03 Oktyabr 2026 08:25
545
SİYASƏT
A- A+
Suqovuşanın azad edilməsi Zəfər yürüşünün strateji uğuru oldu

Suqovuşanın azad edilməsi Zəfər yürüşünün strateji uğuru oldu


Altı il əvvəl Azərbaycan xalqı hər səhəri cəbhədən gələcək xəbərlərin intizarı ilə açırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu elə ilk gündən illər ərzində qurulmuş müdafiə xətlərini yararaq işğal altındakı torpaqlarımızın azad edilməsinə başladı. Həmin günlərdə cəbhədə qazanılan hər uğur təkcə xəritədə bir ərazinin geri qaytarılması deyildi. Hər azad olunan yüksəklik, hər kənd və yaşayış məntəqəsi 30 ilə yaxın doğma yurdlarına qayıdacağı günü gözləyən insanların ümidini gerçəyə çevirirdi.

Vətən müharibəsinin hər günü tariximizin ayrıca bir səhifəsinə çevrildi. Ordumuz illər boyu möhkəmləndirilmiş mövqeləri, mühəndis-istehkam qurğularını yararaq irəliləyir, yeni strateji mövqelərə nəzarəti təmin edirdi. Cəbhədən gələn hər qələbə xəbəri böyük sevinc və qürurla qarşılanırdı. Belə xəbərlərdən biri 2020-ci il oktyabrın 3-də gəldi. Müharibənin yeddinci günündə Azərbaycan Ordusu Suqovuşanı işğaldan azad etdi. Suqovuşanın azad edilməsi Vətən müharibəsinin ilk strateji uğuru idi. Prezident İlham Əliyev həmin əməliyyatı dəyərləndirərkən Suqovuşanın müharibənin ilk günlərində azad edilməsini böyük uğur və qələbə adlandırıb, qəsəbənin yerləşdiyi ərazinin sonrakı əməliyyatlarda Azərbaycan Ordusuna üstünlük yaratdığını bildirdi.

Oktyabrın 3-də Müzəffər Ali Baş Komandan İlham Əliyev sosial şəbəkə hesabında ordumuzun Madagizdə Azərbaycan bayrağını qaldırdığını elan etdi. Elə həmin gün dövlət başçısı yaşayış məntəqəsinin tarixi adının bərpa edildiyini də açıqladı. Beləliklə, qondarma Madagiz adı tarixə qovuşdu, Suqovuşanın adı özünə qaytarıldı. Sonralar təsis edilən "Suqovuşanın azad olunmasına görə" medalının üzərində də "3 OKTYABR 2020" tarixinin əks olunması həmin günün Azərbaycanın hərb tarixindəki yerini təsdiqlədi.

Suqovuşanın azadlığı yalnız bir yaşayış məntəqəsinin düşmən nəzarətindən çıxarılması demək deyildi. Əməliyyatın hərbi-strateji əhəmiyyəti olduqca böyük idi. Ərazinin mürəkkəb relyefi, burada yaradılmış çoxsaylı müdafiə xətləri və yüksəkliklərdə qurulmuş mövqelər döyüşləri daha da çətinləşdirirdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, Talış və Suqovuşan istiqamətində çox güclü istehkamlar qurulmuş, bir neçə müdafiə xətti yaradılmışdı. Azərbaycan Ordusu şiddətli döyüşlər nəticəsində həmin müdafiəni yararaq həm Talışı, həm də Suqovuşanı azad etdi. Yeni yaşayış məntəqələrinin, xüsusilə Suqovuşan və Talışın azad olunması orduda və cəmiyyətdə qələbəyə inamı daha da gücləndirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, həmin uğur Azərbaycan Ordusuna və xalqına əlavə mənəvi güc verdi. Bir gün sonra, oktyabrın 4-də isə Cəbrayıl şəhərinin azad edilməsi ilə Zəfər yürüşü yeni mərhələyə qədəm qoydu.

Suqovuşanın strateji əhəmiyyətini artıran əsas amillərdən biri də onun yerləşdiyi ərazi və burada mühüm su ehtiyatlarının olması idi. Suqovuşan su anbarının nəzarətə götürülməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev 2020-ci ilin oktyabrında verdiyi müsahibədə Suqovuşandakı yüksəkliklərin böyük əraziyə nəzarət etməyə imkan verdiyini, eyni zamanda burada mühüm su anbarının yerləşdiyini bildirmişdi. İşğal illərində su təminatında yaranmış problemlər səbəbindən geniş ərazilərdə alternativ su mənbələrindən istifadə etmək zərurəti yaranmışdı. Bu yaşayış məntəqəsi azad edildikdən sonra su ehtiyatlarından yenidən istifadə imkanları yarandı.

