Həyatda həqiqət hər zaman mövcud olur.
İstər gizli, istərsə də aşkar şəkildə!
Bəzən həqiqət ciddi sınağa da çəkilir.
Belə ki, onu ucadan söyləməyə qoymurlar!
Hərdən isə əyirlər, təhrif edirlər.
Hətta gizlədirlər, qırx qıfıl arxasında saxlayırlar.
Amma heç zaman məhv edə, yox edə bilmirlər!
Həqiqətin də öz zamanı gəlir!
Onda onu nə əymək, nə gizlətmək, nə də batırmaq mümkün olur.
Gec-tez həqiqət təntənə çalır!
Çətinliklə də olsa...
Uzun sınaqlardan keçsə də, dəfələrlə yox edilmək təhlükəsi ilə qarşılaşsa da...
Sonda həqiqət öz təsdiqini tapır!
Sonda hamı həqiqətin təntənəsinin şahidinə çevrilir!
Qarabağ həqiqətləri kimi!
İki əsrdən sonra "dəmir yumruq"la əbədi təsdiqini tapan Qarabağ həqiqətləri kimi!
***
Hər hansı bir hadisə baş verəndə onun qarşısını almaq, törətdiyi və törədə biləcəyi təhlükələri zərərsizləşdirmək xüsusi bacarıq tələb edir.
Hadisə qəflətən, gözlənilmədən olanda, onunla mübarizə aparmaq müəyyən problem və çətinliklər də doğurur.
Lakin baş verəcəyini irəlicədən biləndə və nəzərə alanda vəziyyətdən daha uğurla çıxmaq olur.
Siyasətdə də belədir.
Hadisələrin gedişindən baş çıxarmaq, onun nəticəsində yarana biləcək situasiyanı irəlicədən müəyyən etmək, bütün variantları nəzərə alaraq qabaqlayıcı tədbirlər görmək son dərəcə vacibdir!
Cənab İlham Əliyevin irəli sürdüyü "Nəyi nə vaxt və necə etmək" tezisi də, əslində, hadisələri irəlicədən görərək onları qabaqlamaq məharətinə söykənir!
Təəssüf ki, uzun illər boyu Azərbaycan "fakt qarşısında qalmaq", "baş verənlərə tabe olmaq" məcburiyyətində qalmışdı.
***
Ermənilər vətəndaşı olduqları Türkiyəyə xəyanət edərək müharibə aparan dövlətlərinə arxadan bıçaq vurdular.
Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün hayların mütəşəkkil şəkildə köçürülməsi qərarını verdi.
Bu halda çar Rusiyası "din qardaşlar"ına sahib çıxaraq onları Azərbaycan ərazisində yerləşdirməyə başladı.
Əslində, burada başqa gizli niyyətlər də vardı:
Əvvəla, Türkiyəyə qarşı platsdarm yaradılırdı və sonradan Rusiyanın burada yerləşdirilən 102-ci hərbi bazası deyilənlərin sübutuna çevrildi.
İkincisi, yeni "dövlət" türk dövlətlərini bir-biriləri ilə birləşdirən quru yol əlaqəsini kəsməklə onları ayrı salırdı, birbaşa ticari və digər əlaqələrini pozurdu.
Sovet Rusiyası da çar Rusiyasının bu siyasətini "uğurla", amma başqa pərdə altında davam etdirməyə başladı.
Hədəf Azərbaycan torpaqları hesabına Sovet Ermənistanının ərazisini genişləndirmək, onu gücləndirmək, əhalisinin baş sayını artırmaq idi.
Bu niyyətlə Azərbaycanın sərhədləri daxilində DQMV adlı qurum da yaratdı.
Həmin dövrlərdə Moskvada - SSRİ rəhbərliyində A.Mikoyan adlı erməni bicliyinə dərindən bələd olan birisi işləyirdi.
Vəzifəsindən istifadə edən A.Mikoyan sovet hökumətinin ermənilərə himayədar münasibətindən bəhrələnərək Azərbaycana qarşı ədalətsiz, antihumanist qərarlar çıxartdırmağı bacarırdı.
