21 May 2026 08:00
4447
SİYASƏT
A- A+
Gələcəyin strateji hədəfi - cəsarətli və ehtiyatlı şəhərsalma

Gələcəyin strateji hədəfi - cəsarətli və ehtiyatlı şəhərsalma


Dünyanın geosiyasi və iqtisadi nizamının yenidən formalaşdığı müasir dövrdə Azərbaycan növbəti dəfə bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji mərkəz qismində çıxış edir. COP29-un qlobal miqyaslı tarixi uğurundan sonra paytaxt Bakının daha bir böyük BMT platformasına - Ümumdünya Şəhərsalma Forumunun 13-cu Sessiyasına (WUF13) yüksəksəviyyədə evsahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir. 

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqi tədbirin ideoloji strukturları idi. Dünyanın 182 ölkəsindən 45 mindən çox qeydiyyatdan keçmiş iştirakçının qatıldığı bu mötəbər forum ölkəmizin urbanistika sahəsində təklif etdiyi qlobal çağırışların hədəfinə çevrildi. Dövlətimizin başçısı çıxışında vurğuladı: "Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk". 

Mərasimdə Azərbaycan torpaqlarında qədim yaşayış məskənləri, memarlıq məktəbləri və urbanizasiya ənənələrindən geniş danışıldı, bunların təkcə region üçün deyil, bütövlükdə dünya sivilizasiyasının inkişafında mühüm əhəmiyyət kəsb edildiyi bildirildi. Naxçıvan, Şamaxı, Gəncə, Şəki, Qəbələ kimi şəhərlərin Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı şəhərsalma mədəniyyətinin canlı nümunələri olduğu qeyd edildi.

Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu tarixi irsə xüsusi diqqət çəkərək vurğuladı ki, yurdumuzun qədim şəhərləri memarlıq və şəhərsalma ənənələrinin bu günədək qorunub saxlanıldığı nadir məkanlardandır. Şamaxıda yerləşən VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Şəki və Qəbələnin qədim abidələri Azərbaycan xalqının yalnız mədəni deyil, həm də urbanistik baxımdan yüksək inkişaf etmiş sivilizasiya yaratdığını göstərir.  Azərbaycanda şəhərsalma ənənəsi sadəcə tikinti və memarlıq baxımından təqdirəlayiq fəaliyyəti ilə göz oxşamır, eyni zamanda bu, milli yaddaşın, dövlətçilik tarixinin və mədəni kimliyin qorunmasıdır. Azərbaycanın şəhərləri coğrafi cəhətdən Şərqlə Qərbin və deməli, müxtəlif fərqli sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyindən onların urbanistik sistemi də müxtəlif memarlıq üslublarının sintezindən formalaşıb. Dövlətimizin başçısı çıxışında dedi: "Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib. Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda qorunaraq bu günədək saxlanılıb... Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik".


"Qara şəhər"dən "Ağ şəhər"ə


Bu gün Azərbaycan modelinin əsas xüsusiyyəti tarixi irsin qorunması ilə müasir infrastrukturun yaradılması arasında balansın təmin olunmasıdır. Bu həm də Azərbaycanın şəhərsalma fəlsəfəsinin əsas mahiyyətini təşkil edir. Əslində, belə yanaşma son onilliklərdə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Azərbaycan Prezidenti öz nitqində tarixi faktlara toxunaraq Bakının ekoloji transformasiyasını dünya birliyinə unikal təcrübə kimi təqdim etdi, paytaxtımızın 1846-cı ildə dünyada ilk sənaye üsulu ilə neft hasil edilən məkan olduğunu xatırlatdı, 180 il ərzində ətraf mühitin qorunmasına sıfır dərəcədə riayət edildiyini, torpaq və havanın ciddi çirklənməyə məruz qaldığını vurğuladı, Bakının keçmişindəki "Qara şəhər", Bibiheybət və Böyükşor ərazilərinin acınacaqlı vəziyyətini diqqətə çatdırdı. Onu da bildirək ki, son 20 ildə həyata keçirilən ekoloji reabilitasiya siyasəti möcüzəvi dəyişikliklərə yol açıb. "Qara şəhər" tamamilə  tarixin arxivinə göndərilərək dünyanın ən müasir layihələrindən birinə - "Ağ şəhər"ə çevrilib. Bibiheybət və Böyükşor əraziləri neft gölməçələrindən təmizlənərək yerində böyük yaşıl parklar, idman və istirahət zonaları salınıb. Paytaxtda son illər 100-dən çox yeni park və xiyaban istifadəyə verilib. 

