15 Sentyabr 2026 08:00
287
CƏMİYYƏT
A- A+
QƏZET ÖMRÜ

QƏZET ÖMRÜ


Bütün yaranmışların əvvəli olduğu kimi, sonu da var!

Bu, həyatın pozulmaz qanunudur!

Kim nə qədər yaşayacaq? - Onu təkcə Tanrı bilir!

Kəpənəyin birgünlük ömrü olur, palıdın yüz il, dağların ömrü isə yüz əsrlərlə ölçülür...

"Ömür payı" cansızlara da aiddir!

Baxır hansı materialdan hazırlanmasına.

Daşdan, dəmirdən, taxtadan, parçadan, yoxsa kağızdan...

Qəzet də kağızdan hazırlanır!

Belə ki, insanın fikir, istək, arzu və niyyətlərinin sözə çevrilərək ağ kağıza yazılması qəzet adlanır!

O da kitab kimi mətbəədə xüsusi forma şəklində çap edilərək yayılır (satılır).

* Kitabdan fərqi odur ki, daha yığcam olur!

* Hər gün çap edilərək oxucularına çatdırılır!

* Günün hadisələrindən, baş verən yeniliklərdən bəhs edir!

* Qəzetçi faktları istədiyi kimi mənalandıra, şərh edə bilir.

* Qəzetdə doğru yalan, yalan gerçək kimi təqdim oluna bilir!

* Qəzetin qərəzli də olması mümkündür, dövlətçi və müxalif mövqedə də dura bilər.

Lap sosial mediada olduğu kimi...

Bu onu buraxanların məqsəd və məramından asılıdır.

"Reket qəzetlər" dediklərimizə misaldır.

Qəzet müxalif mövqedə də dayana bilir!

Onda buna "demokratiyanın təzahürü" söyləyirlər...

Kəsəsi, uzun məsələdir!

Adətən, jurnalistlər "qəzetin birgünlük ömrü olur" deməyi sevirlər!

Xoşbəxtlikdən bu "hökm" şərtidir!

Birgünlük ömrü olan qəzetlər çox olub!

Amma əsl qəzetlər salnaməyə çevrilərək əbədiyaşarlıq qazanırlar!

Hətta "öləndən" sonra "dirilən", ikinci dəfə həyata qayıdaraq yeni ömrünü yaşayan qəzetlər də var!

Bu barədə bir qədər sonra...

***

Böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin toxunmadığı mövzu, yazmadığı məsələ qalmayıb.

Hər hədəfinə isə dövrün gözü ilə baxıb, zamanın prizmasından yanaşıb.

Qəzetlər də heç zaman diqqətindən kənarda olmayıb.

Qəzetə düşmən münasibəti bəsləyən nadanları öldürücü satirasının hədəfinə çevirib:

- Nə xəbər var, məşədi?

- Sağlığın!

- Az-çox da yenə?

- Qəzet almış Hacı Əhməd də…

- Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?

- Belə nəql eylədilər!..

- Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!

Bu isə pəs o ləinin də işi qullabıdır,

Dinü imanı danıb, yoldan azıbdır, babıdır!

* * * 

- Yenə bir başqa xəbər varmı?

- Bizim qonşu Kərim…

- A… A… A?..

- Bəli, hə… hə!..

- O nə qayrıb, de görüm?

- "Molla Nəsrəddin" alıb, həm özü, həm oğlu oxur.

- El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!

Bu isə pəs o ləinin də işi qullabıdır,

Dinü imanı danıb, yoldan azıbdır, babıdır!"

* * *

Bu, o dövr idi ki, valideynlər "Oxutmuram, əl çəkin!" deyərək övladlarını məktəbdən dartıb ayırırdılar!

Bu, o dövr idi ki, avam arvadlar şair və savadlı ərlərindən bezərək dəftər-kitab görəndə "bağırlarının çatlamalarından" Xanbacıya şikayətlənirdilər:


"Çatlayır, Xanbacı, qəmdən ürəyim,

Qavışıb lap acığımdan kürəyim.

Nola bir evdə qoyaydız qarabaş,

Verməyəydiz məni bu əbləhə, kaş!

Mən ki, damdan, bacadan baxmaz idim,

Su kimi hər tərəfə axmaz idim.