Məhz belələrinin səyi nəticəsində 1948-1953-cü illərdə Ermənistan ərazisindəki qədim torpaqlarda yaşayan azərbaycanlılar doğma yurdlarından kütləvi şəkildə deportasiya olunaraq Azərbaycana "pambıq becərməyə" göndərildilər.
Bu cür qərəzli, mənfur məqsədli və antihumanist köçürülmələr XX əsrdə üç dəfə baş verdi:
1918-1921-ci,
1948-1953-cü və
1987-1991-ci illərdə.
Rusiyanın bu qərəzli siyasəti Ulu Öndər Heydər Əliyev XX əsrin 80-ci illərində Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilənə və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunanadək müxtəlif formalarda davam etdi.
Heydər Əliyev Moskvada çalışdığı müddətdə bütün bu xain niyyətlərin qarşısını cəsarət və bacarıqla ala bilirdi.
Ulu Öndər Heydər Əliyev vəzifədən kənarlaşdırıldıqdan cəmi bir həftə sonra isə yenidən "Qarabağ problemi" gündəmə gətirilərək alovlandırıldı, SSRİ-nin birinci və sonuncu prezidenti, əli Azərbaycan xalqının qanına batmış M.Qorbaçovun dəstəyi ilə Ermənistan tərəfindən ərazilərimizin işğalına başlanıldı!
***
Azərbaycanı itaət boyunduruğunda saxlamaq, zəngin karbohidrogen ehtiyatlarına sahibliyi davam etdirmək üçün Moskva məkrli "Qarabağ ssenarisini" işə salanda Azərbaycana qorxaqlar və maymaqlar, naşılar və səriştəsizlər, bütövlükdə vəzifə hərisləri və burunlarının ucundan uzağı görməyən "siyasətçilər" başçılıq edirdilər.
Mərkəzin oyunlarını poza bilmədiklərindən erməni marağına xidmət edən ssenariyə uyğun axara düşüb gedir, getdikcə daha da gərginləşən vəziyyətə nəzarəti itirirdilər.
İkibaşlı oyun oynayan Moskva isə gah Qarabağdakı ermənilərin "sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan üçün" Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarını qəbul edir və guya bununla erməniləri sakitləşdirmək istəyir, digər tərəfdən isə onları silahlandırır, ordu yaratmalarına dəstək verir, fasiləsiz mitinqlərinə göz yumurdular.
Halbuki 1990-cı ilin 20 yanvarında sovet ordusunu Bakıya yeridərək dinc sakinlərə divan tutmaqla Azərbaycandakı etiraz aksiyalarını qanda boğmuşdular.
Başqa bir oyunbazlıq isə Qarabağ münaqişəsinin "sülh yolu ilə çözülməsi" üçün ATƏT-in Minsk qrupunun yaradılması oldu.
* Guya bu qurum BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirəcəkdi...
* Guya bu qurum münaqişəni beynəlxalq hüquq əsasında həll edəcəkdi...
* Guya bu qurum pozulan ədaləti bərpa edəcəkdi.
Bu gün də korrupsiya və rüşvətxorluq bataqlığında boğulan, erməni diasporunun pullarını alaraq ədalətsiz qərarlar qəbul edən Avropa qurumlarından obyektiv və ədalətli addımlar gözləmək mümkündürmü?!
Amma həmin vaxtlarda biz hamımız dünyanın ədalətinə, beynəlxalq hüququn aliliyinin təmin ediləcəyinə inanırdıq...
İnanırdıq ki, haqq-ədalət tezliklə öz yerini tutacaq, zorakılıq yolu ilə ərazisinin iyirmi faizi işğal olunan Azərbaycanın haqq işi müdafiə olunacaq, məcburi köçkünə çevrilmiş bir milyonadək insan doğma el-obasına qayıdacaqdır.
Amma bunun heç birisi baş vermədi.
Görüb-götürəcəyimiz ATƏT-in Minsk qrupunun xalq arasında ironiya ilə qarşılanan "donuz kababı və tut arağı diplomatiyası" oldu.
Bununla belə digər çox mühüm tarixi hadisələr də baş verdi.
Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdı, xaos, anarxiya və özbaşınalıqlara son qoydu, ölkədə möhkəm və dönməz sabitlik yaratdı, "Əsrin müqaviləsi" imzalatdı, Azərbaycanın mütəqilliyini əbədiliyə çevirərək özü də əbədiyyətə qovuşdu!
Onun layiqli siyasi varisi İlham Əliyevin dövründə də çox mühüm hadisələrin şahidinə çevrildik.
Ən əsası, cənab İlham Əliyev münaqişənin ATƏT-in Minsk qrupu tərəfindən sülh yolu ilə həll olunmayacağına inamını itirdiyindən digər vasitəyə üstünlük verərək ciddi hazırlıq işlərinə başladı.
BELƏ Kİ:
* Tarixinin ən qüdrətli Azərbaycanını yaratdı!
* Yeni gənclər nəsli yetişdirərək onların iştirakı ilə güclü ordu qurdu!
* Ordunu ən müasir texnologiyalara əsaslanan yeni növ silahlarla silahlandırdı!
* Müntəzəm təlimlər keçirərək əsgər və zabitlərimizin peşəkarlığını və döyüş qabiliyyətini daim yüksəltdi.
* Hücum diplomatiyasını tətbiq edərək beynəlxalq təşkilatlarda işi gücləndirdi!
* Dördgünlük Aprel müharibəsində isə yeni ordunu sınaqdan keçirməklə düşmənə son xəbərdarlıqlarını etdi!
Bütün bunlarla bərabər, uğuruna və müsbət nəticə verəcəyinə inanmadığı "sülh danışıqları"ndan da imtina etmədi!
* Çünki bu zaman Azərbaycan sülhdən imtina edən dövlət kimi təzyiqlərə məruz qala bilərdi.
* Çünki ermənipərəstlərin əlinə ölkəmizə qarşı təzyiqlər üçün yeni imkanlar düşərdi.
* Çünki dünya tərəfindən özgə torpağını işğal edən Ermənistan yox, "sülhdən boyun qaçıran Azərbaycan" hədəfə çevrilərdi.
Beləliklə, ATƏT-in Minsk qrupu mütəmadi şəkildə "turist səfərləri"ni davam etdirir, beynəlxalq hüquq ayaqlar altında tapdalanır, separatçılar isə özlərinə "respublika" quraraq "prezident", "parlament" seçkiləri keçirir, xarici ölkələrə səfərlərə çıxaraq müxtəlif səviyyəli görüşlər keçirirdilər.
***
Düşmənin digər bir taktikası ilə Qarabağın işğalının unutdurulması idi.
Heç vaxt özlərinin torpağı və vətəni olmayan, yalnız mifik "böyük Ermənistan" xülyası ilə yaşayan haylar öz ağılları ilə belə güman edirdilər ki, münaqişənin həlli uzanarsa, torpağa qayıdış "yaddan çıxar", Qarabağı görməyən azərbaycanlı gənclər Qarabağ uğrunda döyüşmək istəməzlər!
Ancaq Azərbaycan dövləti Qarabağın unudulmasına yol vermədi, Azərbaycan xalqı isə əsla torpaqlarını işğaldan azad etmək niyyətindən əl götürmədi!
* Mətbuat daim Qarabağdan yazdı!
* Hər il işğal günləri keçirilərək daim yaddaşlar təzələndi!
* Yeni qaçqın şəhərcikləri tikilərək məcburi köçkünlərin həyat şəraiti daim yaxşılaşdırılsa da, onların təzə ünvanda müvəqqəti yaşadıqları beyinlərinə yeridildi!
* Dövlət başçısı cənab İlham Əliyev bütün görüş və çıxışlarında, nitqlərində "Biz bir qarış torpağımızı belə kimsəyə güzəştə getməyəcəyik", "Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik", "Nəyin bahasına olursa olsun, doğma torpaqlara qayıdacağıq" fikrini dönə-dönə təkrarladı!
Böyük uzaqgörənlik və bəsirət sahibi olan cənab İlham Əliyev baş verəcək bütün hadisələri çox-çox irəlicədən görməyi və məharətlə qabaqlamağı bacardı!
