Dünən Zəngilan şəhəri və Cəbrayıl rayonunun Şükürbəyli kəndi növbəti sakinlərini qarşılayıb
İşğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa prosesi artıq yeni tarixi mərhələnin simvoluna çevrilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr təkcə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması anlamına gəlmir. Bu proses eyni zamanda insanların öz doğma yurdlarına qayıdışı, illərlə yarımçıq qalan həyatların yenidən qurulması, sosial və iqtisadi münasibətlərin bərpası deməkdir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr öz miqyası və sürəti ilə diqqət çəkir. Qüdrətli dövlətimiz tərəfindən bölgənin dirçəldilməsi istiqamətində sistemli addımlar atılır, şəhərsalma müasir yanaşmalar əsasında həyata keçirilir. Burada məqsəd yalnız yaşayış məntəqələrini bərpa etmək deyil, eyni zamanda müasir standartlara uyğun, dayanıqlı və komfortlu həyat mühiti yaratmaqdır.
Azad olunmuş ərazilərdə həyata keçirilən tikinti və infrastruktur layihələri bir neçə əsas istiqaməti əhatə edir. Bunların sırasında yolların çəkilməsi, elektrik və qaz xətlərinin qurulması, su təminatının yaradılması, rabitə sistemlərinin yenilənməsi, məktəb və xəstəxanaların tikilməsi xüsusi yer tutur. Uzun illər tamamilə dağıdılmış vəziyyətdə qalan yaşayış məntəqələrində demək olar ki, bütün infrastrukturlar sıfırdan qurulur.
Müasir şəhərsalma yanaşmasının əsas elementlərindən biri də "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqidir. Bu model çərçivəsində tikilən yaşayış məntəqələrində ekoloji təhlükəsizlik, rəqəmsal idarəetmə, enerjidən səmərəli istifadə və vətəndaş rahatlığı əsas prioritetlər kimi müəyyənləşdirilib. Yeni qurulan kənd və şəhərlərdə alternativ enerji mənbələrinin tətbiqi, elektron xidmətlərin təşkili və rəqəmsal infrastrukturun yaradılması bölgənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Quruculuq işlərinin mühüm istiqamətlərindən biri də sosial infrastrukturun formalaşdırılmasıdır. Yeni məktəblər, uşaq bağçaları, tibb müəssisələri və sosial xidmət obyektləri insanların rahat yaşayışını təmin etmək məqsədi daşıyır. Dövlətin əsas məqsədi yalnız əhalini doğma torpaqlarına qaytarmaq deyil, eyni zamanda onlar üçün təhlükəsiz və yüksək həyat standartlarına uyğun mühit yaratmaqdır.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın əsas milli prioritetlərindən biridir. Dövlət başçısı mayın 10-da Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri torpaqlarımızın işğaldan azad olunması idi və Azərbaycan xalqı bu vəsiyyəti yerinə yetirdi. Bu gün ölkənin hər qarış torpağında Azərbaycanın suverenliyi tam təmin olunub.
Zəngilan şəhərində istifadəyə verilən ilk yaşayış kompleksi bölgədə həyata keçirilən yenidənqurma işlərinin mühüm nümunələrindən biridir. İki hektardan artıq ərazidə salınmış kompleksdə ümumilikdə 12 bina tikilib. Buraya həm üçmərtəbəli çoxmənzilli binalar, həm də "townhouse" tipli ikimərtəbəli evlər daxildir. Kompleksdə ümumilikdə 104 mənzil mövcuddur. Mənzillərin əksəriyyəti sakinlərin istifadəsinə verilib, müəyyən hissəsi isə xidməti məqsədlər üçün nəzərdə tutulub. Buradakı mənzillər müxtəlif ailə tərkibinə uyğun şəkildə 2, 3, 4 və 5 otaqlı formatda inşa olunub.
Yeni yaşayış kompleksində sakinlərin rahatlığı üçün geniş imkanlar yaradılıb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolaqları, yeraltı və yerüstü dayanacaqlar salınıb. Kompleks şəhərin Baş planına uyğun olaraq məktəb, uşaq bağçası və park ərazilərinə yaxın yerləşdirilib. Bu yanaşma gələcəkdə şəhərin daha rahat və funksional inkişafına xidmət edir.
