24 İyul 2026 09:45
207
CƏMİYYƏT
A- A+
Qəhrəmanların ömrü əbədi olur

Qəhrəmanların ömrü əbədi olur


Tarixin ən parlaq səhifələrini qəhrəmanlar yazırlar. Onların ömür yolu bəzən qısa olsa da, əməlləri əsrlərin yaddaşında yaşayır, adları millətin qürur rəmzinə çevrilir. Belə insanlar torpaqla bərabər, həm də xalqın yaddaşına köçürlər. 

2020-ci il sentyabrın 27-də erməni işğalında olan Qarabağın dağları, qayaları, dərələri təkcə mərmi səslərinə yox, Azərbaycan əsgərinin "Vətən!" hayqırtısına oyandılar. O gün Murovun sərt zirvələri, Füzulinin qan qoxulu səngərləri, Hadrutun dumanlı meşələri Xüsusi Təyinatlı Qüvvələrin misilsiz qəhrəmanlığının şahidinə çevrilmişdi. Qəhrəman oğullarımız ölümün gözünün içinə dik baxaraq irəliləyirdilər. Azərbaycan əsgərinin düşüncəsinə qələbə hissi hakim kəsilmişdi. Çünki XTQ döyüşçüləri üçün Vətən xəritədə çəkilmiş sərhəd deyil, anaların göz yaşı, uşaqların gələcəyi, şəhidlərin əmanəti idi. O igidlərin önündə gedən zabitlərdən biri də kapitan Nurlan Mustafayev idi. 

1990-cı il iyulun 22-də Hamlet və Rəhilə Mustafayevlərin ocağında dünyaya gələn Nurlanın taleyinə elə uşaqlıqdan hərbçi olmaq yazılmışdı. Məktəb illərində çalışqanlığı, nizam-intizamı və yüksək biliyi ilə seçilən Nurlan 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunanda müəllimləri onun məktəbdən ayırılmasını  istəmirdilər. Onlar bu sakit, təmkinli oğlanın biliyinin, bacarığının böyük gələcək vəd etdiyinə inanırdılar. Nurlan isə öz yolunu seçmişdi. O özü də bilirdi ki, bu yol rahat yol deyil, bu yola çıxanlar hər an canını Vətənə fəda etməyə hazır olmalıdırlar.  

Nurlan başladığı yolda məqsədinə doğru uğurla irəliləyirdi. Təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirdi, sonra Almaniyada hərbi hazırlıq kursu keçdi. Xarici ölkədə oxuyarkən ən yaxşı əcnəbi kursant adına layiq görülməsi, atıcılıq üzrə qızıl medal, qaçış üzrə birincilik və saysız-hesabsız mükafatlar qazanması onun təkcə fiziki hazırlığını deyil, həm də iradəsinin möhkəmliyini də göstərirdi. Almaniyada yaşadığı bir hadisə ömrü boyu onun qəlbində sağalmaz yara açdı. Azərbaycan Ordusunu qürurla təmsil edən Nurlana auditoriyada verilən bir sual sanki ürəyinə xəncər kimi sancıldı: "Torpaqlarının 20 faizi işğal altında olan ordunu bu qədər fəxrlə necə təqdim edirsən?" Bu sözlər gənc zabitin yaddaşına həkk olundu. 