Hərzə-hərzə danışıb gülməz idim,

Ər nə şey olduğunu bilməz idim;

Oturub ac komasında atamın,

Biş-düşün hazır edərdim anamın;

* * *

Atam əllaf, babam dülgər idi,

Qardaşım culfa, əmim kargər idi,

Xanbibim falçı, nənəm bağ toxuyan,

Bizdə, haşa, yox idi bir oxuyan!

Evimizdə var idi hər nə desən:

Qatıq, ayran ilə qaymaq, nə yesən!

Nə bilirdik nə zəhirmardı kitab?

Biz olan evdə haçan vardı kitab?

* * *

...Mən də sandım ki, dönüb bəxtəvərə, -

Gedirəm bir nəfər insana ərə.

Nə bilim boylə də insan varmış,

Şəkli-insanda da heyvan varmış.

Ər oxurmuş da, yazarmış da, atam!

Ər deyil, möhlik azarmış da, atam!

Ər deyil, şair imiş xanəxərab!

Fikri yazmaq, oxumaq, suglu kitab...

Saldız axırda yaman hala məni,

Ərə verdiz də bu qəffala məni.

* * *

Xeyrini, şərrini qanmır bu kişi!

Yorulub bircə usanmır bu kişi!

Bizim evdə baxasan hər tərəfə -

Taxçaya, boxçaya ya kim, irəfə -

Görəcəksən bütün işqabda kağız,

Kasada, nimçədə, boşqabda kağız;

Yığılıb dağ kimi hər yanda kitab,

Evdə, dəhlizdə və eyvanda kitab.

* * *

Oxuduqca gözünün qarəsini

Aparır, tap başının çarəsini.

***

Əlbəttə, Həsən bəy Zərdabinin öz xalqı və milləti üçün etdiyi qəhrəmanlıqlardan, min bir əziyyət və çətinliklər bahasına "Əkinçi" qəzetinə həyat vəsiqəsi verə bilməsindən xəbərsizlər çox idi!

Maneə və çatışmazlıqlar, əngəllər isə kifayət qədər vardı!

Həsən bəy heç nəyin olmadığı bir zamanda, heç nədən insanları maarifləndirən, gözünü açan, elmə, biliyə, inkişafa səsləyən "möcüzəli" bir "kağız parçası" yaratdı!

Həmin kağızın üstündəki yazılarla onları mövhumatdan, savadsızlıqdan qorumağa çalışdı, digər millətlər kimi elmə, biliyə dəyər verməyə səslədi.

Amma bu qəzeti ərsəyə gətirmək üçün hansı müşküllərin öhdəsindən gəlməli oldu, ilahi!

* Nə mətbəə vardı!

* Nə hürufat tapılırdı!

* Nə mətbəədə qəzet yığacaq mürəttib mövcud idi!

* Nə qəzetə məqalə yazan tapılırdı!

* Nə qəzeti oxuyan vardı!

* Nə hazır qəzetin yayılma mexanizmi formalaşmışdı...

* Ən pisi bütün bunları ərsəyə gətirməyə para da yox idi!

* Çap senzurası da bir yandan...

Amma Həsən bəy nə durdu, nə dayandı!

Nə ruhdan düşdü, nə geri çəkildi!

Gecə-gündüz bilmədən, yorulmadan çalışdı, aradı, axtardı, məqsədinə çatana qədər dayanmadı!

Arada işin çətinliyindən də gileyləndi...

***

Həsən bəy Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il və 2,3 yanvar 1906-cı il tarixli nömrələrində dərc etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində "Əkinçi"ni yaratmaq yolunda qarşılaşdığı maddi və mənəvi çətinliklərdən, əngəl və maneələrdən bəhs edir.

* Həsən bəy qeyri-adi insan və şəxsiyyət idi!

* Həsən bəy sanki vətən övladlarına xoş günlər bəxş etmək, onların gözünü açaraq maarifə, elmə, mədəniyyətə yönəltmək, həyatlarını yaxşılaşdırmaq üçün yaranmışdı!

* Həsən bəy həm də ruhdan düşən, niyyətindən geri çəkilən, əziyyətindən də qorxub qaçan deyildi!

BAXIN:

* Azərbaycanda ilk qəzeti o açdı!

* Azərbaycan teatrının əsasını o qoydu!

* İlk xeyriyyə cəmiyyətini o yaratdı!

Uğursuzluğu uğurlarından çox oldu.

Amma heç zaman geri durmadı!

Sonadək döyüşdü, çarpışdı, istəyinə çatdı!

Çünki doğru yolda olduğunu bilirdi!