Suqovuşanın azad olunmasından sonra Azərbaycan Ordusunun irəliləyişi davam etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, çoxsaylı kəndlər və strateji yüksəkliklər bir-birinin ardınca azad edildi. Noyabrın 8-də Şuşada Azərbaycan bayrağının dalğalanması isə 44 günlük Vətən müharibəsinin həlledici hadisəsinə çevrildi. Ümumilikdə döyüş əməliyyatları nəticəsində 300-dən çox yaşayış məntəqəsi və mühüm strateji yüksəklik Azərbaycan Ordusu tərəfindən azad edildi.

Müharibədən sonra Suqovuşanda yeni bir dövr - bərpa və quruculuq mərhələsi başlandı. İlk növbədə ərazinin enerji, yol, su və digər infrastrukturunun yenidən qurulmasına başlanıldı. "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su-Elektrik stansiyaları əsaslı şəkildə yenidən quruldu. Ümumi gücü 7,8 meqavat olan stansiyaların idarəetmə mərkəzləri, avadanlıqları və elektrik veriliş xətləri yeniləndi. "Suqovuşan-1"də ildə 13,8 milyon, "Suqovuşan-2"də isə 8,7 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutuldu.

Suqovuşanın inzibati statusunda da dəyişiklik oldu. 2023-cü il dekabrın 5-də Suqovuşan Ağdərə rayonunun tərkibinə daxil edildi. Bununla yanaşı, Böyük qayıdış çərçivəsində yaşayış məntəqəsinin bərpası sürətləndirildi. Məqsəd yalnız dağıdılmış infrastrukturu yenidən qurmaq deyil, keçmiş məcburi köçkünlərin uzun illərdən sonra öz doğma yurdlarında daimi, rahat və təhlükəsiz yaşayışını təmin etmək idi.

2025-ci il martın 18-i Suqovuşanın tarixində daha bir əlamətdar gün oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa edilmiş yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etdilər və yeni mənzillərə köçən sakinlərə evlərin açarlarını təqdim etdilər.

Suqovuşanda həyatın yenidən canlanması Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı Böyük qayıdış prosesinin bir hissəsidir. Bu gün azad edilmiş ərazilərdə yalnız yeni yaşayış məntəqələri qurulmur, eyni zamanda insanların daimi yaşaması, işləməsi və təhsil alması üçün zəruri infrastruktur yaradılır. Prezident İlham Əliyev oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Dövlət başçısı bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsaitin xərcləndiyini, həmin vəsaitin böyük əksəriyyətinin infrastruktur layihələrinə yönəldildiyini qeyd edib. Azərbaycan Prezidenti bildirib: "Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və eyni zamanda bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük qayıdış daha da sürətlə gedəcək". Bu rəqəmlər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuğun miqyasını göstərməklə yanaşı, illərlə doğma yurdlarından ayrı düşmüş insanların qayıdışının artıq geniş və davamlı prosesə çevrildiyini göstərir. Suqovuşan da bu Böyük qayıdışın ünvanlarından biridir. Hazırda kəndin 180 ailə - 591 nəfər sakini var.

Suqovuşanın dirçəlişi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən geniş bərpa prosesinin bir hissəsidir. Yeni avtomobil yolları, elektrik stansiyaları, su anbarları, məktəblər, yaşayış kompleksləri və digər sosial obyektlər keçmiş məcburi köçkünlərin geri qayıdışı üçün zəruri şərait yaradır. Su ehtiyatlarının idarə olunması istiqamətində də mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyev 2026-cı ildə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Suqovuşan və digər su anbarlarının yenidən qurulduğunu, Qarabağ və Şərqi Zəngəzurda ölkənin su ehtiyatlarının təxminən 25 faizinin formalaşdığını bildirib.

2020-ci ildə Suqovuşandan gələn qələbə xəbəri qarşıdakı böyük Zəfərin mühüm müjdələrindən biri olmuşdu. Həmin gün qazanılan hərbi üstünlük sonrakı əməliyyatlara yol açdı, Azərbaycan Ordusunun və xalqının qələbəyə inamını daha da möhkəmləndirdi. Bir zamanlar azadlığı uğrunda döyüş gedən Suqovuşanda indi quruculuq davam edir, sakinlər öz doğma yurdlarında yeni həyat qururlar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!