Çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının
tarixində Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun zəngin siyasi fəaliyyəti
və misilsiz idarəçilik təcrübəsi müstəsna yer tutur. Tarix dəfələrlə sübut edib
ki, xalqı üçün yaşayan, millətinin gələcəyi naminə çalışan, ömrünü Vətəninə və
dövlətinə həsr edən böyük şəxsiyyətlər yaddaşlarda əbədi yaşayırlar. Ulu Öndər
Heydər Əliyevin həyatı da məhz belə mənalı, xalqına xidmət nümunəsi olan bir
ömür yolu idi.
Ulu Öndər daim vurğulayırdı ki, milli ruhun, milli kimliyin
və milli maraqların qorunmasının ən etibarlı yolu müstəqil dövlətin
mövcudluğundan keçir. Məhz buna görə də dahi şəxsiyyət milli-mənəvi dəyərlərin
qorunmasını, dövlətçilik ənənələrinin möhkəmləndirilməsini, Azərbaycanın beynəlxalq
aləmdə layiqli yer tutmasını həyatının və siyasi fəaliyyətinin başlıca məqsədinə
çevirmişdi.
Azərbaycançılıq məfkurəsinin müəllifi olan Ümummilli Lider
Heydər Əliyev müdrik siyasəti, uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi sayəsində
müasir Azərbaycan dövlətinin əsasını qoymuş, müstəqillik arzularının reallığa
çevrilməsinə nail olmuşdur. Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən
xaos, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Ermənistan-Azərbaycan,
Qarabağ münaqişəsinin ağır nəticələri, separatçılıq meyilləri və vətəndaş
qarşıdurması təhlükəsi fonunda xalqın yeganə ümid yeri məhz Heydər Əliyev
olmuşdur.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər qısa
müddət ərzində ölkədə siyasi sabitliyi təmin etmiş, dövlət institutlarını möhkəmləndirmiş,
milli birliyi bərpa etmiş və ölkəmizin gələcək inkişaf strategiyasını müəyyənləşdirmişdir.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması, milli-mənəvi dəyərlərə
dönüş, elm, təhsil və mədəniyyətin inkişafı birbaşa Ümummillil Lider Heydər
Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu olan Konstitusiyanın qəbul
edilməsi, hakimiyyət bölgüsü prinsipinin təsbit olunması, qanunvericilik
bazasının beynəlxalq standartlara uyğunlaşdırılması və müasir dövlət idarəçiliyi
sisteminin formalaşdırılması onun rəhbərliyi altında həyata keçirilmişdir.
Qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi, kənd
təsərrüfatında islahatların aparılması Heydər Əliyevin iqtisadi strategiyasının
mühüm istiqamətlərindən biri idi. Postsovet məkanında analoqu olmayan torpaq
islahatı nəticəsində torpağın xüsusi mülkiyyətə verilməsi ölkəmizin ərzaq təhlükəsizliyinin
təmin edilməsinə, kənd təsərrüfatının inkişafına və regionların iqtisadi
potensialının güclənməsinə təkan vermişdir.
Bütün bunlarla yanaşı, Ulu Öndərin gənclər siyasəti Azərbaycanın
böyüməkdə olan nəslinin formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Ümummilli
Lider gənclərin dövlət quruculuğunda aparıcı qüvvə olduğunu hər zaman
vurğulayırdı. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi yaradılmış və dövlət gənclər siyasətinin
institusional əsasları formalaşmışdır. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin
ilk forumunun keçirilməsi və bu günün Azərbaycan Gəncləri Günü kimi təsis
olunması gənclərə göstərilən yüksək dövlət qayğısının təzahürü idi.
Mən müstəqil Azərbaycanın
bir gənci kimi özümü xoşbəxt hesab edirəm ki, Ulu Öndərin bizlərə miras qoyduğu
bu dövlət siyasətinin nəticəsində 2025-ci il üzrə "İlin Gənci"
mükafatına layiq görülmüşəm. Eyni zamanda "Heydər Əliyev siyasi məktəbini
öyrənirik" Gənc Liderlər Proqramının iştirakçısı və Heydər Əliyev Fondu tərəfindən
həyata keçirilən IX "Muğam" Televiziya Müsabiqəsinin finalçısı olmaq
həyatımın ən qürurverici məqamlarından biridir.
Bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş
siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İkinci
Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Cəmi 44 gün
davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş,
ölkəmizin ərazi bütövlüyü təmin olunmuş və Ermənistan ordusunun "məğlubedilməzlik"
mifinə son qoyulmuşdur. Bu tarixi Zəfər yalnız hərbi uğur deyil, həm də Ulu Öndərin
müəyyən etdiyi milli dövlətçilik strategiyasının, siyasi iradəsinin və azərbaycançılıq
ideologiyasının parlaq təntənəsidir.
Yusif CƏFƏRBƏYLİ,
IX "Muğam" Televiziya Müsabiqəsinin finalçısı