O gündən sonra Qarabağın azad olunması onun üçün, sadəcə, hərbi vəzifə yox, vicdan borcu, kişilik andı oldu. Xidmət yolu onu Murov zirvələrinə apardı. Dörd il düşmənlə üz-üzə xidmət etdi. General Polad Həşimovun rəhbərliyi altında formalaşan zabit kimi o, hərb sənətinin yalnız döyüşməyi yox, insan olmağı da öyrətdiyini anladı. Anası Rəhilə xanım deyir: "Nurlanın tağımında 14 əsgər vardı. Ona geyim, corab, isti paltar alanda həmişə deyərdi ki, ana, hər şeyi on dörd dənə al. Mən dağın başında geyinim, əsgərim üşüsün, bu olmaz". Bu, sadəcə, mərhəmət deyildi, həm də komandirin əsgərinə olan qayğısı idi. Rəhilə xanım deyir ki, Nurlandan söz düşəndə əsgərlər deyirdilər ki, komandir təlimlərdə çox sərt, təlim bitəndən sonra isə doğma qardaşımıza çevrilirdi.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda kapitan Nurlan Mustafayev döyüşün ön sıralarında idi. Murov, Füzuli, Hadrut... Azərbaycan əsgərinin ayağının dəydiyi hər yüksəklikdə onun da izi var. Döyüş yoldaşlarının söylədiyinə görə, ən ağır tapşırıqları Nurlan həmişə özü üzərinə götürürdü. Əsgərlərinə isə "siz təhlükəsiz yerdə qalın", - deyirmiş. Çünki o, rəhbərlik etməyi arxadan əmr vermək kimi yox, öndə getmək kimi başa düşürdü. 2020-ci il oktyabrın 11-də Nurlan ailəsi ilə son dəfə danışır. Hamıya eyni sözləri deyir: "Hər şey yaxşıdır, narahat olmayın, irəliləyirik..." Səsində nə yorğunluq vardı, nə ümidsizlik. İçində qəhrəmanlıq hissi olan zabit bir neçə saat sonra 30 yaşında Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi. Nurlanın ömrü yarımçıq qalsa da, sevgisi yarımçıq qalmadı...

2020-ci ilin mart ayında ailə quran Nurlan ata olacağını öyrənəndə övladı üçün saysız-hesabsız arzular qurdu. Oğluna hansı idman növünü öyrədəcəyini, necə böyüdəcəyini, hansı məktəbə aparacağını danışırdı. Təəssüf ki, ömrü kimi arzuları da yarımçıq qaldı… Kapitan Nurlan Mustafayev şəhid olanda həyat yoldaşı Günay xanım körpəsini bətnində gəzdirirdi. 

Beş ay sonra - 2021-ci il martın 9-da bir oğlan uşağı dünyaya gəldi. Körpəyə atasının adı verildi - Nurlan! Bu, sadəcə ad deyildi, ata Nurlanın həyatının davamı idi. İllər keçir, balaca Nurlan indi tez-tez atasının məzarını ziyarət edir. İkinci Şəhidlər xiyabanında balaca əlləri ilə məzar daşını sığallayır. Bəlkə də hələ tam anlamır ki, qarşısında yatan insan yalnız onun atası deyil, həm də bir millətin qəhrəman oğludur. Atası onun suallarına cavab verməsə də,  sükutun da danışdığı anlar olur. Sanki məzar daşından görünməyən bir əl uzanıb, oğlunun saçlarını oxşayır və pıçıldayır: "Mən səni qucağıma ala bilmədim, oğlum... Amma sən azad Azərbaycanda böyüyəcəksən. Mən bunun üçün döyüşdüm". Şəhidlər, əslində, ölmürlər, onlar övladlarının baxışlarında, anaların dualarında dalğalanan üçrəngli Zəfər  bayrağımızda yaşayırlar.

Kapitan Nurlan Mustafayev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.

Əslində onun ən böyük mükafatı nə ordenlər, nə də medallardır, xalqımızın  sonsuz sevgisi, əsgərlərinin ehtiramı, oğlunun daşıdığı şərəfli addır. Bu gün azad Qarabağın zirvəsində dalğalanan müqəddəs üçrəngli bayrağımızın hər dalğasında Nurlan Mustafayev kimi igidlərin nəfəsi var. Onlar bizə təkcə işğal altında olan  torpaqlarımızı deyil, həm də qürurumuzu, başımızı dik tutmaq haqqını qaytardılar. Şəhidlər ölmürlər, onlar xalqın vicdanında əbədi keşik çəkirlər. Nurlan Mustafayev də həmin müqəddəs keşikçilərdəndir. Vətən sağ olduqca, Azərbaycan bayrağı Qarabağ səmasında dalğalandıqca, onun adı da qəhrəmanlıq salnaməmizin ən işıqlı səhifələrində yaşayacaq. Çünki qəhrəmanların ömrü təqvimlə ölçülmür, onların ömrü Vətənin əbədiyyəti qədər uzun olur.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

“The New York Times”: İran ABŞ-nin atəşkəs təklifini rədd edib

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!