Bir zamanlar həsrətin simvoluna çevrilmiş Laçın dağları indi zəfərin vüqarı ilə buludlara boylanır. Üzərində ay-ulduzlu, üçrəngli bayrağımız dalğalanan Həkəri çayı doğma sahiblərinə qovuşmağın sevinci ilə çağlayır. Laçın artıq bizim üçün əlyetməz, ünçatmaz ünvan deyil.
Laçın xalqımızın sarsılmaz inamının və milli ləyaqətimizin bərpa olunduğu qürur salnaməsidir. Bu gün Laçın deyəndə artıq köçkünlük acısını yox, böyük qayıdışın sevincini, yenidən qurulan yurd yerimizin müasir simasını və xalqımızın böyüklüyünü göz önünə gətiririk. İndi biz dağlar qoynunda bina edilmiş əsrarəngiz yurdda azad nəfəs alırıqsa, bu, birqərinəlik həsrət qaranlığını yaran parlaq Zəfərimizin sayəsindədir.
18 mayın ağrılı-acılı dərsi
18 may 1992-ci il. Bu, Azərbaycan xalqının yaddaşında Şuşanın itkisindən cəmi 10 gün sonra yaşanan növbəti bir faciənin - Laçın rayonunun işğalının acı tarixi idi. Laçının işğalı Azərbaycana vurulan ən ağır zərbələrdən biri oldu. 34 il əvvəl yaşanan bu faciə Ermənistanla Qarabağ arasında "nəfəslik" açaraq növbəti işğallar üçün qanlı zəmin hazırladı. Rayonun işğal altına düşməsi ilə faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı. Bu isə növbəti mərhələdə işğalçı Ermənistanın Kəlbəcəri və digər rayonlarımızı zəbt etməsinə birbaşa şərait yaratdı. Ermənistanın rayonlarımızı, o cümlədən Laçını asanlıqla işğal etməsi həmin dövrdə ölkədəki rəhbərliyin və iqtidara can atan qüvvələrin milli xəyanətinin ağrı-acılı nəticəsi idi. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. Həmin faciəvi dövrdə Şuşanın, Laçının müdafiəsini təşkil etmək əvəzinə Bakıda hakimiyyət davası aparan antimilli qüvvələri nə ölkənin, nə də xalqın taleyi maraqlandırırdı. Buna görə də 1992-ci il mayın 18-də Laçın işğal altına düşdü və yurdundan zorla didərgin salınan, məcburi köçkünə çevrilən on minlərlə vətəndaşımız ölkəmizin müxtəlif bölgələrində çadırlarda, yataqxanalarda, vaqonlarda... acınacaqlı vəziyyətdə yaşamağa başladılar.
Ancaq bütün bu maddi-mənəvi məhrumiyyətlər laçınlıların ürəklərindəki yurda dönüş inamlarını sındıra bilmədi. Onlar hər il mayın 18-ni təqvimdəki qara ləkə kimi yox, qayıdışın başlanğıcı kimi gözlədilər.
Və bu böyük inam bir gün yurda dönüş sevinci ilə nəticələndi.
Gerçəkləşdirilən vəd
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı xalqımızın qurtuluşu oldu. O zaman xilaskarlıq missiyasını üzərinə götürən Ulu Öndər Azərbaycanın öz gücünü toplaması üçün bugünkü zəfərimizi təmin edən siyasət yürüdərək möhkəm təməllər yaratdı.
2003-cü ildən etibarən Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ötən müddətdə gündəliyində duran başlıca məsələ torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu istiqamətdə düşünülmüş siyasət yürüdən dövlətimizin başçısı əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad ediləcək.
2011-ci il dekabrın 24-də - öz doğum günündə Ağcabədidəki Taxtakörpü qəsəbəsində laçınlı köçkünlərlə görüşən Prezident İlham Əliyev o vaxt hər kəsin qəlbinə ümid toxumu səpən və hələ də yaddaşlarda dərin iz buraxan məşhur sözlərini demişdi: "Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda... bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm". Həmin vaxt bəlkə də bəziləri üçün bu uzaq bir arzu kimi görünsə də, dövlət başçısı bu hədəfə doğru hər gün inamla addımlayırdı.
