Müasir dünyamızda müxtəlif səbəblərin təsiri ilə ayrı-ayrı dövlətlər arasında ixtilafların gücləndiyi, gərginliklərin artdığı bir zamanda Azərbaycan nəinki hər hansı qütbdə təmsil olunur, əksinə, müstəqil mövqeyi, balanslı siyasəti ilə bütün dünyada sülhə, əməkdaşlığa, qarşıdurmaların aradan qaldırılmasına töhfə verməyə çalışır.
Ölkəmizin getdikcə yüksələn beynəlxalq nüfuzu, ayrı-ayrı dövlətlərin xarici siyasətində rəsmi Bakı ilə əlaqələrin inkişafına verilən önəm, əksər ölkə rəhbərlərinin Prezident İlham Əliyevə rəğbəti, inamı və güvəni, onunla sıx kommunikasiyalara can atmaları Azərbaycanın ortaya nə qədər böyük siyasi iradə qoyduğunu və üzərinə götürdüyü tarixi missiyanı nə qədər böyük uğurla yerinə yetirdiyini göstərir.
Bu baxımdan Azərbaycanla İtaliya arasında münasibətlər son illərdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əlaqələr təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda enerji, iqtisadiyyat, hərbi-texniki, mədəniyyət və təhsil sahələrində geniş və çoxşaxəli əməkdaşlığı əhatə edir.
İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloninin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci sammitindən dərhal sonra Bakıya rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş və müzakirələr bunu bir daha nümayiş etdirdi.
Qarşılıqlı etimad
Azərbaycanla İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir və liderlərarası davamlı dialoq bu münasibətlərin əsas hərəkətverici qüvvəsidir. Azərbaycan Prezidenti İlham Əliyevlə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında formalaşmış qarşılıqlı etimada əsaslanan münasibətlər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verir. İtaliya Avropanın böyük dövlətləri sırasında Azərbaycanın ilk strateji tərəfdaşı kimi çıxış edir. Bu fakt təkcə siyasi bəyanatlarla deyil, real layihələr və intensiv qarşılıqlı səfərlərlə də təsdiqlənir.
2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoydu. Sonrakı illər müxtəlif beynəlxalq platformalarda, o cümlədən Kopenhagendə keçirilən tədbirlər çərçivəsində liderlər arasında görüşlər və dialoq davam etdirildi. Bu baxımdan xanım Ciorcia Meloninin Azərbaycana səfəri həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun Ermənistanda çoxtərəfli tədbirdə iştirakdan sonra Azərbaycana səfər etməsi, rəsmi Romanın Bakı ilə strateji tərəfdaşlığa verdiyi önəmi açıq şəkildə göstərdi və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmliyini təsdiqlədi. Liderlərin mətbuata verdikləri birgə bəyanatda Prezident İlham Əliyev bu münasibəti yüksək dəyərləndirərək dedi: "Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür".
İtaliyanın enerji təhlükəsizliyində əsas tərəfdaş
Azərbaycanla tərəfdaşlığa xüsusi diqqət İtaliya üçün ölkənin enerji təhlükəsizliyi, geosiyasi mövqeyi və iqtisadi maraqları ilə birbaşa bağlı strateji seçimdir. Azərbaycan Avropaya alternativ qaz mənbəyi təqdim edən ölkələrdəndir. Xüsusilə "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycan qazının İtaliyaya çatdırılması rəsmi Romanın enerji siyasətində çox mühüm rol oynayır. Bu əməkdaşlıq İtaliyanın enerji təchizatını şaxələndirməsinə, yəni bir mənbədən asılılığını azaltmasına imkan verir. Xüsusilə son illər Avropada enerji böhranları fonunda bu faktor daha da kritik əhəmiyyət kəsb edib. Azərbaycan artıq İtaliyanın əsas qaz təchizatçılarından birinə çevrilib və bu, uzunmüddətli sabitlik deməkdir.
Hazırda Azərbaycan İtaliyanın ikinci əsas qaz təchizatçısıdır. Təkcə 2025-ci ildə ölkəmiz İtaliyaya 10 milyard kubmetr qaz ixrac edib. Ümumilikdə isə Azərbaycanın "Cənub qaz dəhlizi" vasitəsilə İtaliyaya ixrac etdiyi qazın həcmi 50 milyard kubmetrə yaxınlaşıb. Bu, ölkəmizin Avropanın enerji xəritəsində strateji oyunçu kimi mövqeyini daha da gücləndirir. "Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, "Cənub qaz dəhlizi"nin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir" - Azərbaycan Prezidenti bəyanatında belə vurğulamışdır. Eyni zamanda Azərbaycan İtaliyanın neft təminatında da mühüm rol oynayır və bu sahədə də ikinci əsas tərəfdaş kimi çıxış edir.
Avropa və Asiya arasında körpü
Azərbaycanın yerləşdiyi coğrafiya - Cənubi Qafqaz regionu Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu isə İtaliya üçün yeni nəqliyyat və ticarət marşrutlarına çıxış deməkdir. Ölkəmizlə sıx münasibətlər regionda İtaliyanın siyasi təsir imkanlarını da artırır. İtaliya Azərbaycanla sıx tərəfdaşlıq sayəsində Cənubi Qafqazda daha fəal çıxış edir və regional balansda öz mövqeyini gücləndirir.
