22 İyul 2026 08:00
194
SİYASƏT
A- A+
AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR

AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR


Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.

Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.

Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93,6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir.

Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti - 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.

Respondentlərin 81,9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.

***

Sorğunun nəticələri quru rəqəmlərdən ibarət olan adi statistikadır.

Azərbaycan xalqı isə İlham Əliyevi ürəkdən, səmimi qəlbdən sevir!

Prezidentimizin sadə insanlar, yaşlılar və uşaqlar, yaralı hərbçilər, şəhid övladları və onların ailə üzvləri, habelə 30 ildən çox davam edən ayrılıqdan sonra doğma yurd-yuvalarına qayıtmış keçmiş məcburi köçkünlərlə çoxsaylı görüşləri zamanı bunu dəfələrlə görmüş, ona ünvanlanan minnətdarlıq ifadələrini, alqışları qulağımızla eşitmişik.

Həm də prezidentliyinin ilk günlərindən başlayaraq davam edən 23 ildə!

Üstəlik, söylənilənləri təbii və qanunauyğun şəkildə qəbul etmişik.

Çünki bu istəyin, bu təşəkkür və minnətdarlıqların arxasında daim real iş, verilən vədlərin icrası, xalqımızın və dövlətimizin rifahı, yüksəlişi naminə atılan konkret addımlar dayanır.

Bəs Azərbaycan xalqı İlham Əliyevi niyə sevir?!

Bu sualı cavablandırmazdan əvvəl ona daha iki sual da əlavə etmək istərdik.

Birincisi, xalq niyə də İlham Əliyevi sevməsin?!

İkincisi, məgər İlham Əliyevi təkcə Azərbaycan xalqımı sevir?!

Suallara cavab əvəzinə Azərbaycan xalqının müzəffər, şanlı rəhbərinin indiyədək gördüyü işlərə, qazandığı uğur və nailiyyətlərə qısaca nəzər salaq.

***

Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini nəzərdən keçirərkən belə bir haqlı qənaətə gəlirsən:

İlham Əliyev, əslində, böyük siyasət üçün doğulmuş, dövlət rəhbəri olmaq üçün yaranmışdır!

Bu, gəlişi gözəl ifadə deyil, İlham Əliyevin keçdiyi həyat yolu, dövlətə rəhbərliyi dövründə etdiklərindən doğan təbii və obyektiv qənaətdir.

Faktlara və hadisələrə yığcam şəkildə nəzər salaq.

İlham Əliyev görkəmli siyasi xadim, dünyaşöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin ailəsində dünyaya göz açmışdır.

Ulu Öndər Heydər Əliyev həm də Azərbaycanda böyük bir siyasətçilər, dövlət məmurları nəslinin yetişməsində, səmərəli fəaliyyət göstərməsində, dövlətə necə xidmət etmək lazımdır prinsiplərinə yiyələnməsində danılmaz köməyi və əməyi olan dövlət rəhbəridir.

Bütövlükdə, öz nəhəng fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev dövlətə və xalqa özünəməxsus xidmət məktəbi də yaratmışdır!

Bu məktəbə dərin hörmət və sevgi ilə "Heydər Əliyev məktəbi" də deyilir.

İlham Əliyev "Heydər Əliyev məktəbi"ni əyani şəkildə bitirən yeganə məzundur!

***

İlham Əliyev siyasətçi və dövlət xadimi kimi bütün zəruri keyfiyyətlərə malikdir!

Uca boy-buxunu, ciddi xarakteri, təmkinli davranışı, doğma dilindən başqa rus, ingilis, fransız, türk dillərinidə sərbəst danışa bilməsi onun hər siyasətçiyə qismət olmayan üstünlükləridir!

İlham Əliyev daim sinədəftər çıxışlar edir, nitqini cəlbedici və məntiqli, maraqlı qurur, bütün faktları və rəqəmləri əzbərdən səhvsiz, olduğu kimi dinləyənlərə çatdıra bilir və üstəlik, fəaliyyəti dövründə bir dəfə də olsun yanlışlığa, qeyri-dəqiqliyə yol verməyib!

İlham Əliyev mükəmməl ixtisas təhsili almış, dünyaca məşhur Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət həmin təhsil ocağında müəllim işləmişdir və hazırda onun şəkli həmin institutun "Şərəf lövhəsi"ni bəzəyir.

***

İlham Əliyevi bir siyasətçi və dövlət xadimi kimi fərqləndirən digər mühüm xüsusiyyətləri onun böyük iradə və qətiyyət sahibi olması, verdiyi sözə daim əməl etməsidir.