Çünki millətini sonsuz məhəbbətlə sevirdi.

Uğursuzluğa düçar olanda isə heç zaman ruhdan düşmədi:

"Bizim sabiq cəmiyyəti - xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü malımıza sahib olurlar və bir az vəqtdən sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik". 

Bəs çıxış yolu nədir?

Nə etmək lazımdır?

Çıxış yolunu tapıb nəsə edəndə sənə kömək göstərən, arxanda duran olacaqdımı?

Burada da laqeydliklə, biganəliklə, soyuqluqla qarşılaşır:

"Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın!

Qanan olsa da, kömək əlini uzadan yox idi!

ÇÜNKİ...

Səbəbini də özü açıqlayırdı:

"Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma ətrafda müsəlman qardaşlarımız bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görmək də istəməyir".

Amma Həsən bəy də inadından dönən insanlardan deyildi!

İnadkarlıqla bağlı maraqlı bir bənzətməsi də var:

"Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz, mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər",

Bəli, Həsən bəy Zərdabi öz inadı ilə bütün qafaları deşdi, beyinlərə yol açdı, oraya maarifçilik toxumu əkdi!

Millətinə xidmətdə qəzet çıxarmaqdan savayı qeyri-əlac görmədiyindən bütün gücünü, imkanlarını, vəsaitini bu yolda sərf etdi!

Bəli, Həsən bəy Zərdabi ən çətinini, müşkülünü etdi:

Yox yerdən xalqımıza başucalığı gətirən "Əkinçi" adlı bir qəzet yaratdı!

Min bir zillət və əziyyətlə onu iki il yaşatdı, 56 nömrəsini buraxdı, böhtanlardan, təqiblərdən qorudu, mədəniyyət tariximizə dəyərli töhfə verməyi bacardı!

Ən çətin iş yox yerdən nəsə yaratmaqdır!

Olanı yox etmək isə çox asandır...

Bunu isə yaxşı bacarırıq!

***

"Əkinçi"nin ömrü qısa, ayağı isə yüngül oldu!

Açdığı cığır böyüyərək yola çevrildi.

"Əkinçi" təkcə həmin dövrün vətənpərvər ziyalılarını, parlaq qələm sahiblərini öz ətrafına yığmaqla kifayətlənmədi.

Üstəlik, özü də yeni yazarlar dəstəsi yetişdirərək püxtələşdirdi.

"Əkinçi" ocağındakı xalqa, millətə xidmət nümunəsindən dərs alan yeni ziyalılar nəsli sonralar özləri də qəzetlər yaratdılar, başqa mətbu orqanlarda çıxış edərək xalqın savadlanmasına, maariflənməsinə, yeni dövrün tələbləri əsasında inkişafına öz töhfələrini verdilər.

"Əkinçi" maarifpərvər qəzet idi.

Sonrakı dövrlərdə isə "Molla Nəsrəddin"in simasında satirik jurnalistikanın təməli qoyuldu, "İrşad", "Tərəqqi", "Kaspi", "Həyat" və digər müstəqil nəşrlər, partiya qəzetləri meydana gəldi, jurnalistikanın inkişafında yeni istiqamətlər yarandı.

Təzə cığır açan qəzetlərdən biri də "Azərbaycan" oldu!

Ona qədər müstəqil dövlətimiz olmadığından "rəsmi dövlət qəzeti" anlayışı da yox idi!

***

* "Azərbaycan" ilk hökumət qəzeti oldu!

* "Azərbaycan" parlament həyatını geniş işıqlandıran ilk qəzet oldu!

* "Azərbaycan" dövlətin mövqeyində duran, onun maraqlarından çıxış edən ilk qəzet oldu!

Amma yaranışında, həyata vəsiqə almasında "Əkinçi"nin üzləşdiyi bəzi çətinlikləri o da yaşadı...

Azərbaycan müəyyən səbəblər üzündən ilk dövlət müstəqilliyini Tiflisdə elan etmişdi.

Həmin dövrdə Bakı erməni-bolşevik birləşmələrinin əlində olduğundan Azərbaycan Milli Şurası Gəncəyə köçdü.

Sonra Milli Şura buraxıldı, ali qanunverici və icraedici hakimiyyət Fətəli xan Xoyski kabinetinin əlində cəmləşdi.

Bu səbəbdən də "Azərbaycan" qəzetinin ilk nömrəsi (bütövlükdə dörd nömrəsi) Gəncədə işıq üzü gördü, beşinci nömrədən etibarən isə Bakıda buraxılmağa başladı.

Mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun söylədiyinə kimi: 

"1918-ci ilin mart qırğınları ərəfəsində Hacıbəylilər ailəsi İranın Ənzəli şəhərinə gedir. Elə ki türk ordusu İrandan keçib Azərbaycana daxil olur, bir çox cavanlar da onlara qoşulub Gəncəyə gəlir. Həmin gənclərin arasında Ceyhun Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli də olur. Onda Ceyhun Hacıbəylinin 27, Şəfi bəy Rüstəmbəylinin isə 25 yaşı vardı. Bu barədə Zülfüqar Hacıbəyli öz xatirələrində yazır ki, həmin vaxt Gəncədə qəzet nəşr etmək üçün jurnalist lazım idi. Nəsib bəy Yusifbəyli Ceyhun Hacıbəylinin və Şəfi bəy Rüstəmbəylinin yaxşı qələmlərinin olduğunu bilirdi. Çünki Ceyhun Hacıbəyli "Kaspi" qəzetində mütəmadi olaraq məqalələrlə çıxış edirdi. Buna görə Nəsib bəy Yusifbəyli onların hər ikisini dəvət edir və "Azərbaycan" adlı qəzeti çıxarmağı tapşırır". 

YENƏ DƏ:

* mətbəə yox idi;

* Azərbaycan hürufatı tapılmırdı;

* olan şriftlər rusca idi;

*Tiflisə şrift dalınca gedən adam boş qayıtmışdı.

Vəziyyətdən çıxmaq üçün mətbəə problemi həll olununca, Türkiyədən hürufat gətirilənə qədər "Azərbaycan" Gəncədəki quberniya mətbəəsində çap edilir.

12 səhifə həcmində buraxılan dörd nömrənin 9-u rus, 3-ü Azərbaycan dilində işıq üzü görür.

Bundan sonra qəzetin Bakı dövrü başlayır.

Paytaxtda ən yaxşı mətbəə Orucov qardaşlarının mətbəəsi hesab olunurdu.

Dövlət danışıqlar apararaq büdcədən lazımi miqdarda vəsait ayırmaqla həmin mətbəəni "Azərbaycan" qəzeti üçün alır.

Bu məqamda daha bir tarixi faktı qeyd etməsək, olmur. 

İkinci dövlət müstəqilliyinin ilk illərində, xüsusən 20 Yanvar qırğınından sonra Rusiya ilə əlaqələrdə müəyyən soyuqluq yarandığından oradan poliqrafiya məhsulları gətirmək xeyli çətinləşmişdi.

"Azərbaycan" nəşriyyatındakı şriftlər köhnəlib aşındığından və avadanlıqlar, yardımçı materiallar xarab olduğundan buraxılan qəzet pozuntulu görünür, yaxşı oxunmurdu.

Belə bir məqamda Ulu Öndər Heydər Əliyev köməyimizə çatdı.

Dövlətin müəyyən maliyyə çətinliklərinə baxmayaraq, 1996-cı ildə "Azərbaycan"a 64 min avro vəsait ayıraraq kompüter texnologiyasına keçməyimizə imkan yaratdı.

Həmin vaxt bir neçə müxalifət qəzeti artıq kompüter vasitəsilə yığılaraq səhifələnirdi.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı sayəsində bizim də "kompüter sexi"miz oldu!

***

Müstəqilliyimizin atributuna çevrilən "Azərbaycan"ın ikinci həyatı ikinci dəfə dövlət müstəqilliyinə nail olunduqdan sonra başlandı.

Sonuncu nömrəsi 1920-ci ilin 27 aprelində işıq üzü görmüşdü.

28 apreldə isə XI rus ordusu Azərbaycanı işğal etdi.

Beləliklə, dövlət müstəqilliyinə son qoyularaq "kommunist ideologiyası" adı altında pərdələnən yeni müstəmləkəçilik dövrü başlamışdı.

SSRİ-nin bayrağı altında zorla Rusiyaya birləşdirilən on dörd müttəfiq respublikada söz sahibi Moskva idi!

Dövlətin müstəqil qərarlar qəbul etməsindən, iqtisadi müstəqillikdən, habelə sərbəst xarici əlaqələr qurulmasından söhbət gedə bilməzdi.

Hər şey həbsxanalar, sürgünlər, güllələnmə cəzaları vasitəsilə tənzimlənirdi.

