Azərbaycanın qərb bölgəsində iki rayonda Göyəzən dağı var - biri Qazaxda, digəri isə Tovuzun Bala Şamlıq kəndində. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da mövcuddur.
Qazax rayonundakı Göyəzən dağı çox məşhurdur. Azərbaycanın milli tarixi irsini özündə yaşadan bu dağ haqqında maraqlı rəvayətlər söylənilir. Göyəzən dağı rayon mərkəzindən 20 km aralıda - Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Mənbələrin məlumatına görə, bu nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qərb bölgəsinin əhalisi, xüsusən də qazaxlılar bu dağa böyük istəklə, rəğbətlə yanaşırlar. Zirvəsi nisbətən düzən olub. geniş meydançanı xatırladır. Burada Orta əsrlərə aid 7 bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir.
Dibində və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insan yaşayışı məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə, qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması ehtimal edilir.
Göyəzən dağının adı, daha doğrusu, toponimi barədə yozmalar çoxdur. Qədim türk (Azərbaycan) söz və ifadələrinə əsaslanan mütəxəssislər dağın adının Göy ozan (tayfa adı) və ya Ozan kəndi mənalarını daşıdığını söyləyirlər. Bəziləri isə "Küy əzən" kimi izah edirlər. Şairlərin, yazıçıların fikirincə isə dağın adı "göy dələn", "göyə baş vuran", "göy əzən" mənalarını verir. Göyəzən qərbdə Günən dağından ("Günən" qədim türk dilində "gün enən", "gün batan" deməkdir), şərqdə Qazaxdan, şimalda Avey dağından görünür və öz əzəməti ilə sanki bizləri səsləyir. Ölməz şairimiz Səməd Vurğun Qazaxa yolu düşəndə mütləq dağı gəzməyə gələrmiş. Ana təbiətimizin bu əsrarəngiz abidəsindən zövq alaraq "Göyəzən" dağına həsr etdiyi şeirindən dodaqaltı zümzümə edərmiş.
Göyəzən dağı ilə bağlı rəvayətlər, yozumlar da çoxdur. Maraq üçün birini diqqətinizə çatdıraq: Söyləyirlər ki, 1947-ci ilin payızında Səməd Vurğunla Mirzə İbrahimov Daş Salahlı kəndində ova gedirlər. Dan ağarmamışdan yola düşən ovçular Avey dağının sıldırımlığına çatanda artıq üfüqlər açılır. Kürdən başlayıb başıqarlı dağların ətəklərinə qədər uzanıb gedən çöllərə, tarlalara heyranlıqla tamaşa edirlər. Təbiətin əsrarəngiz gözəlliklərindən və göylərə baş çəkən Göyəzəndən doymayan Səməd Vurğun:
- Ayə, ora bax, ora bax, Göyəzən dağı! - deyə fəxrlə, sevinclə qələm dostuna dağı göstərir.
Mirzə İbrahimov deyir:
- Ay Səməd, şeirində "Göyəzən dağı" oxuyanda elə bilmişdim ki, Şahdağdan, Elbrusdan ucadır. Bu ki, təpə imiş...
Səməd Vurğun dərhal hazırcavablıqla deyir:
- Ayə, mənim böyüklüyüm ondadır ki, təpəni dağ kimi tərənnüm edirəm... Sən dağı təpə eləyənlərdən qorx...
Qazax qədim memarlıq və incəsənət abidələri ilə zəngindir. Rayonda qeydiyyata alınmış dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə mövcuddur. Bunlardan 56-sı arxeoloji, 45-i memarlıq, 6-sı monumental tarixi, 5-i dekorativ-tətbiqi incəsənət abidəsidir. Bu yerləri ziyarət edən qonaqlar, xüsusən turistlər Göyəzənin maraqlı tarixi ilə tanışlıqdan məmnun olurlar.
Rəhman SALMANLI,
"Azərbaycan"