Məqsədə doğru fəaliyyətində İlham Əliyev heç zaman dayanmır, dönmür, fikrindən daşınmır, səbirlə, inadla daim irəliyə doğru addımlayır!

Qazandığı möhtəşəm qələbələrin mühüm səbəblərindən biri də məhz budur.

BİR NEÇƏ MİSAL:

"Əsrin müqaviləsi"nin imzalanması ilə bağlı aparılan çətin, gərgin və uzunmüddətli danışıqlarda, habelə onun uğurla başa çatmasında İlham Əliyevin xüsusi xidməti olmuşdur.

Həmin dövrdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyev məşhur fikrini də səsləndirmişdi:

"Neft insanlara xoşbəxtlik də gətirə bilər, bədbəxtlik də. Mən çalışacağam ki, Azərbaycan nefti Azərbaycan xalqına xoşbəxtlik gətirsin".

İlham Əliyev vədinə sadiq qaldı, Azərbaycan dövlətinin iqtisadi cəhətdən güclənməsində, xalqın sosial rifahının yüksəldilməsində neft amilindən bacarıqla istifadə etdi.

Bu gün isə qeyri-neft sektorunun yüksəlişinə böyük diqqət yetirir.

İlham Əliyev ilk dəfə Prezident seçiləndə Azərbaycan xalqına bir neçə vəd də vermişdi.

Onlardan biri məcburi köçkünlərlə bağlı idi:

"Çadır şəhərciklərində bir nəfər də olsun məcburi köçkün yaşamayacaqdır!"

Sonra 116 yaşayış kompleksi inşa etdirərək məcburi köçkünlərin həyat şəraitini əsaslı şəkildə yaxşılaşdırdı.

Digər vəd: "Regionların elektrik enerjisi ilə təchizində fasilələr aradan qaldırılacaqdır".

Kənd təsərrüfatı işlərində və məişətdə böyük çətinliklərə səbəb olan belə fasilələr nəinki aradan qaldırıldı, artıq Azərbaycan Qara dənizin dibi ilə Avropaya "yaşıl enerji" ixracına hazırlıq görür.

***

İlham Əliyevi dünya həm də verdiyi sözü tutan dövlət başçısı kimi tanıyır!

Bu söz istər şifahi şəkildə deyilsin, istərsə də kağız üzərindəki müqavilə və ya sazişin axırında olsun.

Prezidentimizin dünyaca məşhur "Sözümüz imzamızdır" kəlamı da məhz bu sözübütövlükdən yaranıb!

İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçiləndə 20 faiz ərazimiz düşmən işğalında idi və ATƏT-in acı bağırsağa çevrilən "sülh danışıqları" davam edirdi.

Həmsədr dövlətlər isə Azərbaycanı Ermənistanla "dil tapmağa", "razılığa gəlməyə" səsləyirdilər.

İlham Əliyev isə ilk günlərdən qətiyyətli və barışmaz mövqeyini açıq şəkildə bildirdi:

* "Biz bir qarış torpağımızı da kimsəyə güzəştə getməyəcəyik".

* "Biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik".

* "Biz nəyin bahasına olursa-olsun torpaqlarımızı düşmən işğalından azad edəcəyik".

İlham Əliyev Azərbaycan xalqına verdiyi bu vədi də "dəmir yumruğ"u ilə gerçəyə çevirdi!

***

İlham Əliyev həm də böyük qurucu və yaradıcıdır.

Hansı sahənin inkişafını təmin etmək istəyibsə, qısa zamanda ona nail olub.

İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçiləndə ölkədə idman bərbad vəziyyətdə idi.

Təcrübəli məşqçilərin bir qismi iş dalınca müxtəlif ölkələrə üz tutmuş, bəzi azərbaycanlı idmançılar digər dövlətlərin bayrağı altında yarışlara çıxmağa başlamış, Tofiq Bəhramov adına Respublika Stadionu isə "tolkuçka"ya (bazara) çevrilmişdi.

İlham Əliyev qısa müddətdə gedənləri geriyə qaytardı, idman meydançalarını və stadionları əvvəlki vəziyyətinə gətirdi, gənclər arasında böyük ruh yüksəkliyi yaradaraq onları idmana həvəsləndirdi, paytaxt Bakıda və regionlarda olimpiya idman kompleksləri inşa etdirdi, bu sahədə ciddi dönüşə və irəliləyişə nail oldu. 

* 2015-ci ildə Azərbaycan dünyada ilk dəfə I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edərək yeni trend yaratdı!

* 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarını keçirərək islam dünyasına böyük hədiyyə etdi!

