Bəzən insan düşüncələrini sözlə ifadə edə bilmir, qələmin yerini fırça, cümlələrin yerini isə rənglər tutur. Çünki elə hisslər var ki, onları yalnız sənət danışdıra bilir. Bəzən uzun bir söhbətdənsə, rəssam fırçasının yaratdığı əsər fikri daha gözəl ifadə edir. Əsl sənət də elə budur - insanın daxili aləmini görünən dünyaya çevirmək.
1998-ci ildə dünyaya göz açan gənc rəssam Fidan Həsənova məhz bu düşüncənin daşıyıcılarındandır. Onun üçün rəsm heç vaxt, sadəcə, peşə və ya maraq olmayıb. Uşaqlıq illərindən qəlbində yaşayan bu sevgi zaman keçdikcə həyat yoluna çevrilib. Özü bunu belə ifadə edir: "Uşaqlıq illərimdən etibarən rəsm mənim üçün, sadəcə, bir maraq deyil, daxili dünyamı ifadə etdiyim xüsusi bir dil olub".
Bu etiraf təsadüfi deyil. Çünki Fidanın yaradıcılığına nəzər saldıqda aydın görünür ki, onun əsərləri zahiri gözəlliyi təsvir etməkdən daha çox insanın mənəvi aləmini ifadəyə xidmət edir. O, rənglər vasitəsilə hisslərini, düşüncələrini, xatirələrini və həyata baxışını bölüşür. Elə rəssamın yaratdığı hər tablo da onun daxili dünyasının səmimi etirafıdır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında aldığı peşəkar təhsil Fidanın fitri istedadını daha da zənginləşdirib. Hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirən gənc rəssam yaradıcılıqla intellektual inkişafı vəhdətdə görür. Onun fikrincə, sənət yalnız istedadın deyil, həm də daim öyrənməyin və öz üzərində çalışmağın nəticəsidir.
Yaradıcılıq fəaliyyəti ərzində müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edən Fidan Həsənova bu tədbirlərə, sadəcə, əsərlərini nümayiş etdirmək imkanı kimi baxmır. Gənc rəssam deyir: "Bu sərgilər mənim üçün yalnız təqdimat platforması deyil, həm də fərqli mədəniyyətlərlə ünsiyyət qurmaq, sənət vasitəsilə insanlara toxunmaq imkanıdır". Düşüncəsi rəssamı dünyanın beş qitəsinə aparıb. Şimali Amerikada Mayami və Nyu York, Cənubi Amerikada Rio-de-Janeyro, Avropanın bir çox ölkəsi, Afrika qitəsində Misir, Asiyada isə Sinqapur, Malayziya və Koreyada keçirilən beynəlxalq sərgilərdə ölkəmizi təmsil edib. Azərbaycan mədəniyyətinə həsr olunmuş 28 beynəlxalq sərgidə iştirak etməsi gənc rəssam üçün məsuliyyət və qürur mənbəyidir.
Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə iştirakını yaradıcılıq həyatının mühüm hadisələrindən biri hesab edən Fidan Həsənova Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Nyu Yorkda keçirilən beynəlxalq sərgini də xüsusi qürur hissi ilə xatırlayır. O, həmin sərgidə Azərbaycanı "Simvolların dilində danışan Şərqin xatirəsi" və "Torpağın Qırmızısı" adlı iki əsəri ilə təmsil edib. Bu əsərlərdə milli yaddaş, torpağa bağlılıq və kimlik hissi müasir bədii ifadə vasitələri ilə təqdim olunur.
Fidan Həsənovanın yaradıcılığının əsas xüsusiyyətlərindən biri də sadəlikdə dərin məna axtarmasıdır. Onun sözləri ilə desək: "Əsərlərimdə əsas diqqət minimalizmə, daxili hisslərin incə ifadəsinə və insanın təbiətlə harmoniyasına yönəlir. Mənim üçün rəsm - sözsüz danışmaqdır". Bu fikir, əslində, rəssamın bütün yaradıcılığını inikas etdirir. Hər bir rəng, xətt, kompozisiya müəllifin ürəyindən gələn bir duyğunu ifadə edir. Rəssam üçün milli simvollar da onun kimliyinin, mənəvi köklərinin və Vətənə bağlılığının ifadəsidir. Buna görə də rəssamın əsərlərində milli ruh müasir bədii düşüncə ilə ahəngdar şəkildə birləşir.
Fidan Həsənova sənəti insanlar arasında körpü yaradan böyük mənəvi qüvvə hesab edir. Onun fikrincə, incəsənət dilləri, sərhədləri və məsafələri aşaraq insanları bir-birinə yaxınlaşdırır. Hər yeni əsər daxili aləmdən gələn bir səs, hər yeni sərgi isə həmin səsi dünyanın müxtəlif guşələrində yaşayan insanlarla bölüşmək üçün bir imkandır. Fidan hisslərini belə ifadə edir: "Dünyanın harasında oluramsa, ürəyim hər zaman Azərbaycanla döyünür. Harada olmağımdan asılı olmayaraq, mən özümü bu torpağın bir parçası kimi hiss edirəm. Ölkəmi incəsənət vasitəsilə təmsil etməkdən böyük qürur duyuram. Azərbaycan mənim ilham mənbəyimdir və hər yeni əsərimdə onun izləri yaşayır".
Bu sözlər təkcə gənc rəssamın sənətə sədaqətin, milli kimliyə bağlılığın və Vətən sevgisinin səmimi ifadəsidir. Çünki sənətkarın vəzifəsi harada yaşamasından asılı olmayaraq, ürəyində daşıdığı Vətəni yaratdığı əsərlərində yaşatmağı bacarmaqdır. Fidan Həsənovanın yaradıcılığı da məhz bu mənəvi dəyərin rənglərlə ifadə olunan təcəssümüdür.
Elşən QƏNİYEV,
"Azərbaycan"