Azərbaycanın dövlətçilik salnaməsində elə tarixi məqamlar var ki, həmin dövrdə qəbul edilən taleyüklü qərarlar milli müqəddəratın və sonrakı inkişafın əsas istiqamətini müəyyənləşdirib. 1990-cı illərin əvvəllərində ölkəni bürüyən dərin siyasi və sosial-iqtisadi böhran, eləcə də dövlət müstəqilliyinin itirilməsi təhlükəsi xalqımızın taleyində həlledici sınaq anına çevrilmişdi.
Məhz 1993-cü ildə baş verən mühüm siyasi proseslər Azərbaycanı süqutdan xilas edərək yeni və nizamlı bir mərhələnin möhkəm təməlini qoydu.
Müstəqillik tariximizdə elə fenomenal şəxsiyyətlər var ki, onların siyasi irsi və qətiyyəti yalnız konkret bir dövrü əhatə etmir, bütövlükdə dövlətin gələcək strateji inkişaf xəttini müəyyən edir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti məhz belə misilsiz xilas və yüksəliş mərhələləri ilə səciyyələnir. Bu mənada 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan Respublikasının tarixində hüquqi, siyasi və mənəvi baxımdan əlamətdar bir dönüş nöqtəsi oldu. Xalqın yekdil iradəsi və böyük etimadı ilə Ulu Öndərin ölkə rəhbərliyinə seçilməsi Azərbaycanda sabitliyin, milli həmrəyliyin və davamlı tərəqqinin başlanğıcını qoydu.
Müstəqilliyinin ilk illərində Azərbaycan böyük sınaqlarla üzləşdi. Səriştəsiz və təcrübəsiz rəhbərlik nəticəsində ölkədə siyasi, sosial və hərbi sahələrdə dərin böhranlar yarandı. Əgər həmin çətin dövrdə dövlətin idarəetmə sükanı Ulu Öndər Heydər Əliyev kimi uzaqgörən və qətiyyətli bir şəxsiyyətin əlində olsaydı, xalqımız qanlı toqquşmalardan, müharibə faciələrindən və sosial-iqtisadi çətinliklərdən qoruna bilərdi. Təəssüf ki, əvvəlcə Ə.Vəzirovun, sonra A.Mütəllibovun, daha sonra isə AXC-Müsavat iqtidarının hakimiyyəti dövründə bu reallıq nəzərə alınmadı. Heydər Əliyev yolunun alternativsizliyini dərk etməyənlər ölkəni dərin siyasi və sosial böhrana sürüklədilər. Nəticədə dövlətçilik ciddi təhlükə altına düşdü və idarəçilikdə aciz qalan həmin qüvvələr Azərbaycanı fəlakət girdabında tək bıraxaraq geri çəkildilər.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdarkən bəyan etmişdi ki, Azərbaycan bu ağır çətinlikləri geridə qoyacaq, vətəndaşlar isə güclü və qüdrətli bir dövlətin vətəndaşı olmaqdan qürur duyacaqlar: "Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".
1993-cü ildən başlayaraq Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşıb inkişaf etməsi, sosial-iqtisadi sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etdiyi dövr müasir tariximizdə dönüş nöqtəsi oldu. Məhz həmin illərdə milli dövlətçiliyin təməli möhkəmləndirildi, ölkənin daxili və xarici siyasətində uzunmüddətli strateji xətt müəyyən olundu. Ulu Öndər qısa zaman ərzində ölkədə hökm sürən hərc-mərcliyə və anarxiyaya son qoydu. Qanunun aliliyi təmin edildi, hüquqi və demokratik dəyərlərə əsaslanan yeni Konstitusiya qəbul olundu, müasir idarəetmə strukturları formalaşdırıldı. Vətəndaş həmrəyliyi bərpa edildi, iqtisadi inkişafın əsasını təşkil edən irimiqyaslı qlobal layihələr həyata keçirildi. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Ulu Öndər Heydər Əliyevin neft strategiyasının parlaq təzahürü kimi Azərbaycanın qlobal iqtisadi sistemdəki yerini müəyyənləşdirdi və ölkənin uzunmüddətli inkişafının təməlini qoydu. Onun siyasi iradəsi və uzaqgörənliyi ilə reallaşan "Əsrin müqaviləsi", eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi beynəlxalq layihələr Azərbaycanın iqtisadi inkişafına ciddi impuls verdi. Ümummilli Lider təkcə müstəqil Azərbaycan dövlətinin əbədiliyini təmin etməklə kifayətlənmədi, eyni zamanda milli dövlətçilik ənənələrinin əsasını qoyaraq müasir idarəçilik məktəbini yaratdı.
Dahi şəxsiyyət öz əzmi və uzaqgörən siyasəti ilə qurub-yaratdığı, şah əsəri sayılan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı cənab İlham Əliyevə etibar edib. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və müdrik sərkərdəliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu tarixi Zəfər Ümummilli Liderin ən böyük arzusu olan Qarabağın düşmən işğalından azad edilməsi ilə gerçəkləşdi. Dahi şəxsiyyət illər əvvəl böyük uzaqgörənliklə demişdi: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır".
Böyük liderin illərlə səbirlə gözlədiyi o şanlı an, nəhayət, 2020-ci ilin noyabrında gəldi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və möhkəm təməlləri sayəsində Azərbaycan dövləti ilbəil güclənərək siyasi, iqtisadi və hərbi sahələrdə əhəmiyyətli uğurlar qazandı. Beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmiz öz suverenliyini və milli maraqlarını qorumaq iqtidarında olan qüdrətli dövlətə çevrildi. Bu strateji yanaşma və ardıcıl siyasət nəticəsində Azərbaycan müasir və güclü döyüş qabiliyyətli ordu yaratdı. 44 günlük Vətən müharibəsində xalq, ordu və dövlət birliyi bütün dünyaya nümunə oldu və nəticədə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, işğal altında olan torpaqlarımız azad olundu.
Bu gün həm ölkə, həm də xalq olaraq qəti əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" kimi tarixi bəyanatı artıq gerçəkləşib. Azərbaycanın şanlı bayrağı Qarabağın bütün bölgələrində dalğalanır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə və cəmi 23 saat 43 dəqiqə ərzində peşəkarlıqla həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qətiyyətli siyasi iradə, güclü ordu, xalq-iqtidar birliyi və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe sayəsində ölkəmiz yalnız regionda deyil, bütün dünyada haqqın və ədalətin parlaq nümunəsinə çevrildi.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı