Bəzən bir xalqın dövlətçilik taleyi elə sınaq qarşısında qalır ki, həmin an yalnız siyasi iradəni deyil, xalqın milli birliyini, dövlətçilik şüurunu və gələcəyə inamını da müəyyənləşdirir. Azərbaycan da müstəqilliyinin ilk illərində belə ağır və mürəkkəb sınaqlardan keçib. Bütün çətinliklərə baxmayaraq, xalqımız dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarıb, müstəqilliyimizin qarşısında yaranan təhlükələrin öhdəsindən gəlib. Bu baxımdan 1994-cü ilin oktyabr hadisələri Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. Həmin günlərdə ölkədə siyasi sabitlik ciddi təhlükə ilə üzləşmiş, dövlətçiliyin taleyi yenidən sınağa çəkilmişdi. Hadisələrin gedişində xalqın dövlətçiliyin qorunmasına münasibəti və Heydər Əliyevə göstərdiyi dəstək xüsusi əhəmiyyət kəsb etmişdi.
Ulu Öndər Heydər Əliyevin həm ölkəmizə rəhbərliyinin birinci dövründə, həm də müstəqil Azərbaycana Prezidentliyi dövründə əsas məqsədlərindən biri dövlətçiliyi qorumaq, Azərbaycanı inkişaf etdirmək və ölkənin gələcək rifahını təmin etmək olub. Onun bu mövqeyini ifadə edən sözləri xalqımız tərəfindən böyük ehtiramla xatırlanır: "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam". Böyük dövlət xadimi Heydər Əliyev düşünülmüş, məqsədyönlü və uzaqgörən siyasəti ilə Azərbaycanın inkişafı üçün möhkəm və etibarlı təməl formalaşdırmağa çalışdı. Ulu Öndər hakimiyyətinin birinci dövründə böyük zəhmət və əziyyət bahasına ölkənin iqtisadi, sosial və mədəni inkişafına mühüm töhfələr verdi. Buna görə də Heydər Əliyev xalqımızın yaddaşında dövlətçilik tariximizdə mühüm xidmətləri olan, qurucu və uzaqgörən dövlət xadimi kimi xüsusi yer tutur.
Ötən əsrin sonlarında müstəqilliyimiz bərpa olunduqdan sonra ilk illərdə ölkəmiz ciddi təhlükələrlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü ilə yanaşı, ölkə daxilində siyasi böhran, hərc-mərclik, özbaşınalıq və idarəetmə problemləri ciddi təhlükələr yaratmışdı. Siyasi ambisiyaların milli maraqlardan üstün tutulması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Belə çətin və mürəkkəb şəraitdə xalqın bir hissəsi çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider qısa müddət ərzində ölkədəki ictimai-siyasi böhranın aradan qaldırılması, sabitliyin təmin edilməsi və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyev ölkədə iqtisadi sabitliyin təmin olunması, tənəzzül meyillərinin qarşısının alınması və yeni dövrün tələblərinə cavab verən islahatların həyata keçirilməsi istiqamətində də mühüm addımlar atdı. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsində və xarici investisiyaların cəlb olunmasında mühüm hadisə kimi qiymətləndirilir.
Ölkədə sabitliyin möhkəmlənməsi heç də asan başa gəlmədi. 1994-cü ilin oktyabrında dövlətçiliyə qarşı ciddi təhlükə yaradan hadisələr baş verdi. Oktyabrın ilk günlərində baş verən silahlı qarşıdurma və siyasi gərginlik ölkədə vəziyyəti son dərəcə mürəkkəbləşdirdi. Oktyabrın 4-də Heydər Əliyev xalqa müraciət edərək dövlətçiliyin müdafiəsi üçün xalqı birliyə çağırdı. Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Aparatının qarşısında başlayan izdihamlı toplantı səhərədək davam etdi. Oktyabrın 5-də Azadlıq meydanında da böyük mitinq keçirildi. Həmin günlərdə insanların nümayiş etdirdiyi mövqe dövlətçiliyin qorunmasının cəmiyyət üçün nə qədər mühüm olduğunu göstərdi. 4 və 5 oktyabr hadisələri Heydər Əliyev - Xalq birliyinin möhtəşəm nümunələrindən birinə çevrildi. Həmin birliyin sayəsində ölkədə sabitliyi pozmağa çalışan qüvvələrin qarşısı alındı, dövlətçiliyə qəsd cəhdi iflasa uğradıldı. Hadisələrin sonrakı inkişafı göstərdi ki, 1994-cü ilin oktyabrında dövlətçiliyin qorunması məsələsi ölkənin siyasi həyatında əsas məsələlərdən birinə çevrilmişdi.
Xalq eyni zamanda görürdü ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə çalışır, Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizamlanması istiqamətində fəaliyyət göstərir, Azərbaycan həqiqətlərini beynəlxalq platformalarda diqqətə çatdırır.
Ayrı-ayrı dövlətlər ilə siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və mühüm müqavilələrin imzalanması Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar yaratdı. 1994-cü il "Əsrin müqaviləsi" də həmin dövrün mühüm hadisələrindən biri idi.
Heydər Əliyev - Xalq birliyi 1994-cü ilin oktyabr hadisələrində xüsusilə aydın göründü. Dövlətçiliyə və siyasi sabitliyə təhlükə yaradan cəhdlərin qarşısının alınmasında dövlət strukturlarının fəaliyyəti ilə yanaşı, insanların Prezidentə və dövlətçiliyə verdiyi dəstək də mühüm rol oynadı. 1994-cü ilin oktyabr hadisələrindən sonra da Azərbaycanda siyasi sabitliyə təhlükələr tam aradan qalxmamışdı. 1995-ci ilin martında növbəti çevriliş cəhdi baş verdi və onun da qarşısı alındı. Beləliklə, 1994-cü və 1995-ci illərdə baş verən hadisələr Azərbaycanın müstəqilliyinin ilk illərində dövlətçiliyin hansı mürəkkəb sınaqlardan keçdiyini göstərir. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri bir həqiqəti aydın şəkildə göstərdi: dövlətçiliyin ağır sınaq qarşısında qaldığı bir vaxtda lider qətiyyəti və cəmiyyətdəki birlik siyasi sabitliyin qorunması və ölkənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"