Dövlətimizin başçısının xarici qonaqlara bu ərazilərin keçmiş foto-video arxivləri ilə indiki mənzərəsini müqayisə etmək barədə tövsiyəsi Azərbaycanın güclü siyasi iradəsinin sübutu idi. Eyni zamanda "qara qızıl"ın insan kapitalına və yaşıl şəhərsalma modelinə transformasiyası" konsepsiyasının qlobal miqyasda nümayişi idi. Prezident İlham Əliyevin bu mötəbər beynəlxalq platformada həmin tarixi irsə əsaslanaraq verdiyi mesajlar təbii ki, mühüm əhəmiyyət kəsb edirdi. Qeyd edək ki, Bakı şəhərinin memarlıq simasının məhz XIX əsrin ortalarındakı o ilk quyudan sonra başlayan "neft bumu" sayəsində formalaşdığı bir həqiqətdır. Prezident forum iştirakçılarına Bakının təkcə müasir deyil, həm də köklü sənaye və memarlıq tarixinə malik spesifik bir şəhər olduğunu xatırlatdı. Bu, həm də tarixi identikliyin qorunmasının vacibliyini təsdiq edir. 


Cəsarətli və ehtiyatlı şəhərsalma düsturu


Müasir dövrdə şəhərsalma siyasəti hər bir dövlətin sosial-iqtisadi inkişafını müəyyən edən əsas sahələrdən biri hesab olunur. Dünyada urbanizasiya prosesinin sürətlənməsi, əhalinin şəhərlərdə sıx məskunlaşması və ekoloji problemlərin artması şəhərlərin planlı şəkildə inkişaf etdirilməsini daha da vacib edir. Bu baxımdan, müasir şəhərsalma artıq insanların rahat yaşayışının təmin olunması, ekoloji təhlükəsizliyin qorunması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tarixi-mədəni irsin yaşadılması kimi mühüm istiqamətləri əhatə edir. 

Azərbaycan da son illər şəhərsalma sahəsində mühüm uğurlar əldə edən ölkələr sırasında yer alır. Yurdumuzun müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri müasir inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Yeni yolların salınması, körpülərin və tunellərin tikilməsi, park və bulvarların, xiyabanların yaradılması, yaşayış komplekslərinin və sosial obyektlərin inşası şəhərlərin simasını tamamilə dəyişib. Xüsusilə Bakıda həyata keçirilən yenidənqurma layihələri Azərbaycanın müasir şəhər modelinə keçidinin nümunəsi hesab olunur. Bununla yanaşı, regionlarda da aparılan abadlıq işləri ölkənin hərtərəfli inkişaf strategiyasının tərkib hissəsinə çevrilir.

Prezident İlham Əliyevin çıxışında urbanistlər, memarlar və dövlət idarəçiləri üçün ən mühüm tapşırıq inkişaf metodologiyasındakı həssas balansla bağlı oldu. Dövlətimizin başçısı şəhərlərin böyümə tempini tənzimləyərkən cəsarətli, həmçinin ehtiyatlı yanaşma prinsipini irəli sürdü: "Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq". Bu, müasir urbanizasiyanın gətirdiyi rəqəmsal innovasiyalar qəbul edərkən milli-mədəni kimliyin mühafizə dayağıdır. 

Cəsarət rəqəmsal idarəetmə, "ağıllı" texnologiyalar və mikromobilliyin infrastruktura sürətlə inteqrasiyasını tələb edir. Ehtiyat isə şəhərlərin tarixi nüvəsinin, memarlıq irsinin "tikinti bumu" qarşısında qorunmasıdır. Prezidentin bu xüsusda Bakı "Formula-1" yarışı ilə bağlı müqayisəsi, əslində, müasir urbanizasiya siyasətinin fəlsəfəsini ifadə edir. Yəni inkişaf sürətli olmalıdır, lakin bu proses tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Azərbaycan modeli də məhz bu prinsipə əsaslanır. Burada həm müasirlik, həm milli kimlik, həm texnoloji yenilik, həm də tarixi yaddaş birlikdə qorunur. Bakının Şərq və Qərb memarlığının nadir sintezini özündə birləşdirdiyini qeyd edən Prezident milli irsin gələcək nəsillərə qüsursuz ötürülməsinin vacibliyini önə çəkdi. 

