Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Dünyanın 100-dən çox ölkəsində müəllimlər oktyabrın 5-ni peşə bayramları kimi qeyd edirlər.
Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilməyə başlanıb.
Müəllim peşəsi tarixən cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü və nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu gün həyatımızın bütün sahələrində sürətlə inkişaf edən müstəqil ölkəmizin daha da güclənməsində mühüm rol oynayan, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir. Eyni zamanda gənclərin vətənpərvər yetişməsində, milli-mədəni irsin qorunmasında, multikultural münasibətlərin inkişafında və milli ruhun aşılanmasında müəllimlərin əməyi danılmazdır.
Müəllim peşəsinə, müəllim əməyinə yüksək qiymət verən dünyaşöhrətli siyasi xadim, müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir: " Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllim adından yüksək ad tanımıram". Qürur hissi ilə qeyd edə bilərik ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təsadüfi deyil ki, XXI əsr Azərbaycanında təhsil əsridir. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilməsi, əlavə korpuslar inşa olunması buna bariz nümunədir. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici haldır ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir.
Yeni, müasir məktəblər, müəllimlərin iş fəaliyyətinə müsbət təsir göstərməklə, təhsil kompleksləri şagird kontingentinin yaxşı bilik alma şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər" fikrini reallığa çevirir.
Son 23 ildə ölkəmizdə 3650-dən çox yeni məktəb tikilib, əsaslı və ya cari təmir olunub. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı, "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək", ümumiyyətlə, dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirir. 2005-ci ildən həyata keçirilən "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsinin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır.
Təhsil işçilərinin əməkhaqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır.
Ucqar kəndlərə işləməyə göndərilən müəllimlərə xüsusi imtiyazların şamil olunması da müəllim əməyinə verilən qiymətdən xəbər verir.
Artıq 6 ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Azərbaycan müəllimi bu gün Qarabağda və Şərqi Zəngəzurda uşaqlara bilik öyrədir.
Azadlığına qovuşan ərazilərimizdə açılan 15-ə yaxın müasir tipli yeni məktəblər bu gün ilk dəfə olaraq qapılarını Qarabağ sevdalı müəllimlərin üzünə açıb. Şuşada, Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda, Suqovuşanda, Xocalıda, Ağdərədə, Kəlbəcərdə, Zəngilanda və digər ərazilərdəki müasir tipli yeni məktəb və məktəbəqədər müəssisələr, Xankəndidə Qarabağ Universiteti ictimaiyyətdə qürur və fərəh hissi doğurur.
Elm və təhsilin inkişafına diqqət və qayğı göstərən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: "Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır".
Azərbaycanın böyük müəllim ordusu var və onlar dövlətin diqqət və qayğısı sayəsində respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər.
Rəhman SALMANLI,
"Azərbaycan"