Azərbaycan xalqının yaratdığı mənəvi sərvətlərdən biri onun zəngin musiqi mədəniyyətidir. Bu musiqinin əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmasında xalqın yaddaşı, istedadlı sənətkarların əməyi və milli dəyərlərə sonsuz sevgisi mühüm rol oynayıb.
Dünyanın müxtəlif xalqları ölkəmizi muğam sənəti, tarın ecazkar səsi və bu sənətin yetişdirdiyi böyük ifaçılar vasitəsi ilə tanıyır. Muğam xalqımızın ruhunun, tarixinin, sevinc və kədərinin, mənəvi dünyasının bədii ifadəsidir. Bu böyük sənətin inkişafı sözsüz ki, onu yaşadan ustad sənətkarların fəaliyyəti ilə bağlıdır.
Azərbaycan musiqi mədəniyyəti tarixində tar aləti xüsusi yer tutur. Xalqımızın milli-mənəvi kimliyinin ayrılmaz hissəsinə çevrilmiş bu möhtəşəm musiqi aləti yüzilliklər boyu muğam sənətinin əsas daşıyıcısı olub. XIX əsrdə görkəmli sənətçi Sadıqcan tərəfindən təkmilləşdirilən tar yeni ifa imkanları qazanaraq Azərbaycan musiqisinin əsl simvollarından birinə çevrildi. Sadıqcanın yaratdığı məktəb sonrakı nəsillərin yetişməsinə, milli ifaçılıq ənənələrinin formalaşmasına güclü təsir göstərdi.
Bu böyük məktəbin davamçılarını xatırlayanda ilk növbədə Qurban Pirimov, Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Əhsən Dadaşov, Baba Salahov, Ramiz Quliyev və digər ustad tarzənlərin adı yada düşür. Onların hər biri Azərbaycan tar ifaçılığına yeni nəfəs gətirmiş, milli musiqimizin inkişafına mühüm töhfələr vermiş ustad sənətkarlardır. Məhz belə bir zəngin sənət mühitində yetişən və ömrünü Azərbaycan musiqisinə həsr edən görkəmli sənətkarlardan biri də Xalq artisti Həbib Bayramovdur.
Həbib Bayramov 1926-cı il iyunun 14-də Bakıda anadan olub. Hələ uşaqlıq illərində onun musiqiyə, xüsusən tara olan marağı ailəsinin diqqətini cəlb edib. Balaca Həbibin bu sənətə sonsuz sevgisini görən atası Əbdülhüseyn kişi onu görkəmli musiqi xadimi, məşhur tarzən Əhməd Bakıxanovun yanına aparır. Bu addım sonradan Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan böyük bir sənətkarın formalaşmasının başlanğıcı olur.
Həbib Bayramov qısa müddətdə istedadı və musiqi duyumu ilə seçilməyə başlayır. 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alarkən təkcə nümunəvi tələbə kimi deyil, həm də müəllim çatışmazlığı səbəbindən muğamat sinfində dərs deyən gənc müəllim kimi fəaliyyət göstərir. Bu fakt onun hələ gənc yaşlarında qazandığı nüfuz və peşəkarlığının göstəricisidir.
1941-ci ildən etibarən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında fəaliyyət göstərən Həbib Bayramov ömrünün sonunadək bu kollektivdə işləyir. 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərərək milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görür. Ustad tarzənin sənət yolu beynəlxalq festivallardan da keçib. 1951-ci ildə Berlində keçirilən Tələbələrin III Dünya Festivalında iştirak edərək laureat adına layiq görülməsi gənc tarzənin beynəlxalq arenadakı ilk böyük uğuru idi. Sonrakı illərdə Polşa, Kanada, Fransa, Avstriya, Danimarka, Türkiyə, Hindistan, Suriya, İordaniya, Əfqanıstan və digər ölkələrdə çıxış edən sənətkar musiqimizi dünya auditoriyasına sevdirən sənətkarlardan olub.
Həbib Bayramov tarzənlər arasında "Rast", "Şur", "Segah", "Çahargah", "Xaric Segah", "Orta Mahur" kimi klassik muğamların məşhur ifaçısı kimi tanınıb. Onun ifa tərzi yüksək peşəkarlıq, zəngin musiqi təfəkkürü və milli ifaçılıq ənənələrinə sadiqliklə seçilirdi. Təsadüfi deyil ki, dinləyicilər onun tarının səsində həm qədim muğam məktəbinin nəfəsini, həm də müasir ifaçılığın yeniliklərini hiss edirdilər.
Görkəmli tarzənin yaradıcılığının əlamətdar cəhətlərindən biri də Azərbaycan vokal sənətinin korifeylərini tarda müşayiət etməsi olub. Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarova kimi sənətkarlarla bir səhnəni bölüşmək hər tarzənin nəsibi deyil. Həbib Bayramov isə sənəti ilə bu böyük sənətkarların ifalarını tamamlayaraq Azərbaycan musiqisinin qızıl səhifələrinin yazılmasında iştirak edib.
Çoxlarının bilmədiyi maraqlı məqamlardan biri də onun saz ifaçılığı ilə məşğul olmasıdır. Ustad sənətkarın sazda ifa etdiyi "Segah", "Humayun" və "Bayatı-Qacar" muğamları bu gün də Azərbaycan radiosunun "Qızıl fond"unda qorunub saxlanılır. Bu fakt onun musiqi imkanlarının nə qədər geniş olduğunu bir daha təsdiq edir.
Həbib Bayramovun ailəsi də Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutur. O, Xalq artisti Tükəzban İsmayılovanın həyat yoldaşı idi. Azərbaycan mahnılarının tanınmış ifaçılarından olan Xalq artisti İlhamə Quliyeva da bu sənət ocağında böyümüşdür.
Bu gün Həbib Bayramovun adı Azərbaycan musiqi tarixində hörmətlə çəkilir. O, sadəcə, virtuoz tarzən deyil, milli musiqimizin təbliğatçısı, muğam ənənələrinin qoruyucusu və Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına xidmət edən böyük sənətkar idi. Onun tarının səsində bir xalqın keçmişi, milli yaddaşı və mənəvi zənginliyi yaşayırdı.
Azərbaycan musiqisi yaşadıqca, muğamlarımız səsləndikcə, tarın sehrli səsi könülləri fəth etdikcə Həbib Bayramov kimi sənətkarların xatirəsi yaşayacaq. Çünki böyük sənətkarlar dünyadan köçsələr də, onların yaratdığı sənət əbədiyyətə qovuşur və gələcək nəsillərə yol göstərən mənəvi işığa çevrilir.
Elşən QƏNİYEV,
"Azərbaycan"