03 Oktyabr 2026 08:10
6424
SİYASƏT
A- A+
Naxçıvandan türk dünyasına uzanan böyük yol

Naxçıvandan türk dünyasına uzanan böyük yol


3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanan saziş türk dövlətləri arasında əməkdaşlığın institusional əsaslarını qoydu


Bu bir reallıqdır ki, eyni kökdən gələn xalqların mənəvi bağlılığını sərhədlər və dövlətlər müəyyən etməyib. Onları bir-birinə bağlayan dil, mədəniyyət, ortaq yaddaş və mənəvi dəyərlər zamanın dəyişən şərtlərindən daha uzunömürlü olub. Xəritələr dəyişib, dövlətlər yaranıb və ya süqut edib, nəsillər bir-birini əvəzləyib, lakin eyni kökdən gələn xalqların yaddaşı silinməyib. Türk dünyasının çoxəsrlik tarixi də məhz belə bir mənəvi bağlılığın, ortaq yaddaşın və eyni kökdən gələn xalqların tarixidir. Bu gün həmin tarixin qarşısında yeni bir səhifə açılıb.

Oktyabrın 3-ü  təqvimdə adi bir gün deyil. 2009-cu ilin bu günündə Naxçıvan Sazişinin imzalanması ilə türk dövlətləri arasında əməkdaşlığın institusional əsasları qoyuldu. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın yaratdığı bu əməkdaşlıq platforması sonrakı illərdə Özbəkistanın qoşulması ilə daha da genişlənərək, 2021-ci ildə Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı ilə əvəz olundu. Bu gün təşkilatın 5 üzv dövləti və 4 müşahidəçisi var. Onun Katibliyinin İstanbulda fəaliyyət göstərməsi isə coğrafi və tarixi baxımdan da rəmzi məna daşıyır. Beləliklə, 3 oktyabr bir sənədin imzalandığı tarixdən daha böyük məna qazanıb. Bu tarix Türk Dövlətləri Əməkdaşlıq Günü kimi ortaq yaddaşa daxil olub. Burada söhbət təkcə dövlətlərarası münasibətlərdən yox, eyni zamanda əsrlərin o tayından gələn mənəvi yaxınlığın müasir dünyanın siyasi, iqtisadi, elmi və texnoloji reallıqları ilə birləşdirilməsindən gedir.

Türk birliyi haqqında danışarkən keçmişi xatırlamamaq mümkün deyil. Orxon kitabələrindən Dədə Qorquda, Mahmud Kaşğaridən Nizami və Nəsimiyə, Əlişir Nəvaidən Füzuliyə, böyük türk dövlətçilik ənənələrindən XX əsrin milli dövlətçilik düşüncəsinə qədər uzanan böyük bir mənəvi xətt var. Bu xətt müxtəlif coğrafiyalarda fərqli dövlətlərin tarixini yaşatsa da, onların arasında ortaq bir mədəni yaddaş yaradıb. XXI əsrin türk birliyi yalnız keçmişi xatırlamaqla məhdudlaşa bilməz, həm də tarixə hörmət, gələcəyə məsuliyyətlə yanaşmağı tələb edir. Bu gün türk dövlətlərinin qarşısında duran əsas məsələ ortaq tarixi sərvəti müasir inkişafın real imkanlarına çevirməkdir. Bunun üçün siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, elm, təhsil, səhiyyə, mədəniyyət və humanitar əlaqələr bir-birini tamamlamalıdır.

