Azərbaycan TDT-nin institusional inkişafında və türk dünyasının inteqrasiyasında mühüm rol oynayır
Dünya siyasətinin hazırkı mənzərəsində regional təşkilatların əhəmiyyəti durmadan yüksəlir. Qlobal miqyasda yaşanan geostrateji dəyişikliklər, alternativ iqtisadi-logistik dəhlizlərin meydana çıxması, enerji təhlükəsizliyinin ön plana keçməsi və çoxtərəfli dialoq regional qurumların çəkisini daha da artırmaqdadır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı (TDT) Avrasiya coğrafiyasında siyasi, iqtisadi və geostrateji nüfuzunu sürətlə gücləndirən beynəlxalq platformalardan birinə çevrilib. Əvvəlki illərdə qarşılıqlı əlaqələrin əsasını mədəni-humanitar layihələr təşkil edirdisə, hazırda TDT siyasi, iqtisadi, enerji, təhlükəsizlik, nəqliyyat, rəqəmsallaşma kimi məsələləri əhatə edən çoxşaxəli strateji ittifaq funksiyasını yerinə yetirir.
Bu dinamikada Azərbaycanın fəaliyyəti xüsusi çəkiyə malikdir. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan türk dünyasının birliyi naminə sistemli xətt yürüdür. Bakının irəli sürdüyü ideyalar, reallaşdırdığı regional layihələr və qurum daxilindəki aktiv diplomatik addımları TDT-nin institusional baxımdan təkmilləşməsinə, tərəfdaşlıq sahələrinin şaxələnməsinə və türk coğrafiyasında siyasi yekdilliyin bərqərar olmasına ciddi təkan verir.
Türk Dövlətləri Təşkilatının təməli 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində baş tutan sammitdə qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən həmin tarixi toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət rəhbərləri "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişini imzalayaraq yeni bir qurumun yaradılmasını rəsmiləşdirdilər. Ötən müddət ərzində strukturun təşkilati formalaşması sürətləndi, əlaqələrin hüquqi bazası gücləndirildi. 2021-ci ildə reallaşan İstanbul Sammitində qurumun adı rəsmi şəkildə Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Bununla türk respublikalarının əməkdaşlığı ilk dəfə olaraq vahid beynəlxalq təşkilat çərçivəsində sistemli xarakter aldı. Bununla da TDT lokal platforma çərçivəsindən çıxaraq, qlobal miqyasda geosiyasi və geoiqtisadi çəkisi olan nüfuzlu beynəlxalq instituta çevrilməyə başladı.
TDT-nin qeyri-rəsmi sammitlərinin keçirilməsi praktikasının ilk dəfə Azərbaycanın çağırışı ilə Şuşada reallaşdırılması təşkilat daxilində yeni bir siyasi dialoq mədəniyyətinin əsasının qoyulması baxımından müstəsna əhəmiyyətə malikdir. 2024-cü ilin iyul ayında Qarabağ torpağında təşkil edilən ilk qeyri-rəsmi Zirvə toplantısı türk dünyasının siyasi yekdilliyini və ortaq strateji addımlarını aydın şəkildə nümayiş etdirdi. Həmin görüşdə qəbul olunan Qarabağ Bəyannaməsi isə qurum üzvlərinin vahid siyasi baxış xəttini müəyyən edən fundamental sənəd oldu. 2025-ci il oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. TDT zirvəsinin Qəbələ şəhərində təşkil olunması həm siyasi, həm də rəmzi baxımdan dərin məna kəsb edirdi. Müasir dövrdə TDT rəhbərliyinin qarşısında duran fundamental hədəflərdən biri qurumun daxilindəki praktiki əməkdaşlıq rıçaqlarını daha da real etməkdir. Bu mənada Qəbələ görüşü, sadəcə, bəyanatların səsləndiyi bir məkan olmaqla qalmadı, həm də real iqtisadi layihələrin, innovativ təşəbbüslərin və birgə qərarların qəbul edildiyi mühüm bir formata çevrildi.
Mayın 15-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvədə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev TDT dövlət başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü təşəbbüsünün artıq ənənəyə çevrildiyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir: "Keçən ilin oktyabr ayında Qəbələ Zirvə görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir. Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək. Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş I Türkoloji Qurultayın 100 illiyinə həsr edilən türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək".
Prezident İlham Əliyev qeyd edib ki, Zirvə görüşünün mövzusu dövrümüzün çağırışlarını və prioritetlərini əks etdirir: "Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır. Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir". Azərbaycan Prezidenti türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığın da genişləndiyini vurğulayıb: "Cari qlobal geosiyasi şəraitdə Orta dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi (TRIPP) Orta dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Orta dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış "e-Permit" sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir. Əziz dostlar, ailəmiz olan türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək".
Dövlətimizin başçısı türk dünyasını ailə adlandıraraq, bu birliyin XXI əsrin əsas geosiyasi və geoiqtisadi qütblərindən birinə çevrilməsi missiyasını qarşıya qoyub. Azərbaycanın bu yolda bütün səylərini səfərbər edəcəyini bildirməsi Bakının türk birliyinin möhkəmlənməsinə olan sadiqliyinin növbəti nümayişidir.
Azərbaycan hər zaman Türk Dövlətləri Təşkilatının fəaliyyətində ən aktiv və kreativ yanaşma nümayiş etdirən dövlət olub. Prezident İlham Əliyevin türk dünyasının birliyi və vahid güc mərkəzinə çevrilməsi istiqamətində irəli sürdüyü konseptual ideyalar qardaş ölkələr tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin TDT-yə rəhbərlik etdiyi dövrlərdə təşkilatın strukturunun müasirləşməsi, əməkdaşlıq sahələrinin coğrafiyasının genişlənməsi və real sahələrdə konkret addımların atılması istiqamətində ciddi uğurlar qazanılıb.
İsmayıl QOCAYEV,
"Azərbaycan"