Parlament seçkilərinin nəticələri ölkənin taleyini və erməni xalqının aqibətini müəyyənləşdirəcək
Ermənistanda sabah parlament seçkiləri keçiriləcək. Mövcud vəziyyət elədir ki, bu ölkədə baş tutacaq seçkilər Ermənistanın daxili məsələsi olmaqla kifayətlənmir. Seçkilərin nəticəsinin Azərbaycan-Ermənistan sülh danışıqlarının gələcəyinə, Ankara-İrəvan normallaşma prosesinə və başqa məsələlərə dolayı yolla təsir göstərəcəyi reallıqdır.
Parlament seçkilərində mübarizə əsasən üç fərqli siyasi qüvvə arasında gedir. Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyası seçkiyə Azərbaycanla sülh prosesini yekunlaşdırmaq, qərbyönlü kursu davam etdirmək, Rusiya ilə məsafə saxlamaq vədləri ilə gedir. İkinci fiqur Samvel Karapetyan və onun "Güclü Ermənistan" Alyansıdır. Karapetyanın rəhbərlik etdiyi bu qüvvə Rusiya ilə münasibətləri bərpa etməyi, Paşinyanın siyasi xəttini tamamilə aradan qaldırmağı hədəfləyir.
Seçki mübarizəsində fəallıq göstərən üçüncü qüvvə isə sabiq prezident Robert Koçaryan və "Ermənistan" blokudur. Bu blok "Qarabağ klanı"nın və terrorçu Daşnaksütyunun təmsil olunduğu revanşist qanaddır. Onlar Azərbaycanla sülhə qarşı çıxır, hakimiyyəti ələ almaq üçün ən radikal metodlardan istifadə etməkdən çəkinmirlər. Qaqik Sarukyan və "Çiçəklənən Ermənistan" partiyası isə oliqarxların maraqlarını təmsil edən, populist bəyanatlar səsləndirən və mövcud şəraitə görə mövqe tutan müxalif qüvvədir.
Yəni Robert Koçaryan, Samvel Karapetyan və Qaqik Sarukyanın rəhbərlik etdiyi qüvvələr birbaşa revanşist siyasi düşərgəni təmsil edirlər. Beləliklə, bir tərəfdə Azərbaycanla əməkdaşlıq və barışın faydalarından bəhs edən Nikol Paşinyan, digər tərəfdə isə Bakını "təhdid" kimi görən, ermənilərə yeni fəlakətlər vəd edən revanşistlər hakimiyyət uğrunda mübarizəyə qalxıblar.
Rəy sorğularına görə Nikol Paşinyan rəqiblərindən xeyli irəlidədir. Onun "Mülki Müqavilə" partiyası sorğularda təxminən 29-30 faiz səslə birincidir. Samvel Karapetyan 6-9 faiz səslə ikinci sırada qərarlaşıb. R.Koçaryana etimad göstərənlər isə 4 faizi keçmir. Sorğularda diqqətçəkən məqam 22 faiz seçici kütləsinin hələ də qərarsız olmasıdır. Ekspertlərin fikrincə, seçkinin taleyini bu kütlə müəyyən edəcək.
Paşinyan rəqiblərindən daha orijinal və rəngli kampaniya aparır. O, seçki kampaniyasını qonşularına qarşı ərazi iddialarından imtina etmiş "Real Ermənistan" şüarı üzərində qurub. Bu çərçivədə Paşinyan Azərbaycanla yekun sülh sazişinin imzalanmasını, Türkiyə ilə normallaşmanı, Qərblə münasibətlərin gücləndirilməsini və ölkənin iqtisadi problemlərinə fokuslanan daha realist idarəetmə modelini müdafiə edir.
Baş nazirin qarşısındakı revanşist müxalifət isə birbaşa lobbi və kilsənin təlimatları ilə oturub-durur. Separatçılığı müdafiə edən bu qüvvələrin hakimiyyəti ələ alması sülh gündəliyinin pozulması, region üçün qeyri-müəyyənlik və gərginlik kimi qiymətləndirilir.
