İkinci Qarabağ müharibəsinin elə ilk anlarından ordumuzun cəsur zabit və əsgərləri silaha sarılaraq döyüşlərə atıldılar. Hərbçilərimizin hünəri və cəsarəti sayəsində qəsbkarların hücumlarının qarşısı qətiyyətlə alındı. Azərbaycan zabiti və əsgəri ermənilərin qarşısına keçilməz sədd çəkdi.
Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 30 ilə yaxın erməni işğalçılarının zəbt etdiyi əraziləri azad etdi. Ürəyi Vətən eşqi ilə döyünən oğullar qəhrəmancasına döyüşərək tarix yazdılar. Dostlarımıza da, düşmənlərimizə də güclərini, qüdrətlərini və igidliklərini göstərdilər.
Oktyabr ayının 4-də Cəbrayıl rayonunu düşməndən azad edən ordumuz həmin ayın 17-də həm Füzuli rayonunun mərkəzini, həm də Xudafərin körpülərinin yerləşdiyi ərazini erməni işğalçılarından təmizlədi. Silahlı Qüvvələrimiz Füzulidə də, Xudafərində də bayrağımızı dalğalandırdılar. Bu zəfərlər, bu uğurlar hamımızı sevindirdi. Qürur və iftixar dolu anlar yaşadıq. Düşmən üzərində qazanılan qələbələr hərbçilərimizin vətənpərvərlik hissini, döyüş əzmini, qisas hissini daha da artırdı.
Yaşadığımız həyatda yurd itkisindən, torpaq nisgilindən ağrılı heç nə yoxdur. Bunu yalnız və yalnız həmin həsrəti, nisgili, ağrını çəkənlər yaxşı bilərlər. Uzun illər idi ki, düşmən tapdağında qalmış torpaqlarımızın nisgilini çəkirdik, onun həsrəti ilə qovrulurduq. Doğma ocaqlarımıza qayıdacağımız, o yerlərə ayağımızın dəyəcəyi günü intizarla, həsrətlə gözləyirdik. Ordumuzun gücünün, qüdrətinin artdığını gördükcə əmin olurduq ki, mütləq günlərin birində işğala son qoyulacaq, Silahlı Qüvvələrimiz torpaqlarımızı azad edəcək. Məcburi köçkünlər böyük sevinc içində doğma ocaqlarına qayıdacaqlar.
Qoynunda dünyaya göz açdığımız, boya-başa çatdığımız ata-baba yurdlarımız gündüzlər xəyallarımızdan, gecələrsə yuxularımızdan çıxmırdı. Körpə uşaq anasını arzulayan kimi, biz də qollarımızı qoynumuza qoyub doğma torpaqlarımıza qayıtmaq istəyirdik. Təəssüflər olsun ki, illər üst-üstə qalansa da, geriyə dönüşə ümid yolları görünmürdü. Hissə qapılanda hərdən düşünürdük ki, deyəsən, bizi geri qaytaracaq yollar üzümüzə birdəfəlik bağlanıb. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan sülh danışıqlarının səmərəsizliyi, birtərəfliyi, işğalçı Ermənistana təzyiq göstərməməsi, yağıların torpaqlarımızdan çaxmağa məcbur edilməməsi hamımızı qəzəbləndirirdi. Sanki bütün dünya işğalçı Ermənistanın arxasında dayanmışdı. Ermənilər tərəfindən yurdundan qovulmuş köçkünlər isə doğma ocaqlarına qayıtmaq istəyirdilər, ürəklər həsrət notları üstünə köklənmişdi, qələbə yanğısı ilə döyünürdü.
İkinci Qarabağ müharibəsi başlayanda nisgil dolu ürəyimizdə geriyə dönmək ümidi tumurcuqladı. Azərbaycan Ordusu erməni işğalçılarını geri sıxışdıra-sıxışdıra dayanmadan irəliləyirdi. Hər addım uğrunda qanlı döyüşlər gedirdi. İşğalçılar torpaqlarımızdan çıxmaq istəməsələr də, ordumuzun əks-həmlələri qarşısında duruş gətirə bilmirdilər.
Müharibə başlayandan, demək olar ki, hər gün cəbhədən Azərbaycan Ordusunun yeni zəfərlərinin sorağı gəlirdi. Oktyabrın 20-də daha bir şad xəbər eşitdik. Zəngilan işğaldan azad olundu. Ertəsi gün isə ermənilər qoynunda doğulduğum Babaylı kəndindən qovuldular. Ata-baba yurdumuz rahat nəfəs aldı. Kəndimizin işğalına son qoyuldu. Bu xəbər bizə dünyalarca sevinc bəxş etdi, ürəyimiz atlandı, qəlbimizə qürur seli axdı. Çünki dünyanın ən şad xəbərini eşitmişdik. Sanki dünyaya yenidən doğmuşduq. Uzun illər idi bu günün intizarını çəkirdik, o günü gözləyirdik. Qoynunda dünyaya göz açdığımız torpaqlara ayaq basmaq həsrətiylə yaşayırdıq. İstəyirdik ki, o yurd yerlərimizi yenidən görək, doğma ocaqların havasını udaq, yenidən o torpaqlarda ömür sürək. Yenidən ayağımız kəndimizin daşına, qayasına, torpağına dəysin. Yenidən şırıl-şırıl axan Həkəri çayından su içək, güllü-çiçəkli dərələrimizin qoynunda gəzək. Şükür, axır ki, bu günü gördük, bu dəqiqələri yaşadıq, belə gözəl anlara şahidlik etdik.
Rayonumuz, kəndimiz işğaldan azad edildikdən sonra da döyüşlər səngimədi, atəş səsləri kəsilmədi, silahlar susmadı. Azərbaycan Ordusu Zəngilanı yağılardan təmizlədikdən sonra Qubadlı, Laçın və Şuşa istiqamətində əks-hücumlarını davam etdirdi. Getdikcə zəifləyən, məğlub duruma düşən, ağır itkilər verən, texnikasını, canlı qüvvəsini itirən işğalçılar ordumuzun qarşısında dayana bilmirdilər. Nəhayət, onlar ağ bayraq qaldıraraq məğlub olduqlarını etiraf etdilər. Azərbaycan Ordusu düşmənə bundan başqa çıxış yolu qoymamışdı. 2020-ci il noyabrın 10-da ermənilər kapitulyasiya aktına imza atdılar. Bir güllə atılmadan, qan tökülmədən Laçın, Ağdam və Kəlbəcər rayonları Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsini beləcə Zəfərlə başa vurdu. Tarix zabit və əsgərlərimizin göstərdikləri qəhrəmanlıqları daim səhifələrində saxlayacaq. Gələcək nəsillər zaman-zaman igidliyi bu səhifələrdən öyrənəcəklər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"