20 May 2026 08:00
161
SİYASƏT
A- A+
Azərbaycanın inkişaf və quruculuq modeli dünya üçün örnəkdir

Azərbaycanın inkişaf və quruculuq modeli dünya üçün örnəkdir


Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində ölkəmizin unikal tərəqqi formulunu və uğurlarını dünyaya təqdim etdi 


Qlobal miqyaslı təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycan növbəti dəfə planetin mühüm müzakirə məkanına çevrilib. COP29-un böyük uğurlarından sonra rəsmi Bakının evsahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və qərarverici çəkisini bir daha təsdiqləyir. Beynəlxalq medianın, xüsusilə siyasi-iqtisadi elitanın diqqət mərkəzində olan bu tədbir rəsmi Bakının strateji mesajlarının dünya ictimaiyyətinə birbaşa çatdırılması baxımından önəmli tribuna rolunu oynayır. 

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin mayın 18-də dünyanın nüfuzlu kanallarından olan "Euronews" televiziyasına verdiyi eksklüziv müsahibə böyük maraq doğurur. Müsahibədə dövlətimizin başçısının şəhərsalma innovasiyalarından Qarabağın sıfırdan bərpasına, Avropanın enerji təhlükəsizliyindən Yaxın Şərqdəki böhrana qədər bir çox mühüm regional və qlobal məsələyə dair prinsipial mövqeyi əksini tapıb. 

Qeyd edək ki, geniş auditoriyaya malik "Euronews" televiziya kanalı dünyanın aparıcı informasiya şəbəkələrindən biridir. Televiziya hadisələrə obyektiv prizmadan yanaşdığı üçün izləyici kütləsinin böyük qismini qərarverici şəxslər, dövlət rəsmiləri, diplomatlar, iş adamları, analitiklər və beynəlxalq təşkilatların nümayəndələri təşkil edir. Dövlətimizin başçısının müxtəlif dövrlərdə bu kanala verdiyi müsahibələrin hər biri strateji mesajlarla zəngindir. 


WUF13 ölkəmizin beynəlxalq arenadakı nüfuzunun əyani sübutudur


Prezident İlham Əliyevin müsahibəsində diqqət mərkəzinə gətirilən mühüm məqam Azərbaycanın humanitar və ekoloji platformaların əsas mərkəzinə çevrilməsi reallığıdır. Dövlətimizin başçısı WUF13-ün əhəmiyyətini və Azərbaycanın qlobal arenadakı nüfuzunu belə şərh edib: "Əlbəttə, WUF13-ə evsahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir".

Azərbaycan Prezidenti vurğulayıb ki, bu forum indiyədək görülən işlər və gələcək planlar barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək baxımından da bir fürsətdir: "Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir". 

Dövlətimizin başçısının bəyan etdiyi kimi, Azərbaycanın WUF13-ə evsahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı artan nüfuzunun və böyük miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığının növbəti əyani sübutudur. Forumda bu dərəcədə geniş coğrafiyanın və yüksəksəviyyəli rəsmi heyətlərin təmsil olunması mahiyyət etibarilə beynəlxalq birliyin Azərbaycana olan etimadının və hörmətinin göstəricisidir. Ən önəmlisi odur ki, bu platforma ölkəmizin dayanıqlı inkişaf sahəsində qazandığı uğurları və gələcək vizyonunu dünya ictimaiyyətinə təqdim etmək baxımından əvəzsizdir. Forum çərçivəsində Azərbaycan indiyədək reallaşdırdığı genişmiqyaslı layihələri nümayiş etdirir, həmçinin xarici tərəfdaşların qabaqcıl təcrübəsindən faydalanmaq imkanı qazanır.

Müsahibədə şəhərlərin gələcək inkişaf konseptinə toxunan ölkə rəhbəri urbanizasiya prosesində milli-memarlıq ənənələrinin qorunmasının vacibliyini önə çıxarıb. Azərbaycanın bu sahədəki yanaşması ondan ibarətdir ki, müasirləşmə və texnoloji yeniliklər şəhərlərin tarixi simasını, mədəni irsini kölgədə qoymamalıdır. Əksinə, tarixi-memarlıq irsinin qorunması ilə müasir infrastruktur quruculuğu bir-biri ilə harmoniya təşkil etməlidir. 


Azərbaycanın sıfırdan quruculuq modeli


Azərbaycan dünyaya özünün unikal şəhərsalma təcrübəsini təqdim edir. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan "ağıllı və yaşıl model"in dünya üçün əhəmiyyəti barədə bunları vurğulayıb: "Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik". Dövlətimizin başçısı diqqətə çatdırıb ki, yenidənqurmanın ilk illərində əsas sərmayə infrastrukturun yaradılmasına yatırılıb: "Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər". 

Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri müasir şəhərsalma tarixində tamamilə yeni səhifə açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə yerlə yeksan edilmiş böyük bir regionun sıfırdan qurulması istiqamətində ölkəmiz misilsiz  təcrübə formalaşdırıb. Azərbaycanın nümayiş etdirdiyi idarəetmə və çevik icra mexanizmi analoqu olmayan uğur hekayəsidir. Beş il kimi qısa müddət ərzində əldə olunan göstəricilər postmünaqişə dövründə əhalinin reinteqrasiyası baxımından mühüm meyardır. 