Müstəqilliyin tərənnümçüsü və salnaməsi olan "Azərbaycan" qəzetinin 443 nömrəsi sovet dövründə arxivlərin ən qaranlıq küncündə həbs edilərək kiminləsə - istər tarixçi, istər mətbuat araşdırmaçısı, istərsə də adi oxucularla görüşünə ciddi yasaq qoyuldu!

"Azərbaycan"ın nəşrinin dayandırıldığı həmin tarixdən bir gün sonra - aprelin 29-dan isə ölüm təhdidi ilə qəzet redaksiyasının binası və bütün əmlakı zorakılıqla özəlləşdirilərək bazasında yad ideologiyaya xidmət edən "Kommunist" adında qəzet buraxılışına başlandı.

Birinci müstəqillik dövrünün (1918-1920-ci illər) ensiklopediyasına çevrilən "Azərbaycan" qəzeti yeni müstəqillik dövründə də əvvəlcə "Həyat", sonra isə özünə qaytarılmış "Azərbaycan" adı ilə şərəfli missiyasının icrasına başladı.

Qurtuluş missiyasından başlayaraq, 44 günlük Zəfərə qədər və ondan sonrakı "Böyük qayıdış" da daxil müstəqil dövlətimizin bütün uğur və nailiyyətləri, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi nəhəng transmilli layihələr, analoqsuz uğur və nailiyyətlər rəsmi sənədlər və jurnalist, müəllif yazıları ilə "Azərbaycan"ın səhifələrində əksini tapmış, quruculuq, uğur və şərəf salnaməsinə çevrilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün "Azərbaycan"ına ikinci ömrü isə ADA Universitetinin rektoru, görkəmli ziyalımız Hafiz Paşayev verdi!

Onun rəhbərliyi ilə tarixi bir qərar qəbul olunaraq ADA-nın vəsaiti hesabına qəzetin birinci dövrünün 443 nömrəsi tam toplanaraq (bir neçə nömrəni əldə etmək mümkün olmurdu) transliterasiya edildi, şərhlərlə birlikdə kitab şəklində yenidən çap olunaraq Azərbaycan oxucusuna qaytarıldı.

Beləliklə, bu xeyirxah addım sayəsində "Azərbaycan" "ölümündən sonra" ikinci dəfə dünyaya gəldi.

***

Həsən bəyin dövründə Bakıda neft bumu başlamışdı.

O həmin dövrdə yüksək məvacibli vəzifələrdə çalışırdı.

İstəsəydi məvacibindən pul toplayar, bir neçə desyatin torpaq alar, neftxudaya çevrilərdi...

Milyonçu olmasa da, firavan həyat sürərdi...

Amma o, firavan həyat üçün yox, mübarizə üçün, xalqına xidmət üçün doğulmuşdu!

Dövrünün maarifçi - publisisti Fərhad Ağazadədən (Şərqli) bir sitat:

"Cənazəsi təşyi edilərkən bir natiq demişdi ki, "Həsən bəy Bakıya ac gəldi, ac da getdi".

Doğrudan da, Həsən bəy özündən sonra sadə bəzənmiş mənzildən başqa heç bir şey buraxmamışdı. Ucarda başlanmış evi də yarımçıq qalmışdı".

Daha bir nisgil!

Həsən bəyə gor evi də axıracan qismət olmamışdı...

Fəxri xiyabandakı indiki mənzilə çatanadək iki dəfə qəbri dəyişmiş, özgə məzarında yatmalı olmuşdu...

Amma əsl yeri tariximizin şərəfli səhifəsidir və onu sevənlərin qəlbində ucalan işıqlı abidəsidir.

Allah rəhmət eləsin!

***

Sonda M.Ə.Sabirin daha bir maraqlı şeir parçası:


Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..

Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!..

* * *

Qıl yaymayırdı əsla zalımların gözündən,

Rüsvay idik cahanda məlunların sözündən,

Ax, ax! Nə yaxşı oldu, iş düşdü öz-özündən,

Əlləşməmiş qutardıq zəhmətdən, ay can, ay can!..

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..


Badi-səba, apar ver, Molla Qəvama müjdə,

Yazsın, de, Lənkəranda Molla Səlama müjdə,

Söylə, o da yetirsin cümlə əvama müjdə;

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..

Munbərdə rəqsə gəlsin behcətdən, ay can, ay can!..


