03 Oktyabr 2026 10:10
1001
SİYASƏT
A- A+
Yeni mərhələnin strateji prioritetləri: YAP-ın VIII Qurultayından əsas mesajlar

Yeni mərhələnin strateji prioritetləri: YAP-ın VIII Qurultayından əsas mesajlar


 Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, YAP-ın Sədri İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələri ilə qarşıdakı dövrün əsas vəzifələrinin vahid strateji xətt üzrə təqdim olunması baxımından diqqət çəkir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi çıxışın siyasi məzmununu müəyyən edən əsas amillərdən biri kimi önə çıxır.

Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın əldə etdiyi Zəfərin yalnız hərbi nəticə kimi deyil, yeni geosiyasi reallığın formalaşması kimi qiymətləndirilməsidir. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətin qarşısında yeni mərhələnin vəzifələrini müəyyənləşdirib. Bu mərhələdə əsas məsələ artıq ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, əldə edilmiş nəticələrin siyasi, iqtisadi və təhlükəsizlik baxımından möhkəmləndirilməsidir.

Çıxışın digər mühüm məqamı dövlətçilik, müstəqillik, suverenliyin qorunması və möhkəmləndirilməsi siyasətinin daimi xarakter daşımasıdır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsas istiqamətlərini müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə kimi müəyyənləşdirdi. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, siyasi xəttin əsas prinsipləri sabit qalmaqla, dəyişən beynəlxalq şəraitə uyğun olaraq taktiki və strateji vəzifələrin yenilənməsi zəruri hesab olunur.

Yeni mərhələdə təhlükəsizlik məsələsi çıxışın əsas prioritetlərindən biri kimi təqdim edildi. Azərbaycanın hərbi gücünün daha da artırılması yalnız mümkün müharibə ssenarilərinə hazırlıq kimi deyil, eyni zamanda ölkəyə qarşı potensial təhdidlərin qarşısının alınması vasitəsi kimi izah olundu. Çıxışda regional və qlobal təhlükəsizlik mühitinin mürəkkəbləşməsi, müxtəlif coğrafiyalarda münaqişələrin davam etməsi fonunda dövlətin müdafiə imkanlarının daim gücləndirilməsinin vacibliyi vurğulandı.

Təhlükəsizlik anlayışının yalnız hərbi sahə ilə məhdudlaşdırılmaması da çıxışın mühüm siyasi mesajlarından biridir. İdeoloji və informasiya təhlükəsizliyi, internet və kiberməkan, süni intellekt və informasiya mühitində yayılan manipulyativ təsirlər yeni çağırışlar sırasında göstərildi. Bu kontekstdə təhsil və vətənpərvərlik cəmiyyətin ideoloji dayanıqlığının əsas vasitələri kimi təqdim olundu. Deməli, müasir dövrdə milli təhlükəsizlik həm sərhədlərin, həm də informasiya məkanının qorunmasını tələb edir.

Xarici siyasət istiqamətində isə müstəqil və çoxşaxəli siyasətin davam etdirilməsi əsas xətt kimi müəyyənləşdirildi. Çıxışda Azərbaycanın müxtəlif geosiyasi qütblərlə münasibətlər qurması, heç bir düşərgəyə bağlanmaması və milli maraqlara əsaslanan siyasət yürütməsi xüsusi vurğulandı. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz maraqlarını müstəqil şəkildə ifadə etmək imkanlarının qorunmasına yönəlmiş strateji xətt kimi təqdim olundu.

İqtisadi məsələlər də yeni mərhələnin əsas dayaqlarından biri kimi çıxış edir. Sosial rifahın yüksəldilməsi, investisiyaların cəlb olunması, maliyyə sabitliyinin qorunması və xarici borcun azaldılması iqtisadi siyasətin əsas istiqamətləri kimi göstərildi. Bununla yanaşı, iqtisadi gücün yalnız sosial proqramların maliyyələşdirilməsi üçün deyil, həm də müdafiə, Qarabağın və Şərqi Zəngəzurun bərpası və dövlətin strateji imkanlarının genişləndirilməsi üçün mühüm resurs olduğu diqqətə çatdırıldı.

Enerji və nəqliyyat amilləri Azərbaycanın regional və beynəlxalq əhəmiyyətinin artmasında ayrıca yer tutur. Enerji resurslarının ixracı, yeni qaz və neft layihələri, eləcə də Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın iqtisadi imkanları ilə yanaşı, geosiyasi çəkisini də artıran amillər kimi təqdim edildi. Tranzit imkanlarının genişləndirilməsi ölkəyə əlavə gəlirlərin, yeni iş yerlərinin və uzunmüddətli iqtisadi imkanların yaranmasına xidmət edən istiqamət kimi qiymətləndirildi.

Çıxışın mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesidir. Ərazilərin bərpası yalnız tikinti və infrastruktur layihəsi kimi deyil, Azərbaycanın ərazi bütövlüyünün real və davamlı şəkildə təmin edilməsinin tərkib hissəsi kimi nəzərdən keçirildi. Bu prosesin sürətləndirilməsi qarşıdakı illərin əsas dövlət vəzifələrindən biri kimi müəyyən edildi.

Ümumilikdə, dövlət başçısının YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan üçün yeni mərhələnin əsas məzmunu Zəfərdən sonrakı dövlət quruculuğunun daha da möhkəmləndirilməsi ilə bağlıdır. Bu mərhələdə hərbi güc, ideoloji və informasiya təhlükəsizliyi, müstəqil xarici siyasət, iqtisadi dayanıqlıq, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası bir-birini tamamlayan strateji istiqamətlər kimi çıxış edir.

Bu baxımdan qurultayın əsas mesajlarından biri ondan ibarətdir ki, əldə edilmiş tarixi nəticələrin qorunması və gələcək inkişafın təmin olunması davamlı siyasi iradə, güclü dövlət institutları, iqtisadi imkanlar və dəyişən beynəlxalq mühitə uyğun çevik siyasət tələb edir. Prezidentin çıxışında qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlər də məhz bu yanaşmanın üzərində formalaşır.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!