Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri və imzalanan tarixi sənədlər Avrasiya məkanında təhlükəsizliyin və iqtisadi əməkdaşlığın gələcək xəttini müəyyənləşdirir
Geosiyasi reallıqlar və qlobal iqtisadi transformasiyalar dövlətlərarası tərəfdaşlıq formatlarının yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu kontekstdə Cənubi Qafqazın lider dövləti Azərbaycanla Avropanın aparıcı güclərindən sayılan Almaniya arasında qurulan dialoq xüsusi strateji çəkiyə malikdir. Dünyada cərəyan edən mürəkkəb çağırışlar fonunda iki ölkə arasındakı münasibətlərin inkişafı regionda və daha geniş coğrafiyada sabitliyin, eləcə də iqtisadi təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir. Məhz qarşılıqlı maraqlar iki ölkə arasında təmasların intensivləşməsini və münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini şərtləndirir.
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Mertslə keçirdiyi ali səviyyəli görüşlər, habelə tarixi sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni, strateji müstəviyə keçdiyinin aydın təzahürüdür. Xüsusən Avropanın enerji və nəqliyyat arxitekturasının yenidən formalaşdığı bir dövrdə Avropa İttifaqının iqtisadi lokomotivi olan Almaniyanın Azərbaycanla birbaşa, praqmatik və bərabərhüquqlu dialoqa üstünlük verməsi böyük geoiqtisadi əhəmiyyət kəsb edir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib. Ştaynmayer Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayıb. Müzakirələr zamanı Almaniya Prezidentinin dünyada gedən mürəkkəb proseslər fonunda Azərbaycanı və Almaniyanı "sabitlik adası" kimi xarakterizə etməsi səfərin siyasi çəkisini göstərən mühüm məqamdır. Bu bəyanat Berlinin Bakını Mərkəzi Avrasiya məkanında regional təhlükəsizliyi və proqnozlaşdırılan siyasəti təmin edən etibarlı geosiyasi tərəfdaş kimi qəbul etdiyini sübut edir. Bəzi Qərb paytaxtlarının tərəfli yanaşmalarından fərqli olaraq, Almaniya rəhbərliyi Cənubi Qafqazla bağlı daha balanslı və konstruktiv siyasət yürütməyi üstün tutur.
Görüşlərdə enerji təhlükəsizliyi müstəvisində də əhəmiyyətli mesajlar verilib. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təminatında oynadığı rola toxunaraq, ölkəmizin Almaniya və Avstriyaya təbii qaz ixrac etdiyini diqqətə çatdırıb. "Cənub qaz dəhlizi" və İtaliyanın qazpaylayıcı şəbəkəsi vasitəsilə SOCAR Almaniya şirkətlərini illik təxminən 2 milyard kubmetr həcmində təbii qazla təmin edir. Avropa İttifaqına ixrac edilən Azərbaycan qazının təxminən 90 faizini İtaliya qəbul etdiyindən Almaniya müəssisələri bu resursu Avropanın vahid infrastrukturu daxilindəki svop-əməliyyatları sayəsində əldə edirlər. Təxminən on il müddətinə nəzərdə tutulan bu uzunmüddətli anlaşmalar Almaniyanın enerji təchizatında tək mənşədən asılılığını azaldır, Azərbaycanı isə Avropanın enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirir. SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2025-2026-cı illəri əhatə edən əməkdaşlıq proqramının imzalanması da bu münasibətlərin institusional xarakter aldığını göstərir.
Daha geniş müstəvidə bu proseslər Avropa İttifaqının ümumi siyasəti ilə sıx bağlıdır. Avropa İttifaqı uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edir. Karbohidrogen resursları ilə yanaşı, "yaşıl enerji"nin ixracı da tərəfdaşlığın yeni strateji istiqamətinə çevrilir. Almaniya Azərbaycanın külək və günəş enerjisi potensialından istifadədə son dərəcə maraqlıdır. Bu, Avropaya enerji mənbələrini şaxələndirmək imkanı verir, Azərbaycana isə bərpaolunan enerji potensialını ixrac məhsuluna çevirmək şansı yaradır.
