"Əsas təşəbbüs təsərrüfatların özlərindən gəlməlidir"
Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı mayın 25-də keçirilən müşavirədəki çıxışı, perspektivlərdən, eləcə də təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" bu sahədə çalışanların üzərinə məsuliyyətli vəzifələr qoydu.
Ardınca qəbul olunmuş yeni dövlət proqramı ilə bağlı bölgələrdə fermer və sahibkarların iştirakı ilə müşavirələr keçirildi. Müşavirələrdə qarşıda dayanan vəzifələr, gələcəkdə görüləcək işlər ətraflı müzakirə edildi, olunan təkliflər, söylənilən fikir və rəylər diqqətlə dinlənildi, onların həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verildi.
Qaxda keçirilən müşavirədə iştirak edən "Akasiya" kənd təsərrüfatı kooperativinin sədri Dilarə ƏhmƏdova da təklif və fikirlərini bölüşdü. Bildirdi ki, Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramı tarixi bir sənəddir: "Biz iş adamları inanırıq ki, dövlət proqramı yaxın zamanlarda kənd təsərrüfatının inkişafına böyük töhfələr verəcək". Sonra sözünə davam edən Dilarə xanım dedi ki, Qax meyvəçilik, taxılçılıq və tərəvəzçilik üzrə ixtisaslaşıb: "Bu sahələrin inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən müntəzəm olaraq tədbirlər görülür, zəruri addımlar atılır. İş adamı kimi deyə bilərəm ki, rayonda məhsuldarlığın artırılması üçün müasir aqrotexniki tədbirlərin geniş tətbiqinə ehtiyac var. Bununla yanaşı, iri təsərrüfat subyektlərinin, fermer təsərrüfatlarının və kənd təsərrüfatı kooperativlərinin torpaq sahələrindən səmərəli istifadə etmələri də inkişafı sürətləndirən əsas şərtlərdəndir. Həmçinin uzun müddətdən bəri istifadəsiz qalan torpaqların dövriyyəyə cəlb olunması uğurlu addımlardan olardı. Yeni intensiv fındıq, qoz və meyvə bağlarının salınması və bu zaman müasir tinglərdən istifadə olunması məhsuldarlığın artırılmasına təkan verər. Meyvə və tərəvəz məhsullarının çeşidlənməsi, qablaşdırılması və emalı üçün kiçik emal müəssisələrinin yaradılması da iş adamları üçün əlverişli imkanlar yaradardı. Soyuducu anbarlarının tikintisinin dəstəklənməsini də bu sıraya əlavə etmək istərdim".
Müasir aqrotexniki tətbiqlər hesabına məhsulun həcminin və məhsuldarlığının 20-30 faiz artırılmasının diqqət mərkəzində saxlanılmalı olduğunu deyən D.Əhmədova bildirdi ki, keyfiyyətli və ixracyönümlü məhsul istehsalının genişləndirilməsi vacib hədəflərindəndir: "Texnika parkının yenilənməsinə dövlət dəstəyinin artırılması, kooperativ və fermerlərin müasir kənd təsərrüfatı texnikası ilə təmin olunması, güzəştli kreditlərin ayrılması da inkişafa gedən yolları genişləndirməyə zəmin yaradardı", - deyə kooperativ sədri vurğuladı.
İstehsalın və məhsuldarlığın artırılması üçün suvarma işinin düzgün təşkili başlıca şərtlərdəndir. D.Əhmədovanın qənaətinə görə, ilk olaraq damcı və yağmurlama suvarma sistemlərinin geniş tətbiqi, həmçinin dağətəyi ərazilərdə su anbarlarının və suvarma xətlərinin yenilənməsi həyata keçirilməlidir. Suya qənaət edən texnologiyaların tətbiqinə subsidiya verilməsi də kənd təsərrüfatının inkişafına müsbət təsir göstərərdi.
"Dövlət-özəl tərəfdaşlığı çərçivəsində bitkiçilik sahəsinə investisiyaların artırılması, kooperativlərə uzunmüddətli, aşağı faizli kreditlərin ayrılması, aqrar sığorta və investisiya təşviqi mexanizmlərinin genişləndirilməsi də iş adamlarının, sahibkar və fermerlərin fəaliyyətini asanlaşdırardı. Kooperativlərin sayının və onların iqtisadi səmərəliliyinin artırılması da uğurlu nəticələr verərdi. Onda həm məhsuldarlıq artar, həm yeni iş yerləri açılar, həm də ixrac potensialı daha da yüksələr", - deyən Dilarə xanım bildirdi: "Yaxşı olardı ki, dövlət subsidiyaları, güzəştlər və güzəştli kreditlər barədə sahibkarların maarifləndirilməsi üçün rayonlarda mütəmadi olaraq seminar və təlimlər keçirilsin. Belə seminar və təlimlər zamanı iş adamlarına, fermerlərə rəqəmsal kənd təsərrüfatı, müasir becərmə texnologiyaları və iqlim dəyişikliklərinə uyğun istehsal üsulları izah edilsin. Kooperativlərin yaradılması və inkişafı ilə bağlı məlumatlandırma tədbirləri gücləndirilsin".
"Akasiya" kənd təsərrüfatı kooperativinin əsas fəaliyyəti, meyvəçilik (alma, armud, gavalı, xurma və digər mövsümi meyvələr) və quru meyvə istehsalıdır. Təsərrüfat yaxın gələcəkdə öz gücü ilə taxılçılığı inkişaf etdirmək üçün 20-30, meyvə bağlarının salınması üçün 10-15 hektar torpaq sahəsinin mərhələli şəkildə istifadəyə götürülməsini hədəfləyir. Kooperativin nəzdində quru meyvə istehsalı sexinin tam qurulması, meyvələrin yuyulması, çeşidlənməsi və qablaşdırılması xəttinin yaradılması, məhsulların saxlanması üçün soyuducu kamera və anbar tikilməsini də nəzərdə tutur. İstehsal gücü mövcud 72 kvadratmetr istehsal sahəsində ilk mərhələdə ildə təxminən 15-20 ton quru meyvə istehsal etmək mümkündür. Sahə genişləndirildikdə bu göstərici daha da artırıla bilər. Nəzədə tutulan layihənin həyata keçirilməsi nəticəsində ilkin mərhələdə 8-10 nəfər daimi, 20-30 nəfər isə mövsümi işlə təmin olunacaq.
Təsərrüfat rəhbərliyi deyir ki, nəzərdə tutduqları bu layihənin həyata keçirilməsi üçün soyuducu kameraların quraşdırılmasına, saxlama anbarının tikilməsinə, meyvələrin qablaşdırılması üçün avadanlıqların, müasir qurutma sistemlərinin alınmasına ehtiyacları var. Bu işlər həyata keçirildikdən sonra Qaxda yetişdirilən meyvələrin itkisinin qarşısı alınacaq, məhsullar əlavə dəyər qazanacaq. Yerli fermerlərdən məhsulların alınması nəticəsində onların gəlirləri xeyli artacaq, "Akasiya" kooperativinin gələcəkdə imkanları daha da genişlənəcək, yerli və xarici ixrac bazarına quru meyvə məhsulları çıxara biləcək. Dövlət proqramında qarşıya qoyulan vəzifələr də elə bundan ibarətdir", - deyə D.Əhmədova bildirdi.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"