Sorğular hakim komandanın üstünlüyünü, seçkidə qalib olmaq şansının daha çox olduğunu göstərsə də, nəticələrdən sonra həm daxili siyasi proseslər, həm də Ermənistan-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin yaranması ehtimalı qalmaqdadır. Analitiklərin qənaətincə, seçkidən sonra əsas mübarizə küçələrdə və siyasi müstəvidə davam edə bilər.
Son günlərdə revanşistlərə səs vermək üçün Rusiyada yaşayan Ermənistan vətəndaşlarının rüşvət müqabilində ölkəyə göndərilməsi barədə məlumatlar yayılır. Parlamentin sədri Alen Simonyan belə şəxslərin qeyd-şərtsiz həbs olunacağını bildirib. Ermənistan Baş naziri Nikol Paşinyan isə "üçbaşlı müharibə koalisiyası"nın liderləri - Koçaryan, Karapetyan və S.Sarkisyanın həbs edilməsini zəruri sayıb və onları casus adlandırıb. O bildirib ki, bu şəxslər bütün fəaliyyətlərini himayə altında həyata keçiriblər, bu gün də belədir: "Robert Koçaryan siyasətə müstəqil şəkildə girməyib. 2023-cü ildə onun xarici ölkəyə ünvanladığı xahiş-yalvarış üzə çıxıb, onu siyasətə gətirənlərə deyir ki, yenidən ona kömək etsinlər. O həbsxanaya gedəcək".
Seçki ərəfəsində sui-qəsd cəhdinə məruz qalmış Paşinyanın bu qaniçənləri sıradan çıxarmaq istəyi başadüşüləndir. Çünki Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyətə gəlişləri və idarəçilik dövrləri təkcə Azərbaycanla müharibə kontekstində deyil, həm də Ermənistanın daxili siyasi müstəvisində caniliklə birbaşa xarakterizə olunur. Bu iki terrorçunun siyasi karyerası Azərbaycan torpaqlarında törətdikləri hərbi cinayətlərdən başlayıb. Onlar Qarabağda törədilən qətliamları özləri üçün siyasi kapitala çeviriblər. 1998-ci ildə silah gücü və hədə-qorxu ilə hakimiyyəti qəsb ediblər.
Bu hakimiyyətin ən qanlı səhifəsi 1999-cu ildə Ermənistan parlamentində törədilən terrordur. Canilər öz rəqiblərinin qanı üzərində diktatura qurublar. Sarkisyanın hakimiyyəti Koçaryandan təhvil alması prosesi də qanlı olub. 2008-ci ildə Sarkisyanın prezident seçilməsinə qarşı çıxan ermənilərin üzərinə ordu və ağır texnika yeridilib, 10 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Yəni Koçaryan və Sarkisyanın müharibə caniliyi ilə siyasi caniliyi bir-birini tamamlayır. O baxımdan, belə şəxslərin yenidən hakimiyyət başına keçməsi erməni xalqı üçün arzuolunan deyil.
Nəticə etibarilə, sabah keçiriləcək seçkilər Ermənistan üçün dövlətçilik tarixinin ən kritik geosiyasi sınaqlarından biridir. Seçicilər sandıq başında real sülh, qonşularla normal birgəyaşayış və suveren gələcək vəd edən Paşinyanla, ölkəni yenidən müharibə alovuna, kilsə-lobbi diktaturasına və yadellilərin girovluğuna sürükləmək istəyən qanlı xətt arasında seçim edəcək. Erməni xalqının seçimi ya bölgədə çoxdan gözlənilən yekun sülhün qapısını açacaq, ya da Ermənistanı daxili xaosun qurbanına çevirəcək.
İsmayıl QOCAYEV,
"Azərbaycan"