Azərbaycan kino sənətinin tarixi təkcə rəngarəng kadrlar deyil, həm də neft Bakısının ziddiyyətli taleyini özündə yaşadan bir yaddaş salnaməsidir. Bu salnamənin ən parlaq və ilk səhifəsi isə düz 110 il əvvəl, 1916-cı ildə tamaşaçılara təqdim olunan, milli kinomuzun ilk tammetrajlı bədii filmi - "Neft və milyonlar səltənətində" adlı ekran əsəridir.
Film tanınmış yazıçı İbrahim bəy Musabəyovun XX əsrin əvvəllərində böyük rezonans doğurmuş eyniadlı povesti əsasında ekranlaşdırılıb. Film yerli kapitalın kinoya dəstəyi ilə "Filma" Səhmdar Cəmiyyəti tərəfindən istehsal olunub. Ekran əsərinin maliyyə yükünü dövrün tanınmış neft maqnatlarından olan Məşədi Ələsgər Məlikov öz üzərinə götürüb. Ekran işini ərsəyə gətirmək üçün Peterburqdan peşəkar mütəxəssislər - rejissor Boris Svetlov və operator Qriqori Lemberq Bakıya dəvət ediliblər.
Parıltıdan fəlakətə
"Neft və milyonlar səltənətində" filmi sadəcə XX əsrin əvvəllərində çəkilmiş bir ekran xronikası deyildi, dövrün ictimai, psixoloji və sinfi ziddiyyətlərini vizual dilə çevirən mükəmməl bir kinodramdır. Filmin bədii və ideya təməli üç əsas sütun üzərində qurulub: sosioloji reallıq, xarakterlərin psixoloji toqquşması və vizual simvolizm.
Film kapitalizmin Bakıya gətirdiyi qəfil və amansız dəyişikliklərin güzgüsüdür. Rejissor Boris Svetlov və ssenarist A.D.Panova-Potyomkina tamaşaçıya bir sual ünvanlayır: mənəvi təməli olmayan sərvət insanı hara aparır? Süjetin mərkəzində dayanan Cəlil xarakteri o dövrün Bakı mühitində tez-tez rast gəlinən "qəfil varlanan fəhlə" tipajının ümumiləşdirilmiş obrazıdır. Torpağından neft çıxan Cəlil bir anda sinfi statusunu dəyişir, lakin daxil olduğu burjua cəmiyyətinin mənəvi oyun qaydalarına hazır olmur. Film pulun insanı azad etmədiyi, əksinə, onu daha böyük bir köləliyə - qumarın, eyş-işrətin və saxta parıltının əsirinə çevirdiyini sosioloji dəqiqliklə nümayiş etdirir. Burada Bakı şəhəri sadəcə hadisələrin cərəyan etdiyi məkan deyil, insan talelərini üyüdən, sıradan çıxaran nəhəng bir maşına bənzədilir.
Psixoloji qarşıdurmaya gəldikdə isə (Cəlil və Lütfəli bəy obrazları arasında) filmin dramaturgiyası klassik "xeyir və şər" toqquşmasından daha dərindir. Burada iki fərqli psixoloji xarakter üz-üzə dayanır. Cəlil saf, təcrübəsiz, daxilən zəif və manipulyasiyaya açıq fərddir. Onun varlanması, əslində, bu obrazın faciəsinin başlanğıcıdır. Lütfəli bəy (Hüseyn Ərəblinski) soyuqqanlı, hiyləgər, mühitin bütün çirkinliklərinə bələd olan və bundan zövq alan yırtıcı kapitalistdir. Hüseyn Ərəblinskinin ifası filmin psixoloji yükünü çiyinlərində daşıyır. Səssiz kinonun imkanlarından istifadə edən böyük aktyor Lütfəli bəyi sadəcə birtərəfli mənfi obraz kimi təqdim etmir. O, Lütfəli bəyin timsalında dövrün aristokratik təkəbbürünü, pulla hər şeyi satın ala biləcəyinə inanan insanın mənəvi boşluğunu canlandırır. Cəlil və Lütfəli bəyin münasibəti, yırtıcı ilə qurbanın münasibətidir və bu xətt filmin sonuna qədər dramatik gərginliyi pik həddə saxlayır.
Kino mütəxəssisləri yazırlar ki, Qriqori Lemberqin operator işi filmin bədii dəyərini ikiqat artırır. O dövrdə kinoda statik (hərəkətsiz) çəkilişlər dəbdə olsa da, Lemberq Bakı neft mədənlərinin reallığını göstərmək üçün dinamik kadrlardan istifadə etmişdi. Filmdə çirkli, his-pas içində olan fəhlə kazarmaları və neft buruqları ilə Bakı milyonçularının dəbdəbəli, parıltılı salonları, sirk və qumarxana səhnələri bir-birini əvəz edir. Bu montaj və vizual kontrast, heç bir sözə ehtiyac qalmadan ölkədəki kəskin sinfi bərabərsizliyi tamaşaçının beyninə həkk edir. Digər tərəfdən, filmdəki real neft fontanı səhnəsi təkcə texniki uğur deyil, həm də bədii simvoldur. Bu fontan Cəlil üçün ilk başda "xoşbəxtlik və qurtuluş" kimi görünsə də, vizual olaraq onun üzünə və taleyinə sıçrayan, onu boğan qara bir bəlaya çevrilir.
