Enerji sektorunun regionda ən nüfuzlu tədbirlərindən biri hesab olunan 31-ci Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil and Gas") sərgisi bu il iyunun ilk üç günündə dünyanın aparıcı neft-qaz şirkətlərini bir araya gətirmişdi. Sərginin iştirakçıları arasında Çinin neft-qaz infrastrukturunun tanınmış şirkəti olan "China Petroleum Pipeline Engineering Co. Ltd" (CPP) də yer almışdı.
Məlumat üçün bildirək ki, 1973-cü ildə təsis olunan CPP yarım əsrdən artıq fəaliyyət tarixi ərzində enerji sənayesinin müxtəlif istiqamətlərində mühüm layihələrin həyata keçirilməsində iştirak edib və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınıb. CPP-nin əsas fəaliyyət istiqamətlərinə magistral neft və qaz kəmərlərinin tikintisi, neft və qaz anbarlarının yaradılması, dəniz və quru boru kəmərlərinin layihələndirilməsi və quraşdırılması, həmçinin enerji infrastrukturlarının istismarı və texniki dəstəyi daxildir. Şirkət indiyədək ümumi uzunluğu 120 min kilometrdən artıq olan magistral boru kəmərlərinin tikintisini həyata keçirib. Bu layihələr sırasında Qərb-Şərq Qaz Kəməri, Trans-Asiya Qaz Kəməri, Şensi-Pekin Qaz Kəməri və Çin-Myanma Boru Kəməri kimi strateji əhəmiyyətli enerji marşrutları yer alır.
Şirkət yalnız quru ərazilərdə deyil, dəniz infrastrukturu layihələrində də geniş təcrübəyə malikdir. CPP müxtəlif ölkələrdə dənizaltı qaz kəmərlərinin quraşdırılması işlərini həyata keçirib, irihəcmli neft və neft məhsulları saxlama terminalların tikintisində iştirak edib. Bununla yanaşı, Çində ilk yeraltı neft anbarının inşasını həyata keçirərək, bu sahədə mühüm mühəndislik uğuruna da imza atıb.
CPP dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq edir. Tərəfdaşları sırasında "ExxonMobil", BP, Shell, Saudi Aramco, CNOOC və SINOPEC kimi beynəlxalq enerji nəhəngləri yer alır. Bu əməkdaşlıqlar şirkətin qlobal enerji bazarında mövqeyinin möhkəmlənməsinə və müxtəlif ölkələrdə iri layihələrə cəlb olunmasına imkan yaradıb. Hazırda CPP Çinlə yanaşı, Yaxın Şərq, Afrika, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya, Okeaniya və Cənubi Amerika regionları daxil olmaqla 10-larla ölkədə fəaliyyət göstərir.
Son illər şirkət rəqəmsallaşma və "ağıllı enerji" infrastrukturlarının yaradılmasına xüsusi diqqət ayırıb. Boru kəmərlərinin rəqəmsal monitorinqi, avtomatlaşdırılmış idarəetmə sistemləri, məlumatların operativ emalı və intellektual şəbəkələrin qurulması CPP-nin inkişaf strategiyasının əsas istiqamətləri sırasındadır. Şirkət enerji sektorunda səmərəliliyin artırılması və təhlükəsizliyin gücləndirilməsi məqsədilə innovativ texnologiyaların tətbiqini genişləndirir. Onu da deməyi unutmayaq ki, CPP Çin Milli Neft-Qaz Korporasiyasının tərkibində fəaliyyət göstərir.
"Bakı-Ekspo" Mərkəzində keçirilən 31-ci Xəzər Neft və Qaz sərgisində şirkətin pavilyonuna yaxınlaşaraq, aparıcı mühəndis Anna Vangla söhbət etdik. Çinli mühəndis təəssüratlarını bizimlə bölüşdü: "Bakı Enerji Həftəsi"ndə ilk dəfə iştirak edirik. Böyük məmnunluq hissilə deyim ki, birinci gündən tədbirin miqyasını, peşəkar təşkilatçılığını və beynəlxalq əhəmiyyətini hiss etmək mümkündür. Burada dünyanın müxtəlif ölkələrindən enerji sektorunun aparıcı nümayəndələri bir araya gəlir, yeni əməkdaşlıq körpüləri qurulur. İnanıram ki, sərgidə iştirakımız təkcə yeni işgüzar əlaqələrin deyil, həm də uzunmüddətli tərəfdaşlıqların əsasını qoyacaq. Azərbaycanın enerji sektoru ilə əməkdaşlıq imkanlarını müzakirə etmək və yeni perspektivləri dəyərləndirmək bizim üçün xüsusi önəm daşıyır".
Həmsöhbətimiz ölkəmizlə bağlı fikirlərini söyləyərkən üzündəki xoş təbəssüm gözümüzdən yayınmadı: "Azərbaycana ilk səfərimi illər əvvəl etmişdim. O zaman Bakı ilə yaxından tanış olmaq üçün kifayət qədər vaxtım olmamışdı. Bu dəfə isə şəhəri daha yaxından kəşf etməyi planlaşdırıram. Xəzərin sahilində ucalan bu şəhər tarixlə müasirliyin nadir vəhdətini yaradır. İçərişəhərin daş yaddaşı, Dənizkənarı Bulvarın nəfəs gətirən mənzərələri və Bakının zəngin mədəni irsi ilə tanış olmaq istəyirəm. Bakı haqqında təəssüratlarım olduqca müsbətdir. Şəhər son illər böyük inkişaf yolu keçib, siması tamamilə yenilənib. Müasir memarlıq nümunələri ilə tarixi irsin harmoniyası insanda xüsusi heyranlıq yaradır. Lakin mənə ən çox xoş gələn azərbaycanlıların səmimiyyəti və qonaqpərvərliyidir. Harada olmağımızdan asılı olmayaraq, insanların isti münasibətini hiss edirik. Məhz bu amillər Bakını təkcə inkişaf edən bir paytaxt deyil, həm də insanın yenidən qayıtmaq istədiyi şəhərə çevirir".
CPP-nin "Bakı Enerji Həftəsi"ndə iştirakı bir daha göstərdi ki, müasir enerji sənayesində uğurun əsasını beynəlxalq əməkdaşlıq, innovasiya və təcrübə mübadiləsi təşkil edir. Anna Vang və şirkətin digət təmsilçiləri ilə apardığımız söhbətlərdən aydın oldu ki, enerji sahəsində əməkdaşlıq yalnız texnologiya və iqtisadi maraqlarla məhdudlaşmır. Bu münasibətlərin dərin qatında qarşılıqlı etimad, səmimiyyət və insanlara xas isti münasibət dayanır. Məhz bu görünməz, lakin güclü bağlar gələcəyin daha geniş və davamlı tərəfdaşlıqlar üçün möhkəm körpüsünü yaradır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"