Vətən hər bir insanın doğulub boya-başa çatdığı torpaqdan daha geniş məna daşıyır. Doğma yurda, məmləkətə bağlılıq bu hissin ən ülvi təcəssümüdür. Vətən insanın kimliyini formalaşdıran, ona mənsubiyyət hissi bəxş edən müqəddəs anlayışdır.
Azərbaycan xalqı əsrlər boyu yurduna, ulusuna sevgisini tarixinin ən çətin sınaqlarına sinə gərərək nümayiş etdirib. Məmləkətinin azadlığı, müstəqilliyi, milli birliyi uğrunda mübarizə aparıb. Vətən tariximiz, dilimiz, milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, keçmişimiz, bu günümüz və gələcəyimizdir. Odur ki, onu sevmək, qorumaq, inkişafı, rifahı yolunda çalışmaq, bacarığını əsirgəməmək kifayət deyil. Gənclərimizi də bu ruhda böyüdüb tərbiyə etmək milli-mənəvi varlığımızı, uğurlu gələcəyimizi şərtləndirən ən mühüm amillərdən biridir.
Bu gün Yer kürəsi başdan-başa sülhün, sabitliyin, firavanlığın hökm sürdüyü məkan deyil. Bir sıra ölkələrdə siyasi gərginliklər, müharibələr səngimək bilmir. Belə bir zamanda vətənpərvər olmaq, Vətənə xidmət yalnız sərhədləri qorumaqla məhdudlaşmır. Müasir dövrün çağırışlarını duymaq, onlara səs vermək, uyğun addımlar atmaq gərəkdir. Milli birliyi qorumaq, hansı sənəti, peşəni seçməyindən asılı olmayaraq, bacarığını əsirgəməmək, əzmlə çalışmaq Vətənə, onun rifahına xidmətin nümunəsidir.
Gənclər hər bir ölkənin, xalqın gələcəyidir. Dövlətin gələcəyi, tərəqqisi və beynəlxalq nüfuzu bugünkü gənclərin biliyi, bacarığı və vətənpərvərlik ruhundan asılıdır. Buna görə də gənclərin milli-mənəvi dəyərlərə bağlı, yüksək təhsilli, dünyagörüşlü və məsuliyyətli vətəndaş kimi formalaşması mühüm əhəmiyyət kəsb edir.
Gənclərin vətənpərvərlik ruhunda böyüməsində ailənin, məktəbin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Ailə ilk tərbiyə ocağıdır. Uşaqlar vətən sevgisini, millət təəssübkeşliyini ailədə öyrənirlər. Valideynlərin milli dəyərlərə hörmətlə yanaşması, övladlarına düzgün nümunə göstərməsi onların şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Məktəb isə bu tərbiyəni davam etdirərək şagirdlərdə vətəndaş məsuliyyəti, dövlətçilik düşüncəsi və milli birlik hissini formalaşdırır. Müəllimlərin verdiyi biliklərlə yanaşı, onların şəxsi nümunəsi də gələcək nəslin mənəvi inkişafına təsir göstərir. Cəmiyyət isə gənclərin şəxsiyyət kimi formalaşmasına istiqamət verir. Bu üç mühüm amilin - ailənin, məktəbin və cəmiyyətin birliyi, vəhdəti sağlam düşüncəli, savadlı və Vətəninə bağlı gənclərin yetişməsinə xidmət edir.
44 günlük Vətən müharibəsi xalqımızın iradəsinin, milli birliyinin və Vətən sevgisinin möhtəşəm təntənəsi oldu. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Bu tarixi Zəfər Azərbaycanın yalnız hərbi gücünün, qüdrətinin nümayişi olmadı, həm də milli ruhun, birlik və həmrəyliyin, haqqın və ədalətin qələbəsi oldu. Savaş günlərində Azərbaycan xalqı misilsiz birlik göstərdi. Cəbhədə döyüşən əsgərlərlə yanaşı, arxa cəbhədə çalışan hər bir vətəndaş özünü bu müqəddəs mübarizənin iştirakçısı hesab etdi. Minlərlə gənc böyük ruh yüksəkliyi ilə Vətənin müdafiəsinə qalxdı, döyüş meydanında misilsiz rəşadət, igidlik göstərdi. Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalından azad olunması naminə gedən döyüşlərdə Azərbaycanın neçə-neçə vətənpərvər, qəhrəman oğlu ən uca zirvə olan şəhidliyə yüksəldi, yüzlərlə gənc sağlamlığını Vətən yolunda fəda etdi. Onların göstərdikləri şücaət bugünkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpa olunmasını təmin etdi. Bir daha sübut olundu ki, güclü dövlət, peşəkar ordu və xalqın birliyi Azərbaycanın ən böyük qüvvəsidir.
Bu Zəfər həm də gənclərimiz üçün böyük həyat məktəbi oldu. Azərbaycan gəncləri dərk etdilər ki, Vətəni sevmək yalnız müharibədə aparılan ağır döyüşlər zamanı deyil, sülh dövründə də ona vicdanla xidmət etməkdir. Təhsil almaq, xarici dilləri öyrənmək, müasir texnologiyalara yiyələnmək, elm və innovasiya sahəsində uğurlar qazanmaq da vətənpərvərliyin mühüm göstəriciləridir.
Bu gün işğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin qüdrətini bir daha nümayiş etdirir. Bu müqəddəs quruculuq prosesində də gənclərimizin fəallığı rəğbət doğurur.
Vətənpərvər gənclik milli kimliyini unutmayan, ana dilini sevən, tarixini dərindən bilən, milli-mənəvi dəyərlərini qoruyan nəsildir. Tarixini bilməyən xalq sağlam gələcək qura bilməz. Buna görə də hər bir gənc Azərbaycanın qəhrəmanlıq tarixini, mədəni irsini və dövlətçilik ənənələrini öyrənməli, onları gələcək nəsillərə ötürməlidir.
Vətənpərvər gənclik sağlam həyat tərzini seçən, idmanla məşğul olan, fiziki və mənəvi cəhətdən güclü olan gənclikdir. Sağlam düşüncə, yüksək intizam və güclü iradə həm şəxsi inkişaf, həm də cəmiyyətin tərəqqisi üçün vacib amillərdir. İdmanda, elmdə, mədəniyyətdə və digər sahələrdə qazanılan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir.
Ətraf mühitin qorunması, ağacəkmə aksiyalarında iştirak, könüllülük fəaliyyəti, ehtiyacı olan insanlara yardım göstərmək, ictimai faydalı işlərdə fəal olmaq da vətənpərvərliyin mühüm göstəricilərindəndir. Çünki Vətəni sevmək yalnız torpağı deyil, onun təbiətini, insanlarını, şəhərlərini və kəndlərini də sevmək deməkdir.
Son illər Azərbaycanın əldə etdiyi uğurlar gənclərin qarşısında yeni imkanlar açır. Təhsil, elm, informasiya texnologiyaları, idman, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərən minlərlə gənc ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Onların qazandığı uğurlar göstərir ki, Azərbaycanın gələcəyi xoşbəxtdir. Çünki həmin gələcək bacarıqlı və vətənpərvər gənclərin əllərindədir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"