Ərz et bəşarət ilə Qafqaydakı vücudə:

Æurnal, qəzet qapandı, durma, yıxıl sücudə,

Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,

Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!..

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..


Get Qübbəyə səlam et Molla Hacı Babayə,

Söylə tutuldu cumlə jurnal, qəzet vəbayə,

Mömün müridlər ilə dur qoş səda-sədayə,

Ümmətlərin yığılsın hər kətdən, ay can, ay can!..

Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!..


* Dünya internetsiz ötüşə bilmir!

* Dünya uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən qorunması üçün qadağaları ciddiləşdirir və sərtləşdirir.

* Dünya qəzetləri sosial mediaya güzəştə gedir...

Bu, "azalan statistika"da da özünü göstərir!

Bir neçə dövlətin simasında bu "azalma"lara diqqət yetirək:

Çin Xalq Respublikasında təxminən 1700-dən artıq qəzet nəşr olunur. Onların bir hissəsi gündəlik qəzetlərdir. 

Ölkənin aparıcı rəsmi və siyasi-ictimai qəzetləri gündəlik olmaqla, çoxsaylı tirajla dərc olunurlar. 

"Jenmin Jibao". ÇXR KP MK-nın rəsmi orqanı. Çin dövlətinin rəsmi qəzeti. Gündəlik 3 milyon tirajla dərc olunur.

"Quanmin Jibao". ÇXR KP MK-nın Təşviqat şöbəsi tərəfindən nəşr olunur. Gündəlik 490 min tirajla dərc edilir.

"Quançjou Jibao". ÇXR KP Quançjou yerli komitəsinin nəşri. Gündəlik 1,85 milyon tirajla dərc olunur.

***

Qazaxıstanda 1300-dən artıq qəzet qeydiyyatdan keçib.

"Egemen Qazaqstan". Dövlət qəzeti. Gündəlik 80 min tirajla nəşr olunur.

"Kazaxstanskaya pravda". Rusdilli dövlət qəzeti. Gündəlik 100 min tirajla nəşr olunur.

"Aiqin". Siyasi-ictimai respublika qəzeti. Gündəlik 40 min tirajla nəşr olunur.

***

"SB. Belarus seqodnya". Dövlət qəzeti. Təsisçi Belarus Prezidenti Administrasiyası. Gündəlik 190 min tirajla nəşr olunur.

"Zvyazda". Rəsmi dövlət qəzeti. Gündəlik 11796 tirajla nəşr olunur.

"Respublika". Rəsmi hökumət qəzeti. Gündəlik 25000 tirajla nəşr olunur.

***

Türkiyədə 2025-ci ilin statistikasına görə, nəşr edilən qəzetlərin sayı 659 olub.

2025-ci ildə onların ümumi tirajı 392 milyon 797 min 801 ədəd olub.

"Sabah" qəzeti - gündəlik 187 min tiraj.

"Hürriyet" qəzeti - gündəlik 186 min tiraj.

"Sözçü" qəzeti - gündəlik 175 min tiraj.

"Milliyet" qəzeti - gündəlik 118 min tiraj.

***

Almaniyada mərkəzi və regional olmaqla 300-dən artıq qəzet dərc olunur. Ölkənin siyasi həyatında və ictimai rəyin formalaşmasında bu qəzetlər böyük rol oynayırlar.

"Bild" - gündəlik 980 min tiraj.

"Die Zeit" - gündəlik 639 min tiraj.

"Süddeutsche Zeitung" - gündəlik 311 min tiraj.

"Frankfurter Allgemeine Zeitung (FAZ)" - gündəlik 300-380 min tiraj.

***

Dünyada həmişə qəribə işlər olur!

108-ci yaşın mübarək, "Azərbaycan"!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq

08:45
15 Sentyabr

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

08:45
15 Sentyabr

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

08:42
15 Sentyabr

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

08:40
15 Sentyabr

Bakı-Brüssel münasibətləri: qlobal reallıqlara əsaslanan strateji tərəfdaşlıq

08:40
15 Sentyabr

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür

08:39
15 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb

08:38
15 Sentyabr

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

08:34
15 Sentyabr

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

08:33
15 Sentyabr

Böyük amal: istiqlal salnaməçiləri

08:30
15 Sentyabr

"Azərbaycan" zəmanəmizin ideya-siyasi tribunasıdır

08:20
15 Sentyabr

Azərbaycanın dövlətçilik tarixini yazan qəzet

08:10
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!