Zəngilan şəhərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geridönüşü davam edir. Dünən 5 ailə olmaqla 26 nəfər öz yurduna qovuşub. Bununla da Zəngilanda məskunlaşan insanların sayı 339 nəfərə (84 ailə) çatıb. Bu rəqəmlər göstərir ki, "Böyük qayıdış" proqramı sürətlə həyata keçirilir.
Zəngilanda icra olunan layihələr sırasında turizm və xidmət sektorunun inkişafına yönəlmiş təşəbbüslər də xüsusi yer tutur. Prezident İlham Əliyev mayın 10-da "Zangilan City Park Hotel"in təməlini qoyub. 1,5 hektarlıq ərazidə tikiləcək hotel bölgənin turizm potensialının inkişafına mühüm töhfə verəcək. Burada 116 otağın yaradılması nəzərdə tutulur və eyni vaxtda 241 nəfərin yerləşməsi mümkün olacaq. Hoteldə restoran, iclas zalları, idman zalı və açıq terras fəaliyyət göstərəcək. Layihənin daha bir mühüm tərəfi isə məşğulluğa töhfəsi olacaq. Yeni hotelin istifadəyə verilməsindən sonra 120 nəfər işlə təmin ediləcək.
Qarabağda yenidən qurulan yaşayış məntəqələrindən biri də Cəbrayıl rayonunun Şükürbəyli kəndidir. Dünən kəndə 107 ailə olmaqla 453 nəfər köçürülüb. Bununla da kənd sakinlərinin sayı 915 nəfərə (214 ailə) çatıb. Şükürbəyli Cəbrayıl rayonunun mühüm yaşayış məntəqələrindən biri hesab olunur və rayon mərkəzindən 18 kilometr məsafədə yerləşir. Burada həyata keçirilən quruculuq işləri kəndin tamamilə yeni simada formalaşdırılmasına şərait yaradıb. Şükürbəyli kəndində inşa edilən 360 şagird yerlik məktəb binası bölgədə təhsilin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Müasir standartlara uyğun tikilən məktəbdə şagirdlərin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Təhsil müəssisələrinin tikintisi dövlətin Qarabağda insan kapitalının formalaşdırılmasına verdiyi önəmin göstəricisidir.
Şükürbəyliyə gələcək mərhələlərdə daha çox ailənin köçürülməsi nəzərdə tutulur. Buraya yalnız kəndin əvvəlki sakinləri deyil, həmçinin Şıxalıağalı, Dəjəl və Mahmudlu yaşayış məntəqələrinin sakinləri də daxil olacaq. Ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin bu əraziyə köçürülməsi planlaşdırılır. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Bu evlərin böyük hissəsi sakinlərin istifadəsinə təqdim olunub, bir qismi isə xidməti məqsədlər üçün ayrılıb.
Şükürbəyli kəndində sosial infrastrukturun qurulmasına da xüsusi diqqət yetirilib. Burada iki uşaq bağçası, tibb məntəqəsi, musiqi məktəbi, icma mərkəzi və inzibati bina tikilib. Kənddə sakinlərin rahat yaşayışı üçün bütün əsas kommunal xidmətlər yaradılıb. Elektrik yarımstansiyası istifadəyə verilib, qaz, su, rabitə, internet və "İP TV" şəbəkələri qurulub, yollar asfaltlanıb. Bütün bunlar onu göstərir ki, yeni salınan yaşayış məntəqələri müasir kənd modelinə uyğun şəkildə formalaşdırılır.
Bu gün 35 minə yaxın keçmiş məcburi köçkün doğma torpaqlarında yaşayır. Bu rəqəm Azərbaycanın iqtisadi və siyasi gücünün təzahürüdür. Bu proses regionun gələcək inkişaf modelini formalaşdırır, yeni iqtisadi imkanlar yaradır və sosial rifahın yüksəlməsinə xidmət edir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"