1931-ci ildə yaradılmış, bu il 95 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Kukla Teatrının ölkədaxili qastrol proqramı çərçivəsində növbəti çıxışı Pirallahı Rayon Gənclər Evində olub.
Teatrın Mətbuat xidmətindən aldığımız məlumata görə, qastrol proqramının əsas məqsədi paytaxtdan kənarda yaşayan balaca teatrsevərlərə peşəkar səhnə nümunələrini təqdim etmək, uşaqlarda teatr mədəniyyətinə marağı artırmaq və milli uşaq ədəbiyyatının ən gözəl nümunələrini geniş auditoriyaya çatdırmaqdır.
Tədbiri giriş sözləri ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov milli teatrımızı ölkəmizin mədəni yaddaşını yaşadan sənət ocağı kimi qiymətləndirərək bu cür tədbirlərin rayonun mədəni inkişafına töhfə verdiyini diqqətə çatdırıb. O, kukla teatrı ənənələrinin uşaqların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsində rolunu qeyd edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva vurğulayıb ki, milli irsimizin təbliği dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkəmizin qocaman teatr ocaqlarından olan Dövlət Kukla Teatrının zəngin yaradıcılıq ənənələrinə diqqətçəkən deputat təmsil etdiyi rayonlarda mədəni həyatın canlandırılmasına yönəlmiş layihələrin, o cümlədən teatr tamaşalarının təşkilinə hər zaman dəstək verildiyini bildirərək bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, şəhid ailələrinin övladları, yerli ictimaiyyət, çoxsaylı balaca teatrsevərlər iştirak ediblər.
Tamaşaçılara Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən olan "Dovşanın ad günü" nağıl-poeması əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub. Rəngarəng səhnə tərtibatı, musiqili nömrələri və maraqlı süjet xətti ilə seçilən tamaşa pirallahılı balaca teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abbasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi isə Sevinc Nuruqızıdır. Birhissəli kukla tamaşasında obrazları Cavid İbrahimov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibova, Səbinə Məmmədova, Firuzə Nəsibli-Abbasova və Elnur Xəlilov canlandırıblar.
Z.FƏRƏCOVA,
"Azərbaycan"