03 Oktyabr 2026 08:00
210
SİYASƏT
A- A+
Qüdrətli Azərbaycan dövlətinin memarı

Qüdrətli Azərbaycan dövlətinin memarı


Oktyabrın 3-də Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 33-cü ili tamam olur. Həmin gün Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin xalqın böyük səs çoxluğu ilə Prezident seçilməsi mühüm tarixi hadisə, ölkəmizin müstəqilliyə və suverenliyə gedən qurtuluş yolunun ilk pilləsi olmaqla, qüdrətli Azərbaycan dövlətinin təməlinin qurulduğu gün kimi yaddaşlara həkk olunub. 

Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki nitqində deyirdi: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm". Dahi şəxsiyyət andına əməl edərək 10 illik prezidentliyi dövründə ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxararaq qlobal kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmət etməyin əyani nümunəsini yaratdı. 

Bu gün vətəndaşı olmağımızla fəxr etdiyimiz Azərbaycan Respublikası zəngin dövlətçilik ənənələrinə sahib olmaqla çox uzun bir dövrü əhatə edən böyük inkişaf yolu keçmişdir. Təlatümlərlə keçən bu yolda elə dövrlər olub ki, həmin müddətdə xalqın və dövlətin gələcək taleyini müəyyən edən çox böyük bir tarixi inkişafın başlanğıcının əsası qoyulub. Bu əzəmətli tarixi yaradanlar isə heç vaxt unudulmayan dahi şəxsiyyətlər kimi yaddaşlara həkk olunublar. Keçən əsrin 70-ci illərindən başlayaraq Vətənimizin tarixində çox əlamətdar dövrün əsasını qoyan isə Heydər Əlirza oğlu Əliyevdir. 

İlk dəfə Ulu Öndər müstəqil Azərbaycanın qurulması işinə 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə başlamışdır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdən birini tuturdu. Azərbaycan bütün ittifaqı ən qiymətli təbii sərvət sayılan və sosial-iqtisadi inkişafın əsasını təşkil edən neftlə təmin etdiyi halda əhalinin yaşayış səviyyəsinə görə heç bir iqtisadi resursu olmayan digər respublikalardan geridə qalırdı. Ümummilli Liderimizin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi.

Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi nəticəsində qazanılan uğurlar hörmətli Prezident İlham Əliyevin "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır". Azərbaycana həmin dövrdə uğurla rəhbərlik etdikdən sonra SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan Heydər Əliyev daha geniş miqyasda dövlətə rəhbərlik etmək bacarığını sübut etsə də, onun xalq arasında getdikcə genişlənən böyük nüfuzunu gözü götürməyənlərin qərəzçiliyi ilə 1987-ci ildə SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən çıxmağa məcbur oldu. Bir qədər Moskvada yaşadıqdan sonra 1990-cı ildə doğma diyarı olan Naxçıvana qayıtdı. Həmin il naxçıvanlılar dahi şəxsiyyət Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat seçdilər. 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçilən Heydər Əliyev bu vəzifədə də Naxçıvan bölgəsinin sosial-iqtisadi inkişafı və təhlükəsizliyinin təmin olunmasında müstəqilliyin yaratdığı imkanlardan bacarıqla istifadə etməyin bariz nümunəsini yaratdı. Onu da qeyd edək ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyünün vəzifə hərisliyi və respublikamıza səriştəsiz rəhbərliyi əvəzinə Heydər Əliyevin həmin dövrdə ölkə rəhbərliyinə dəvət olunması bizi bir çox bəladan hifz edər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın və Şuşa xəyanətlərin qurbanı olmaz, ərazimizin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Bunun məntiqi nəticəsi kimi müstəqilliyimizin ilk dövrü olan 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Həmin dövrün iqtidarı isə xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmir və ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdən çıxış yolu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyev simasında görürdü. Yaranmış bu çox təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Eyni zamanda 1992-ci ilin oktyabrında Azərbaycanın "91-lər" adlanan ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. Xalqın təkidli tələbini və özünün ən çox töhfə verdiyi bu müstəqilliyin çox ciddi təhlükə ilə üzləşdiyini nəzərə alaraq Heydər Əliyev, nəhayət, Bakıya gəldi və həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollanıb bölgədə davam edən qiyamın qarşısını aldı. 