***
Aprel "şapalağı" Azərbaycan Ordusunun torpaqları işğaldan azad edə biləcəyini əyani şəkildə göstərdi!
Lakin Ermənistan bundan lazımi nəticəni çıxarmadı.
Əksinə, Ermənistanın yeni rəhbəri N.Paşinyan bizi qorxutmaq üçün "hədə-qorxu taktikası"na əl atdı.
"Yeni müharibə, yeni ərazilərin işğalı olacaq" fikri səsləndirildi.
Daha sonra Xankəndidə içib sərxoş olaraq "Qarabağ Ermənistandır və nöqtə" söylədi.
Bununla təkcə ermənilərə deyil, bütün dünyaya bəyan edirdi ki, artıq məsələ bitib, Qarabağ faktiki onlarınkıdır.
İlham Əliyev erməni baş nazirinin bu lovğa bəyanatından məharətlə istifadə etdi.
Əvvəl Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunda, sonra isə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edərək onun cavabını verdi:
"Qarabağ Azərbaycandır və nida işarəsi"!
Lakin bunlar sadəcə söz olaraq qalmadı!
Əvvəla, cənab İlham Əliyev dünyanın ictimai fikrinə məhz Paşinyanın sülh danışıqlarından imtina etdiyini və belə danışıqların mənasızlığını çatdırdı.
Əslində, münaqişənin hərbi həll variantına yönəldilməsinin baiskarının məhz Ermənistan olduğunu dəfələrlə vurğuladı!
Sonralar Ermənistanın atdığı hər qudurğan və ağılsız addımların da cavabını İlham Əliyev böyük uzaqgörənlik və müdrikliklə, səbir və təmkinlə verdi!
Tovuz bölgəsində təxribatlar törədilərək atəşkəs pozulanda bunun Azərbaycandan Avropaya uzanan neft və qaz kəmərləri üçün ciddi təhlükə olduğunu bəyan etdi.
Bu taktika hərbi əməliyyatlar dövründə də davam etdirildi.
***
Azərbaycan əks-hücuma keçən zaman Ermənistan cəbhə bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə, Goranboy rayonlarına ballistik raketlər atanda, qadağan olunmuş fosforlu və kassetli bombalardan istifadə edəndə ordumuz Qarabağdakı erməni yaşayış məntəqələrini analoji vasitələrlə atəşə tutmadı, dinc əhaliyə tələfat yaşatmadı!
Bununla həm də "beynəlxalq hüquq müdafiəçilərinin" əlinə dəstavüz vermədi!
Əksinə, bu faktları erməni vəhşiliyinin ifşasında mühüm alətə çevirdi.
Başqa bir misal.
N.Paşinyan KTMT-yə böyük ümidlər bəsləyirdi.
Bu da təsadüfi deyildi.
KTMT Rusiya tərəfindən yaradılıb və təşkilatda əsas söz sahibi də Rusiyadır!
O da kimsəyə sirr deyil ki, torpaqlarımızın işğalı məhz rus ordusu, rus hərbçiləri tərəfindən həyata keçirilib.
Müntəzəm şəkildə Rusiya tərəfindən aşkar-gizli, pullu-pulsuz silahlandırılan ermənilər isə "pərdə" rolunu oynayıblar.
Heç zaman 3 milyonluq Ermənistan 10 milyon əhalisi və böyük iqtisadi potensialı olan Azərbaycandan torpaq ala bilməzdi!
Kifayət qədər gücü və imkanları olan Azərbaycan Ordusu 44 günlük müharibədə düşməni diz çökdürəndən sonra Ermənistanın sərhədini keçərək Qarabağ və Şərqi Zəngəzurda 30 ildə törədilən vəhşiliklərin əvəzini çıxa bilərdi!
Amma bunu da etmədi!
Heç zaman dinc əhalinin yaşadığı əraziləri hərbi hədəfə çevirmədi!
Əksinə...