Tərəfdaşlıq münasibətlərinin iqtisadi tərəfləri də əhəmiyyətlidir. Belə ki, İtaliya şirkətləri Azərbaycan bazarında geniş imkanlara malikdirlər. Bu gün Azərbaycanda 130-a yaxın İtaliya şirkəti fəaliyyət göstərir. Tikinti, infrastruktur, enerji, mühəndislik və dizayn sahələrində İtaliya biznesi ölkəmizdə aktiv iştirak edir. Xüsusilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa və yenidənqurma işləri İtaliya üçün yeni iqtisadi imkanlar açır. İndiyəcən İtaliya şirkətləri həmin ərazidə 23 layihə həyata keçirib və keçirməkdə davam edirlər. Bu layihələr İtaliya üçün uzunmüddətli müqavilələr, investisiya və texnologiya ixracı deməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevlə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında formalaşmış konstruktiv dialoq İtaliya üçün etibarlı tərəfdaşla işləmək imkanı yaradır. Ölkəmiz regionda sabitlik amili kimi çıxış etdiyindən bu dövlət üçün risklərin idarə olunması baxımından da belə bir əməkdaşlıq əlverişlidir. İtaliya isə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində körpü rolunu oynayır ki, bu da rəsmi Romanın Avropa İttifaqı daxilində diplomatik çəkisini artırır.
Avropa İttifaqındakı güclü tərəfdaş
İtaliya ilə münasibətlərin inkişafı ölkəmizin Avropa məkanına inteqrasiya strategiyasında da mühüm rol oynayır. İlk növbədə İtaliya Azərbaycanın Avropadakı ən böyük iqtisadi tərəfdaşlarından biridir. Enerji sahəsində əməkdaşlıq dövlətimizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan qazının "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya, o cümlədən İtaliyaya ixracı bir tərəfdən ölkəmizin etibarlı enerji təchizatçısı kimi imicini möhkəmləndirir, digər tərəfdən də uzunmüddətli gəlirliliyini təmin edir.
İtaliya ilə tərəfdaşlıq Azərbaycanın siyasi manevr imkanlarını da genişləndirir. Aİ daxilində nüfuzlu ölkə olan İtaliya ilə sıx əlaqələr bu münasibətlərdə mühüm dayaq rolunu oynayaraq Azərbaycanın Avropa institutları ilə dialoqunu daha effektiv edir. İtaliya Azərbaycanla Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinə dəstək verən əsas tərəfdaşlardan biridir.
Eyni zamanda İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr ölkənin bərpa və inkişaf prosesinə ciddi töhfə verir. Müasir texnologiya, memarlıq və idarəetmə təcrübəsinin transferi Azərbaycanın iqtisadi modernləşməsinə xidmət göstərir.
Mingəçevirdə həyata keçirilən sənaye və enerji layihələrində, həmçinin Zəfər muzeylərinin layihələndirilməsində də İtaliyanın memarlıq və mühəndislik şirkətləri yaxından iştirak ediblər. Bu əməkdaşlıq iqtisadi əhəmiyyəti ilə yanaşı, estetik və mədəni dəyərlərin inteqrasiyasını da təmin edir.
Ölkələrimiz arasında hərbi-texniki sahədə də ciddi əməkdaşlıq mövcuddur. Son dövrlər Azərbaycan müdafiə nazirinin İtaliyaya səfəri bu əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlardan sayıla bilər. Azərbaycan Hərbi Hava Qüvvələri üçün İtaliyadan yük təyyarələrinin alınması bu əməkdaşlığın konkret nəticələrindəndir. Bununla yanaşı, müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində də əməkdaşlıq perspektivləri genişdir.
Azərbaycan-İtaliya münasibətlərində humanitar əməkdaşlıq xüsusi yer tutur. ADA Universiteti nəzdində İtaliya ali təhsil proqramlarının tətbiqi və ümumilikdə İtaliya universitet modelinə əsaslanan təhsil təşəbbüsləri bu sahədə yeni mərhələnin başlanğıcıdır.
Hazırda bu proqramlar çərçivəsində Azərbaycanda 500-dən çox tələbə təhsil alır. Bu isə iki ölkə arasında uzunmüddətli intellektual və mədəni körpünün formalaşmasına xidmət edir. Prezident İlham Əliyev: "Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir". Mədəniyyət sahəsində də qarşılıqlı tədbirlər, sərgilər və layihələr vasitəsilə əlaqələr daha da möhkəmlənir.
Yeni perspektivlər
2026-cı ilin yanvarında Azərbaycan və İtaliya arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi iqtisadi və texniki əməkdaşlığın daha sistemli inkişafına xidmət edir. Bu mexanizm tərəflər arasında layihələrin koordinasiyası və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloni mətbuata bəyanatında xüsusi qeyd etmişdir: "2026-cı ilin ikinci yarısında burada - Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək".
Bütövlükdə Azərbaycan ilə İtaliya arasında münasibətlər çoxşaxəli və strateji xarakter daşıyır. Liderlər arasında davamlı və etimada əsaslanan dialoq bütün sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir göstərir.
Baş nazir Ciorcia Meloninin Azərbaycana səfəri bu münasibətlərin daha da dərinləşəcəyinin göstəricisidir. İtaliya bu gün Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olaraq qalır və mövcud dinamika göstərir ki, yaxın gələcəkdə bu əməkdaşlıq daha geniş miqyas alacaq.
İradə ƏLİYEVA,
"Azərbaycan"