06 İyun 2026 08:05
169
PARLAMENT
A- A+
Parlamentin növbədənkənar sessiyası öz işinə başladı

Parlamentin növbədənkənar sessiyası öz işinə başladı


İyunun 5-də Milli Məclisin 2026-cı ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Məclisin Sədri əvvəlcə iyunun 1-dən 3-dək Serbiya Respublikasına etdiyi işgüzar səfər barədə məlumat verib. Qeyd edib ki, səfərdə məqsəd Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək idi. Konfrans iyunun 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilib və "Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması" mövzusuna həsr olunub. 

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, konfransda etdiyi çıxışda Azərbaycanda qadınlar barəsində həyata keçirilən dövlət siyasətinə dair tədbir iştirakçılarına geniş məlumat verib. Həyatın bütün sahələrində qadınların təmsilçiliyinin artırılması istiqamətində görülən işlərdən danışıb. 

O cümlədən Milli Məclisdə qadınların təmsil olunması və parlamentin fəaliyyətində qadın deputatların iştirakı ilə bağlı faktları konfrans iştirakçılarının nəzərinə çatdırıb. 

Spiker konfransdakı çıxışında qadınların dəstəklənməsi mexanizmlərinin inkişafında və gender bərabərliyi prinsiplərinin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamların, milli fəaliyyət planlarının və dövlət proqramlarının rolunu da xüsusi qeyd edib. 

Milli Məclisin Sədri konfransdakı çıxışında digər məsələlərlə yanaşı, onu da qeyd edib ki, real gender bərabərliyinin əldə olunması təkcə qanunvericiliyin təkmilləşdirilməsindən asılı deyil. İctimai şüurda dərin və köklü dəyişikliklər baş verməlidir.  Hüquq bərabərliyinə nail olmaq yolunda ən böyük problem isə qadınların imkanlarını məhdudlaşdıran gender stereotipləri və neqativ sosial normalardır.

Spiker deyib ki, nümayəndə heyətinin üzvü olan Milli Məclisin deputatları konfrans çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər. 

Qeyd edilib ki, səfər çərçivəsində Parlamentlərarası İttifaqın və ATƏT-in Parlament Assambleyasının prezidentləri, habelə Parlamentlərarası İttifaqın yeni seçilmiş baş katibi, vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü və Qadın Parlamentarilər Forumu Bürosunun sədri, eləcə də Serbiya və Zimbabve parlamentlərinin sədrləri, Mərakeş və Mavritaniya parlamentlərinin sədr müavinləri ilə ümumən 9 görüş keçirib. 

Görüşlərdə beynəlxalq parlament təşkilatları çərçivəsində iş birliyi, həmçinin qanunvericilik orqanları arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Sədri bildirib ki, səfər zamanı nümayəndə heyəti ilə birlikdə Belqradın Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Çıxışına yekun vuran spiker Serbiya Respublikasına işgüzar səfərin uğurlu olduğunu deyib və nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirib.

Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərlə bağlı müzakirələr keçirilib. Milli Məclisin komitə sədrləri Səməd Seyidov, Siyavuş Novruzov, deputatlar Bəhruz Məhərrəmov, Əziz Ələkbərov, Əli Məsimli, Naqif Həmzəyev, Elman Nəsirov, Tural Gəncəliyev, Razi Nurullayev, Vüqar Bayramov və Nizami Səfərov çıxış edərək gündəmdə duran bir sıra aktual məsələlərə münasibətlərini bildiriblər. Deputatlar ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda Azərbaycan Prezidentinə ünvanladığı məktub barədə də danışaraq  bildiriblər ki, bu məktub ölkələr arasında münasibətlərin inkişafının göstəricilərindən biridir. Deputatların sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında formalaşan əməkdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yaradır.