İşğaldan azad edilmiş ərazilərin bərpası eyni zamanda regional ekosistemin qorunması yanaşmasına əsaslanır. Bölgədə 307 meqavat gücündə hidroenerji potensialı tam işə salınıb. Bununla paralel olaraq, 340 meqavat gücündə Günəş enerjisi stansiyalarının inşası sürətlə davam edir. Bərpa prosesi təsdiq olunmuş baş plan, eləcə də "ağıllı şəhər" konsepsiyaları əsasında aparılır. Dəmir yolları, müasir xəstəxanalar, məktəblər və rəqəmsal idarəetmə sistemləri sinxron şəkildə vəhdət təşkil edir. Azərbaycanın tətbiq etdiyi bu mükəmməl model bənzər humanitar və infrastruktur böhranları ilə üzləşmiş hər bir ölkə üçün unikal yol xəritəsidir.


Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır


Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol dünya iqtisadiyyatının ən mühüm reallıqlarından biridir. Prezident İlham Əliyev müsahibəsində bu əməkdaşlığın tarixi köklərinə, xüsusilə son illərdə qazandığı böyük dinamikaya diqqət çəkib: "Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - "Cənub qaz dəhlizi"nin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır".

Bu gün Azərbaycan Avropanın enerji mənbələrini real və etibarlı şəkildə şaxələndirən əsas qlobal oyunçulardan biridir. Azərbaycan boru kəmərləri vasitəsilə qaz nəql etdiyi tərəfdaş ölkələrin coğrafi şaxələndirilməsinə və sayına görə dünyada birinci yerə yüksəlib. Bu da ölkəmizin beynəlxalq enerji müqavilələrindəki önəmini göstərir. Bakı ilə enerji sahəsində tərəfdaşlığa başlamaq və ya mövcud idxal həcmlərini artırmaq istəyən dövlətlərin sayı davamlı olaraq artır. Çünki geopolitik böhranlar şəraitində Avropa üçün Azərbaycan siyasi cəhətdən etibarlı, öhdəliklərinə hər zaman sadiq qalan əvəzsiz tərəfdaşdır.


Tezliklə müjdəsi veriləcək yeni qaz yatağı


Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan boru kəməri infrastrukturunu zamanında qurub: "Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik". Prezident İlham Əliyevin "ev tapşırığımızı vaxtında həyata keçirmişik" ifadəsi dövlətimizin başçısının strateji uzaqgörənliyini və planlı idarəetməni mükəmməl şəkildə xarakterizə edir. Avropanın enerji qıtlığı ilə üzləşdiyi bir dövrdə Azərbaycanın dərhal alternativ tədarükçü kimi irəli çıxması təsadüfi deyil. Bu, rəsmi Bakının zamanında nəhəng boru kəmərləri şəbəkəsini inşa etməsi sayəsində mümkün olub. 

Müsahibədə mühüm anonslardan biri də gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılacağı ilə bağlı bəyanatdır. Yeni yatağın istismara verilməsi Azərbaycanın daxili istehsal balansını gücləndirməklə yanaşı, Avropa İttifaqına yönələn mavi yanacağın həcmini planlı şəkildə artırmağa xidmət edəcək. Yeni mənbələrin dövriyyəyə daxil edilməsi Azərbaycanın qlobal enerji zəncirindəki etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirəcək, uzunmüddətli xammal təminatını zəmanət altına alacaq. Həmçinin ölkə iqtisadiyyatına əlavə valyuta axınını təmin edəcək. 

Beləliklə, Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə Azərbaycanın regional və qlobal miqyasda artan çəkisini bir daha ortaya qoydu. Ölkəmizin şəhərsalma innovasiyalarından tutmuş enerji diplomatiyasına qədər nümayiş etdirdiyi uzaqgörən siyasət rəsmi Bakının gələcəyin qlobal reallıqlarını formalaşdıran əsas güc mərkəzlərindən birinə çevrildiyini sübut edir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın şəhərsalma gündəliyi Bakıda müzakirə olunur

08:35
20 May

Qədim şəhərsalma ənənələrindən müasir urbanizasiyaya

08:30
20 May

Azərbaycan təcrübəsini bölüşməyə hazırdır

08:27
20 May

Azərbaycanın formalaşdırdığı nümunəvi və unikal təcrübə

08:25
20 May

Azərbaycanın WUF13-ü yüksək səviyyədə təşkil etməsi alqışa layiqdir

08:20
20 May

Prezident İlham Əliyev Azərbaycanın universal həll modellərini təqdim etdi

08:15
20 May

Azərbaycan WUF13-lə yenidən dünyanın mərkəzinə çevrilib 

08:10
20 May

Tarixini qoruyan, gələcəyini quran Azərbaycan

08:05
20 May

Azərbaycanın inkişaf və quruculuq modeli dünya üçün örnəkdir

08:00
20 May

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!