Həmin tarixi günün üzərindən heç on il keçməmiş Laçın rayonu işğaldan azad edildi. 2022-ci il avqustun 26-da azadlığına qovuşdurulan Laçın şəhərinə isə cəmi 9 ay sonra - 28 May Müstəqillik Günündə qayıdış köçü həyata keçirildi. Həmin gün azad Laçında bu əsrarəngiz şəhərin sakinləri ilə görüşən Prezident İlham Əliyev vaxtilə Ağcabədidə laçınlılarla keçirilən o unudulmaz görüşü xatırladı və o zaman deyilən sözlərin artıq gerçəyə çevrilməsinin qürurunu bölüşdü: "O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz".
Xilaskar lider İlham Əliyev vurğuladı ki, bu tarixlərin - yəni Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var: "May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq".
Qələbə strategiyası
İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və diplomatik dühasını dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsindən sonra diz çökən düşmən 2020-ci il dekabrın 1-də Laçını təhvil verməyə məcbur oldu. Bu, strateji zəfər idi. Tarixi qələbənin üzərindən bir il keçdikdən sonra, 2021-ci il avqustun 16-da Laçın rayonuna səfər edən Prezident İlham Əliyev burada Laçın Beynəlxalq Hava Limanının təməlini qoymaqla bu cənnətməkan ərazidə aparılacaq geniş quruculuq və bərpa işlərinə start verdi.
Azərbaycanın 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş yeni Laçın avtomobil yolunu vaxtından xeyli əvvəl istifadəyə verməsi ilə 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri təcavüzkarlar tərəfindən boşaldıldı.
Həmin vaxt düşmən ərazilərimizdən çıxarkən belə öz xislətini göstərdi. Evləri yandırdı, meşələri məhv etdi.
2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan qalib lider İlham Əliyev çıxışında bəyan etdi ki, bu, tarixi hadisədir: "Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".
2023-cü il aprelin 23-də Həkəri çayı üzərində qurulan Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasının rəmzi oldu.
Zəfər salnaməmizin haqq səsi kimi Həkəri çayının üzərində ucaldılan üçrəngli bayraq hər bir azərbaycanlının qəlbindəki "Vətən bütövləşdi" nidasının sədası oldu. Sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə dövlətimiz öz suveren hüquqlarını bütün dünya qarşısında bir daha təsdiqlədi.
Cənnətməkana qayıdış
Bu gün Laçın yenidən cənnətməkana çevrilib. Laçın Beynəlxalq Hava Limanının inşası, yeni tunellər, yollar və müasir üslubda bərpa edilən evlər rayonun simasını tamamilə dəyişib.
Həyata keçirilən quruculuq işlərinin nəticəsidir ki, Laçın şəhərinə, eləcə də Zabux, Sus və Bəylik kəndlərinə qayıdış həyata keçirilib, minlərlə laçınlı doğma yurdda sevincli günlərə başlayıb.
Yurdlarına dönən keçmiş məcburi köçkünləri öz doğma evlərində ziyarət etmək Prezident İlham Əliyevin xoş ənənələrindən biridir.
Ölkə rəhbərinin bayram əhvalı ilə keçən unudulmaz görüşlərindən biri 2023-cü il mayın 28-də Laçına dönən ilk sakinlərlə oldu.
"Cənnətin əgər təsviri varsa, bu gün, bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun", - deyə Prezident İlham Əliyev laçınlıların yurda dönüş sevinclərini bu qürurverici sözlərlə bölüşmüşdü.
Bəli, 1992-ci ilin may ayında didərgin salınan laçınlılar 31 il sonra yenə may ayında - bu dəfə Müstəqillik Günündə öz doğma yurdlarına qayıtdılar. Bu qayıdış tarixi ədalətin qələbəsi, Laçının yeni növrağının başlanğıcı oldu.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"