Çıxışlarda Azərbaycanın bu həftə regionun ən böyük enerji platformalarından biri olan "Bakı Enerji Həftəsi"nə evsahibliyi etdiyi xatırlanıb. Qeyd olunub ki, tədbirin açılış mərasimində Prezident İlham Əliyev enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və rəqəmsal transformasiya ilə bağlı mühüm strateji mesajlar səsləndirib. Bildirilib ki, "Bakı Enerji Həftəsi" çərçivəsində ilk dəfə təşkil edilən Azərbaycan-ABŞ iqtisadi dialoqunun nəticəsi olaraq imzalanan müqavilələr iki ölkə arasında ənənəvi enerji tərəfdaşlığının yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrini də əhatə edən strateji əməkdaşlıq formatına çevrildiyini nümayiş etdirir.

Millət vəkilləri kibertəhlükəsizlik məsələlərinə toxunaraq, rəqəmsal texnologiyaların dövlətlərin, iqtisadiyyatların və cəmiyyətlərin fəaliyyətində rolunun sürətlə artdığını deyiblər. Onlar Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılmasını mühüm addım kimi qiymətləndirərək bildiriblər ki, yeni qurum ölkənin kibertəhlükəsizlik sahəsində institusional potensialını gücləndirəcək, dövlət informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun qorunmasına, kibercinayətkarlıqla və kiberhücumlarla mübarizənin daha səmərəli təşkilinə xidmət edəcək.

Deputatlar həmçinin çıxışlarda Qərbi Azərbaycan toponimlərinin tarixi yaddaşda saxlanılması, ana dilimizin dövlət səviyyəsində qorunması, vətəndaşların rifahının yüksəldilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və digər aktual məsələlər barədə fikirlər səsləndiriblər.

Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. İlk olaraq "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)  müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsi Azərbaycan Respublikasının 30 dekabr 2025-ci il və 27 fevral 2026-cı il qanunlarına uyğun olaraq "Diplomatik xidmət haqqında" Qanuna diplomatik xidmətin xüsusiyyətləri nəzərə alınmaqla təklif olunan müvafiq dəyişiklikləri ehtiva edir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədlə bağlı rəhbərlik etdiyi komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 

Daha sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, layihədə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirilməsinə xidmət edən uyğunlaşdırma xarakterli dəyişikliklər əksini tapıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə və Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təmsil etdikləri komitələrin məsələ ilə bağlı müsbət rəylərini təqdim ediblər. Komitə sədri Fazil Mustafanın fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 3 məsələsi birinci oxunuşda olan qanun layihələridir və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib.

Komitə sədri deyib ki, qanun layihəsi Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. 

Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir. Bu dəyişiklikdən sonra "Dövlət qulluğu haqqında" qanun Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaqdır. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Layihənin müzakirəsində komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, Ülviyyə Həmzəyeva çıxış edib, fikirlərini bildiriblər. 

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Növbəti - Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. Təqdim olunan qanun layihəsində təklif edilən əlavə və dəyişikliklər  təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apellyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzimləyir.

Təklif olunan ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icraatı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.

Müzakirədə deputat Vasif Qafarovun səsləndirdiyi fikirlərə layihə üzrə məruzəçi, deputat Bəhruz Məhərrəmov münasibət bildirəndən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov  Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının səmərəliliyinin  artırılmasına yönəlmiş mütərəqqi sənəddir. Bildirilib ki, qanun layihəsinə əsasən, Cinayət-Prosessual Məcəlləsində böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat ilə bağlı bəzi müddətlərin artırılması nəzərdə tutulur. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraatın açılması və ya açılmasından imtina barədə qərarın qəbul edilməsi, təhqiqatın aparılması, prokuror nəzarətinin həyata keçirilməsi ilə bağlı müəyyən edilmiş bəzi prosessual müddətlərin artırılması təklif olunur. Dəyişikliyə əsasən, artıq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq.

Qeyd olunub ki, bununla yanaşı, Məcəllənin bir sıra maddələrində "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilir. Bu dəyişiklik bəzi hallarda məlumat verən şəxsin niyyətinin şikayət etmək deyil, sadəcə, baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaqdan ibarət ola bilməsi ilə əlaqədardır. 