Ali səviyyəli görüşlərdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edilib, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib. Dövlətimizin başçısının Almaniyaya səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olunub. Həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri xatırladılıb və bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edilib. Eyni zamanda Orta dəhlizin əhəmiyyətinə və bu dəhlizdə Azərbaycanın böyük roluna toxunulub. Qeyd olunub ki, Azərbaycanın Avropa üçün önəmi təkcə enerji ilə məhdudlaşmır. Bu gün ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir.
Səfərin mühüm siyasi-hüquqi nailiyyəti Prezident İlham Əliyev və Kansler Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanmasıdır. Bununla bərabər, tərəflər arasında Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair də Birgə Bəyannamə imzalanıb. Bu sənədlər Bakı-Berlin xəttindəki münasibətləri rəsmən strateji tərəfdaşlıq səviyyəsinə qaldırır və iki ölkə arasında əməkdaşlığı vahid strateji çərçivəyə salır. İkili münasibətlər siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərində uzunmüddətli inkişaf konsepsiyası əsasında formalaşdırılır. Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Prezident İlham Əliyev və Kansler Fridrix Merts birgə mətbuat konfransı zamanı da mühüm bəyanatlar səsləndirdilər. Prezident İlham Əliyev dedi ki, biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq: "Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq". Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var, çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə ediblər. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Kansler Fridrix Merts də Almaniya ilə Azərbaycan arasındakı münasibətlərin çox dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Məlumat üçün bildirək ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2025-ci ildə təxminən 1 milyard 376 milyon dollar təşkil edib. 2026-cı ilin ilk altı ayında isə qarşılıqlı ticarət göstəricisi təxminən 573 milyon dollara çatıb. Son beşillik dövrə nəzər saldıqda ticarət həcminin 68 faiz artdığı görünür. Bununla belə Almaniyanın Azərbaycandan idxal etdiyi məhsulların əsas hissəsini xam neft təşkil edir və bu ölkə Azərbaycan neftinin ən böyük alıcıları arasında ilk onluqdadır. Azərbaycan isə Almaniyadan əsasən avtomobillər, maşın və avadanlıqlar, eləcə də yüksəktexnologiyalı elektron cihazlar idxal edir.
İkitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri də Almaniya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-quruculuq prosesinə inteqrasiyasıdır. Azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları alman sənaye nəhənglərinin texnoloji imkanları ilə üst-üstə düşür. Almaniyanın alternativ enerji, şəhərsalma, su resurslarının idarə olunması və ətraf mühitin mühafizəsi sahəsindəki qabaqcıl təcrübəsi bölgədə aparılan genişmiqyaslı reabilitasiya işlərinə mühüm töhfə verə bilər. Bu da alman investorları üçün Azərbaycanda tamamilə yeni və gəlirli fəaliyyət meydanı açır.
Digər tərəfdən, Azərbaycan-Almaniya yaxınlaşması Avropa İttifaqının "Global Gateway" (Qlobal Keçid) strategiyası kontekstində də böyük önəm daşıyır. Berlin Bakının Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, kommunikasiyaların açılması və regional inteqrasiya istiqamətindəki təşəbbüslərini dəstəkləyir. Almaniya anlayır ki, "Şərq-Qərb" tranzit şəbəkəsinin fasiləsiz fəaliyyəti məhz Cənubi Qafqazda uzunmüddətli sabitlikdən asılıdır. Bu baxımdan Berlin Ermənistanla sülh müqaviləsinin imzalanması prosesinə də birmənalı dəstəyini ifadə edir.
Bütün bu amillər göstərir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni bir era açır. İki ölkə arasında qurulan bu strateji model dəyişən qlobal təhlükəsizlik sistemində dayanıqlı tərəfdaşlığın parlaq nümunəsidir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"