23 İyul 2026 08:25
184
SİYASƏT
A- A+
İmkanlar real, perspektivlər genişdir

İmkanlar real, perspektivlər genişdir


Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair imzalanan Birgə Bəyannamə iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsini vəd edir

 

Azərbaycan-Almaniya iqtisadi əlaqələri getdikcə genişlənir və bundan hər iki tərəf faydalanır. İki ölkə arasında enerji, ticarət, investisiya, texnologiya və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimiz bir-birinin etibarlı tərəfdaşı olduğunu artıq təsdiqləyib.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iqtisadi əməkdaşlığın inkişafına yeni bir təkan verdi. Səfər çərçivəsində vacib məqamlardan biri iyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması oldu. Azərbaycan Prezidenti və Almaniya Federativ Respublikasının Federal Kansleri "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"ni imzaladılar. Tədbirdə imzalanan digər mühüm sənəd isə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamədir.

Dövlətimizin başçısının Almaniya Federativ Respublikasının Federal Kansleri ilə geniş tərkibdə görüşündə də məhz ölkələrimiz arasında strateji gündəliyə dair imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb. Həmçinin sənədlərdən irəli gələrək müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupların yaradılması və bu istiqamətdə sistemli işin aparılmasının vacibliyi qeyd edilib. Əslində bu, hər iki ölkənin şirkətlərinə əməkdaşlığı genişləndirmək üçün verilən bir mesaj, yaradılan şərait və imkandır.

Azərbaycan-Almaniya iqtisadi əlaqələrində enerji sektorunun özünəməxsus yeri var. Belə ki, ölkəmiz Almaniyaya neft və qaz ixrac edir. Bu, "Cənub qaz dəhlizi" ilə Azərbaycan qazı alan 16 ölkədən, o cümlədən Avropa İttifaqına üzv 10 ölkədən biridir. Ümumiyyətlə, Almaniya ilə bizim ümumi ticarət dövriyyəmiz keçən il təqribən 1,5 milyard dollar ətrafında olub. Bunun böyük hissəsi Almaniyanın Azərbaycana ixracıdır, qalan hissə isə ölkəmizin ixracıdır. İxracımızın da əsas hissəsi xam neftdir. Azərbaycan təxminən bir neçə yüz milyon dollar səviyyəsində xam neft təchiz edir. Dövlətimizin başçısı mətbuata bəyanatı zamanı "Reuters" agentliyinin nümayəndəsinin sualını cavablandırarkən bildirib ki, nə qədər neft lazımdır, o qədər də təchiz edə bilərik: "Həm daxili mənbələrdən, həm də bizim enerji şirkətimiz SOCAR-ın treydinq bölməsindən. Yəni burada hər hansı bir problem yoxdur. O ki qaldı təbii qaz məsələlərinə, qeyd etdiyim kimi, biz bu ildən başlayaraq Almaniyaya təbii qaz satmağa başlamışıq. Bizim keçən il ümumi qaz ixracımız 25 milyard kubmetr olub. Onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilib. Bildiyimə görə, Almaniya şirkətləri ilə 10 illik kontrakt imzalanmışdır və ilkin həcm 1,5 milyard kubmetrdir. Ancaq bu, təbii ki, arta bilər".

Təsadüfi deyil ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşdıqlarını bildirərək bu məqamı da vurğulayıb: "Hazırkı böhran şəraitində xam neftin və "Cənub qaz dəhlizi" ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident, biz bunları təfərrüatı ilə müzakirə etdik. Biz Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı daha da şaxələndirmək istəyirik. Bu gün biz, həmçinin bərpaolunan enerji və hidrogendən istifadənin genişləndirilməsini müzakirə etdik".

"Siz enerji sahəsindəki əməkdaşlığa toxundunuz. Bu istiqamətdə də müsbət nəticələr var, - deyə dövlətimizin başçısı bidirib. - Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə "yaşıl enerji"sini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır".

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq genişləndikcə Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyəti də artır. Federal Kansler öz bəyanatında bunu da diqqətə çatdıraraq demişdir: "Yeni nəqliyyat və ticarət dəhlizləri birgə istifadə etmək istədiyimiz iqtisadi potensialı yaradır. Cənab Prezident, bildiyiniz kimi, kiçik və orta müəssisələr üçün uzun məsafədə sərmayə yatırmaq çox zaman asan olmur. Yerlərdə münasib çərçivə şərtləri hər zaman olduqca vacibdir. Həmin məsələləri biz bu gün müzakirə etdik. Bu gün imzalanmış iki bəyannamə ilə biz irəliyə doğru böyük addım atdıq".

Bu gün Azərbaycanda bir çox Almaniya şirkəti çalışır. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Prezidentimizin Almaniyaya indiki səfərindən sonra onların sayı daha da artacaq. Çünki qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilməkdədir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülüb.

Bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Almaniya şirkətləri bu istiqamətdə də uğurlar əldə edib.

Məlumdur ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaq. Ümumiyyətlə, bir çox istiqamət üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Səfər çərçivəsində imzalanmış bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülüb. Bir neçə işçi qrup yaradılacaq ki, imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın.

Mətbuata bəyanatının sonunda dövlətimizin başçısı demişdir: "Son olaraq, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Bu il biz həm Avropa İttifaqı Şurasının prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının prezidenti xanım fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək".

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Günəşdən gələn təhlükə

10:20
23 İyul

Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?

10:15
23 İyul

3 ildir küçəmizdə kanalizasiya sistemi normal işləmir

10:10
23 İyul

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

10:05
23 İyul

Müalicə də var, istirahət də

10:00
23 İyul

Əraziyə baxış keçirilmiş, Nazirlər Kabinetinə məktub göndərilmişdir

09:57
23 İyul

Müasir parklar yay tətili günlərində uşaqların sevimli əyləncə məkanıdır

09:55
23 İyul

Kəndə dönmək vaxtıdır

09:50
23 İyul

Qazaxın sərhəd kəndi olan Cəfərlinin sosial problemləri həll edilir

09:45
23 İyul

Həm kövrəldim, həm də qürur hissi keçirdim

09:40
23 İyul

Şeir bayramı - Vaqif Poeziya Günləri 

09:35
23 İyul

Qusar Dövlət Ləzgi Dram Teatrı tətilə çıxdı

09:30
23 İyul

"Göylərə baş çəkir Göyəzən dağı"

09:25
23 İyul

"Ələkbər əmi"nin həyat səhnəsindəki sonuncu rolu

09:20
23 İyul

Neftçalada sudan səmərəli istifadə məsələləri müzakirə olunub

09:17
23 İyul

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

09:15
23 İyul

Naftalanın sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələrinin üzvlərinə və qazilərə daim açıqdır

09:10
23 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişafına dair iş planı hazırlanır

09:05
23 İyul

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

09:00
23 İyul

Qazaxda biçin başa çatmaq üzrədir

08:55
23 İyul

Məhsuldarlıq ötən ildəkindən çoxdur

08:53
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!