Sənəddə hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda hüquqi şəxsə dair müvafiq məlumatların göstərilməsi ilə bağlı dəyişiklik nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin son 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, birinci oxunuş zamanı Gömrük Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti, məqsədi və  konseptual əsasları barədə ətraflı məlumat verildiyini, deputatların Məcəlləyə edilən dəyişikliklərin əhəmiyyətini vurğulayaraq, bu layihəni dəstəklədiklərini, eyni zamanda bəzi təkliflərin də səsləndirildiyini söyləyib.

Komitə sədri Azərbaycanın gömrük sisteminin iqtisadi idarəetmənin və tənzimləmənin mühüm istiqaməti kimi təşəkkül tapdığını, milli iqtisadiyyatın formalaşmasında onillikləri əhatə edən inkişaf mərhələlərindən keçdiyini qeyd edib. Bildirib ki, bu illər ərzində gömrük orqanları ölkəmizin iqtisadi sərhədlərinin qorunması, yerli istehsalçıların müdafiəsi sahəsində, habelə  qaçaqmalçılıqla mübarizədə, iqtisadi təhlükəsizliyin təmin edilməsində, fiskal yığımların toplanılmasında mühüm rol oynayıb.

Diqqətə çatdırılıb ki, müzakirəyə çıxarılan layihə gömrük prosedurlarının sadələşdirilməsinə, rəqəmsallaşmanın geniş tətbiqinə, gömrük-biznes əməkdaşlığının daha da yaxşılaşmasına xidmət edir. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər gömrük sisteminin möhkəmləndirilməsini, onun müasir dövrün tələblərinə uyğunlaşdırılaraq modernləşdirilməsini, yeni çağırışların diqqət mərkəzində saxlanılmasını nəzərdə tutur. Bu dəyişikliklər Azərbaycanın beynəlxalq ticarət sisteminə inteqrasiyasını gücləndirəcək, ölkənin tranzit imkanlarının genişlənməsinə töhfə verəcək və bunun üçün müvafiq hüquqi baza yaradacaq. 

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bundan sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri qeyd edib ki, sənəddə təklif olunan dəyişikliklər sahibkarlığın inkişafına, təsərrüfat fəaliyyəti ilə məşğul olan insanların torpaq sahələrinin hər qarışından səmərəli istifadə etməsinə imkan yaradır. O, sahələrdə mövcud olan yabanı bitkilərin, yaşıllıqların təsərrüfatlara müəyyən maneələr yaratdığını, qanuna edilən dəyişikliklərin bilavasitə həmin sahələrdə kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinin və onun mexanizminin hüquqi əsaslarının yaradılmasını nəzərdə tutduğunu bildirib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım layihə barədə bu komitənin müsbət rəy verdiyini söyləyib.

Məsələ ətrafında aparılan müzakirələrdə deputatlar Razi Nurullayev və Naqif Həmzəyev qeyd və təkliflərini açıqlayıblar. Komitə sədri Tahir Rzayev səsləndirilən fikirlərə münasibət bildirib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən (ikinci oxunuş) bəhs edib. Deputat qanun layihəsi barədə birinci oxunuş zamanı geniş məlumat verildiyini, sənəddə hər hansı əlavə dəyişikliyin edilmədiyini deyib, bəzi məqamlara münasibət bildirib.

Layihədə bir sıra qanunlarda və qanun layihələrində qadağan edilən müvafiq əməllərə, o cümlədən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsinə, tibbi arayış, tibbi rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və təhrif olunmuş məlumatın verilməsinə, maliyyə icarəsi fəaliyyətinə dair hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə, ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi təklif olunur. 

Məsələ ilə bağlı müzakirələrdə komitə sədri Azər Əmiraslanov, deputat Aydın Hüseynov fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!