Xalqın sevgisini qazanmış Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin vaxt mən Milli Məclisin deputatı idim və tale elə gətirdi ki, 1997-ci il iyunun 17-də parlamentin iclasında çıxış edərək 15 iyun tarixinin Azərbaycan xalqının Milli Qurtuluş günü kimi elan edilməsi barədə təklif vermək mənə qismət oldu. Bundan 10 gün sonra, iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da xalqımızın müxtəlif təbəqələrinin nümayəndələrinin oxşar müraciət etmələri vurğulanaraq mənim təklifimi dəstəklədilər. Həmin iclasda Milli Məclisin qərarı ilə 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu və Azərbaycan Respublikasının bayram günləri siyahısına daxil edildi. Heydər Əliyev bu vəzifədə də özünün xilaskarlıq missiyasını davam etdirməyə başlayaraq 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayan Heydər Əliyevin ilk vaxtlardan həyata keçirdiyi uğurlu siyasət sayəsində kiçik bir ölkə olan Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilməyə başladı. Respublikamızın gələcək inkişafını və müstəqilliyin möhkəmləndirilməsini ölkədə siyasi-ictimai və hərbi sabitliyin təmin olunmasında görən Heydər Əliyev 1994-cü ilin aprel ayında Ermənistanla atəşkəs əldə etmək üçün Bişkekdə sazişin imzalanmasına nail oldu. İqtidarın həyata keçirdiyi möhtəşəm quruculuq işlərinə mane olan qeyri-qanuni silahlı dəstələr qısa müddət ərzində ləğv edildi, dövlət çevrilişinə cəhdlərin qarşısı yüksək peşəkarlıqla alındı. Ölkədə sabitlik bərqərar oldu, vəzifəli şəxslərdən yüksək məsuliyyət tələb olundu və ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Müstəqilliyin təmin olunmasında əsas amil olan iqtisadiyyatın inkişafı üçün neft strategiyasının formalaşdırılmasına xüsusi diqqət yetirildi. Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi" sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi"nin sayəsində Azərbaycan nefti hələ 1997-ci ildə Bakı-Novorossiysk və 1999-cu ildə Bakı-Supsa neft kəmərləri ilə dünya bazarlarına çıxarıldı. 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində müstəsna xidmətlərindən biri də odur ki, milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etmiş və bu istiqamətdə konkret işlər görmüşdür. Belə ki, müstəqil Azərbaycan Respublikasında dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderin öz xalqı və Azərbaycan dövləti qarşısındakı unudulmaz xidmətləridir. 

Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Konstitusiyada dövlətimizin tarixində ilk dəfə hakimiyyət bölgüsü prinsipi, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunması əks olunmuşdur. Konstitusiyada qeyd olunur ki, Azərbaycan Respublikasının iqtisadi inkişafı bazar münasibətləri əsasında həyata keçirilir. Bununla da Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Parlamentinə keçirilən ilk seçkilər isə dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi bazanın yaradılmasına daha geniş imkanlar açmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Milli Məclisi iqtisadi, siyasi, sosial məsələlərə və digər sahələrə dair indiyə kimi çoxsaylı qanunlar qəbul etmişdir. Bu isə iqtisadi sahədə liberallaşmanın baş verməsinə və bazar iqtisadiyyatına keçidə hüquqi baza yaratmışdır. 

