Azərbaycan rəssamlığının inkişafında böyük xidmətlər göstərmiş sənətkarlardan biri də Əyyub Hüseynovdur. Görkəmli rəssamın müxtəlif illərdə çəkdiyi bir-birindən maraqlı əsərlər bu gün də maraqla baxılır. Deməli, həqiqi sənət əsərləri heç vaxt ölmür, bütün nəsillərlə yol yoldaşlığı edir.
Əyyub Hüseynov 1916-cı ilin sentyabrında Şərurun Xok kəndində dünyaya göz açıb. Kiçik yaşlarından rəssamlıq sənətinə maraq göstərən Ə.Hüseynov 1930-1935-ci illərdə Bakıdakı Azərbaycan Rəssamlıq Texnikumunda təhsil alıb. 1935-1941-ci illərdə isə təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirib.
Ali təhsilini başa vurduqdan sonra Əyyub Hüseynov Naxçıvana qayıdıb. Bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib. Bu sənət ocağında çalışdığı dövrdə o, tanınmış rəssam Şamil Qazıyevlə birlikdə müxtəlif tamaşaların bədii tərtibatını və geyim eskizlərini hazırlayib, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu", Səməd Vurğunun "Fərhad və Şirin", Osman Sarıvəllinin "Babək", Abdulla Şaiqin "Vətən", Nağı Nağıyevin "Polad", Əbülfəz Abbasquliyevin "Günəş doğur" və başqa pyeslərə bədii tərtibat verib.
Rəssamlıq sahəsində böyük bilik və təcrübə qazanmış Əyyub Hüseynov 1948-ci ildə Bakıya gələrək bir zamanlar böyük həvəslə təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayıb. Gələcəyin rəssamlarına dərs deyib, bu sahənin incəliklərini, sirlərini onlara öyrədib. Rəssam eyni zamanda yaradıcılıq işləri ilə də məşğul olub. Ürəyindən, qəlbindən süzülüb gələn fikir və düşüncələri rənglərin dili ilə ifadə edib, həyatda, təbiətdə, məişətdə gördüyü mənzərələri böyük sənətkarlıqla kətan üzərinə köçürüb.
1948-ci ildən ömrünün sonunadək Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyən Əyyub Hüseynov 1956-1965-ci illərdə bu təhsil ocağına rəhbərlik edib. Onun ciddi və yorulmaz fəaliyyəti nəticəsində məktəbdə təhsilin və tədrisin keyfiyyəti daha da yüksəlib.
Əyyub Hüseynovun yaradıcılığı çoxşaxəlidir. Əsərlərindən də göründüyü kimi, rəssam yalnız dəzgah rəngkarlığı ilə kifayətlənməmiş, bir növ, yaradacılığına rəngarənglik qatmışdır. Xeyli dəyərli, ziyarətçilərin zövqünü oxşayan qrafik əsərlər çəkmiş, bənzərsiz rəsm nümunələri yaratmışdır.
Əyyub Hüseynovun yaradıcılığı rəngarəngliyi və bənzərsiziliyi ilə fərqlənir. Başqa mövzularla yanaşı, sənətkarın əmək mövzusunda kətana köçürdüyü "Kömək gəlib", "Yaylaqda", "Çobanlar", mənzərə janrında çəkdiyi "Şahbuz", Yağışdan sonra" və "Aşıq Ələsgər", "Əmək qəhrəmanı" portretləri hazırda müxtəlif muzeylərdə nümayiş olunur.
Əyyub Hüseynov müxtəlif illərdə xarici ölkələrə yaradıcılıq ezamiyyətlərinə getmişdir. Bu səfərlərdə keçirdiyi görüşlər rəssamın yaradıcılığında öz əksini tapmışdır. Rumıniya, İtaliya və başqa ölkələrdən çəkdiyi əsərlər bu gün də sevilə-sevilə baxılır. Rəssam bu əsərləri ilə sanki uzaq ölkələri yaxınlaşdırmışdır. Avstriya, Fransa, Macarıstan, Çexoslovakiya səfərlərindən sonra rəssamın çəkdiyi əsərlər isə onu şəhər mənzərəsinin mahir ustası kimi də tanıtmışdır.
Ə.Hüseynov illər uzunu bir çox janrlarda əsərlər yaratsa da, ömrünün sonunadək realizm üslubuna sadiq qalmışdır. Bu üslubun verdiyi imkanlarından bacarıqla istifadə edərək həyat gerçəklərini sənət əsərlərinə çevirən rəssam istedadı ilə çoxlarının yüksələ bilmədikləri zirvələri fəth etmişdir. Onun "Pambıqçılar", "Batabat", "Çuxuryurd", "Minanın portreti", "Yağışdan sonra", "Xəzər", "Günorta", "Sahildə", "Meşə. Kənd mənzərəsi", "Buxarest", "Venesiya", "Arpaçay mənzərəsi" və başqa əsərlərindəki realizm elə ilk dəqiqədən diqqəti cəlb edir.
Bir çox tədqiqatçılar Əyyub Hüseynovun yaradıcılığını üç dövrə bölürlər. 1930-1950-ci illər birinci dövrü əhatə edir. Həmin illər onun rəssam kimi sənət yollarında fəaliyyətə başladığı dövr hesab olunur. İkinci dövr rəssamın yaradıcılığının üzü zirvələrə doğru yüksələn məhsuldar dövrü hesab olunan 1960-1980-ci illərdir. 1980-1990-cı illər isə üçüncü dövrdür. Tədqiqatçılar haqlı olaraq bu dövrü Əyyub Hüseynovun yaradıcılığının yetkin və bitkin dövrü kimi qiymətləndirirlər. Həmin dövrdə rəssam sənət aləminin zürvəsinə yüksəlmiş və əbədi olaraq bu zirvədə özünə yer etmişdir.
2018-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli rəssam Əyyub Hüseynovun həyat və yaradıcılıq yoluna həsr edilmiş "Avtoportret" sənədli film çəkilmişdir. Belə bioqrafik filmlərin çəkilməsi dövlətimizin mədəniyyətimizə və sənətkarlara diqqətin və qayğının aydın göstəricisidir. Bu cür filmlər həm də gələcək nəsillər üçün dəyərli bir tarixdir.
1998-ci ilin aprelində dünyasını dəyişən Əyyub Hüseynovun bir-birindən dəyərli əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının fondunda və özünün emalatxanasında saxlanılır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"