Müasir şəhərsalma təcrübəsi həm də göstərir ki, sürətli inkişaf bəzən ekoloji risklər yarada bilər. Buna görə də Azərbaycanda həyata keçirilən layihələrdə təbiət amili, iqlim şəraiti və uzunmüddətli ekoloji təhlükəsizlik xüsusi nəzərə alınır. "Yaşıl enerji" layihələrinin genişləndirilməsi və şəhər mühitində ekoloji standartların tətbiqi bu ehtiyatlı yanaşmanın tərkib hissəsidir.


Postmünaqişə urbanizmi


Çıxışın əsas xətlərindən biri də Azərbaycanın qarşısında duran böyük miqyaslı quruculuq və bərpa vəzifələri ilə bağlı idi. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesi cəsarətli şəhərsalma siyasətinin bariz nümunəsi kimi təqdim olundu. Bildirildi ki, dağıdılmış infrastrukturun qısa müddətdə yenidən qurulması, yeni yaşayış məntəqələrinin salınması və müasir şəhər modelinin tətbiqi dövlətin riskləri qəbul edərək irəliyə doğru atdığı addımlardır.

Burada "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma təkcə fiziki bərpanı deyil, həm də tamamilə yeni idarəetmə və yaşayış modelinin qurulmasını nəzərdə tutur. Yollar, enerji sistemləri, rəqəmsal idarəetmə mexanizmləri və sosial infrastruktur bir-biri ilə inteqrasiya olunmuş şəkildə planlaşdırılır. 

Azərbaycan Prezidenti çıxışında dedi: "Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub". Bir sözlə, Azərbaycanın azad edilmiş torpaqlarında, Qarabağ və Şərqi Zəngəzurda aparılan görünməmiş yenidənqurma işləri bu gün dünya tərəfindən heyranlıqla qarşılanır. 30 illik işğal dövründə tamamilə dağıdılmış, Ağdam və digər şəhərlərimiz sıfırdan, XXI əsrin ən müasir standartları ilə yenidən qurulur. Ölkəmiz dünyaya tamamilə fərqli bir bərpa modeli təqdim edir, yəni keçmiş məcburi köçkünlərin qayıtdığı şəhər və kəndlər ekoloji dayanıqlığın, alternativ enerjinin və smart texnologiyaların tətbiq edildiyi ideal yaşayış məskənlərinə çevrilir. WUF13 platforması Azərbaycanın bu unikal təcrübəsini - münaqişələrdən zərər çəkmiş regionların sürətli bərpa metodologiyasını dün-yaya yaymaq üçün mühüm imkandır.

2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda - uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumu keçirilib. Bu forumlar sübut etdi ki, Azərbaycanın post- münaqişə bərpa təcrübəsi dünyada münaqişələrdən və təbii fəlakətlərdən əziyyət çəkən digər regionlar üçün universal nümunə rolu oynaya bilər. 

Bu gün Azərbaycan şəhərsalma siyasəti ilə regionda yeni standartlar müəyyənləşdirir. Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi fikirlər Azərbaycanın şəhərsalma siyasətinin əsas prioritetlərini və gələcək hədəflərini aydın şəkildə ortaya qoyur. Çıxışda dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, müasir infrastrukturun qurulması və insanların rahat yaşayışının təmin olunması kimi məsələlər xüsusi vurğulanmış və Azərbaycanın gələcəyin şəhərlərini quran ölkə statusunu möhkəmləndirmişdir. 

Heç şübhəsiz, Bakı forumu çərçivəsində aparılan müzakirələr bəşəriyyətin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərdə yaşaması üçün mühüm bir dönüş nöqtəsi olacaq.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

03:13
28 İyul

Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:13
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:12
28 İyul

"Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

03:12
28 İyul

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 452-VIIQD nömrəli Qanununun tətbiqi və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
28 İyul

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, zərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:03
28 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:00
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 dekabr tarixli 559 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:00
28 İyul

“Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:58
28 İyul

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN(MƏSLƏHƏT XİDMƏTLƏRİ - ŞİRKƏTLƏRİN SEÇİMİ)

02:57
28 İyul

REQUEST FOR EXPRESSIONS OF INTEREST (CONSULTING SERVICES – FIRMS SELECTION)

02:56
28 İyul

Rumıniya Rusiya diplomatını ölkədən çıxarır

19:41
27 İyul

Tramp İranla danışıqlara daha bir şans vermək üçün hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb

19:39
27 İyul

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

19:08
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!