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində ölkəmizin ictimai-siyasi həyatında bir çox əsaslı demokratik dəyişikliklər baş vermişdir. Bunlardan kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, ölüm hökmünün ləğv edilməsi, məhkəmə hakimiyyəti sistemində islahatların aparılması nəticəsində Konstitusiya Məhkəməsinin, Ombudsman və digər mühüm təsisatların yaradılmasını göstərmək olar. 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi milli ideologiyanın - azərbaycançılıq ideologiyasının yaranmasıdır. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası hazırda təkcə Azərbaycan Respublikasında yaşayan şəxsləri yox, həm də müxtəlif ölkələrdə məskunlaşan bütün dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. 

Qlobal düşüncəli, geniş dünyagörüşlü böyük və dünyaşöhrətli siyasətçi olan Heydər Əliyevin istər Azərbaycana birinci rəhbərliyi, istərsə də Sovet İttifaqı rəhbərliyində təmsil olunduğu, habelə Naxçıvan Muxtar Respublikasına və müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə əldə etdiyi heyrətamiz nailiyyətlər hər şeydən əvvəl Heydər Əliyev fenomeni ilə bağlıdır. O, özünə və ətrafındakılara qarşı çox tələbkar idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, müzakirə olunan məsələni yüksək səviyyədə təhlil etmək və ümumiləşdirmək bacarığında, qətiyyətli qərarlar qəbul edib qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində idi. Ümummilli Lider Naxçıvan Muxtar Respublikasına 1991-1993-cü illərdə rəhbərlik etdiyi dövrdə mən onunla birgə işlədiyim vaxtlar dediklərimin dəfələrlə şahidi olmuşam. Heydər Əliyev fitri istedada, qeyri-adi yaddaşa malik çox müdrik bir insan idi. Uzaqgörənliyi, tarixi şəraiti düzgün qiymətləndirməsi, qərarlar qəbul edərkən öncə ölkənin taleyini və milli maraqları üstün tutması, müsahibini təmkinlə dinləmək və həmsöhbətinə təsir etmək bacarığına malik olması Heydər Əliyevə məxsus ali xüsusiyyətlərdir. Qlobal düşüncəli, geniş dünyagörüşlü, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı olan dahi siyasətçi Heydər Əliyevin fəaliyyəti dünyanın ən tanınmış dövlət xadimləri və siyasət korifeyləri tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq nəzərə alınaraq ona "siyasət nəhəngi", "siyasət qrossmeysteri", "siyasət patriarxı" və bu kimi adlar verilmişdir. Bu unudulmaz siyasətçi həm də dahi orator idi. Ulu Öndər Heydər Əliyevin dərin məntiqli nitqi, yüksək natiqlik məharəti, söz seçmək və çıxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə etmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq şəristəsi onu dinləyənləri məftun edirdi. Mən həmişə müşahidə etmişəm ki, Heydər Əliyevin çıxışının əvvəlindən axırına kimi hamı diqqətini ona yönəldir və heyranlıqla dinləyirdi. 

Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti boyu özünün müdrik insan, peşəkar rəhbər, dövlət və milli maraqları həmişə üstün tutaraq xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi, dərin zəkaya və ensiklopedik biliyə malik ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Bütün bunlar hələ Ümummilli Liderin sağlığında hamının qəbul etdiyi faktlardır və ona görə də bu dahi şəxsiyyətin formalaşdırdığı siyasi kurs bu gün də uğurla davam edir. 

Ulu Öndərin siyasi kursunun əsasını dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlər təşkil edir. Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 illik fəaliyyəti dövründə Azərbaycan bu siyasi kursa uyğun irəliləyir və möhtəşəm uğurlar qazanır. Bu gün bütün dünya bilir ki, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində 30 ildən çox Ermənistanın işğalı altında olan torpaqlarımız azad edildi. Bununla da ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu və xalqımızın çoxdankı arzusu yerinə yetirildi. Bu həm də müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi haqqında irəli sürülən Heydər Əliyev siyasətinin parlaq qələbəsi və təntənəsidir. İndi bu istiqamətdə qarşıda duran digər bir mühüm məsələ Azərbaycan-Ermənistan sülh sazişinin bağlanmasıdır. Ulu Öndər hələ 4 iyul 2001-ci ildə Amerika Birləşmiş Ştatlarının milli bayramı - İstiqlaliyyət günü münasibətilə ABŞ-nin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqində demişdir: "Mən əminəm ki, Azərbaycan xalqı bu böyük yol ilə - müstəqillik yolu ilə, insan azadlıqları yolu ilə, bazar iqtisadiyyatı yolu ilə sürətlə irəliləyəcəkdir. Bütün bunlar üçün sülh lazımdır. Sülh, əmin-amanlıq üçün ölkədə sülh lazımdır, bölgədə sülh lazımdır, cahanda sülh lazımdır".