"Filma" Cəmiyyəti və neft sahibkarı Məşədi Ələsgərin cəsarəti
Bir fakt xüsusi qeyd olunmalıdır ki, o illərdə Bakıda kino çəkmək təkcə yaradıcılıq deyildi, həm də böyük maliyyə riskləri tələb edən bir biznes idi. Filmin istehsalını Tiflisdə mərkəzləşən, lakin Bakıda aktiv fəaliyyət göstərən "Filma" Səhmdar Cəmiyyəti (Pirone qardaşları) öz üzərinə götürmüşdü. Lakin layihənin reallaşması üçün yerli kapitalın dəstəyi mütləq idi. Burada tarix səhnəsinə Bakının tanınmış neft maqnatı və xeyriyyəçisi Məşədi Ələsgər Məlikov çıxır. O, milli mədəniyyətin inkişafına inanaraq, filmin çəkilişləri üçün lazım olan külli miqdarda vəsaiti - öz dövrünün fantastik məbləğilə maliyyələşdirdi. Bununla da neft sahibkarı Məşədi Ələsgər Məlikov Azərbaycan tarixində kinoya maliyyə qoyan ilk yerli prodüserlərdən biri kimi adını tarixə yazdı.
Həmin vaxtlarda "Filma" Cəmiyyəti ekran işini təsadüfi şəxslərə həvalə edə bilməzdi. Bu məqsədlə Peterburqdan peşəkar mütəxəssislər Bakıya dəvət olundu. Quruluşçu rejissor Boris Svetlov dövrünün texniki imkanlarına dərindən bələd olan, aktyorlarla işləməyi bacaran xüsusi bir məktəbin nümayəndəsi idi. Bakının spesifik aurasını və Şərq mühitini hiss etmək üçün aylarla şəhəri gəzmişdi. Quruluşçu operator Qriqori Lemberq kameranın imkanlarından maksimum istifadə edərək, Bakının təbii neft fontanlarını, quyuların dumanını və mədənlərin ağır şəraitini sənədli-bədii xronika dəqiqliyi ilə lentə almağı bacarmışdı.
Filmdə Cəlil rolunu rus aktyoru Vladimir Lenin canlandırsa da, filmin vizit kartı teatrımızın dahi korifeyi Hüseyn Ərəblinski oldu. Ərəblinski filmdə mənfi qəhrəman neft milyonçusu Lütfəli bəyi oynayırdı. Azərbaycan kino tarixinin ilk tammetrajlı bədii filmi olan "Neft və milyonlar səltənətində" ekran əsərini unudulmaz edən məhz ən böyük amil, şübhəsiz ki, korifey sənətkar Hüseyn Ərəblinskinin canlandırdığı Lütfəli bəy obrazıdır.
Hüseyn Ərəblinskinin canlandırdığı Lütfəli bəy obrazı
Lütfəli bəy sadəcə süjet xəttini irəli aparan mənfi bir qəhrəman deyildi, o, XX əsrin əvvəllərində Bakını çənginə alan yırtıcı kapitalizmin, mənəvi aşınmanın və feodal-burjua psixologiyasının ən mükəmməl vizual simvoludur.
Klassik dramaturgiyada mənfi obrazlar çox vaxt birtərəfli, kobud və qaba qüvvə kimi təsvir olunur. Lakin Ərəblinskinin Lütfəli bəyi tamamilə fərqli bir paradiqmanın məhsuludur. O, Cəlili tələyə salarkən tələsmir, şəri soyuqqanlılıqla, addım-addım idarə edir. Onun fəlsəfəsi qazanmaq deyil, başqalarının məhvindən həzz almaqdır. Yazıçı İbrahim bəy Musabəyov və rejissor Boris Svetlov Lütfəli bəyin timsalında pulun insanı necə empatiyadan məhrum etdiyini, onu duyğusuz bir canlı meyitə çevirdiyini nümayiş etdirirlər.
Filmin çəkildiyi 1915-1916-cı illərdə dünya kinosu hələ səssiz idi. Aktyorun sərəncamında nə səs, nə də intonasiya imkanları vardı. Belə bir məhdudiyyətdə Ərəblinski özünün unikal bədən dili, plastika və sarsıdıcı mimikaları ilə möcüzə yaradırdı. O dövrün şahidlərinin xatirələrinə görə, Lütfəli bəyin ekrandakı təkəbbürlü və eyni zamanda hiyləgər baxışları tamaşaçıda qəzəb doğururdu. Onun təmkinli bir əda ilə siqaret çəkməsi, bığının altından qaçan istehzalı təbəssümü personajın daxili dünyasındakı bütün çirkinlikləri ifşa edə bilirdi.
