" arxasında gizlənən siyasi manipulyasiya Bakının strateji kursunu dəyişməyə qadir deyil".

Deputat qeyd edib ki, digər tərəfdən, biz yalnız ənənəvi yanacaq növlərində kortəbii israrın tərəfdarı deyilik və Bakı Enerji Həftəsi çərçivəsində "yaşıl enerji" layihələrinə ayrılan diqqət Bakının həm ənənəvi, həm də bərpaolunan enerjinin sintezinin lokomotivi olduğunu sübut edir. Azərbaycan bu gün neft-qaz gəlirlərini birbaşa gələcəyin "yaşıl texnologiya"larına investisiya edir. Prezidentin də qeyd etdiyi kimi, COP29-a evsahibliyi etməyimiz bu mövqeyin beynəlxalq səviyyədə təsdiqi, habelə qlobal səviyyədə qəbulu sayılmalıdır. Dövlət başçısı bunu da bildirmişdir: "Bizim məqsədimiz təkcə qazıntı yanacağı ixrac etmək deyil, həm də "yaşıl enerji"nin mühüm təchizatçısına çevrilməkdir. Biz neft və qazdan əldə etdiyimiz gəlirləri bərpaolunan enerji mənbələrinin yaradılmasına yönəldirik".

B.Məhərrəmov vurğulayıb ki, Azərbaycan hazırda beynəlxalq tərəfdaşları ilə birlikdə Xəzər dənizindən Avropaya uzanacaq "yaşıl enerji" dəhlizlərinin layihələndirilməsi üzərində işləyir: "Bu, ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi real və praqmatik töhfədir. Siyasi populizmdən uzaq olan bu yanaşma həm iqtisadi mənfəəti, həm də ekoloji məsuliyyəti özündə birləşdirir. ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinə ünvanladığı məktubda Azərbaycanı "regionda çox mühüm tərəfdaş" adlandırması da məhz bu zəmində şərh olunmalıdır və cənab Prezidentin yürütdüyü balanslaşdırılmış və qətiyyətli diplomatiyanın növbəti beynəlxalq etirafıdır. Ağ Evdən gələn bu ismarış göstərir ki, qlobal güclər Azərbaycanın regiondakı mərkəzi rolunu və onsuz heç bir böyük layihənin baş tutmayacağını tam dərk edirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm Şərq, həm də Qərb üçün etibarlı, proqnozlaşdırıla bilən və müstəqil tərəfdaş statusunu möhkəmləndirib".

Deputat bildirib ki, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın enerji strategiyasının milli suverenliyin sarsılmaz zəmanəti olduğunu bir daha təsdiq etdi.  Cari gedişat, o cümlədən beynəlxalq reaksiyalar da göstərir ki, Prezident İlham Əliyev elə bir geosiyasi konfiqurasiyaya nail olub ki, Azərbaycan həm ənənəvi, həm də gələcəyin "yaşıl enerji" xəritəsində güc mərkəzi olaraq qala biləcək. Bakıdan verilən mesajlar bütün dünyaya bəyan etdi ki, Azərbaycan öz yolunu özü seçir və bu yol regiona sabitlik, Avropaya təhlükəsizlik, qlobal miqyasda isə ədalətli əməkdaşlıq vəd edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!