Ermənistan hərbi əməliyyatların dayandırılmasını istədikdə və Azərbaycan Prezidenti İlham Əliyevin şərtini yerinə yetirərək öz qoşunlarının ərazimizdən çıxma qrafikini təqdim etdikdə döyüşləri dayandırdı, erməni qoşunlarının Ağdam, Laçın və Kəlbəcərdən döyüşsüz çıxmalarına imkan verdi.
19-20 sentyabr 2023-cü ildə keçirilən 23 saatlıq antiterror əməliyyatından sonra isə ağ bayraq qaldıraraq təslim olan qeyri-qanuni hərbi birləşmələrinin və Azərbaycan qanunları əsasında ölkəmizdə yaşamaq istəməyən ermənilərin sakit və təhlükəsiz şəkildə ərazilərimizi tərk etmələrinə şərait yaratdı.
Daha bir maraqlı detal...
Laçın yolunu bağladıqdan və öz nəzarətimizə aldıqdan, habelə erməni hərbi birləşmələrinin və Ermənistanın pasportunu daşıyan hayların ərazilərimizdən təmizlənməsindən sonra Rusiya sülməramlılarının görəcəyi bir iş qalmamışdı...
Faktiki olaraq Azərbaycan bütün məsələləri öz gücü və imkanları hesabına həll etmişdi.
Bütün bunlardan sonra RSK Azərbaycan ərazisində gərəksiz hərbi quruma çevrilmişdi.
Odur ki, sakit bir şəkildə, musiqi sədaları altında müstəqil Azərbaycanı tərk etdilər.
***
İlham Əliyevin daha bir müdrik və uzaqgörən addımı Azərbaycanın qalib dövlət olmasına baxmayaraq, sülh müqaviləsi bağlanılması təklifini irəli sürməsi oldu!
Bundan ötrü beynəlxalq hüququn mühüm prinsiplərinə əsaslanan sülh şərtləri hazırlanaraq qarşı tərəfə göndərildi.
Əslində, Azərbaycan özgə torpaqlarında gözü olmadığını, Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirmək istədiyini əməli şəkildə təsdiqləmiş oldu!
Eyni zamanda bölgədə müharibə tonqalını qaynar vəziyyətdə saxlamaq niyyətinin, habelə Azərbaycana qarşı yeni mənfur planların icrası istəklərinin və cəhdlərinin qarşısını irəlicədən almış oldu!
Hadisələrin sonrakı inkişafı Azərbaycan Prezidentinin nə qədər müdrik və uzaqgörən olduğunu dönə-dönə təsdiqlədi!
Ermənistanın dostlarının və havadarlarının mənfur istək və arzularına isə ABŞ Prezidenti D.Trampın iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda Ağ Evdə keçirilən imzalanma mərasimində əldə olunan rəsmi razılaşmalarla son qoyuldu!
Cənubi Qafqazda sülhə qarşı olanlar səslərini içəri salmalı oldular!
Bununla həm də Tramp marşrutu (TRIPP) adlandırılan Zəngəzur dəhlizinin açılması yolundakı bütün gizli və aşkar maneələr birdəfəlik aradan qaldırıldı!
Artıq bununla bağlı görülən əməli işlərin sürəti və miqyası günbəgün artır!
***
Azərbaycan Prezidenti İlham Əliyev son dövrlərdə mətbuata verdiyi açıqlamalarda və çıxışlarında yeni bir həqiqəti dəfələrlə vurğulayıb:
* Artıq dünyada beynəlxalq hüquq işləmir!
* Kim güclüdürsə, o üstündür!
* Güclülər qalib gəlir!
Bəli, artıq elə bir dövr gəlib ki, hətta həqiqət sənin tərəfində olsa da belə, onu həyata keçirmək üçün mütləq güclü olmalısan!
Güclü olmaq üçün isə təkcə möhkəm əzələyə, qüdrətli orduya sahib olmaqla kifayət etmir!
Ən əsası ağıllı, uzaqgörən siyasət yürütməyi, hadisələri qabaqlamağı, baş verəcəkləri irəlicədən müəyyən etməyi bacaran və qabaqlayıcı tədbirləri məharətlə həyata keçirən rəhbərin də olmalıdır!
Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi!
Bəxtiyar SADIQOV