İlham Əliyevin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycan həm də dünyada idman dövləti kimi tanınır və Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, Avropa və dünya birinciliklərində, Olimpiya oyunlarında qazandıqları qızıl, gümüş və bürünc medalların sayı-hesabı yoxdur!

***

2000-ci ilin parlament seçkilərində deputat mandatı qazanan cənab İlham Əliyevə çox keçmədən Milli Məclisin AŞPA-dakı deputat qrupuna rəhbərlik həvalə olundu.

İlham Əliyev buradakı səmərəli, prinsipial və qətiyyətli fəaliyyəti ilə beynəlxalq qurum və təşkilatlarda dövlətin və xalqın maraqlarının necə bacarıqla və uğurla təmin edilməsinin nümunəsini yaratdı.

İlham Əliyev biz jurnalistlərin də yaxın dostu, sevimlisi və hamisidir.

O, dəfələrlə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

2005-ci il iyulun 22-də Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşü zamanı jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ona müraciət olundu.

Elə həmin gün - görüşdən 5-6 saat sonra "Gülüstan" sarayında keçirilən yubiley təntənəsində cənab İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamı elan olundu və bu məqsədlə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrıldı.

Beləliklə, yüzlərlə jurnalist şəxsi mənzilə sahib olaraq kirayəçi əzabından qurtuldu!

***

İlham Əliyev Azərbaycanın müstəqil daxili və xarici siyasətini müəyyən edən, dünya dövlətləri və beynəlxalq təşkilatlarla münasibətlərdə yalnız dövləti və milli maraqları əsas tutan ən yüksək reytinqli dövlət başçılarındandır. 

O, yorulmadan, gərgin və səmərəli fəaliyyət göstərməyi, ən yüksək nəticəyə nail olmağı hamıdan yaxşı bacarır. Qısa müddət ərzində Azərbaycanı uğurla dünya birliyinə inteqrasiya edib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvünə çevirib, dünyanın maraqları ilə ölkəmizin maraqlarını üzvi surətdə uzlaşdırıb!

İlham Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərinin sevilən və arzuolunan dəvətlisinə çevrilib!

İndiyədək dünyanın elə bir dövləti yoxdur ki, onun ən yüksəksəviyyəli rəsmisi ölkəmizə qonaq gəlməsin.

Azərbaycan həm də beynəlxalq tədbirlərə qonaqpərvərliklə evsahibliyi edən məkandır. 

Cənubi Qafqazın ən güclü və modern dövləti sayılan Azərbaycanda artıq yeni islahatlara start verilmişdir.

İlham Əliyevin iqtisadi sahədə nail olduğu uğurları saymaqla qurtarmaz!

Onun rəhbərliyi dövründə ölkə üzrə ÜDM istehsalı dəfələrlə artıb, işsizlik və yoxsulluq 5 faizədək azalıb. Yeni sahibkarlıq təbəqəsi yaranıb və dövlət qayğısı ilə əhatə olunub. 

Nəqliyyat, enerji təhlükəsizliyini təmin edən Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərini işə salaraq, Bakını beynəlxalq logistika mərkəzinə çevirib.

***

İlham Əliyev xalqın mədəni və milli-mənəvi dəyərlərinə daim hörmət və ehtiramla yanaşır. 

Onun gördüyü işlər sayəsində Azərbaycan dünyada tolerant, multikulturalizm ənənələrinə sadiq nümunəvi dövlət kimi tanınır. 

Xalqımız bütün dinlərə və mədəniyyətlərə eyni gözlə baxır, heç bir ayrı-seçkiliyə yol vermir. 

* Cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə dünyanın ən qədim məscidlərindən biri sayılan Şamaxı məscidi bərpa olunaraq fəaliyyətə başlamışdır;

* Ölkə paytaxtında sinaqoq, katolik və pravoslav kilsələri fəaliyyət göstərir, Şəkidəki Qafqaz Alban kilsəsi, Suraxanıdakı qədim atəşpərəstlik məbədi, Göygöldəki Alman Lüteran məbədi təmir edilərək tarixi abidə kimi yaşadılır; 

* Novruz bayramı, Azərbaycan muğamı, saz sənəti, tar ifaçılığı, habelə Qobustan Milli Tarix-Bədii, İçərişəhər Dövlət Tarix-Memarlıq qoruqları UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır.

İlham Əliyev BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun və digər qurumların tribunasından bacarıqla istifadə edərək xalqımızın və dövlətimizin maraqlarını qoruyur.

***

İlham Əliyev həm də möcüzələr yaratmağa qadir dövlət rəhbəridir!

Biz 44 günlük müharibədə və ondan sonrakı dövrdə dəfələrlə bunun şahidinə çevrildik.