Son illər  Türk Dövlətləri Təşkilatının keçdiyi yol göstərir ki, bu istiqamətdə təkcə arzular deyil, konkret mexanizmlər də formalaşır. Təşkilatın əməkdaşlıq gündəliyi iqtisadiyyat və ticarətdən nəqliyyata, təhsildən səhiyyəyə, kənd təsərrüfatından rəqəmsallaşmaya, innovasiyadan enerji və təhlükəsizliyə qədər 40-dan çox sahəni əhatə edir. Bu, sadəcə, mədəni yaxınlıq platforması deyil, çoxşaxəli dövlətlərarası əməkdaşlıq sistemidir. Bu məsələdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Azərbaycan müstəqilliyinin ilk illərindən türk dünyası ilə münasibətləri xarici siyasətin mühüm prioriteti kimi müəyyənləşdirib. Son illərdə bu istiqamətdə atılan addımların miqyası daha da genişlənib. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər təşkilatın gündəliyinin formalaşmasına təsir edən mühüm amillərdən biri kimi görünür. Bunun ən konkret nümunələrindən biri Şuşada keçirilən görüşdür. 2024-cü il iyulun 6-da Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi, sadəcə, diplomatik tədbir deyildi. Tarixi və mədəniyyət yükü daşıyan bir şəhərin türk dünyasının liderlərini bir araya gətirməsi simvolik məna ilə yanaşı, siyasi məzmun da daşıyırdı. Məhz həmin görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi formatda görüşməsinin davam etdirilməsi ideyası dəstəkləndi. Şuşa Bəyannaməsində türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi vurğulandı. Bu təşəbbüsün əhəmiyyəti ondadır ki, dövlətlər arasında münasibətlər ildə bir dəfə keçirilən rəsmi Zirvə toplantıları ilə məhdudlaşmır, həm də müntəzəm qeyri-rəsmi görüşlər liderlərə daha çevik fikir mübadiləsi aparmaq, regional və qlobal proseslərə münasibət bildirmək və ortaq maraqları müzakirə etmək imkanı yaradır. Prezident İlham Əliyevin 2026-cı ilin sentyabrında Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Təhlükəsizlik Şuraları katiblərinin toplantısında qeyd etdiyi kimi, məhz Azərbaycan bu cür qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsini təşviq edib.

Azərbaycanın təşkilat daxilindəki rolu 2025-ci ildə daha bir mühüm mərhələyə çatdı. 2025-ci il oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşünün sonunda sədrliyin Azərbaycana keçməsi ölkəmizin türk dünyası ilə bağlı diplomatik fəaliyyətinin yeni mərhələsini açdı. Həmin Zirvə görüşündə təşkilatın 40-dan artıq sahədə çoxtərəfli əməkdaşlığı əlaqələndirdiyi qeyd edildi. Dövlətimizin başçısının Qəbələdəki çıxışında diqqətçəkən məqamlardan biri də Azərbaycan tərəfindən TDT Katibliyinin fəaliyyətinə 2 milyon dollar həcmində maliyyə töhfəsinin verilməsi idi. Azərbaycan türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi məqsədi ilə Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla müxtəlif investisiya mexanizmləri formalaşdırıb. Dövlətimizin başçısının bildirdiyinə görə, ölkənin qardaş dövlətlərin iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçib. 

Türk birliyinin iqtisadi gələcəyi yalnız investisiya rəqəmləri ilə ölçülməməlidir, həm də onun həqiqi iqtisadi gücü dövlətlərin bir-birinə nə qədər asan bağlanmasından asılıdır. Burada Orta dəhlizin xüsusi əhəmiyyəti var. Xəzərin üzərindən keçərək Mərkəzi Asiyanı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Trans-Xəzər Beynəlxalq "Şərq-Qərb" Orta dəhlizi türk dünyasının coğrafi üstünlüyünü iqtisadi üstünlüyə çevirmək imkanına malikdir. Bunun üçün yalnız yollar və dəmir yolları kifayət deyil, eyni zamanda gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal sənədləşmə, vahid standartlar, logistika mərkəzlərinin əlaqələndirilməsi və yükdaşımaların sürətləndirilməsi də lazımdır. TDT çərçivəsində e-Permit sisteminin tətbiqi və 2026-cı ildə e-CMR üzrə əməkdaşlıq barədə anlaşmanın imzalanması bu istiqamətdə atılan praktiki addımlardır. Əgər bu proses ardıcıl davam etdirilərsə, türk dünyası sadəcə böyük bir coğrafi məkan deyil, eyni zamanda Asiya ilə Avropa arasında mühüm iqtisadi və logistika körpüsünə də çevrilə bilər.

