03 Oktyabr 2026 08:40
136
SİYASƏT
A- A+
ZƏFƏR gündəliyi

ZƏFƏR gündəliyi


3 oktyabr


İlham Əliyevdən xalqa müjdə: "Suqovuşanda bayrağımız qaldırıldı!"


Oktyabrın 3-də bütün cəbhəboyu gərgin döyüşlər davam edib. Gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.


Düşmən dinc əhalini atəşə tutub


Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri ağır artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.


Prezident və Mehriban Əliyeva əməkhaqlarını yardım fonduna ianə ediblər


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Dövlət başçısının 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 2020-ci il oktyabrın 1-dək  120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000 rubl vəsait daxil olub. 


Ali Baş Komandan xalqa müjdə verib


Ali Baş Komandan "Tviter" (indiki "X") səhifəsində paylaşım edərək xalqa müjdəli xəbər verib:

"Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"


İlham Əliyev Madagizin tarixi adını bərpa edir - Suqovuşan


Bu xoş xəbərin ardınca Prezident daha bir məlumat paylaşıb: "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!"


Azərbaycan Ordusu bir neçə kəndimizi azad edib


Günün sonunda Ali Baş Komandan xalqa daha bir müjdəli xəbər verib. Prezident "Tviter" (indiki "X") səhifəsində yazıb: "Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad edib.

Qarabağ Azərbaycandır!"


Düşmənin atəş mövqeləri susdurulub


Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bütün cəbhəboyu şiddətli döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. 

Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.


Erməni əsgərləri döyüş mövqeyini tərk edərək qaçıb


Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.


4 oktyabr


İlham Əliyevdən növbəti zəfər müjdəsi: "Cəbrayıl şəhəri işğaldan azad edilib"


Oktyabrın 4-də Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə, işğal altında olan ərazilərimizdən isə Ağdam və Tərtər rayonlarının kəndləri artilleriya atəşinə tutulub.

Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulub.  Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, proses davam edib.


Gəncə şəhəri raket hücumuna məruz qalıb


Düşmən Gəncə şəhərini Ermənistan ərazisindən atəşə məruz qoyub. Mülki əhali arasında ölən və yaralananlar olub. Yaşayış və ictimai-iaşə obyektlərinə ciddi ziyan dəyib. Erməni tərəfi isə məlumat yayaraq guya Gəncədəki hərbi obyektlərə atəş açılıb. Dünya bir daha erməni rəzilliyinə şahidlik edib. 

Dünya bir daha şahidlik edib ki, düşmən tərəfindən açılan atəş nəticəsində Gəncədə dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.


Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülüb


Düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələri məhv edilib. Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir. Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülüb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov açıqlama verərək bildirib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir.


Mübariz İbrahimovun həlak olduğu posta bayrağımız sancılıb


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancılıb.

Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.


Cəbrayıl şəhəri və bir neçə kənd işğaldan azad edilib


Ali Baş Komandan İlham Əliyev rəsmi "Tviter" (indiki "X") səhifəsində paylaşım edərək xalqa növbəti müjdəni verib:  "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"


Mehriban Əliyeva: "Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!"


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib:

"Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"


Ali Baş Komandan birlik komandirlərini, şəxsi heyəti təbrik edib


Ali Baş Komandan İlham Əliyev birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. Onlara tapşırıq verib ki, müzəffər sərkərdənin təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar. 

Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirərək, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.


Ali Baş Komandan: "Biz tarixi ədaləti bərpa edirik"


Axşam saatlarında Prezident xalqa müraciət edib. Prezident Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə xalqı təbrik edib. 

Ali Baş Komandan deyib ki, bir həftədir döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaq: "Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır". 

Prezident deyib ki, Azərbaycan tarixində bir çox şərəfli anlar olub, amma onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Azərbaycan ədaləti bərpa edir: "Biz Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"


İlham Əliyev atəşkəs şərtlərini bir daha açıqlayıb


Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" televiziya kanalına müsahibə verərək bir daha bəyan edib ki, Azərbaycanı heç kim haqq yolundan döndərə bilməz. 

"Hadisələrin nəzarətdən çıxdığını düşünmürəm, vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir" deyən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan  atəşkəs istəyirsə, Azərbaycandan üzr istəyib, torpaqlarımızdan çıxmaqla bağlı vaxt cədvəli təqdim etsin. Belə olarsa, Azərbaycan Ordusunun uğurlu əməliyyatları dayandırılacaq və danışıqlar aparılacaq.

"Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və "Qarabağ Ermənistandır" deməklə azərbaycanlıların hisslərini təhqir etmiş Ermənistanın baş naziri üzr istəməli və deməlidir ki, "Qarabağ Ermənistan deyil". Mənim sözüm budur".


5 oktyabr


İlham Əliyev: "Paşinyan Azərbaycan xalqından üzr istəməlidir"


Oktyabrın 5-də cəbhənin bütün istiqamətlərində döyüşlər gedib. Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk,  Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb. Bütün cəbhəboyu sıxışdırılan düşmən Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirib. Eyni zamanda Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edib və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini iddia edib. Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edib.

Prezident İlham Əliyev Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibəsində deyib ki, hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir. Artıq Cəbrayıl şəhəri işğaldan azad edilib və Cəbrayıl rayonunun bir neçə kəndi də düşməndən təmizlənib. 

Dövlət başçısı vurğulayıb ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq: "Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək". 

Ali Baş Komandan bir daha savaşın dayandırılması ilə bağlı təkliflərini səsləndirərək bildirib ki, Ermənistanın baş naziri Azərbaycan xalqından üzr istəməlidir. Deməlidir ki, Qarabağ Ermənistan deyil. Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. 

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan nə zaman çıxacağını söyləməli və bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq və Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq: "Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz 30 ildir ki, gözləyirik, 30 il bizə verilən vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı artıq buna dözə bilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarix deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar".


Mehriban Əliyeva xalqı erməni uydurmasına qarşı birliyə çağırıb


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir:

"Əziz həmvətənlər! Rəşadətli ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik.

Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim ordumuzu, xalqımızı və Vətənimizi qorusun!"


Talış kəndində Azərbaycan bayrağı dalğalandırılıb


Beyləqan, Bərdə və Tərtər şəhərləri, Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

İşğaldan azad edilmiş Talış kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Müdafiə Nazirliyi videogörüntülər yayaraq düşmənin bütün inkarlarına rəğmən onun ürəyinə dağ basır.


Gəncə və Ağcabədi atəşə tutulub


Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri, həmçinin Ağcabədi şəhəri atəşə tutulur, yaralananlar olub.


Düşmənin hərbi texnikası qənimət götürülüb, atəşli reaktiv sistemi məhv edilib


Döyüşlərdə erməni hərbçilərinin atıb qaçdığı silah və texnikalar qənimət kimi götürülüb. Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2, 41-ci artilleriya bölməsinin 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilir.


Müzəffər Ali Baş Komandandan xalqa növbəti müjdə


Günün sonunda Prezident xalqa daha bir müjdəli xəbər verib. İlham Əliyev özünün rəsmi "Tviter" (indiki "X")  səhifəsində yazıb: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!"


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müəllimlər dövlət qayğısı ilə əhatə olunur

09:05
03 Oktyabr

Mülki əhaliyə zərbə endirmək düşmənin rəzil və gücsüzlüyünü göstərirdi

08:55
03 Oktyabr

Tibb elmi və səhiyyəsinin unudulmaz siması

08:45
03 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
03 Oktyabr

"ADEX 2026" sərgisi müdafiə sənayesi məhsullarının daha bir nümayişinə çevrildi

08:35
03 Oktyabr

"Taleyimiz öz əlimizdədir"

08:30
03 Oktyabr

Suqovuşanın azad edilməsi Zəfər yürüşünün strateji uğuru oldu

08:25
03 Oktyabr

Zəfərin ilk azad şəhəri - CƏBRAYIL

08:20
03 Oktyabr

Heydər Əliyev - Xalq birliyinin qələbəsi

08:15
03 Oktyabr

Naxçıvandan türk dünyasına uzanan böyük yol

08:10
03 Oktyabr

Uzaqgörən siyasətdəntarixi Zəfərə uzanan yol

08:05
03 Oktyabr

Qüdrətli Azərbaycan dövlətinin memarı

08:00
03 Oktyabr

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:19
03 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

01:18
03 Oktyabr

M.C.Mərdanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

01:17
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:16
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:15
03 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

01:11
03 Oktyabr

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

22:01
02 Oktyabr

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub  

20:39
02 Oktyabr

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib  

20:13
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!