Ümummilli Liderin bu dahiyanə çağırışına uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Ermənistan sülh sazişinin mətni hazırlanaraq qarşı tərəfə təqdim edilmiş və ölkəmizin xarici siyasətində bu sazişin tezliklə imzalanması həm ikitərəfli görüşlərdə, həm də bütün beynəlxalq platformalarda vurğulanır. Respublikamızda son 33 ildə formalaşan və daim təkmilləşən siyasi fəaliyyət kursunun uğurla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmliyinə və dönməzliyinə heç bir şübhə yoxdur. Belə ki, ölkəmiz sosial-iqtisadi inkişaf səviyyəsinə görə dünyanın qabaqcıl ölkələri sırasında yer alır. Bölgədə bütün beynəlxalq layihələrin həyata keçirilməsi respublikamızın razılığı və iştirakı olmadan həyata keçirilə bilməz. Azərbaycan Respublikası yalnız bölgə ölkələri ilə deyil, həm də dünyanın aparıcı və nəhəng ölkələri ilə də hərtərəfli əməkdaşlıq edir. İndi Azərbaycan xaricdən investisiya cəlb edən ölkədən xaricə investisiya qoyan ölkə imici qazanıb. Artıq bir neçə ildir ki, dünyanın ən qlobal tədbirləri respublikamızın paytaxtı Bakı şəhərində keçirilir. Azərbaycan Respublikası beynəlxalq aləmdə yüksək reytinqə malikdir və fərəhli haldır ki, hörmətli Prezident İlham Əliyev çox nüfuzlu beynəlxalq forumlarda iştirak etmək üçün daim dəvət olunur. Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı qüdrətli Azərbaycan Respublikasının memarı olan Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs yaşayır və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 


Eldar İBRAHİMOV, 

Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müəllimlər dövlət qayğısı ilə əhatə olunur

09:05
03 Oktyabr

Mülki əhaliyə zərbə endirmək düşmənin rəzil və gücsüzlüyünü göstərirdi

08:55
03 Oktyabr

Tibb elmi və səhiyyəsinin unudulmaz siması

08:45
03 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
03 Oktyabr

"ADEX 2026" sərgisi müdafiə sənayesi məhsullarının daha bir nümayişinə çevrildi

08:35
03 Oktyabr

"Taleyimiz öz əlimizdədir"

08:30
03 Oktyabr

Suqovuşanın azad edilməsi Zəfər yürüşünün strateji uğuru oldu

08:25
03 Oktyabr

Zəfərin ilk azad şəhəri - CƏBRAYIL

08:20
03 Oktyabr

Heydər Əliyev - Xalq birliyinin qələbəsi

08:15
03 Oktyabr

Naxçıvandan türk dünyasına uzanan böyük yol

08:10
03 Oktyabr

Uzaqgörən siyasətdəntarixi Zəfərə uzanan yol

08:05
03 Oktyabr

Qüdrətli Azərbaycan dövlətinin memarı

08:00
03 Oktyabr

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:19
03 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

01:18
03 Oktyabr

M.C.Mərdanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

01:17
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:16
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:15
03 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

01:11
03 Oktyabr

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

22:01
02 Oktyabr

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub  

20:39
02 Oktyabr

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib  

20:13
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!