Türk birliyinin ən böyük sərvəti neft, qaz, qızıl, nəqliyyat yolları və bazarlar deyil, insandır. Buna görə də elm və təhsil sahəsində əməkdaşlıq türk dünyasının uzunmüddətli gələcəyinin əsasını təşkil edir. Bu sahədə də real mexanizmlər mövcuddur. Türk Universitetlər Birliyinin - TURKUNİB-in üzvlərinin sayı 2025-ci ilin oktyabrına 170 universitetə çatıb. Orhun mübadilə proqramı tələbə və akademik heyətin ölkələr arasında hərəkətinə imkan yaradır. 2026-cı ildə isə türk dünyası Ali Təhsil Məkanının yaradılması, diplomların qarşılıqlı tanınması, ali təhsildə keyfiyyət təminatı və ortaq məlumat bazasının formalaşdırılması kimi istiqamətlər üzrə yeni təşəbbüslər dəstəklənib. Bu, gələcəyə gedən yolun ən mühüm hissələrindəndir. Bu gün universitetlərdə təhsil alan azərbaycanlı, qazaxıstanlı, qırğızıstanlı, türkiyəli və özbəkistanlı gənclər sabah həmin ölkələrin alimləri, mühəndisləri, həkimləri, sahibkarları, diplomatları və dövlət xadimləri olacaqlar. Deməli, bugünkü tələbə mübadiləsi sabahkı türk dünyasının insan kapitalına çevrilir.

Səhiyyə sahəsində əməkdaşlığın da bundan sonrakı mərhələdə daha sistemli xarakter alması böyük əhəmiyyət daşıyır. Tibbi təcrübə mübadiləsi, müasir texnologiyaların paylaşılması, birgə elmi tədqiqatlar, dərman və tibbi avadanlıq istehsalında əməkdaşlıq, rəqəmsal səhiyyə platformaları və fövqəladə hallarda qarşılıqlı yardım mexanizmləri türk dövlətlərinin insan sağlamlığına verdiyi töhfəni daha da artıra bilər. Təşkilatın gündəliyində səhiyyənin ayrıca əməkdaşlıq istiqaməti kimi yer alması bu baxımdan əhəmiyyətlidir.

Türk dünyasının coğrafiyası da bu birliyin imkanlarını genişləndirir. Türkiyə Avropaya açılan qapıdırsa, Azərbaycan Qafqazla Mərkəzi Asiyanı birləşdirən mühüm halqadır. Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın böyük iqtisadi və insan potensialını təmsil edir, Qırğızıstan isə regionun mühüm coğrafi və mədəni məkanlarındandır. Müşahidəçi dövlətlərin iştirakı isə əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Macarıstanın Avropadakı mövqeyi, Türkmənistanın enerji və Xəzər imkanları, Şimali Kipr Türk Respublikasının Aralıq dənizi istiqamətindəki mövqeyi və ECO ilə əməkdaşlıq türk dünyasının əlaqələr şəbəkəsini daha geniş bir məkana çıxarır.

Türk Dövlətləri Təşkilatının gələcəyi yalnız onun üzv dövlətlərinin sayının artması ilə ölçülməməlidir. Əsas məsələ mövcud əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılmasıdır. Ortaq iqtisadi layihələr, qarşılıqlı investisiyalar, enerji əməkdaşlığı, rəqəmsal bağlantılar, vahid nəqliyyat standartları, tələbə və alim mübadiləsi, birgə səhiyyə proqramları və ortaq elmi tədqiqatlar bu birliyi gündəlik həyatın bir hissəsinə çevirməlidir. 

Türk Dövlətləri Təşkilatının qarşısında böyük bir tarixi imkan dayanır - keçmişin mənəvi irsini qorumaqla müasir dünyanın elmi və texnoloji imkanlarını birləşdirmək, tarixlə gələcək arasında körpü salmaq, babaların mirasını nəvələrin dünyasına daşımaq. Həmin körpünün təməlində isə dilimiz, tariximiz, mədəniyyətimiz və ortaq yaddaşımız dayanır. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!