Sosioloji baxımdan Lütfəli bəy - Bakı neft bumu dövründə formalaşan, milli köklərindən qopmuş, Avropa parıltısı ilə Şərq feodalizminin ən pis tərəflərini özündə birləşdirən zümrənin nümayəndəsidir. O, Cəlil kimi yoxsul fəhlələrin qəfil varlanmasını həzm edə bilmir. Onun Cəlili müflisləşdirmək istəyi həm də bir sinfi qisasdır. Lütfəli bəy sübut etmək istəyir ki, pullar hər kəsə qismət ola bilər, lakin bu "səltənət"in amansız qanunlarını yalnız onun kimi yırtıcılar idarə edə bilər.
Hüseyn Ərəblinskinin vaxtsız və faciəvi ölümündən (1919) əvvəl lentə köçürdüyü bu yeganə rol Azərbaycan kinosunda mənfi obraz yaradıcılığının sənət standartını müəyyən etdi. Sonralar milli kinomuzda yaradılan bir çox güclü mənfi xarakterlərin psixoloji kökləri məhz Lütfəli bəyin bədii genetikasına dayanır.
Bu rol böyük sənətkarın kino tarixində ilk və təəssüf ki, son işi oldu, aktyor 1919-cu ildə qətlə yetirildi. Səssiz kino formatında, heç bir sözdən istifadə etmədən, yalnız bədən dili, sarsıdıcı baxışlar, üz cizgilərinin (mimikanın) plastikası ilə Ərəblinski elə bir obraz yaratdı ki, mütəxəssislər bunu dünya kinosunun kəşfi hesab edirdilər. Həmçinin filmdə dövrün digər mədəniyyət nəhəngləri - muğam sənətimizin patriarxı Cabbar Qaryağdıoğlu və dahi tarzən Qurban Pirimov da epizodik rollarda (musiqili məclis səhnələrində) yer alaraq filmin milli ruhunu daha da zənginləşdirmişdilər.
Zamanı aşan ağ-qara kölgələr
Film tamaşaçıya pulla gələn saxta hörmətin və mənəvi aşınmanın dəhşətli nəticələrini göstərirdi. Çəkilişləri 1915-ci ildə başa çatan filmin premyerası 1916-cı il mayın 14-də (ikinci seriyası isə mayın
27-də) Bakının məşhur "Edisson" elektroteatrında (kinoteatrında) baş tutdu. O dövrün mətbuat arxivlərinə nəzər salsaq, Bakıda görünməmiş bir izdihamın yaşandığını görərik. Film tammetrajlı olduğu üçün seansların sayı məhdud idi - gündə 3 seans nümayiş olunurdu. Biletlər günlər öncədən tükənirdi. Tamaşaçılar ekranda öz şəhərlərini, tanıdıqları küçələri, neft buruqlarını və ən əsası sevimli aktyorları Ərəblinskini gördükdə zalı alqış sədaları bürüyürdü.
"Kaspi" qəzeti 1916-cı ilin may ayı nömrəsində yazırdı: "Aktyor Hüseyn Ərəblinski Lütfəli bəy rolunda öz teatr dühasını kinoya da daşıya bilib. Onun ekrandakı hər bir hərəkəti, hiyləgər təbəssümü və amansız baxışları tamaşaçını vahiməyə salır. Bu film sübut etdi ki, Bakı təkcə neftin deyil, həm də böyük sənətin mərkəzidir".
İtirilmiş miras, yanıb kül olan tariximiz
"Neft və milyonlar səltənətində" filminin orijinal lenti bu gün bizim rəflərimizdə deyil. 1918-ci ildə Bakıda baş verən qanlı mart hadisələri, şəhərin bombardman edilməsi və törədilən yanğınlar zamanı layihənin saxlanıldığı arxiv (şəxsi fondlar) tamamilə yanıb kül oldu. Film fiziki olaraq məhv olsa da, onun buraxdığı mədəni iz və fotofaktlar Azərbaycan kinosunun doğum şəhadətnaməsi kimi tariximizə həkk olundu. Film sonralar - 1980-ci ildə rejissor Fikrət Əliyev tərəfindən "Qızıl uçurum" adı ilə yenidən və fərqli strukturda ekranlaşdırılmışdır.
"Neft və milyonlar səltənətində" filmi Azərbaycan kinosunda realizm məktəbinin əsasını qoymuşdur. İbrahim bəy Musabəyovun ədəbi tənqidi ilə rejissor Svetlovun gerçək estetikası birləşərək, dövrün milli dramını yaratmışdı. Film tamaşaçını ucuz xoşbəxtliklə yola salmır, Cəlilin yenidən yoxsulluğa, başladığı nöqtəyə qayıtması ilə bitən final oxucuya və tamaşaçıya sarsıdıcı, lakin real bir həyat dərsi verir. Məhz bu cəsarətli realizminə görə film bu gün də kino tariximizin ən ciddi bədii hadisəsi hesab olunur.
İradə ƏLİYEVA,
"Azərbaycan"