* İlham Əliyev "dəmir yumruğ"u ilə 30 illik işğala, ikiəsrlik Qarabağ münaqişəsinə son qoydu!

* İlham Əliyev 44 gündə Azərbaycan xalqını qalib xalqa çevirdi!

* İlham Əliyev Azərbaycan xalqını məşəqqətli məcburi köçkün həyatından, vətən həsrətindən qurtardı.

* İlham Əliyevin sərkərdəliyi ilə 2023-cü il aprelin 23-də möhtəşəm hərbi əməliyyat keçirilərək şər yoluna çevrilən Laçın dəhlizi birdəfəlik qapandı.

* Həmin il sentyabrın 19-20-də cəmi 23 saat çəkən hərbi əməliyyat nəticəsində Azərbaycanın dövlət suverenliyi və konstitusiya əsasları bərpa olundu, ölkə qanunları ilə yaşamaq istəməyən erməniəsilli insanlar isə dinc şəkildə ərazilərimizi tərk etdilər.

* Daha bir il sonra - 12 iyun 2024-cü ildə isə Rusiya sülhməramlı kontingenti torpaqlarımızdan birdəfəlik çıxarıldı.

İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi, qətiyyət və əzmkarlığı sayəsində Azərbaycan öz ərazisində bir nəfər belə separatçının və əcnəbi əsgərin olmadığı ölkəyə çevrilib!

***

İlham Əliyev birinci dəfə dövlət başçısı seçiləndə hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına söz vermişdi.

Bu gün də öz vədinə sadiqdir.

Bütövlükdə cənab İlham Əliyev fəaliyyətinin bütün dövrlərində hər bir azərbaycanlının yanında olub, ölkədəki hər bir insanın dövlətin mövcud imkanlarından lazımınca bəhrələnməsinə şərait yaradıb.

Azərbaycanı dünyada söz sahibinə çevirən, Cənubi Qafqazın lider dövləti statusunu qazandıran, Türk Dövlətləri Təşkilatının yaranması, əlbir və əlaqəli hərəkət etməsi üçün əlindən gələni əsirgəməyən cənab İlham Əliyev eyni zamanda Azərbaycan xalqına illər öncə verdiyi daha bir vədi layiqincə yerinə yetirir:

Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirərək "Böyük Qayıdışa dair I  Dövlət Proqramı" həyata keçirilməsini, Vətən həsrəti çəkən insanların tezliklə doğma el-obalarına qayıtmasını sürətlə reallaşdırır.

***

Azərbaycan xalqı 23 illik prezidentliyi dövründə İlham Əliyevi dönə-dönə yoxladığı, verdiyi vədlərə sahib çıxdığını bildiyi, dövləti bütün təhlükələrdən qoruyaraq məharətlə idarə etdiyi, müdrik və uzaqgörən daxili və xarici siyasət yeritdiyi, 30 illik işğala son qoyduğu və xalqın həyat şəraitini əsaslı şəkildə yaxşılaşdırdığı üçün sevir və ona inanır!

* Əgər rəhbər doğma Vətənini daim yüksəldərək onu inkişaf etdirirsə, onu niyə sevməyəsən?!

* Əgər rəhbər ilbəil xalqını daha yaxşı yaşadaraq onun istəklərini gerçəyə çevirirsə, onu niyə sevməyəsən?!

* Əgər rəhbəri bütün türk dünyası sevir və fəaliyyətini yüksək qiymətləndirirsə, dünyanın görkəmli siyasi xadimləri onun fəaliyyətinə böyük dəyər verirsə, onu niyə sevməyəsən?!

Əslində, bu sevgini cənab İlham Əliyev öz işi, fəaliyyəti, əməlləri, inkişafımıza verdiyi dəyərli töhfələri ilə qazanır!

Xalqın ürəyində əbədi yer tutan tükənməz ehtiram və sevgini!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

Müstəqilliyə gedən yolun strateji təməli

08:50
22 İyul

Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu və müasir çağırışlar

08:45
22 İyul

Qələmi qırılan aydınlar

08:45
22 İyul

Mətbu söz zamanın salnaməsidir

08:40
22 İyul

Həqiqətin və dövlətçiliyin xidmətində

08:35
22 İyul

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

08:30
22 İyul

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

08:25
22 İyul

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

08:20
22 İyul

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq dərinləşir

08:15
22 İyul

Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti

08:10
22 İyul

"AZƏRBAYCAN"ın "Zəfər" imzası

08:05
22 İyul

AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR

08:00
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

02:20
22 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda və 2021-ci il 25 may tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda dəyişiklik edilməsi barədə

02:18
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!